Rəssamlıqda qadın harmoniyası…
Rəssamlıq
insanın daxili dünyasını, hisslərini,
düşüncələrini və baxış
bucağını əks etdirən unikal bir ifadə vasitəsidir.
Hər bir rəsm sadəcə boya və fırçadan ibarət
deyil, o, müəllifin ruhunun bir parçasıdır, duyğuların
və zamanın dərin izlərini daşıyan bir
güzgüdür.
Düşünürəm
ki, insan həyatının müxtəlif anları- sevinc və
kədər, ümid və qorxu, həyəcan və sakitlik rəsmlərin
hər fırça vuruşunda öz əksini tapır. Rəsmlər
yalnız gözəl görünüş yaratmaqla kifayətlənmir,
həm də həyatın incəliklərini, insan
duyğularının dərinliyini və cəmiyyətin ruh
halını əks etdirən bir tarix və mədəniyyət
daşıyıcısına çevrilir. Məncə Azərbaycan
rəssamlıq sənəti də bu baxımdan zəngin bir
tarixə malikdir. Burada qadınların rolu xüsusi diqqət
çəkir. Tarix boyu Azərbaycan qadınları sənətdə
öz sözlərini deməyə çalışıblar,
daxili dünyalarını, duyğularını və
baxış bucaqlarını əsərlərində əks
etdiriblər. Onların yaradıcılığında həssaslıq,
zəriflik və eyni zamanda güc və inadkarlıq bir arada görünür.
Qadın rəssamların əsərlərində həyatın
detallarına, insan duyğularına və təbiətin incəliklərinə
yönəlmiş diqqət açıq şəkildə
hiss olunur. Bu əsərlər yalnız estetik baxımdan deyil,
həm də cəmiyyət və mədəniyyət
kontekstində böyük əhəmiyyət kəsb edir.
Qadın
rəssamların yaratdığı əsərlərdə rənglərin,
formaların və işığın seçimi onların
dünyagörüşünü, daxili harmoniyasını və
fərdi təcrübəsini əks etdirir. Məsələn,
işıq və kölgə oyunları ilə insanın ruh
halını və daxili gərginliyini ifadə edən əsərlər,
izləyiciyə yalnız gözəllik deyil, həm də dərin
bir emosional təcrübə təqdim edir. Qeyd edim ki, Azərbaycanın
qadın rəssamları arasında Qeysər Kaşıyeva
xüsusi yer tutur. O, rəssamlıq təhsili almış ilk
azərbaycanlı qadın hesab edilir və onun əsərləri
bu yolun başlanğıcıdır. Bununla yanaşı,
Xalidə Səfərova, Maral Rəhmanzadə və digər
qadın rəssamlar da Azərbaycan incəsənətinə
öz izlərini qoyublar. Onların əsərlərində həyat,
sevgi, təbiət və insanın daxili dünyası diqqət
mərkəzindədir. Hər biri öz
baxışını, hisslərini və düşüncələrini
rəng və formalar vasitəsilə ifadə edərək, sənətimizi
zənginləşdirir. Düşünürəm ki,
qadın rəssamların əsərlərində yalnız
vizual gözəllik deyil, həm də tarixi və mədəni
dəyər önəmlidir. Onların əsərləri
zamanla yalnız estetik zövq üçün deyil, həm də
milli kimliyimizi, mədəni irsimizi və tarixi
yaddaşımızı qorumaq baxımından qiymətləndirilir.
Rəsmlərdəki detallar, rəng seçimi və
kompozisiya qadın rəssamların incə
duyğularının və şəxsi təcrübələrinin
əksidir. Tarix boyu qadınların cəmiyyətdəki rolu
müxtəlif sahələrdə özünü göstərib.
Ancaq incəsənətdə iştirakı həm fərdi
ifadə, həm də mədəni irsin qorunması
baxımından xüsusilə vacibdir.
Qadın
rəssamların əsərlərində həyatın hər
detalına diqqət yetirilir. Rənglərin harmoniyası,
fırça vuruşlarının ritmi, işığın
və kölgənin oyunu insanın duyğularını
oyandırır, onun ruh halını əks etdirir. Hər əsər,
hər detal bir hekayə danışır- sevgi və kədərin,
ümidi və qorxunun, sakitliyin və həyəcanın hekayəsini.
Bu, qadın rəssamların sənətdəki yerini göstərir,
onlar yalnız gözəl əsər yaratmır, həm də
insanın daxili aləmini, hisslərini və həyatın incəliklərini
sənət dili ilə tərcümə edirlər. Azərbaycan
qadınlarının sənətdə iştirakı
yalnız rəsmlərlə məhdudlaşmır. Bu, ölkənin
mədəni inkişafına, gözəllik və
düşüncə estetiklərinin zənginləşməsinə
xidmət edir. Qadın rəssamların əsərləri həm
milli kimliyin qorunmasına, həm də universal insan təcrübəsinin
ifadəsinə xidmət edən bir körpüdür. Onlar
öz baxış bucaqları, estetik duyğuları və
yaradıcı yanaşmaları ilə Azərbaycan incəsənətinə
yeni nəfəs gətirirlər. Beləliklə, qadın rəssamlar
yalnız əsər yaratmır, onlar tariximizin, mədəniyyətimizin
və incəsənətimizin bir parçası olaraq gələcək
nəsillərə ilham verir. Düşünürəm ki
,onların izləri Azərbaycan incəsənətində
silinməz bir iz buraxıb və bu iz, rənglərin və
formaların dili ilə danışaraq qadınların cəmiyyətdəki
rolunu bir daha vurğulayır. Rəsmlər vasitəsilə
qadınlar həm öz daxili dünyalarını ifadə
edir, həm də ümumi mədəniyyətimizi zənginləşdirirlər.
Hər bir əsər, hər bir fırça vuruşu
qadınların həm yaradıcılıq, həm də mədəniyyət
tarixindəki rolunu möhkəmləndirir, Azərbaycan sənətinə
özünəməxsus bir nəfəs qatır. Qadın rəssamların
sənətdəki rolu, onların yaratdığı əsərlərin
zənginliyi və təsir gücü göstərir ki, sənət
yalnız gözəl görünüş yaratmaq deyil, həm
də cəmiyyətin, tariximizin və mədəniyyətimizin
ifadəsi, eyni zamanda gələcəyə ötürüləcək
bir mirasdır. Azərbaycanın qadın rəssamları bu
mirası yalnız qorumaqla kifayətlənmir, həm də onu
daha da inkişaf etdirərək, hər əsərlərində
öz dünyalarını, düşüncələrini və
duyğularını izləyicilərlə
bölüşürlər. Qadın rəssamların sənətdəki
rolunu daha dərindən anlamaq, əsərlərindəki
duyğu və baxış bucağı, həmçinin
yaradıcılıq yolu ilə bağlı Azərbaycan
Respublikasının Əməkdar Mədəniyyət
İşçisi, Azərbaycan Kinematoqrafçılar
İttifaqının və Azərbaycan Rəssamlar
İttifaqının üzvü,
rəssam Zəkiyyə Mahmudova Olaylar.az-a
açıqlamasında öz fikirlərinizi bildirib:
"Əlbəttə,
rəssamlar arasında tanınmış peşəkar xalq rəssamlarımız
var. Məsələn, Maral Rəhmanzadə və Vəcihə
Səmədova hər biri özünəməxsus gözəl
əl işləri ilə tanınır. Onlar həm təbiətin
möhtəşəm mənzərələrini, həm də
portretləri yaratmaqda böyük istedada sahibdirlər.
Xüsusilə neft daşları və həmin ərazilərdə
baş vermiş hadisələrlə bağlı mövzularda
çox gözəl əsərlər ortaya qoyublar. Qadın
çox incə və həssas məxluqdur. Qadının
barmaqları nəyə toxunsa, bütün incəlikləri
üzə çıxarır. Bizim rəssamlarımız
arasında həqiqətən elə qadınlar var ki,
onların bütün əsərləri möhtəşəmdir.
Məsələn, Vəcihə
Səmədovanın bir şah əsəri var - o, Neft
Daşlarında küləkli, tufanlı bir mənzərə
yaradıb və əsərin hər detalında böyük
incəlik hiss olunur. Bundan əlavə, bizim Vəcihə Səmədova
adına bir sərgi salonumuz da fəaliyyət göstərir.
Orada bir çox istedadlı rəssam xanımların əsərlərini
görmək mümkündür və bu, qadın rəssamlarımızın
sənət sahəsindəki rolunu daha da önə
çıxarır. Sərgi salonu həm
yaradıcılığın, həm də sənət ənənələrinin
qorunub saxlanması baxımından da böyük əhəmiyyət
kəsb edir.
Mən də
öz yaradıcılığımda həmişə belə
düşünmüşəm: çəkim, yaradım, amma
əsasən təbiəti düşünürəm.
Qadın gözəlliyi harada görür? Yalnız qadın rəssamlar
deyil, təbiətin gözəlliyi də bir növ eşqin,
zərifliyin ifadəsidir. Əgər bir rəssam təbiəti
sevirsə, deməli, o, eyni zamanda eşqi, uşaqlarını,
ailəsini və dövlətini də sevir.
Yardıcılıq fəaliyyətində də olmuşam və
bu, həmişə sevgidən irəli gəlib. Elə hesab
edirəm ki, mən də belə rəssamlardan biriyəm. Gənc
yaşlarımdan sənətə başlamışam və
yaradıcılığımı başqalarına kömək
etmək üçün istifadə etmişəm. Çizgi
filmlərində təxminən qırxa yaxın, bəlkə
də daha çox layihədə iştirak etmişəm- həm
rəssam asistenti, həm rejissor asistenti kimi. Sonra bədii filmlərdə,
seriallarda, həm də geyim rəssamı, rəssam asistenti və
geyim işlərində olmuşam. "Cırtdan" dan
başlamış "Təndir", "Sərçə"
kimi bir çox çizgi film
layihələrində iştirak etmişəm və hər
biri mənim üçün həm təcrübə, həm
də yaradıcılıq sevincidir. Bu yol mənə göstərdi
ki, sənət yalnız fərdi ifadə deyil, həm də
sevgi, diqqət və əməksevərlik tələb edir.
Suallarınızdan
birində qeyd etmisiniz ki , əsərlərinizdə rəng və
forma seçiminizin arxasında hansı duyğular və
düşüncələr dayanır? Mən ancaq istəyirəm
ki, bizim Azərbaycan torpağımız sağlam və
xoşbəxt olsun. Həmişə o qara buludlar çəkilib
getsin, bir daha o qara buludlar bizə qismət olmasın. Bizim gənclərimiz
sağlam dünyada yaşasınlar, yaratsınlar.
Bütün dünya üzəri bizdən danışsın,
adlarımız bütün ölkələrdən gəlsin.
Ancaq bunu arzu edirəm. Ən
sevdiyim rəng bizim üçrəngli
bayrağımızın rəngidir. Hətta Danimarkaya bir əsər
göndərmişəm. Orada o əsər Şuşa
haqqında mənim kompozisiyamdır. Orada məni çox
gözəl sözlərlə təbrik etdilər, təşəkkürlərini
verdilər. Mən həmişə
istəyirəm ki, dövlətimiz gözəl anlarla, gözəl
fikirlərlə tanınsın. Bilsinlər ki, bizim həqiqətən
necə ölkəmiz və xalqımız, sənətkarlarımız
var. Onu da qeyd edim ki, Azərbaycan
Kinematoqrafçılar İttifaqının və Azərbaycan
Rəssamlar İttifaqının üzvüyəm. 5 il öncə
mənə dövlətimiz tərəfindən Azərbaycan
Respublikasının Əməkdar Mədəniyyət
İşçisi adı verildi. Cənab Prezidentimizə bir
daha təşəkkür edirəm ki, biz rəssamları həvəsləndirir
və sevindirir.
Mən
uşaqlığımdan Maral Rəhmanzadə kimi rəssam
olmaq istəyirdim. Arzum bu idi. Anam isə mənə deyirdi:
"Lazım deyil, get həkim ol, müəllim ol, rəssamlıq
kişilərin işidir".
Amma mən hər zaman bilirdim ki, rəssamlıq
yalnız kişi işi deyil və qadınlarımız da bu
sahədə böyük nailiyyətlər göstərə
bilərlər. Bizim qadın rəssamlarımızın
yaratdığı gözəl əsərlər bizim gələcəyimizə
təsir etdi, ilham verdi. Mən arzulayıram ki, bizdən
sonrakı nəsil də bizim əsərlərimizə
baxıb, bizim kimi rəssam olmağı xəyal etsin və sənətə
olan sevgini davam etdirsin".
Zəkiyyə
Mahmudovanın sözləri göstərir ki, qadın rəssamların
sənətdəki rolu yalnız vizual gözəllik yaratmaqla
məhdudlaşmır. Onların yaradıcılığı
həm milli ruhu, həm də şəxsi duyğuları əks
etdirən dərin bir ifadə vasitəsidir. Hər bir rəsm,
sadəcə boya və fırçadan ibarət olmayıb, həm
də həyatın incə detalları, insan emosiyaları və
təbiətin dərin gözəlliklərini tuvalda canlandırmaq
üçün bir vasitə kimi çıxış edir. Bu
prosesdə qadın rəssamların incə həssaslığı,
müşahidə qabiliyyəti və duyğu zənginliyi
özünü açıq şəkildə göstərir.
Zəkiyyə xanım, əsərlərində yalnız
estetik gözəlliyi önə çıxarmır o, həm
də milli dəyərləri, ailə bağlarını və
vətənə olan sevgisini əks etdirir. Onun
yaradıcılığı fərdi ifadə ilə milli mədəniyyət
arasında bir körpü rolunu oynayır və bu da qadın
rəssamların sənət vasitəsilə cəmiyyətlə
dialoqunun nə qədər dərin və mənalı
olduğunu göstərir. Düşünürəm ki, elə
əsərlər təkcə göz zövqünü təmin
etmir, həm də tariximizi, mədəniyyətimizi və gələcək
nəsillərə ötürüləcək
yaradıcılıq dəyərlərini yaşadır.
Qadın rəssamlar yalnız mövcud dövrün sənət
dünyasını zənginləşdirmir, eyni zamanda gələcək
nəsillər üçün ilham mənbəyi də
yaradırlar. Onların əsərlərində təbiət
ilə insan həyatının harmoniyası, milli ənənələrlə
fərdi yaradıcılığın sintezi və
duyğuların incə ifadəsi bir araya gəlir. Beləcə,
Azərbaycan qadın rəssamları sənət
dünyasında unikal bir iz buraxır, yaradıcılıqları
ilə həm milli kimliyimizi, həm də universal insan təcrübəsini
zənginləşdirirlər. Onların əsərləri, həm
də bir növ mədəni dialoq formasıdır: baxan hər
kəs öz iç dünyasını,
yaşadığı cəmiyyətin dəyərlərini və
təbiətin əzəmətini hiss edir. Qadın rəssamların
yaratdığı bu körpü yalnız bugünü deyil,
həm də gələcək nəsillərin ruhunu
formalaşdırır, onları estetik duyğuya, milli dəyərlərə
və yaradıcılığa sövq edir.
Zeynəb
Mustafazadə
Olaylar.-
2025.- 26 sentyabr-2 oktyabr, ¹33.- S.20.