"Qazan doğdu,
Qazan öldü"
Felyeton
Elə
bilməyin ki, "Dədə Qorqud"un Qazan xanından yazacam. Hərçənd
ondan da yazmaq lazımdır. Ən azından ildə bir dəfə
nəyi vardısa elinin igidlərinə
yağmalatdırırdı. Ürəyi, gözü tox, nəfsi də hamısından
tox. Deyirdi ki, dünya malı dünyada qalar. "Yedin
dadındı, verdin adındı, öldün
yadındı" prinsipinə ciddi əməl edirdi. İgidləri
də yeyib-içib doyandan sonra gedirdilər növbəti
savaşa.
Yox
hülakilərin, Elxanlı dövlətinin islamı ilk qəbul
edən Qazan xandan da yazmayacam, hərçənd o da buna
layiqdir, çünki məhz onun zamanında Şeyx Səfiəddin
Ərdəbilə döndü, nəfsi öldürmək
üçün hürufi məktəbinin fəaliyyətini
genişləndirməyə imkan verdi.
Hələki
zəifləmiş, övladları Ukraynada ət
maşınına verilən Kazan (Q) şəhərindən də
yazmayacam.
Mən
xörək qazanından yazacam, əsl xörək
qazanından.
Bir
gün Molla Nəsrəddin gedir qonşusunun
qapısını döyüb xahiş edir:
-Qonşu,
mənə əl borcu qazan ver.
Qonşu
orta bir qazan gətirib verir Mollaya.
Üstündən
bir necə gün keçir. Molla
Nəsrəddin qazanın içinə bir qazan da qoyub,
qaytarır qonşuya. Qonşu
baxır ki, qazanın içində bir dənə də qazan
var.
Soruşur:
-Bəs
bunun içindəki qazan nədir?
Molla
dil-ağız eyləyir:
-Sən
Allah qonşu, bağışla, heç bilmirdim qazanın
hamilədir. Qazan bizdə olanda doğdu.
Qonşu
fikirləşir ki, bu deyəsən dəli olub, amma bir söz
demir. Qazanları alıb içəri aparır. Bu hadisə
bir neçə dəfə təkrar olur. Bir gün qonşu
Mollaya böyük toy qazanı
verir, fikirləşir ki, böyük qazanın
böyük doğuşu olar.
Bir
neçə gün keçir, qonşu görür ki, qazan
geri verilmir. Durub gedir Mollanın qapısını
döyür. Molla bunu görən kimi ağlaya- ağlaya
deyir:
-Qonşu,
başın sağ olsun, Allah rəhmət eləsin!
Qonşu
təəccüblə soruşur:
-Nə
olub, kim rəhmətə gedib?
Molla Nəsrəddin cavab verir:
-Qazan.
Qonşu baxır ki, Molla bunu ələ
salır. Səsini qaldırıb deyir:
-Məni
dolamısan, qazan da rəhmətə gedər?
Molla
bic-bic gülümsəyib cavab verir:
-Nədi
qazan doğanda olar, öləndə olmaz? Qonşu baxır ki,
yaman yerdə ilişib, səssizcə çıxıb gedir.
İndi
bu qazanın ətrafında dünya ilişib. Tramp qazan
doğuzdura-doğuzdura gedir.
Qazan da qır
tiyanına oxşayır. Kim qazanın doğmasına
inanmır, götürüb
atır qır
tiyanının içinə,
deyir get, sənin dövlətindən dövlət olmaz.
İran doğulan yeni rejimi gücləndirmək istədi.
Neçə ildir zahılığı çəkilib getmir,
qazan yenə doğmağa hazırlaşır,
bir az da odunu altına çox qoysan, hökmən doğacaq.
Rusiya təzə
qazan doğmaq istədi Ukraynada, ölü doğdu. O boyda
SSRİ ikinci dünya müharibəsində bir kənd, vilayət
uğrunda bu qədər döyüşməmişdi.
Azərbaycanda
da qazan doğmaq arzusuna düşənlər oldu.
O de... təzə
qazan doğmaq arzusunda olan kəsin
vəziyyəti urusuycadır. Yenidən ev həbsini dörd ay
uzatdılar. Adama deyərlər, bu sənə lazım
idi? Uzun illərdir qazan
doğa-doğa gedirsən. Əksər vəzifələrdə
də sənin qazanların otururdu. Onların da qazanları
doğurdu. Deyəsən elə cuşa, elə ilhama gəlmişdi
ki, qazanın altına odun əvəzinə barıt qoydu.
Barıtı da çox olduğundan qazan partladı,
dünyasını dəyişdi. Qulu olduğu Rusiya da partlamaq ərəfəsindədir.
Bir məmur
qazan doldurub, ətrafına da yığmışdı qazan
yeməkləri xoşlayanları.
Çəkilən
yolların qalınlığından bir santimetr kəsib
atırdı qazanın içinə. O qədər kəsib
atdı ki, axırda qazan
boğuldu.
Qır,
çınqıl, qum qazanı daşdırdı, başladı
yerə tökülməyə. Çalışdı ki,
daşan qırı tez yığışdırsın,
alınmadı. Ətrafdakıların nə vecinə? Güc
doğana düşər. Qazan dözəmmədi,
dünyasını dəyişdi, öldü.
Bu AYNA-nın da qazanı yaxşı
qaynayır. Sədri prezidentdən də çox maaş
alır, iyirmi minə qədər maaş almağa nə var
ki... hər yerə, hətta
zibil qabının yanına, marketlərin qarşısına
da "parkinq" işarəsi qoyur. İndi pensiyaya
çıxanda gör nə qədər alacaq... e...
Biz də
deyirik ki, pensiya alırıq. Şəxsən mən Mirzənin
pensiyası artımlarla hələ
beş yüz manata gəlib çatmayıb. Neyləyək,
dözərik. Bizim xalq dözümlü xalqdır, qaynayan
qazan bilir içində nə var, hamilə qazanın aqibəti
necə olacaq?
Pensiya
demişkən, bu pensiya verənlər, elə bil əhalinin
pensiya pulunu depozitə qoyurlar ki, banklarda da qazanlar doğsun. Onsuz
da camaatımız həmişə başına bir çarə
qılacaq.
Dövlət
büdcəsindən dotasiya alanlar görən qazanlarda yenə dadlı-dadlı şeylər
bişirəcək? Bişirəcək, elə qəşəng
bişirəcək. Bəs sabit tariflər nə
üçündür?
Bu ildən
bələdiyyələr də döyüş prinsipinə
keçiblər. İş görmürlər, amma deyirlər
qazanı doldur.
Qazan
doğmaq üstündə mübarizə, hətta savaş da
gedir. Elələri var ki, qısırdır, amma gəlib
adamın üzünə durur ki, mən qazan doğa bilərəm.
Dünya
da qazan uğrunda döyüş aparır.
İndi
dünya qazan kimidir. Kimin imkanı var qaz vurub qazan doldurur. Qaz
kimi dövlətlər də nə çox. Tramp da oturub qazanın başında hərdən qapağını qaldırıb
buxarı bir az buraxır. Bu Epsteyn də özü
üçün bir qazan qaynadıb.
O gün
qarnım ağrıyana qədər gülmüşəm.
İran şahının gədəsi də İran boyda qazan
uğrunda savaş aparır.
Avropa TV-lərindən
biri Rza Pəhləvini bir iranlı ilə debata
çağırır. Rəqibi şah oğlunu üstələyir.
Rza vəziyyətdən çıxmaq üçün rəqibinə
sual verir:
-Siz
üzdən mənə oxşayırsınız. Ananız o
vaxtı bizim sarayda isləməyib?
Rəqibi
təmkinlə cavab verir:
-Yox anam
işləməyib, amma dəqiq bilirəm ki, atam sarayda
işləyib.Di get...
Bunu da
yazım qazan məsələsini bitirim.
Qazan
doğursa, deməli ölməlidir, deməli aparıb qəbirstanlıqda basdıracaqlar.
Bir
kişi tez-tez qəbirstanlığa gedib-gəlir. Ondan
soruşurlar ki, niyə gününün çox hissəsini
qəbirstanlıqda keçirirsən?
Kişi
cavab verir:
-Bunun
üç səbəbi var:
1.
Allahı yadıma salırlar.
2.
Danışanda sözümü kəsmirlər.
3. Onlardan
ayrılanda qeybətimi etmirlər.
Ta bəsdir,
baxım-görüm pensiyam gəlibsə gedib olan-qalanı
alım, dərmanlarım da qurtarmaq üzrədir.
Siz də
qeybətimi etməyin! Qazan doğub, bundan sonra da doğacaq.
Qazan ölüb, bundan sonra da öləcək!
Siz də,
hələ ki, imkan var, qaz vurun
qazan doldurun!
YUNUS OĞUZ
Olaylar.-
2026.- 13-18 fevral, ¹6.- S.8.