HƏSRƏT
KÖNLÜMÜ ALDI
Nəsibə
İsrafilqızının Cənub həsrətli
şeirləri
Ayrılıq deyincə Arazı canlı görməyənlərimizin də yaddaşından bir axar çay səsi gəlir. Elə bu səsdə gizlənən həsrət sızıltısının təlqini ilə də Araza təkcə çay kimi baxa bilmirik. Ən böyük ayrılığımız- Cənubi və Şimali Azərbaycanın siyasi səbəblər nəticəsində parçalanması xalqımızın taleyində dərin izlər buraxmışdır. Bu ayrılıq təkcə coğrafi deyil, eyni zamanda mədəni, mənəvi və psixoloji bölünməyə də səbəb olmuşdur.
İki əsrdən çox olan bir zamanın hüdudlarında vaxtilə vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və şahlıq rejimləri qədim , zəngin ədəbiyyata və tarixə malik bir xalqın ruhuna ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq, gələcək nəsillərə ötürmək iradəsini, millilik qürurunu heç vaxt sındıra bilməmişdir. Bu gün həmin qadağanların çoxu aradan qalxsa da, ikiyə bölünmüş vətən torpaqlarının tən ortasından axan Araza hələ də qanlımız kimi baxırıq. Hələ də onu qumla doyurmaq keçir könlümüzdən...
Ədəbiyyatımızda ikiyə bölünmüş Vətən faciəsinin təsirli poetik ifadələri saysız-hesabsızdır. Bu saysız-hesabsız şeirlərin içində Nəsibə İsrafilqızının da Cənub həsrətli, Vətən nisgilli şeirləri var. Azərbaycan xalqının tarixi-siyasi səbəblərlə iki yerə parçalanmasının minlərlə insanın taleyində yaratdığı dərin mənəvi ağrı ona çox tanışdır. Çünki şairə özü də yurd yeri nisgili ilə yaşayır. Nə vaxt bu özləm qəlbinə dolsa, o tək təsəllisi olan şeirlə dərdləşir . Bir zamanlar yurddaşları ilə bərabər məcburi tərk etdiyi Vedinin həsrətini cənublu soydaşlarımızın həsrətinə "qarışdırıb" ağ vərəqlərə köçürür. Ayrı düşmüş soydaşlarının taleyindən doğan mübariz əhvallı həmin şeirlərlə də müəllifin ikili taleyindən gələn mövzu rəngarəngliyi; sevinclə göz yaşının, görüşlə ayrılığın, xoşbəxtliklə ömrünə yazılmış dərdin sıx-sıx qovuşması, bir-birini izləməsi və tamamlaması var. Nəsibə İsrafilqızı bu tarixi faciəni ideoloji şüar səviyyəsində deyil, poetik düşüncə və lirizm kontekstində ifadə edir. Vətən anlayışı Nəsibənin poeziyasında coğrafi sərhədlərlə məhdudlaşmır. Onun üçün vətən dil, yaddaş, tarix və mənəvi bütövlük deməkdir.
Şairin yaradıcılığında Cənub nisgilli şeirləri milli yaddaşın qorunması, tarixi həqiqətlərin bədii dildə yaşadılması baxımından böyük əhəmiyyət daşıyır. Onun əsərləri təkcə ədəbi fakt deyil, həm də ictimai-mənəvi hadisə kimi qiymətlidir:
Bir dastan
yazıram, ay ellər, duyun,
Adını
"qardaşlıq dastanı" qoyun,
Qolumu bağlayın, gözümü
oyun.
Görməyim
qəriblik çəkən Təbrizi,
Könlümə ələmlər əkən Təbrizi.
Şairin
poeziyası yalnız fərdi duyğuların deyil,
bütöv bir xalqın tarixi taleyinin, ayrılıq
ağrısının və milli yaddaşının poetik
ifadəsidir. Təbriz - xəritədə bir şəhər
adı olsa da, şairin
yaddaşında o, yarım qalan taledir,
bölünmüş hafizədir, içimizdəki sönməyən atəşdir. Bu ad çəkiləndə
təkcə bir məkan yox, həm də ayrılıq, həsrət,
qürur və ümid bir-birinə qarışır. Təbriz
həsrəti xalqımızın tarixindən süzülüb
gələn, nəsildən-nəslə ötürülən
mənəvi ağrıdır. Nəsibə İsrafilqızının şeirlərində Cənub həsrəti
fərdi kədərdən çox, ümummilli ağrı
kimi təqdim olunur və bu xüsusiyyət onun
poeziyasının ictimai-mənəvi dəyərini yüksəldir:
Sussam,
inciməzmi Şəhriyar məndən?
Səhənd
ah yağdırar qəmli
köksündən,
Gül çəməndən ayrı,
Söhrab vətəndən,
Sinəmə
dağları çəkən
Təbrizim,
Könlümə ələmlər əkən Təbrizim.
Tarix
sübut edib ki, süni sərhədlər qəlblərdəki
bütövlüyü parçalaya bilmir. Təbrizi düşünmək
özünü düşünməkdir; onun dərdini duymaq
xalqının taleyini duymaqdır. Bu gün Təbriz həsrəti
həm də ümiddir, ayrılıqdan doğan, amma birliyə
çağıran müqəddəs bir duyğudur.
Təbriz
Azərbaycan mədəniyyətinin, ədəbiyyatının
və azadlıq düşüncəsinin beşiyidir. Şəhriyarın
"Heydərbabaya salam"ında, Söhrab Tahirin, Balaş
Azəroğlunun, Hökümə
Billurinin, Güney həsrətli onlarla sənətkarın
misralarında Təbriz təkcə bir şəhər kimi
deyil, bir Vətən parçası kimi yaşayır. Onlar əsərlərində Təbriz həsrətini
susdurulmuş dilin, yasaqlanmış kimliyin,
bölünmüş xalqın fəryadına çevirir.
Odur ki, Nəsibə
İsrafilqızının
yazdığı:
Sənə
quban olsun yaralı canım,
Gün gələr birləşər Azərbaycanım,
Araztək
çağlayar damarda qanım,
Çıxar
ürəyimdən tikan, Təbrizim,
Könlümə ələmlər əkən Təbrizim,
-misraları
Mədinə Gülgünün
54 il əvvəl
yazdığı misralarla səsləşir, hətta
onların davamı kimi görünür:
Sənin
öz adın var, öz ehtişamın.
Yenə də
doğacaq aylı
axşamın,
İnanma,
desələr istəyin , kamın
Qalacaq
gözündə , Təbrizim mənim.
Hər
ikisi sanki bir nəfəsə yazılmış bu şeirlər
eyni ruhun qüdrətinin poetik tərcümanıdır.
Onlar qara-qara hərflərlə
həsrətin ümid çalarını yaradıb ,
güzgü kimi şeirlər yaradıblar. Bu qara-qara hərflər
bəlkə də ağappaq
ümidin toxumlarıdır.
Vətən mövzusu
qəlbi qübarlı Araz
kimi şairə Nəsibənin ürəyinin başından yol
salıb. Genetik yaddaşdan axıb gələn , irsən
ulu nənə-babalardan keçən
vətənpərvərlik hissləri şairin lirik mənində dinamikləşir və həzin bir şəkildə
dil açır. Müdriklərimizin
yolunu seçən Nəsibə xanım öz
yaradıcılığında yalnız dərdimizi dilə gətirməklə,
ifadə etməklə kifayətlənmir, o, bu dərdləri
yaşaya-yaşaya, qəlbində bəsləyə-bəsləyə
doğmalaşdırır, qanından, canından keçirib
müqəddəsləşdirir.
"Sən ey üzüyümün laxlayan qaşı,
Səni duya bilməz, anlamaz
naşı",- deyən şair
dərdi ovxarda saxlamağa çalışır:
Bəzən
onun adına Ağrı çayı deyirlər,
Ayrılığın
çəpəri, həsrət payı deyirlər.
Çox
yarıbdı köksünü qanlı, qadalı illər,
Məftillərdən
boylanır həsrət qoxulu güllər.
Düşüncələri
Arazdan nəm çəkincə
sətirlər ürəyinə yağış kimi yağan şairin son dövrlərdə
yazdığı həsrət
yüklü şeirləri daha
mübariz, daha ötkəm tərz almağa başladı.
"Həsrət
könlümü aldı, Gözüm yollarda
qaldı" ,-deyən şairin hər sözü zərrə olan bu
şeirlərində zərrələr
birləşib Arazın
üstündən uçan durna qatarına dönür . Bu
durnalar qədim bir xalqın tarixinin
solğun vərəqlərinə qonaraq mənəvi
körpülər inşa etməkdədir:
Qanad olub
durnaya,
Uçam,
gedəm Urmuya,
Tarixdən
şeirə axan həsrət
qoxulu bu misralar fiziki hüdudları aradan
qaldırıb
bir
bütün olaraq o taylı bu
taylı vətən
torpaqlarını xəyalən
birləşdirir:
Makulu qızım gözəl,
Çörəyim
,duzum gözəl,
Bir
gün qovuşacayıq
Niyyətim, arzum gözəl.
Həsrət könlünü alsa da, hicran
ürəyinə yol salsa da, Nəsibə
İsrafilqızının poetik ruhuna uyğun nikbin ovqat
oxucusuna hər sətrində təlqin edir ki, nisgillə
yoğrulan VƏTƏN sevgisi
bir gün qovuşmanın mənəvi zəminidir.
MƏHRUX DÖVLƏTZADƏ
Filologiya
üzrə fəlsəfə doktoru
ADPU-nun
müəllimi
Təklifinizi,
şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Olaylar.-
2026.- 13-18 fevral, ¹6.- S.13.