Uşaqların məcburi əməyə cəlb edilməsi
Cəmiyyətin görməzdən gəlməməli
problemi
Uşaqlıq insan həyatının ən saf, ən
qayğısız və
ən həssas dövrü hesab olunur. Bu dövrdə
uşaq dünyanı
tanıyır, oyun oynayır, xəyal qurur, öyrənir və şəxsiyyət kimi formalaşmağa başlayır. Məncə,
uşaqlığın əsas
xüsusiyyəti məhz
bu sərbəstlik və qayğısızlıqdır.
Uşaqların əsas
işi oxumaq, öyrənmək, inkişaf
etmək və sağlam mühitdə böyümək olmalıdır.
Lakin reallıq bəzən bu ideal mənzərədən
çox uzaq olur.
Bəzi hallarda
uşaqların həyatında
oyun meydançalarını
ağır əmək,
məktəb partalarını
isə müxtəlif
iş yerləri əvəz edir. Bu isə cəmiyyət
üçün ciddi
sosial problemlərdən
birinin- uşaqların
məcburi əməyə
cəlb edilməsinin mövcudluğunu göstərir.
Bu gün dünyanın bir çox ölkələrində
olduğu kimi, müxtəlif səbəblərdən
uşaqlar erkən yaşlardan əmək fəaliyyətinə cəlb
olunur. Bəzən bu proses ailənin
maddi vəziyyəti ilə əlaqədar olur, bəzən isə valideynlərin düşüncəsi və
ya sosial mühit uşaqları belə bir vəziyyətə
gətirib çıxarır.
Məncə, istənilən
halda uşağın
erkən yaşda ağır və ya məcburi əmək şəraitinə
düşməsi onun
hüquqlarının pozulması
deməkdir. Çünki
uşaq ilk növbədə qorunmalı,
təhsil almalı və sağlam mühitdə böyüməlidir.
Erkən yaşda
işləməyə məcbur
qalan uşaqların qarşılaşdığı çətinliklər yalnız
fiziki yorğunluqla məhdudlaşmır. Bu proses onların psixoloji inkişafına, təhsil imkanlarına və sosial mühitə uyğunlaşmasına
da ciddi təsir göstərir. Uşaq yaşlarında davamlı işləmək,
məsuliyyət yükü
daşımaq və böyüklərə xas
problemlərlə qarşılaşmaq
onların uşaqlıq
dövrünü sanki
vaxtından əvvəl
başa çatdırır.
Məncə, bu isə gələcəkdə
həm fərdi, həm də cəmiyyət səviyyəsində
müxtəlif problemlərin
yaranmasına səbəb
ola bilər. Digər tərəfdən,
erkən yaşda əmək fəaliyyətinə
cəlb edilən uşaqların bir qismi təhsildən uzaqlaşmaq məcburiyyətində
qalır. Məktəbə
davamiyyətin azalması,
dərslərə vaxt
ayıra bilməmək
və ya ümumiyyətlə təhsildən
kənarda qalmaq uşaqların gələcək
həyatına birbaşa
təsir edir. Düşünürəm ki,
təhsildən uzaq qalan uşaq gələcəkdə daha
məhdud imkanlarla üzləşir və bu, sosial bərabərsizliyin
dərinləşməsinə səbəb ola bilər. Halbuki hər bir uşaq
təhsil almaq, öz bacarıqlarını
inkişaf etdirmək və gələcək həyatını qurmaq üçün bərabər
imkanlara sahib olmalıdır.
Uşaqların məcburi əməyə
cəlb olunması eyni zamanda onların
sağlamlığı üçün
də risk yaradır. Bəzi hallarda uşaqlar yaşlarına uyğun olmayan fiziki işlər görməyə
məcbur qalır, təhlükəli şəraitdə
çalışır və
lazımi qorunma vasitələrindən istifadə
etmirlər.
Bu problem təkcə fərdi ailələrin deyil, bütövlükdə cəmiyyətin
məsuliyyət daşıdığı
məsələlərdən biridir. Çünki uşaqların hüquqlarının
qorunması, onların
təhlükəsiz və
sağlam mühitdə
böyüməsi hər
bir dövlətin və cəmiyyətin əsas vəzifələrindən
biri hesab olunur.
Digər tərəfdən,
uşaqların əməyə
cəlb olunması bəzi hallarda cəmiyyət tərəfindən
adi hal kimi
qəbul edilir. Küçədə müxtəlif
məhsullar satan, bazarlarda çalışan
və ya müxtəlif xidmət sahələrində işləyən
uşaqlarla qarşılaşmaq
artıq bir çox insan üçün təəccüblü
görünmür. Lakin
düşünürəm ki, bu vəziyyətə
alışmaq problemin
mövcudluğunu aradan
qaldırmır, əksinə,
onun görünməz
şəkildə davam
etməsinə səbəb
olur.
Məncə, uşaqlıq dövrünün
qorunması cəmiyyətin
gələcəyi ilə
birbaşa bağlıdır.
Çünki bu günün uşaqları
sabahın vətəndaşları,
mütəxəssisləri və qərarverici şəxsləridir. Onların
sağlam, savadlı və psixoloji cəhətdən güclü
şəkildə formalaşması
isə yalnız düzgün sosial mühit və təhsil imkanları ilə mümkündür.
Əgər uşaq erkən yaşdan ağır həyat şərtləri ilə qarşılaşırsa, bu,
onun gələcək
həyatına da təsirsiz ötüşmür.
Məhz buna
görə də uşaqların məcburi əməyə cəlb olunması məsələsi
təkcə sosial problem kimi deyil,
həm də hüquqi və psixoloji aspektdən ciddi şəkildə araşdırılmalı mövzulardan
biridir. Bu baxımdan uşaqların məcburi əməyə cəlb olunmasının hüquqi
tərəfləri, psixoloji
təsirləri və
cəmiyyət üçün
yaratdığı risklər
xüsusi diqqət tələb edir.
Mövzu ilə bağlı vəkil Mehman Muradlı Olaylar.az-a açıqlama
verib:
" Bu məsələdə
fərq yoxdur, istər uşaq olsun, istərsə də böyük. Konstitusiyamıza görə
heç kim məcburi əməyə
cəlb edilə bilməz. Bu məsələnin birinci tərəfidir. Uşaq hüquqları ilə bağlı məsələyə
gəlincə, burada uşağın ən azı 14 yaşı olmalıdır. Yəni 14
yaşına çatdıqdan
sonra onun müəyyən işlərə
cəlb olunması məsələsi ortaya çıxa bilər. Amma burada da
müəyyən kateqoriyalar
var-yüngül işlər
kateqoriyası. Uşaq
yalnız belə işlərə cəlb oluna bilər. Həmin 14 yaşına çatmış şəxs
üçün də
iş saatı gün ərzində 4 saatdan artıq olmamalıdır. İndi hamımız görürük
və bilirik ki, bəzi uşaqları
dilənçiliyə məcbur
edirlər. Polis buna nəzarət etsə də, belə halların sayı çox olduğuna görə tam qarşısını
almaq çətin olur. Müəyyən qədər təsiri olur, amma problem
yenə qalır.
Digər bir
məsələ də
var ki, bəzən
valideyn özü uşağı götürüb
hansısa yerdə işlədir, səhərdən
axşama qədər
işləməyə məcbur
edir. Belə halların şahidi olan şəxslər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə
və ya hüquq-mühafizə orqanlarına
müraciət edə
bilərlər. Çünki
bunun məsuliyyəti
kifayət qədər
ağırdır və
hətta cinayət məsuliyyətinə qədər
gətirib çıxara
bilər. Uşağın işə
cəlb olunması üçün hər iki valideynin razılığı mütləq
tələb olunur. Bu vacib şərtdir.
Digər
tərəfdən, faktiki
olaraq işəgötürən
belə bir uşağı tam şəkildə rəsmi
sənədləşdirə bilmir. Çünki yaş məsələsi burada əsas prioritetdir və müəyyən məhdudiyyətlər
var. Bu səbəbdən
də sənədləşdirmə
mümkün olmadıqda
başqa bir məsələ- qanunsuz işçi işlətmək
məsələsi ortaya
çıxır. Bu isə artıq inzibati məsuliyyət yaradır. Hüquqi şəxslər üçün
bunun cəriməsi təxminən 20 min manatdan 25 min manata qədərdir. Bir də var
ki, azyaşlı ağır və ya qanunsuz işə
cəlb edilib. Bu halda məsələ
artıq hüquq-mühafizə
orqanlarının səlahiyyətinə
keçir və burada cinayət məsuliyyəti də yarana bilər.
Bu
baxımdan, biz vətəndaş olaraq, vətəndaş cəmiyyətinin
üzvləri kimi bu məsələlərə
daha diqqətli yanaşmalıyıq. Çox
vaxt belə halları görüb susuruq və ya müxtəlif bəhanələrlə buna
göz yumuruq. Amma əslində cəmiyyət olaraq buna nəzarət etməliyik. Çünki
uşaq işlədildikdə,
o, təhsildən və
digər vacib inkişaf mərhələlərindən
uzaq düşür. Əlbəttə, hər bir valideyn istəyər
ki, uşağı gələcəkdə daha
yaxşı həyat qursun və bəzən onu əməyə alışdırmaq
istəyir. Bu yanaşma müəyyən
həddə qədər
başa düşüləndir.
Amma əgər məqsəd sırf uşaqdan pul qazanmaqdırsa, bu artıq uşaq əməyinin istismarı
sayılır. Bir daha qeyd edirəm:
istismar da, məcburi əmək də qanunla qadağandır. Heç kim, nəinki uşaq, ümumiyyətlə
heç bir şəxs məcburi əməyə cəlb edilə bilməz".
Uşaqların erkən yaşda məcburi əməyə
cəlb olunması onların psixoloji inkişafına və şəxsiyyət formalaşmasına
necə təsir göstərir? Bu cür şəraitdə böyüyən uşaqlarda
hansı psixoloji travmalar və davranış problemləri
daha çox müşahidə olunur?
Mövzu ilə bağlı Orvita Psixoloji Reabilitasiya Mərkəzi və Orvita Autizm Evinin təsisçisi
və direktoru, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı
Olaylar.az-a açıqlama verib:
" Uşaqların müdafiəsi ilə bağlı həm BMT-nin, həm də
Azərbaycan Respublikasının
qanunları mövcuddur.
Belə ki, uşaqların yetkinlik yaşına çatmayana
qədər onların
işə cəlb olunması əmək müqaviləsi ilə nəzərdə tutulmayıb.
Əgər onlar məcburi əməyə
cəlb olunublarsa, cinayət işi açılması da mümkündür. Biz buna psixoloji aspektdən də nəzər yetirməliyik.
İnsanlar 3 yaşında şəxsiyyət
kimi inkişaf etməyə başlayır
və artıq 18 yaşında öz şəxsi fikirlərini və əqidələrini
əsas götürərək
həyat fəaliyətlərinə
müdaxilə edə
bilirlər. Yəni,
18 yaşına çatmış
yeniyetmə öz qərarlarını verə
bilər və əmək fəaliyyətinə
cəlb oluna bilər. Şəxsiyyətin
formalaşmasında əgər
biz 13-14-16 yaşlarında
məcburi işə cəlb olunan uşaqları görürüksə,
əlbəttə ki, hər hansı psixoloji problemlərin yaranmamasını qətiyyətlə
demək olmaz. Bunun üçün uşaqların psixoloji durumları və dəstək mexanizmləri
diqqət mərkəzində
olmalıdır. Qeyd etmək istəyirəm ki, uşaqların erkən yaşda əməyə cəlb olunması hər zaman mənfi nəticələr doğurmur,
amma bu, onlarda özgüvənin formalaşmamasına və
başqası tərəfindən
tez idarə olunma hisslərinə səbəb ola bilər. Bu şəraitdə uşaqlarda
yetkinlik yaşına çatmadan hər hansı əməyə cəlb olunma ilə bağlı ciddi travmaların olub-olmamasını görmək
mümkün olmaya bilər. Lakin diqqət edilməli məqam odur ki, uşaqların küçə həyatına,
küçə bazarlarına
alışdırılması, məcburi olma halları psixoloji travmalara yol aça bilər. Biz küçədə dilənən, pəncərə
və ya şüşə silən,
arabalarla məhsul daşıyan uşaqları
gördükdə, onların
da küçə həyatına meyl göstərdiyini, küçə
psixologiyasına, kütlə
psixologiyasına uyğunlaşdığını,
bəzən tabe olmama və cinayətə cəlb olunma halları ilə qarşılaşdığımızı
müşahidə edirik.
Növbəti mərhələdə isə
ailənin maddi çətinlikləri, ananın
və ya atanın işləməməsi,
xəstə və ya fiziki məhdudiyyətli
olması kimi hallar uşaqların erkən əməyə cəlb olunmasına səbəb ola bilər. Bu halda travmadan danışmaq mümkün
olmaya bilər, çünki artıq məcburiyyət mövcuddur.
Ancaq uşaqların hansı işə cəlb olunması çox vacibdir. Adətən belə ailələrdə uşaqlar
uşaq alverinin qurbanı ola bilirlər. Bizim əsas məqsədimiz bu uşaqları erkən aşkara çıxarmaq və dövlət tərəfindən,
həmçinin digər
insanlar tərəfindən
onlara maddi və mənəvi dəstək göstərilməsini
təmin etməkdir.
Məcburi əməyə
cəlb olunan uşaqların təhsildən
yayılması halları
da çox görülür. Onların
təhsilə qayıtması
təmin edilməlidir,
çünki təhsil
şəxiyyətin yetişməsində,
gələcək həyatının
təmin olunmasında
və insan kimi formalaşmasında çox önəmli rol oynayır. Bu sahədə dövlətin sosial layihələrə cəlb
olunması, uşaqların
könüllülük proqramlarına
qoşulmaları, yaşlarına
uyğun himayə mexanizmlərinin tətbiqi
vacibdir. Hazırda dövlətin sosial xidmət mərkəzləri
var ki, bu
cür həssas qrupa aid uşaqlara
psixoloji dəstək göstərilir. İlkin əməyə cəlb olunma, istər məcburi, istər könüllü olsun, bir sıra psixoloji
nüanslar yarada bilər. Bu nüansların baş verməməsi üçün
uşaqların daimi nəzarətdə saxlanılması
və düzgün qiymətləndirilməsi çox
önəmlidir".
Uşaqların məcburi əməyə
cəlb olunması yalnız fərdi ailə problemi deyil, bu, cəmiyyətin,
dövlətin və hər bir vətəndaşın
diqqət yetirməli olduğu geniş sosial məsələdir. Erkən yaşda ağır iş şəraitində böyüyən
uşaqlar həm fiziki, həm də psixoloji olaraq zərər görür, təhsildən
uzaqlaşır və
gələcək həyatlarında
məhdud imkanlarla üzləşirlər. Hüquqi
məhdudiyyətlər və
dövlət nəzarəti
bu problemi azaltmağa çalışsa
da, əsas məsuliyyət hər bir cəmiyyət üzvünün üzərinə
düşür: uşaqları
qorumaq, onların hüquqlarına hörmətlə
yanaşmaq və gələcəyimizi təmin
etmək.
Zeynəb Mustafazadə
Olaylar.-
2026.- 13-19 mart, ¹10.- S.12.