Adını daşıyan insan,
yoxsa insanı
daşıyan ad
"Ad
sadəcə söz deyil, mənadır"
Ad yalnız bir söz deyil, insanın kimliyini, şəxsiyyətini və
həyat yolunu daşıyan mənalı
bir simvoldur. O, doğulduğumuz andan bizə verilən ilk "şəxsiyyət kartıdır",
onunla dünyaya tanıdılırıq, onunla
böyüyür və
həyatımızın hər
anında izini buraxır. Düşünürəm
ki, hər bir adda bir hekayə, bir əhvalat, bir xatirə gizlənir. Ad və insan arasındakı bu qarşılıqlı
əlaqə həyatın
müxtəlif sahələrində
görünür. Uşaq
ilk dəfə öz adını eşitdiyi anda onu tanıyır,
yaddaşında mənasını
qavrayır və həyat boyunca həmin adın verdiyi təsirlə hərəkət edir. İnsan adını daşıyaraq şəxsiyyətini
formalaşdırır, ad isə
insana mənasını
verir, onun həyatına istiqamət
göstərir. Adı
daşıyan insan və insanı daşıyan ad- bu, sadəcə söz oyunu deyil , hər
bir insan üçün özünü
tanıma, mənasını
kəşf etmə yoludur.
Maraqlıdır
ki, ad seçimi ənənələri bir cəmiyyətin dil
quruluşu, mədəni yaddaşı, mentaliteti və tarixi dəyərləri
haqqında hansı mənəvi-mədəni məqamları
üzə çıxarır? "Ad insanı
daşıyır, yoxsa insan adı?" sualına
dilçilik baxımından necə yanaşmaq olar, şəxsiyyət
adın mənasını formalaşdırır, yoxsa zaman
keçdikcə ad insanın kimliyi üzərindən yeni məna
qazanır?Bu tipli suallara daha ətraflı cavab tapmaq
üçün Filologiya elmləri doktoru Elçin
İbrahimov Olaylar.az-a açıqlama verib:
"Dilçilik baxımından
şəxs adları
ilk növbədə onomastik vahidlərdir və onların əsas
funksiyası identifikasiya - yəni fərdin cəmiyyətdə
tanınmasını təmin etməkdir. Bu baxımdan ad zahirən
sadəcə çağırış və işarə
forması kimi görünə bilər. Lakin müasir
dilçilik bu yanaşmanı kifayət hesab etmir.
Çünki ad yalnız fonetik forma deyil, mənanı, dəyəri
və mədəni yaddaşı daşıyan semiotik vahiddir.
Struktural-semiotik baxımdan,
xüsusilə Ferdinand de Sössürün işarə nəzəriyyəsinə
əsasən, hər bir dil vahidi "ifadəedən" və
"ifadəolunan" tərəflərin vəhdətindən
ibarətdir. Şəxsi adlarda isə bu əlaqə xüsusi
xarakter daşıyır: adın semantik yükü birbaşa
real insana yönəlir və zamanla onun şəxsiyyəti,
davranışı və sosial mövqeyi ilə
qarşılıqlı təsirə girir. Bu mərhələdən
sonra ad sadəcə neytral işarə deyil, kimlik göstəricisi
kimi çıxış edir. Psixolinqvistika və sosial
psixologiya sahəsində aparılan tədqiqatlar göstərir
ki, insan öz adını şəxsi kimliyinin ayrılmaz hissəsi
kimi qavrayır. Ad fərdin özünü təqdim etmə
modelinə, özünüdərk prosesinə, sosial rol
anlayışına hətta davranış və gözləntilərinə
dolayı yolla təsir göstərə bilir. Bu təsir
fatalistik xarakter daşımır; yəni ad insanın taleyini
mexaniki şəkildə müəyyən etmir. Lakin adın
daşıdığı semantik və emosional assosiasiyalar fərdin
özünə münasibətində psixoloji fon yaradır. Qəhrəmanlıq,
müdriklik, paklıq, güc kimi anlayışları ifadə
edən adlar mədəni şüurda müsbət dəyərlərlə
yüklənir və bu yüklənmə sosial ünsiyyətdə
aktivləşir. Şəxsi adların etimologiyası və
semantikası isə təkcə fərdi səviyyədə
deyil, kollektiv yaddaş müstəvisində formalaşır.
Türk xalqlarının advermə ənənəsində
adlar çox zaman arzu və niyyəti (Uğur, Qələbə,
Umay), sosial idealı (Alp, Bəy, Xaqan), mənəvi dəyərləri
(Ədalət, Vicdan), tarixi yaddaşı və qəhrəmanlığı
əks etdirir. Bu baxımdan adlar fərdin özünü təkcə
fərdi varlıq kimi deyil, tarixi-mədəni zəncirin
davamçısı kimi dərk etməsinə xidmət edir və
dil vasitəsilə ötürülən mədəni kod
rolunu oynayır.
Bu nəzəri yanaşma Azərbaycan
tarixində konkret və canlı nümunələr üzərində
aydın şəkildə müşahidə olunur. Birinci
Qarabağ Müharibəsi iştirakçısı, Azərbaycanın
Milli Qəhrəmanı Koroğlu Rəhimovun adı bu
baxımdan xüsusi semantik yük daşıyır.
"Koroğlu" adı türk dünyasında xalq qəhrəmanlığı,
ədalət və zülmə qarşı mübarizə
arxetipinin simvoludur. Folklor qəhrəmanı olan Koroğlunun
adının real tarixi şəxsiyyət üzərində təcəssümü
göstərir ki, ad burada təsadüfi seçim deyil, milli
yaddaşla səsləşən semantik çərçivədir.
Zaman keçdikcə bu ad həm epik, həm də real qəhrəmanlıq
anlayışlarını eyni məna sahəsində birləşdirir.
Eyni yanaşma Milli Qəhrəman
Mübariz İbrahimovun adına da tətbiq edilə bilər.
"Mübariz" sözü leksik-semantik baxımdan
birbaşa mübarizə, mücadilə, igidlik mənasını
ifadə edir. Bu adın daşıyıcısının real
həyatda göstərdiyi şücaət nəticəsində
ad öz ilkin lüğəvi mənasını aşaraq
milli qəhrəmanlıq diskursunun rəmzinə
çevrilmişdir. Burada artıq ad insanı deyil, insan
adı yeni məna ilə doldurur. Oxşar semantik transformasiya
Milli Qəhrəman general Polad Həşimovun adında da
müşahidə olunur. "Polad" sözü türk dillərində
möhkəmlik, güc və sınmazlıq anlamı
daşıyır. General Polad Həşimovun şəxsiyyəti,
əqidəsi və mövqeyi nəticəsində bu ad maddi
keyfiyyətdən çıxaraq iradə, əqidə və
mənəvi möhkəmlik simvoluna çevrilmişdir.
Ad seçimi ənənələri
ümumilikdə bir cəmiyyətin dil quruluşunu, estetik
zövqünü, dini və mifoloji təsəvvürlərini,
qürur məqamlarını aydın şəkildə üzə
çıxarır. Müəyyən dövrlərdə milli
liderlərin, tarixi hadisələrin və ideoloji
anlayışların adlara çevrilməsi adın ictimai
simvola çevrildiyini göstərir. Bu mənada adlar
yalnız fərdi deyil, kollektiv kimliyin də
daşıyıcısıdır.
Müasir dövrdə qloballaşma
və populyar mədəniyyətin təsiri ilə ad
seçimi tendensiyalarında dəyişikliklər
müşahidə olunsa da, bu, "mənalı ad"
prinsipinin tam arxa plana keçməsi demək deyil. Sadəcə
semantik yük transformasiya olunur: ənənəvi mənalar
yerini fərdi mənalandırmaya, şəxsi hekayəyə
və simvolik interpretasiyaya verir. Ad artıq yalnız
lüğəvi deyil, bioqrafik məna qazanır.
Nəticə etibarilə, "ad
insanı daşıyır, yoxsa insan adı?" sualına
dilçilik baxımından yanaşma ikili qarşıdurma
deyil, dialektik münasibət üzərində
qurulmalıdır. Başlanğıcda ad insana verilir və
ona mədəni-semantik çərçivə təqdim edir.
Zaman keçdikcə isə insan həmin adı öz həyatı,
fəaliyyəti və tarixi mövqeyi ilə doldurur. Beləliklə,
ad əvvəlcə insanı "daşıyır", lakin
son nəticədə insan adı mənalandırır. Bu
qarşılıqlı münasibət dil, mədəniyyət
və milli yaddaşın ən canlı təzahürlərindən
biridir".
Məsələnin psixoloji tərəfləri
də vacibdir. Psixoloji baxımdan
insanın adı onun özünüdərk prosesinə, şəxsiyyətin
formalaşmasına və "mən-kimliyinə" necə
təsir göstərir-insan adı mənalandırır, yoxsa
insan adı zamanla mənalandırır? Mənasını
bilmədən uşaqlara qoyulan adlar onların özünəinamına,
kimlik hissinə və psixoloji inkişafına necə təsir
göstərə bilər?
Mövzu
ilə bağlı yaşam koçu, psixoloq Günel Əkbərova
açıqlama verib:
"Siz
çox maraqlı bir məsələyə toxunmusunuz. Necə
ki, geyindiyimiz paltar gün ərzində bizim
ovqatımızı, ruh halımızı göstərirsə,
adımız da eyni şəkildə xarakterimizi əks etdirən
bir "geyim" kimidir. Ona görə valideynlərin
övladlarına ad qoyarkən çox diqqətli olması
vacibdir. Bəzən deyirlər ki, filankəsin adını
qoyduq. Amma çox yaxşı olardı ki, övladlara ad
qoyarkən həmin ada xüsusi bir hekayə bağlı olsun.
Adın mənası, onun yaranma səbəbi uşağa izah
edildikdə, bu, onun özünü
formalaşdırmasında, xarakterinin inkişafında
böyük rol oynayır. Uşaq özünü daha dəyərli
hiss edir.
Xüsusilə
seçilmiş, mənası və hekayəsi olan ad
uşağa müsbət təsir göstərir. Amma
düşünülmədən qoyulan ad- "filankəsin
adı idi, biz də qoyduq" kimi izah ediləndə, istər-istəməz
uşağın şüurunda dəyərsizlik hissi
formalaşa bilər. Həyatda insana verilən ilk dəyərli
şey onun adıdır. Əgər bu da xüsusi yanaşma
olmadan seçilərsə, psixoloji olaraq mənfi təsir
göstərə bilər.
Ona
görə çox istərdim ki, valideynlər ad seçərkən
həqiqətən diqqətli və həssas olsunlar.
Düşünürəm ki, XXI əsrdə bu problem əvvəlki
dövrlərlə müqayisədə daha azdır,
çünki valideynlər artıq daha çox
araşdırma aparırlar, müxtəlif mənbələrə
müraciət edə bilirlər və adları seçərkən
diqqətli davranırlar. Amma əvvəlki illərdə bu
problem xeyli yayğın idi. Xüsusən də vəfat
etmiş insanların adını uşaqlara vermək psixoloji
baxımdan o qədər də doğru
qarşılanmır.
Digər
maraqlı məqam odur ki, indi ad dəyişmə kimi fərqli
üsullar özünü göstərir. Xüsusən indiki
dönəmdə ad dəyişmə proses çox
yayılıb. Biz müəyyən bir dönəmi
psixologiyada 0-6 yaş dönəmi adlandırırıq. Həmin
dönəmdə xarakterimiz, dəyərlərimiz,
şüuraltı inanclarımız - hər şey
formalaşır. Yəni, ad həmin dönəmdə bizə
təsir edə bilir, amma bir dönəm sonra artıq adın
gücünü biz öz xarakterimizlə veririk. Xarakterimizə,
dəyərlərimizə görə o ad bizim
üçün mənalı olur. Bəzən olur ki, insanlar
müəyyən bir yaş dönümünü keçdikdən
sonra öz adlarını dəyişmək istəyirlər.
Ad dəyişmə prosesi olur, yeni bir səhifə açmaq,
sıfırdan başlamaq, əvvəlki xətaları bitirmək,
yenidən doğuş kimi bir təcrübə ola bilir. Ad dəyişmə
prosesi həyata keçirə bilmək, dəyişən
insan üçün müsbət bir haldır.
Şüuraltında sanki yeni bir kitab bağlanır, başqa
bir kitab açılır kimi bir inanc formalaşır. Amma
uşaqlarda ləqəblərin istifadə olunması çox
da xoş qarşılanmır. Çünki bəzən
dostlar tərəfindən kinayə, lağlağa qoyulmaq kimi
hallar tez-tez baş verə bilər. Uşaqlıq dönəmində
valideynlər ad seçərkən nəzərə
almalıdırlar ki, ad asan səslənirmi, başqa mənaya
gəlirmi və uşaqlar tərəfindən lağlağa
edilə bilərmi? Ümumiyyətlə, uşaqlar
üçün qısaldılmış adların az istifadə
olunmaması psixoloji inkişaf baxımından daha sağlam və
güclü olar".
Zeynəb Mustafazadə
Olaylar.-
2026.- 9-15 yanvar, ¹1.- S.21.