Haqdan gələn nəfəs
Qəndab Haqverdinin şeirləri
Salam
olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizi
tanınmış şair-ədəbiyyatşünas alim, hər
sözündən, əməlindən bütöv Azərbaycan
boylanan Qəndab (Qəndab Haqverdi - Əliyeva Qəndab Əjdər
qızı) xanımın "Ətirli güllər"
kitabından seçdiyim
nümunələr əsasında qurmağa
çalışacağam ("Qanun" nəşriyyatı,
Bakı - 2020, 136 səh.)
Kitabı
əlimizə alanda diqqəti
ilk cəlb edən üz qabığındakı rəsm
və müəllifin və ya redaktorun önə
çıxartdığı"Qızıl gül deyib
keçməyin, dünyada genləri dəyişdirilməyən,
yəni, gerçək güllərdən biridir bu
gül!" cümləsidir. Bu qatmanlı cümlənin ifadə
etdiyi məna çalarları hər bir oxucunu öz
dünyasına götürür.
Üz qabığında yaşıl yarpaqların
fonunda açan çəhrayı güllər həyatın,
saflığın və təbiətin əzəli ahəngini,
tamlığı, bütövlüyü xatırladır. Rəng
seçimi də təsadüfi deyil. Yaşıl rəng
ümidin, yenilənmənin və həyatın rəngidir.
Çəhrayı isə zəriflik, sevgi, həssaslıq və
yetkinlik deməkdir. Qara-ağ qadın portreti (müəllifin
öz şəkli) isə bu rənglərin
fonunda daha da qabarır və insanın daxili aləmi ilə
xarici dünyanın rəngarəngliyi arasında kontrast
yaradır. Bu kontrast bizə xatırladır ki, insanın
daxilində bəzən sükut, bəzən sual, bəzən
də cavabsızlıq hökm sürür, amma ətraf aləm
öz axarı ilə çiçəkləməyə davam
edir.
Kitabı
açırıq və ilk səhifədəcə belə
bir bəndlə qarşılaşırıq:
Saralmış
yarpaqlarda
Quru nəfəsdir
şeir!
İnsanların
səsində
İlahi
səsdir şeir!
Üz
qabığındakı cümlə və girişdəki bu
bir bənd artıq kitab barədə kifayət qədər
müsbət fikir formalaşdıra bilir. "Yaxşı kənd
yolundan, yaxşı ev qapısından bəlli olar" deyib
atalar. Bu bir bəndin təsirində növbəti vərəqləri
çevirirəm, ancaq hələ də beynimdə analiz gedir.
Min cür xəyallarla uğraşan beyin bu qısa, lakin dərin
məna qatlarına malik misraları Azərbaycan
poeziyasının fəlsəfi-estetik gücünü bir daha
nümayiş etdirən poetik nümunə kimi qəbul edir.
Şeir zahirən sadədir, lakin məzmun etibarilə insan
ruhunun, sözün və ilahi nəfəsin təmas nöqtəsində
dayanır. Bu misralar oxucunu təkcə ədəbi zövqə
deyil, həm də düşüncəyə, daxili səssizliyə
və mənəvi oyanışa dəvət edir.
"Saralmış
yarpaqlarda / Quru nəfəsdir şeir!" - deyə
başlayan şeir üz qabığında xoş rayihəsinə
qapıldığımız qızıl güllərin əhatəsində
qəfildən peyda olan payız obrazı üzərindən həyatın
keçiciliyini, zamanın amansız axarını və insan
ömrünün faniliyini simvolizə edir. Saralmış
yarpaq burada təkcə təbiət detalı deyil, həm də
yaşanmış duyğuların, itkilərin, yorulmuş
ruhun rəmzidir. "Quru nəfəs" ifadəsi isə
sözün bəzən mexaniki şəkildə, ruhsuz səsləndirilməsinə
işarədir. Şair bu misralarla oxucuya xatırladır ki,
söz yalnız forma ilə kifayətlənəndə, daxili
yanğıdan, ruhdan qopanda öz canlılığını
itirir.
Lakin Qəndab
xanım poeziyanı bu səviyyədə saxlamır. Şeir
ikinci misra cütlüyündə yeni bir məna mərhələsinə
yüksəlir:
"İnsanların
səsində / İLAHİ səsdir şeir!"
Burada
şair sözün və şeirin həqiqi missiyasını
ortaya qoyur. İnsan səsi - ağrı, sevinc, ümid, dua və
etirazın cəmləndiyi məkan kimi təqdim olunur. Məhz
bu səsdə şeir ilahiləşir, yəni adi ifadə
vasitəsindən çıxaraq mənəvi bir gücə
çevrilir. Şairə görə poeziya yalnız estetik
zövq üçün deyil, insan ruhunu Tanrıya, həqiqətə,
işığa yaxınlaşdırmaq
üçündür.
Bu
yanaşma Qəndab xanımın alim təfəkkürü
ilə şair duyumunun vəhdətindən qaynaqlanır. Onun
poeziyasında söz təsadüfi deyil, məsuliyyətlidir;
emosional deyil, dərin düşüncə ilə yoğrulub.
Şeir burada həm sosial, həm mənəvi, həm də fəlsəfi
məna daşıyır. Şair cəmiyyətə mesaj
verir: əgər söz insanın səsində, dərdində,
vicdanında yoxdursa, o, yalnız "quru nəfəs"
olaraq qalacaq.
Qəndab
xanım üçün ana obrazı poeziyanın mərkəzində
dayanır. Şair duyğularını ifadə edərkən
tez-tez anasının obrazına sığınır, onunla dərdləşir.
Ana burada təkcə valideyn deyil - sığınacaqdır, təsəllidir,
ən böyük qorxuda, ən ağır ağrıda
insanın qeyri-iradi çağırdığı müqəddəs
ünvandır. Qəndab xanım giley-güzarını da ona
edir. Hətta bitməyən yuxusuz gecələrin sona
çatması üçün belə ana nəfəsinə
ümid bağlayır. Bu, fitri bir instinktin poeziyadakı təzahürüdür.
Qəndab
poeziyasının əsas motivlərindən biri də
müasir şəhər həyatının doğurduğu mənəvi
ziddiyyətlərdir. İnsan ailədə, məktəbdə
əziz-xələf kimi böyüyür, lakin çoxmərtəbəli
binaların beton hücrələrində böyük
dünyanın nəbzini itirir. Məktəbdən həyata
atılanda isə şəhərin qəddar üzü ilə
qarşılaşır: kobudluq, eqoizm, tamahkarlıq - bunlar təbiətin
saf çiçəyini solmağa məcbur edir. Bu
çiçəklər şəhərin boz simasına
alışa bilmir və Qəndab xanımın şair kimi
yaratdığı lirik qəhrəmanı da məhz bu solan
çiçəklərdəndir.
Qəndab
xanımın şeirləri milyonluq şəhərdə tənhalıqda
boğulan insanın mənəvi tarixçəsidir. Gecə
ilə gündüzün bir-birinə
qarışdığı, səs-küy içində səssizliyin
hökm sürdüyü bir ekzistensial təkliyin
poeziyasıdır bu. Bu təkliyin səbəbi təkcə tərbiyə
və mühit deyil - bu, anadangəlmə bir həyat
qavrayışıdır. Böyük Azərbaycan şairi
Füzulinin dediyi kimi, insan dünyaya ağlayaraq gəlir və
Qəndab bir şair kimi bu ağrını ömür boyu
içində daşıyanlardandır.
Bütün
bu iztirabların içində şairin dözümlülüyü
heyrət doğurur. Daş-qaya kimi lal şəhərdə
insanın bu qədər əzaba necə tab gətirdiyi
sualı ortaya çıxır. Bəlkə də Qəndabın
şair kimi gücü elə onun alim kimi agah olduğu həqiqətlərdən
qaçıb sığındığı poeziyada, ana
obrazında, xəyallarında gizlidir. O, həqiqətlərin
olmadığı yerdə rahatlıq tapır - çünki
o məkanda insan hələ özüdür, hələ
safdır, hələ sınmayıb.
Haqqdan gələn
Qəndab Haqverdi poeziyası bizə bir həqiqəti
xatırladır: bəzən insanı yaşadan gerçəkliyin
özü yox, ondan qaçmaq cəsarətidir. Və poeziya məhz
bu qaçışın ən dürüst, ən saf
ünvanıdır. Qəndab xanım cəsarətli və səmimi
şairdir. Bu xüsusiyyət onun alim kimi bir çox elmlərə
vaqif olmasından qaynaqlanır.
"Hər
yer başqa, Vətən başqa!" (səh. 15)
Bəşər
övladının mənəvi yaddaşında Vətən
anlayışı hər zaman xüsusi, toxunulmaz bir mövqedə
dayanıb. Bu anlayış təkcə coğrafi məkan
deyil, ana südü kimi halal, ilk söz kimi müqəddəs,
məzar daşı kimi əbədi bir dəyərdir.
Tanınmış şair və alim Qəndab xanımın
"Hər yer başqa, Vətən başqa!" adlı
şeiri məhz bu ali dəyərin poetik-fəlsəfi təcəssümüdür.
Şairin
şeirə başlıq formasında təqdim etdiyi bu fikir
oxucunu qəti bir həqiqətlə üz-üzə qoyur:
"Hər
yer başqa, Vətən başqa!"
Şair
bu ifadə ilə dünyanın nə qədər rəngarəng,
cazibədar olmasına baxmayaraq, Vətənin yeri heç nə
ilə əvəz olunmayan mənəvi zirvə olduğunu
vurğulayır.
Qəndab
Vətəni ulduzla, işıqla, yol göstərən mənəvi
mayakla eyniləşdirir:
"Göylərində
ulduz olan,
Yollarıma
işıq salan..."
Burada Vətən
insan taleyinin istiqamətverici qüvvəsi kimi təqdim olunur.
O, insanı həm fiziki, həm də mənəvi zülmətdən
çıxaran işıqdır. Şair üçün Vətən
- bu dünyadan insana qalan ən qiymətli mirasdır,
"cananın gözü", yəni sevgilinin
baxışı qədər əzizdir.
Şeirin
ən təsirli qatlarından biri Vətən-Ana
obrazıdır:
"İlk
dil açıb söylədiyim,
O ANA
sözüdür VƏTƏN!"
Bu misralar
Vətənin ana ilə eyniləşdirildiyi klassik, lakin
heç vaxt köhnəlməyən milli düşüncə
modelini əks etdirir. Burada Vətən bioloji yox, mənəvi
ana kimi təqdim olunur. İnsan dil açanda ilk dəfə
"ana" dediyi kimi, Vətəni də şüurunun ən
ilkin, ən saf qatında daşıyır.
Qəndabın
poetik dünyasında Vətən həm həyatın
başlanğıcı, həm də son nöqtəsidir. Qəbir
daşı obrazı bu mənada xüsusi simvolik yük
daşıyır:
"Qəbir
daşım ağac ola,
Çiçək
aça, bir gün sola..."
Bu misralar
Vətənin insan ömrünü doğumdan ölümə
qədər əhatə etdiyini göstərir. Ölüm belə
Vətəndə bir gözəlliyə çevrilir; qəbir
daşı ağac olur, çiçək açır. Bu,
torpaqla insan arasında müqəddəs bir dövriyyənin
poetik ifadəsidir.
Şair Vətəni
körpənin üzündəki təbəssümə,
saflığa, gələcəyə bağlayır. Körpə
obrazı Vətənin sabahı, davamı və ümididir.
Bu yanaşma Qəndabın Vətəni yalnız
keçmişin xatirəsi kimi deyil, gələcəyin məsuliyyəti
kimi də dərk etdiyini göstərir.
Şeirin
digər qatında Vətən artıq passiv sevgi obyekti deyil,
aktiv qoruyucu, mübariz ruhdur:
"Ocaqlara
alov çatan,
Bəd
gözlərə ox tək batan..."
Burada Vətən
həm istilik verən ocaq, həm də düşmənə
qarşı sipərdir. Qəndab xanım Vətəni sevgi ilə
yanaşı, müqavimət, qeyrət və mənəvi
güc rəmzi kimi təqdim edir. Bu, xüsusilə müasir
Azərbaycan tarixinin yaşadığı sınaqlar fonunda
son dərəcə aktual və təsirlidir.
Şeirin
sonluğa doğru artan emosional gərginliyi Vətənin
adının çəkilməsi ilə yerin-göyün titrəməsi
obrazında kulminasiya nöqtəsinə çatır. Bu, Vətənin
təkcə bir anlayış deyil, kosmik miqyasda mənəvi
güc olduğunu ifadə edir.
Qəndab
xanımın "Hər yer başqa, Vətən
başqa!" şeiri sadəcə poetik nümunə deyil, bu
şeir oxucunu təkcə duyğulandırmır, onu
düşünməyə, dəyərləri yenidən
ölçməyə vadar edir. Qəndab bir daha sübut edir
ki, əsl poeziya yalnız söz oyunu deyil, xalqın ruhunun səsidir.
Yekun
olaraq demək olar ki, "Ətirli güllər" Qəndab
xanımın yaradıcılığının mənəvi-estetik
xülasəsi, onun sözə, insana və zamana münasibətinin
bədii ifadəsidir. Bu kitab müəllifin yalnız şair
və alim kimi deyil, həm də vətəndaş mövqeyi
olan ziyalı kimi obrazını tamamlayır. "Ətirli
güllər" oxucu yaddaşında uzun müddət qalan,
düşüncədə iz salan və ədəbiyyatımızın
mənəvi xəzinəsinə dəyər qatan bir əsər
kimi xüsusi əhəmiyyət daşıyır:
QƏNDAB
Oxudum,
ağladım, hər bir sözündə
Hər kəlmə
min məna daşıyır, Qəndab!
Sözü
yaşadıqca yaşayır sair,
Nəsillər
deyəcək: - "Yaşayır Qəndab!".
Tomrisin
ruhudur coşar sözündə,
Nüşabə
əməli yaşar sözündə,
Natəvan
sərhədlər aşar sözündə,
Hər kəlmən
butaya oxşayır, Qəndab!
Ustac da nəsibin
alıb butadan,
Söz
demək mirasdır ona atadan,
Tanrım,
bu Qəndabı qoru xatadan;
El
üçün, xalq üçün yaşayır Qəndab!
Bu mənada
Qəndab xanımın "Ətirli güllər"
kitabı o taylı, bu taylı bütün müasir Azərbaycan
publisistik-ədəbi düşüncəsinin parlaq nümunələrindən
biri olaraq, həm bu günün, həm də gələcək
oxucuların müraciət edəcəyi sanballı
yaradıcılıq nümunəsi kimi dəyərləndirilə
bilər. Bu silsilə yazımın (monoqrafiyamın) əvvəlki
bölmələrində də dəfələrlə qeyd
etmişəm; janrından asılı olmayaraq Qəndab
xanımın bütün mətnləri öz poetikliyi,
axıcılığı ilə seçilir. Onun folklorumuza,
öz söy-kokümüzə bağlılığı hər
kəlməsindən boylanır. Qəndab xanım o taylı,
bu taylı bütöv Azərbaycanın tanınan, sevilən,
seçilən qələm adamıdır. Şairlik ona
Tanrı vergisi olsa da, alimliyi özünün yuxusuz gecələrin,
bitib-tükənməyən ardıcıl və gərgin zəhmətin
hesabına qazandığı uğurudur. Yolunuz daim
açıq və gül-çiçək olsun, Qəndab
xanım! Uğurlarınız bol olsun!
Sona qədər
həmsöhbət olduğunuz üçün təşəkkür
edirəm. Sağ olun!
Zaur
Ustac,
"Yazarlar"
jurnalının baş redaktoru,
AYB və
AJB-nin üzvü.
Olaylar.-
2026.- 13-18 fevral, ¹6.- S.15.