Rəqəmsal təhsilə keçid
Məktəblilər
ağır çanta
yüklərindən xilas
olur?
Son illər
təhsil sistemində
aparılan müzakirələrin
mərkəzində duran
əsas məsələlərdən
biri də şagirdlərin çanta
yükü problemidir.
Xüsusilə ibtidai sinif şagirdlərinin hər gün məktəbə ağır
çantalarla getməsi
artıq təkcə valideynləri deyil, mütəxəssisləri və
qanunvericiləri də
ciddi şəkildə
narahat edir. Məsələ yalnız
fiziki ağırlıqla
məhdudlaşmır, bu
yük uşaqların
sağlamlıq vəziyyətinə,
düzgün fiziki inkişafına, psixoloji durumuna və təhsilə münasibətinə
birbaşa təsir göstərir.
Məhz bu
kontekstdə Milli Məclisin İnsan hüquqları komitəsinin
iclasında müzakirəyə
çıxarılan "Azərbaycan
Respublikasının İnsan
hüquqları üzrə
müvəkkilinin (ombudsmanın)
2025-ci il üzrə məruzəsi"ndə diqqətçəkən
mühüm təkliflər
irəli sürülüb.
Məruzədə vurğulanır
ki, tədris proqramlarının ağır
olması və eyni fənn üzrə bir neçə əlavə dərs vəsaitinin tətbiqi şagird çantalarının normadan
artıq yüklənməsinə
səbəb olur. Bu isə xüsusən
ibtidai siniflərdə
təhsil alan uşaqlar üçün
sağlamlıq riskləri
yaradır.
Mütəxəssislərin
fikrincə, erkən yaş dövründə onurğa sütununun formalaşması prosesi davam etdiyi üçün
normadan artıq çəki daşımaq
skolioz, qamət pozuntuları və digər ortopedik problemlərə yol aça bilər. Üstəlik, gündəlik
olaraq ağır çanta daşımaq uşaqlarda yorğunluq, diqqət dağınıqlığı
və dərsə marağın azalması kimi hallara da
səbəb olur. Beləliklə, problem təkcə fiziki deyil, həm də pedaqoji və sosial aspekt daşıyır.
Ombudsmanın məruzəsində təklif
olunur ki, tədris proqramları optimallaşdırılsın, mövzuların
təkrarçılığı aradan qaldırılsın
və eyni fənn üzrə bir neçə əlavə vəsait əvəzinə inteqrasiya
olunmuş, daha yığcam və funksional dərs materiallarından istifadə
edilsin. Bu yanaşma həm şagirdlərin çanta
yükünü azalda,
həm də tədrisin keyfiyyətini daha sistemli və
səmərəli hala
gətirə bilər.
Çünki çoxsaylı
vəsait bolluğu hər zaman daha keyfiyyətli təhsil demək deyil, əksinə, informasiya həddən artıq olduqda şagird üçün
mənimsəmə prosesi
çətinləşə bilər.
Bununla yanaşı,
rəqəmsal resurslardan
istifadənin genişləndirilməsi
də əsas təkliflər sırasındadır.
Elektron dərsliklər,
onlayn tapşırıq
platformaları və interaktiv materiallar həm kağız daşıyıcıların sayını
azalda, həm də müasir təhsil tələblərinə
uyğun mühit formalaşdıra bilər.
Sənəddə həmçinin
praktik bir təklif də yer alır: şagirdlərin gündəlik
istifadə etmədikləri
dərs vəsaitlərini
məktəbdə saxlaya
bilmələri üçün
dolabların quraşdırılması.
Bu, bir çox
ölkələrdə artıq
tətbiq olunan və effektivliyi sübut edilmiş sadə, lakin funksional həll yoludur. Belə mexanizmlər həm fiziki yükü azaldar, həm də şagirdlərdə
məsuliyyət və
səliqə vərdişlərinin
formalaşmasına müsbət
təsir göstərə
bilər.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli
Olaylar.az-a danışıb. Ekspertin sözlərinə
görə, bu gün mövcud olan problem təkcə
şagird çantalarının
ağır olması ilə məhdudlaşmır.
Burada valideynlərin də müəyyən mənada prosesi çətinləşdirən yanaşmaları var. Məsələn, şagirdə
məktəb tərəfindən
bir dərslik təqdim olunsa da, bəzi valideynlər
əlavə vəsaitlər
də alaraq uşağın çantasına
yerləşdirirlər. Xüsusilə
ibtidai siniflərdə
bu hal daha
geniş yayılıb.
Nəticədə eyni
fənn üzrə bir neçə kitab və iş
dəftəri şagirdin
gündəlik yükünü
artırır. Beynəlxalq
səhiyyə qurumlarının
son illərdə açıqladığı statistik
göstəricilərə görə,
ibtidai sinif şagirdləri arasında
skolioz halları kütləvi xarakter almaqdadır. Mütəxəssislər
bunu əsasən normadan artıq çəki daşımaqla
əlaqələndirirlər. Beynəlxalq standartlara əsasən, şagirdin çantasının çəkisi
onun bədən çəkisinin 10 faizindən
artıq olmamalıdır.
Məsələn, çəkisi
30 kiloqram olan uşaq maksimum 3 kiloqramlıq çanta daşımalıdır. Əgər
şagirdin çəkisi
50 kiloqramdırsa, bu halda çantanın çəkisi 5 kiloqramı
keçməməlidir. Təəssüf
ki, nə ölkəmizdə, nə
də yaxın qonşu dövlətlərdə
bu standartlara tam əməl olunur.
Ekspert bildirib
ki, son illər
ölkə üzrə
dərsliklərin elektron
sistemə keçirilməsi
istiqamətində müəyyən
planlar hazırlanıb
və bu sahədə işlər aparılır. Lakin proses hələ də bir sıra
problemlərlə müşayiət
olunur. Əsas çətinliklər məktəblərin
maddi-texniki bazası ilə bağlıdır.
Bir çox təhsil müəssisələrində
sürətli internet şəbəkəsi mövcud
deyil, şagirdlər planşet və ya noutbuklarla təmin olunmayıb. Bu səbəbdən, nəinki regionlarda, hətta bəzi şəhər məktəblərində
belə rəqəmsal
təhsilə keçid
imkanları məhduddur.
Tam rəqəmsal sistemə keçid yalnız texniki təminat və infrastruktur məsələləri
həll olunduqdan sonra mümkün olacaq. Həmin mərhələyə çatdıqda
şagirdlərin ağır
çantalardan əhəmiyyətli
dərəcədə azad
olunacağını müşahidə
etmək mümkündür.
Lakin bugünkü şəraitdə də müəyyən addımlar
atmaq mümkündür.
Kurikulum sisteminə keçiddən artıq on ildən çox
vaxt keçib və bu modelə
əsasən ev tapşırıqlarının həcmi azaldılmalı idi. Məqsəd ondan ibarət idi ki, şagird
dərslikdən əsasən
məktəbdə istifadə
etsin və bütün vəsaitləri
hər gün evə aparmağa məcbur qalmasın. Müəyyən tapşırıqların
və misalların məktəbdə həll
edilməsi təşkil
olunsa, əlavə iş dəftərlərinin
və köməkçi
vəsaitlərin çantada
daşınmasına ehtiyac
qalmaz.
"Digər tərəfdən, çantanın
ağırlaşmasına təsir
edən əlavə amillər də var. İdman dərsləri üçün
xüsusi geyimlərin
aparılması, su qabları, bəzi hallarda valideynlərin uşağa yemək qoyması çantanın
çəkisini daha da artırır. Bütün bunlar birlikdə fiziki yüklənməni artırır
və nəticədə
onurğa problemlərinə,
o cümlədən skolioza
səbəb ola bilir", - deyə M. Məmmədli qeyd edib.
Ekspert əlavə
edib ki, hazırda ölkə üzrə tam rəqəmsal təhsilə
keçid üçün
genişmiqyaslı və
sistemli yanaşmaya ehtiyac var. Bu,
yalnız ayrı-ayrı
təşəbbüslərlə deyil, dövlət səviyyəsində qəbul
ediləcək qərarlarla,
o cümlədən Nazirlər
Kabinetinin müvafiq sərəncamı və ciddi maliyyə vəsaitinin ayrılması
ilə mümkün ola bilər. İnfrastruktur, texniki təminat və pedaqoji hazırlıq paralel şəkildə həyata keçirildiyi təqdirdə, həm rəqəmsal keçid sürətlənər, həm
də şagirdlərin
fiziki yükü əhəmiyyətli dərəcədə
azalardı.
Problem təkcə
çantanın çəkisi
deyil, burada valideyn yanaşması, tədris yükü, məktəb infrastrukturu və rəqəmsal imkanların məhdudluğu
bir-biri ilə sıx bağlı şəkildə çıxış
edir. Məsələyə
kompleks yanaşılmadığı
təqdirdə isə
şagird sağlamlığı
ilə bağlı risklər davam edəcək.
Çanta yükünün
azaldılması məsələsi
yalnız texniki dəyişiklik deyil, təhsil fəlsəfəsinin
yenidən nəzərdən
keçirilməsini tələb
edən bir yanaşmadır. Məqsəd
daha çox vəsait deyil, daha səmərəli və balanslı tədris mühiti yaratmaqdır. Şagird mərkəzli, sağlamlıq
yönümlü və
müasir tələblərə
cavab verən təhsil sistemi formalaşdırmaq üçün
proqramların optimallaşdırılması
artıq zəruri addım kimi gündəmə gəlir.
Lamiyə Cəbrayılova
Olaylar.-
2026.- 6-12 mart, №9.- S.12.