Ana həsrətinin poetik fəlsəfəsi
Nicat Ərtürkün "Ana həsrəti" kitabı
haqqında
Salam olsun, çox dəyərli
oxucum! Bu dəfə söhbətimizin mövzusu yenicə
işıq üzü görmüş "Ana həsrəti"
adlı kitab haqqında olacaq.
Azərbaycan poeziyasında ana
obrazı hər zaman müqəddəs, toxunulmaz və dərin
mənəvi məna daşıyan bir zirvə kimi qəbul olunub.
Bu zirvəyə qalxmaq isə yalnız səmimi hiss, daxili
ağrı və poetik məsuliyyət tələb edir.
Tanınmış şair Nicat Ərtürkün "Ana həsrəti"
adlı şeirlər kitabı məhz bu mənəvi zirvəyə
doğru atılmış səmimi və məsuliyyətli
bir addımdır.
QISA
ARAYIŞ
Nicat Ərtürk - Qasımzadə
Nicat Ərrəhman oğlu 1982-ci ildə Naxçıvan
MR-nın Sədərək rayonunun Sədərək kəndində
anadan olub. İxtisasca ali təhsili iqtisadçıdır. Azərbaycan
Yazıçılar Birliynin üzvü, ədəbiyyat sahəsində
müvəffəqiyyətlərə görə təqdim edilən
nüfuzlu "Qızıl qələm", "Ziyadar"
kimi mükafatların laureatıdır. "Səsləyir Zəngəzur,
Qarabağ bizi" və "Zirvələrin fatehi"
adlı kitabların müəllifidir. Haqqında söhbət
açdığımız "Ana həsrəti"
kitabı müəllifin oxucularla üçüncü
görüşüdür. Kitabdakı nümunələr
mövzusundan asılı olmayaraq bəzən həddindən
artıq pafoslu görünsə də, əslində olduqca səmimi
və fərdilikdən uzaq, ümumiləşdirilmiş
problemlərin çözümü yolunda atılmış cəsarətli
addımlar kimi qiymətləndirilməlidir.
Kitabın adından
başlayaraq oxucu dərhal anlayır ki, burada söhbət sadəcə
fərdi bir kədərdən deyil, ümumbəşəri
bir duyğudan - ana həsrətindən, insan
varlığının ən kövrək və ən saf
nöqtəsindən gedir. "Ana həsrəti" həm
konkret bir itkinin ağrısı, həm də insanın mənəvi
dayağını itirməsinin fəlsəfi izahıdır.
HAŞİYƏ
Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, filologiya elmləri
doktoru, professor, Azərbaycan
Respublikasının Əməkdar müəllimi, Azərbaycan
Yazıçılar Birliyinin üzvü Əbülfəz
Quliyev "NƏSİHƏTLƏRİN
TƏHLÜKƏSİZ LİMANI: ŞEİR VƏ İNSANLIQ"
adlı məqaləsində "Ana həsrəti"
kitabı haqqında yazır:
"Şeir kitabını oxuyub
vərəqlədikcə görürəm ki, Nicat
Ərtürk həm müasir dövrün ruhunu, həm də
xalqımızın köklü ənənələrini
özündə cəmləyir. Şeirlərindəki dil sadəliyi
və dərindən gələn mənalar, məndə
unudulmaz təəssüratlar yaradır. Şairin şeirlərindəki
məna dərinliyi və həm də humanizm prinsipləri
poeziya aləminə yeni bir nəfəs gətirir.
Şeir kitabında şairin
"Nəsihətnamə" poemasını oxudum. Bu poema əxlaqi
təlimatlarla zəngin olması ilə diqqət çəkdi.
"Nəsihətnamə" poeması həyatın və
insanın dəyərlərini dərindən analiz edən bir
əsərdir. Şair burada insanın həyatına, əxlaqına,
və davranışlarına dair mühüm tövsiyələr
verir. O, əsər vasitəsilə insanlara
dürüstlük, ədalət, mərhəmət və təvazökar
olmağı tövsiyə edir. Bu nəsihətlərin bəşəri
dəyərlərə əsaslanması, əsəri zaman və
məkan baxımından universallaşdırır.
Nicat Ərtürkün şeirləri
xalqın hisslərini, təbiətini və mənəvi
xüsusiyyətlərini əks etdirir. "Nəsihətnamə"dəki
nəsihətlər, onun xalqın həyatına dərindən
bələd olduğunu göstərir. Şairin səsləndirdiyi
tövsiyələr, nəinki fərdi, həm də kollektiv səviyyədə
insanlara faydalıdır, çünki Nicat insanların
üzləşdiyi ümumi problemləri çox gözəl
təhlil edir.
"Nəsihətnamə"
poemasının bir digər önəmli mesajı da
insanın öz təvazökarlığını qoruyaraq həyatda
müvəffəqiyyət əldə etməsidir. Şair, hər
bir insana yüksək mənəvi dəyərlərlə,
başqalarına qarşı hörmətlə
yanaşmağı və böyüklükdən dərs
almağı tövsiyə edir. Bu, müdrikliyə və
humanizmə doğru atılmış bir addımdır.
Şair Nicat Ərtürkün yazdığı nəsihətlər
yalnız Azərbaycan xalqına deyil, bütün
insanlığa bir ərmağandır. "Nəsihətnamə"nin
verdiyi tövsiyələr, insan təbiətinin ümumi
qanunlarına uyğun olub, mədəniyyətlərarası sərhədləri
aşan bir anlam daşır. Bu da onun ədəbiyyatımızda
və dünyada əhəmiyyətli bir yer tutmasına səbəb
olur.
Gənc şairimiz Nicat
Ərtürk! Əminəm ki, şeirlərindəki dərin
mənalar və əxlaqi zənginlik hər bir oxucunu
düşündürəcək, oxucunun ruhuna işıq
yayacaq. Uğurların davamlı olsun, yazdığın hər
misra insanların qəlbinə toxunmağa davam etsin!
Öz müdrik sözlərinlə
oxucunu yeni düşüncələrə, dəyərlərə
və həyatın həqiqətlərinə doğru
aparasan. Yaradıcı yolunda uğurların bol olsun,
ilhamın heç bir zaman tükənməsin!
Sözlərinin gücü ilə,
insan ruhunun dərinliklərinə nüfuz edən bir şair
olaraq, uğurlarının davamını arzulayıram. Hər
yeni şeirində Nəsihətnamə kimi müdrik və
faydalı dərslər verməyin mükafatını əminəm
ki, alacaqsan!
Təvazökar olmağı,
doğru və dürüst yaşamağı təbliğ edən
şeirlərindən aldığım ilhamla, sənə gələcəkdə
daha çox uğur, yeni yaradıcılıq zirvələri
arzulayıram. Hər addımında nəsihətlərinə
sadiq qalaraq insanlara yeni həyat dərsləri verməyə
davam et!
Uğurların daim artsın, hər
misranla cəmiyyəti daha yaxşıya doğru irəlilətməsinə
işıq sal!"
Kitabda
toplanmış şeirlərdə insan
varlığının mənası, həyatın faniliyi,
zamanın amansız axını və mənəvi dəyərlərin
önəmi poetik düşüncə müstəvisində
təqdim olunur. Şair şəxsi hiss və
yaşantılarını ümumbəşəri ideyalar səviyyəsinə
yüksəltməyi bacarır. Bu xüsusiyyət Nicat
Ərtürkün poeziyasını sırf emosional
ağrıdan çıxarıb dərin fəlsəfi qatlara
daşıyır. Kitaba daxil edilmiş şeirlər içərisində
ondan artıq nümunə adı və məzmunu ilə
birbaşa anaya, ana həsrətinə bağlıdır.
Bundan əlavə topludakı digər
şeirlərin də böyük əksəriyyətinin ya məzmunu,
ya da mətn daxilində bəzi fraqmentlər ana adı, ana həsrəti
ilə dolayısıyla əlaqəlidir.
Ana
obrazı şeirlərdə yalnız bir insan deyil, mərhəmətin,
qayğının, ilkin saflığın və ruhun
sığınacağı kimi təqdim olunur. Ana itkisi isə
sadəcə fiziki ayrılıq deyil, insanın iç
dünyasında yaranan böyük boşluq, mənəvi
yetimlik hissidir.
"Ana həsrəti"
kitabında dil sadə, anlaşıqlı, lakin dərin məna
yüklüdür. Şair bəzəkli ifadələrdən
daha çox, oxucunun qəlbinə toxunan səmimi sözlərə
üstünlük verir. Bu sadəlik poeziyanın təsir
gücünü azaltmır, əksinə, onu daha da gücləndirir.
Nicat
Ərtürkün şeirlərində daxili ahəng, ritm və
emosional tarazlıq diqqəti cəlb edir. Hər misra bir hissin,
bir düşüncənin daşıyıcısıdır.
Oxucu bu şeirləri oxuyarkən təkcə müəllifin
ağrısını deyil, öz daxilində gizlənmiş
ana həsrətini də kəşf edir.
Kitabın "Anamın əziz
xatirəsinə ithaf edirəm" sözləri ilə
başlaması bu poeziyanın ideya-mənəvi xəttini əvvəlcədən
müəyyənləşdirir. Bu ithaf kitabı sadəcə
bir şeir toplusu yox, ruhi etiraf, minnətdarlıq və sədaqət
manifestinə çevirir. Oxucu anlayır ki,
qarşısında duran misralar yazı masasında deyil, qəlbin
ən dərin qatlarında doğulub.
"Ana həsrəti"
müasir oxucu üçün təkcə poetik zövq mənbəyi
deyil, həm də mənəvi düşüncə
kitabıdır. Bu şeirlər insanı öz kökünə,
dəyərlərinə, valideyn sevgisinin əvəzsizliyinə
qaytarır. Sürətli və maddiləşmiş
dünyada bu cür əsərlər oxucuya dayanmağı,
düşünməyi və hiss etməyi xatırladır.
Ana həsrətinin poetik fəryadı,
ümumiləşdirilmiş nisgil, milli kimlik məsələləri,
əcdadlara ehtiram, özünü tanıma və təqdim
etmə yuxarıda qeyd etdiyim kimi demək olar ki, topluda yer alan
bütün nümunələrin məğzində dayansa da,
söhbətimizi Nicat Ərtürkün "Ana həsrəti"
kitabında (səhifə 53) yer almış eyni adlı
şeirindən gətirəcəyim misallarla daha da zənginləşdirmək
istəyirəm.
Ana obrazı Azərbaycan
poeziyasının ən müqəddəs, ən kövrək
və ən dərin qatlarından birini təşkil edir. Bu
obraz təkcə doğmalıq, qayğı və mərhəmət
deyil, eyni zamanda insanın daxili dünyasının
dayağı, mənəvi sığınacağıdır.
Məhz bu baxımdan Nicat Ərtürkün "Ana həsrəti"
şeiri ana mövzusuna həsr olunmuş əsərləri (əsərlər)
içərisində xüsusi emosional dərinliyi və səmimiyyəti
ilə seçilir.
Şeirin ilk misralarından etibarən
oxucu faciəli bir dönüş nöqtəsi ilə
üz-üzə qalır:
Dəyişdi
gözümdə, dəyişdi zaman,
Fırlandı
başıma fırlandı dünyam.
Bu
misralarda zaman artıq adi axarında deyil. Ana itkisi ilə
birlikdə zaman anlayışı da mənasını itirir,
dünya oxun ətrafında fırlanan ağır bir yükə
çevrilir. Şair burada şəxsi ağrını
ümumbəşəri hissə çevirir: ana yoxdursa, həyatın
nizamı da pozulur.
Şeirin növbəti bəndlərində
sevincin göz yaşına, evin işığının
sönməsinə çevrilməsi təsvir olunur:
Xoş
günlər bir anda kədər döndü,
Sevinc
göz yaşlarım qəhərə döndü.
Ana evin
ruhudur. Onun yoxluğu təkcə bir insanın itkisi deyil, bir
ocağın sönməsi, bir ailənin mənəvi
sütununun dağılmasıdır. Şair bu həqiqəti
bədii dillə, lakin son dərəcə real duyğularla
ifadə edir.
"Ana həsrəti"
şeiri eyni zamanda insanın psixoloji
sarsıntısının poetik gündəliyidir:
Bir əsər
qalmadı səbri-dözümümdən.
Burada
artıq təskinlik yoxdur. Şair etiraf edir ki, ana həsrəti
qarşısında ən möhkəm iradə belə
sarsılır. Bu etiraf şeiri daha da səmimi və
inandırıcı edir.
Əsərin diqqətçəkən
cəhətlərindən biri də taleyə və zamana
yönəlmiş açıq etirazdır:
Etiraz edirəm
sənsiz zamana,
İstədim
ki, artıq zaman dayana.
Bu misralar
insanın acı qarşısında acizliyini, eyni zamanda üsyankar
ruhunu əks etdirir. Şair üçün zaman artıq
şəfa verən deyil, əksinə, ağrını uzadan
bir gücdür.
Şeirin hər bəndinin
sonunda təkrarlanan:
Anama həsrət
qaldığım günü
misrası
bir növ şeirin ürək döyüntüsünə
çevrilir. Bu təkrar oxucunun yaddaşına həkk olunur və
ana itkisinin unutulmaz, dəyişməz bir həqiqət
olduğunu vurğulayır.
Nicat Ərtürkün "Ana həsrəti"
şeiri sadəcə bir şəxsi kədərin ifadəsi
deyil. Bu əsər ana sevgisinin əvəzsizliyini, ana itkisi ilə
insanın daxilində yaranan boşluğu, zamanla belə
sağalmayan yaraları poetik dillə ortaya qoyur. Şeir oxucunu
həm düşündürür, həm də öz ana
xatirələri ilə üz-üzə qoyur.
Bu əsər bir daha sübut
edir ki, ana həsrəti - zamanla keçməyən, sözlərlə
təsəlli tapmayan, yalnız poeziyada nəfəs alan bir dərddir.
Nicat Ərtürk bu dərdi səmimi, sadə və təsirli
bir dildə ifadə edərək oxucunun qəlbinə yol
tapmağı bacarmışdır.
Nicat Ərtürkün "Ana həsrəti"
kitabı Azərbaycan poeziyasında ana mövzusuna həsr
olunmuş səmimi, dərin və fəlsəfi kitablar
arasında öz layiqli yerini tutmuşdur. Bu kitab oxucuya təkcə
bir şairin daxili dünyasını deyil, hər bir
insanın qəlbində gizlənən ana sevgisini və həsrətini
göstərir.
"Ana həsrəti" - bir
kitabdan daha çox, bir qəlbin səsi, bir ruhun etirafı və
bir ömrün poetik xatirəsidir.
Sona qədər həmsöhbət
olduğunuz üçün təşəkkür edirəm.
Hələlik.
Zaur
Ustac,
"Yazarlar"
jurnalının baş redaktoru,
AYB və
AJB-nin üzvü
Olaylar.-
2026.- 13-19 mart, ¹10.- S.15.