QIRMIZI DİPLOMUN GÖY DƏRDİ
Müasir cəmiyyətin sosial
mənzərəsində ali
təhsil artıq fərdi intellektual inkişafın meyarı olmaqdan çıxıb, sanki vətəndaşın
cəmiyyətdəki yerini
sənədləşdirən rəsmi bir ritualla əvəzlənmişdir.
Atalarımız övladını
elm ocağına göndərəndə
elə bilirlər ki,
o dörd-beş ilin sonunda gəncin əlinə verilən möhürlü sənəd
həm də onun gələcək taleyini həll edəcək bir "sehrli çubuqdur".
Lakin gəlin, bu "sehrli çubuğun" müasir əmək bazarının soyuq və praqmatik reallıqları qarşısında
necə sındığına
bir yerdə nəzər salaq.
Qəhrəmanımız Məmməd (adı şərtidir amma dərdi ümumidir) dörd il paytaxtın intellektual tozunu udub, "iqtisadiyyatın incəlikləri"
adlı qalın cildlərin arasında gəncliyinin ən parlaq çağlarını
dəfn edəndən
sonra, nəhayət, o
məşhur qırmızı
qovluğu qoltuğuna
vurub yola çıxdı. Elə bilirdi ki, bu diplom onun qarşısında
bütün bağlı
qapıları açacaq
"Sim-sim, açıl!" kəlamıdır. Lakin ilk parlaq
şüşəli ofisin
qapısından içəri
girəndə anladı
ki, bura elm məbədi
yox, "absurd tələblər"
səltənətidir.
Onu qarşılayan kadr mütəxəssisinin baxışlarında
elə bir süni ciddiyyət, elə bir "müasir korporativ etika" vardı ki, adam elə bilir
qarşısındakı xanım
indicə dünya iqtisadiyyatının xilas formulunu elan edəcək. Xanım Məmmədin dörd illik zəhmətinin bəhrəsi
olan fərqlənmə
diplomunu iki barmağı ilə sanki
vaxtı keçmiş
bir bildiriş imiş kimi götürüb masanın
küncünə itələdi.
Sanki o qırmızı kağızın
rəngi xanımın
masasındakı bahalı
aksesuarların rəngi
ilə "zövq münaqişəsinə" girmişdi.
- Məmməd bəy, dedi
xanım, - akademik göstəriciləriniz, dörd
dil bilməyiniz və beynəlxalq sertifikatlarınız təqdirəlayiqdir.
Lakin bizə "nəzəri
beyin" yox, "çoxfunksiyalı icraçı"
lazımdır. Bizə
elə bir kadr lazımdır ki, həm makroiqtisadi təhlillər hazırlasın,
həm rəhbərliyin
qəbuluna gələnlərin
kofesinə xüsusi estetikayla şəkər atsın, həm də boş vaxtlarında ofisdəki sıradan çıxmış
şəbəkə avadanlıqlarını
daxili instinktləri ilə işlətsin.
Məmməd daxilindəki iqtisadçını
çətinliklə susdurub
sordu:
- Xanım, bəs mənim illərlə topladığım bilik
fondu? Bazarın konyukturası,
investisiya mühitinin analizi...
Xanım
gülümsədi:
- Məmməd bəy, hazırkı bazar konyukturası
ondan ibarətdir ki,
biz 22 yaşlı gəncdən
10 illik peşəkar staj tələb edirik. Siz isə
bu illəri kitabxanalarda xərcləmisiniz.
Nə qədər böyük strateji xəta!
Bəli,
müasir dövrün
kədərli tərəfi
də budur. Bəzi müəssisələrin
qapısında "Təcrübəli
kadr axtarılır"
elanı elə bir keçilməz baryerə çevrilib ki, gənc nəsil o səddi aşmaq üçün gərək
ana bətnindəykən əmək
müqaviləsi bağlasın.
Məmməd binadan çıxanda
əlindəki diploma baxdı.
İndi ona elə gəlirdi ki, diplomun
"qırmızı" rəngi Məmmədin yerinə xəcalət çəkir.
Binadan uzaqlaşarkən
yolun kənarında sürətlə ötən
bir kuryer Məmmədin baxışlarını
özünə çəkdi.
O, velosipedinin pedallarını
elə bir fədakarlıqla fırladırdı
ki, sanki öz ixtisası ilə iş tapa biləcaəyi
o sonuncu vaqona çatmağa çalışırdı.
Kim bilir, bəlkə
o da hansısa fakültənin
'fəxri', hansısa kafedranın ümidi idi... Məmməd dərindən ah çəkərək
kuryerin arxasınca baxdı. Anladı ki, müasir iqtisadiyyatın elə bir qəribə
mərhələsinə çatmışıq
ki, ali təhsil artıq yüksək kürsülərdə çıxış
etməyə yox, sadəcə kuryer çantasındakı yükün
çəkisini və
mənzil başına
çatma sürətini
fizika qanunları ilə daha dəqiq
hesablamağa kömək
edir.
Məmməd acı bir təbəssümlə düşündü:
görəsən, ali
məktəblərimiz o möhürlü
sənədləri təqdim
edəndə, son səhifəsinə
kiçik bir 'xəbərdarlıq' qeydi
də əlavə etsələr, necə olar? Məsələn, rəngli hərflərlə
yazılsın: 'Diqqət!
Bu sənəd yalnız
nəzəri xəyalları
əhatə edir; real həyatın amansız müsahibələri ilə
toqquşma anında sənəd sahibinin mənəvi təhlükəsizliyinə
zəmanət verilmir'.
Bəlkə onda heç olmasa 'qırmızı diplom'un yaratdığı o qırmızı
ümidlər küçənin
soyuq reallığına
bu qədər hazırlıqsız yaxalanmazdı...
Mirzə
Cəlil sağ olsaydı, yəqin ki,
"Sizi deyib gəlmişəm, ey diplomlu işsizlər!"
deyə deyil, "Sizi deyib gəlmişəm,
ey gəncliyin enerjisini kofe aparatının yanında
çürüdən kadr
mütəxəssisləri!" deyə fəryad edərdi. Çünki günah Məmməddə
deyil, günah diplomu elm yox, sadəcə "qeydiyyat kağızı" hesab
edən təfəkkürdədir.
P.S.Deyirlər, Məmməd
artıq iş tapıb. Ofisdə yox, parkda uşaqlara
kağızdan təyyarə
düzəltməyi öyrədir.
Deyir ki, kağızın
üstündə nə
yazılmasından asılı
olmayaraq, əsas odur ki, onu düzgün
qatlayanda uçmağı
bacarasan...
İlahə Allahverdiyeva
Jurnalist
Olaylar.-
2026.- 6-12 mart, ¹9.- S.12.