"Leksik
kasıblıq":
Niyə
hamımız eyni 100 sözlə danışırıq?
Bir
vaxtlar sevincin, kədərin, heyrətin, qəzəbin onlarla
çaları vardı. İndi isə hər şey
"superdir", "şokdur", "pisdir",
"normaldır". Sevinirik - "əladı". Kədərlənirik
- "pis oldum". Hirslənirik - "əsəbləşdim".
Sosial mediada duyğular bir cümləyə, cümlələr
isə bir neçə sözdən ibarət statuslara
çevrilib. Getdikcə hamımız eyni sözlərlə
danışır, eyni reaksiyaları veririk. Sual yaranır: dil
niyə bu qədər sadələşdi və bu sadələşmə
nəyi itirir?
Müasir
insan tələskəndir. Oxumağa yox, baxmağa;
düşünməyə yox, reaksiya verməyə köklənib.
Sosial şəbəkələr mətnləri
qısaltdı, cümlələri ixtisar etdi, sözləri isə
emojilərlə əvəzlədi. Bir vaxtlar hissləri təsvir
etmək üçün cümlələr qurulurdu, indi isə
bir ürək işarəsi, bir alov emojisi kifayət edir.
Dil isə
zamanla sürətə tab gətirmək üçün
"yorulur". Uzun izahlar, sinonimlər, bənzətmələr
artıq "vaxt itkisi" kimi görünür. Nəticədə,
zəngin söz ehtiyatı gündəlik danışıqdan
çəkilir, yerini təkrarlanan, universal, emosional
baxımdan səthi sözlərə verir.
Sosial
media təkcə ünsiyyət vasitəsi deyil, həm də
emosiya ölçən platformadır. Hisslərin dəyəri
"like" sayı ilə ölçülür. Bu isə
insanları daha çox başa düşülən, hamı
tərəfindən eyni cür qəbul edilən sözlərdən
istifadə etməyə vadar edir. Çünki mürəkkəb
cümlə düşüncə tələb edir,
düşüncə isə sürətli istehlak mədəniyyətinə
uyğun deyil. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm
də düşüncənin evidir. İnsan nə qədər
az söz bilirsə, düşüncəsini bir o qədər
dar çərçivədə ifadə edir. Mürəkkəb
hissləri sadə sözlərlə anlatmaq mümkün
deyil. Bu zaman insan ya susur, ya da hisslərini yanlış, səthi
formada çatdırır. Psixoloqlar qeyd edirlər ki, emosional
söz ehtiyatı zəngin olan insanlar öz hisslərini daha
yaxşı anlayır və idarə edir. Əks halda, "pisəm",
"yaxşıyam" kimi ümumi ifadələr insanın
öz daxili vəziyyətini dəqiqləşdirməsinə
imkan vermir. Dil kitablarla nəfəs alır. Oxu mədəniyyəti
zəiflədikcə, dil də kasadlaşır. Sosial media
istifadəçisi gündə yüzlərlə cümlə
görür, amma onların əksəriyyəti eyni
strukturdadır, eyni sözlərdən ibarətdir. Klassik ədəbiyyatın,
publisistikanın, esse janrının yerini status dili tutur. Bir
zamanlar mətndə işlənən "təəssüf",
"heyrətamiz", "mübhəm", "incə",
"təlatümlü", "ruhsuz", "dərin"
kimi sözlər indi yalnız rəsmi mətnlərdə və
ya ədəbiyyat dərsliklərində qalıb. Sosial şəbəkələrin
algoritmləri sadə, tez reaksiya doğuran mətnləri
önə çıxarır. Uzun, analitik yazılar daha az
görünür, daha az paylaşılır. Bu isə kontent
istehsalçılarını da sadələşməyə
məcbur edir. Nəticədə, dil təkcə istifadəçilərin
deyil, platformaların diktəsi ilə dəyişir.
Hamının eyni sözlərlə danışması təkcə
dil problemi deyil, həm də fikir müxtəlifliyinin
azalmasıdır. Söz müxtəlifliyi düşüncə
müxtəlifliyini yaradır. Əgər hamı eyni 100 sözlə
danışırsa, fərqli baxış bucaqları da yoxa
çıxır. Bu, cəmiyyətin tənqidi
düşünmə qabiliyyətinə də təsir edir.
Çünki mürəkkəb problemlər sadə sözlərlə
izah ediləndə, həll yolları da primitivləşir.
Dil
öz-özünə kasadlaşmır, biz onu
kasadlaşdırırıq. Çıxış yolu isə
yenə də bizim seçimlərimizdədir: Daha çox
oxumaq; status yox, mətn yazmaq; uşaqlarla "uşaq dili"
yox, zəngin dil ilə danışmaq; emojilərlə yox,
sözlərlə hissləri ifadə etmək; eyni
sözü yox, sinonimini axtarmaq.
Sözlər
yalnız səs deyil. Onlar yaddaşdır, kimlikdir, mədəniyyətdir.
Dil kasadlaşdıqca, insan da özünü izah etməkdə
çətinlik çəkir. Özünü izah edə bilməyən
insan isə zamanla özünü anlamaqda da aciz qalır. Bəlkə
də problem ondadır ki, biz artıq danışmırıq
- reaksiya veririk. Amma dil reaksiya yox, düşüncə tələb
edir. Düşüncəni qorumaq üçün isə
sözlərimizi geri qaytarmalıyıq. Çünki dili itirən
cəmiyyət, öz dərinliyini də itirir.
Mövzu
ilə bağlı tərcüməçi və redaktor
Aygün Əziz suallarımızı cavablandırıb:
-Sosial
şəbəkələrin sürət və qısa format tələbi
(post, status, şərh) dilimizin lüğət tərkibini
necə dəyişir və bu proses təbii dil
inkişafıdır, yoxsa təhlükəli sadələşmə?
Haqlı
narahatlıqdır. Sosial şəbəkələrin bu tələbləri
dildə dəyişikliklərə səbəb olur və nəticədə
rəsmi olaraq dilin lüğət tərkibinə daxil olmayan,
edilməsi də - ən azından bizdə - nəzərdə
tutulmayan, dilçilər və ədəbiyyatçıların
qınadığı yeni növ akronimlər, abreviaturlar,
lüzumsuz qısaltmalar ortaya çıxır. Emoji və
stikerlər də çox populyardır. İstəsək də,
istəməsək də bu, bütün dünyada
qarşısıalınmaz təbii prosesdir, rəqəmsal
dünyada sadə, sürətli və səmərəli
ünsiyyət ehtiyacını təmin edir. Lakin şəxsən
mənim düşüncəmə görə, bunlar istifadəçilərin
yazılı və şifahi nitqinə xələl gətirən
təhlükəli sadələşmələrdir. Əlbəttə,
dil mahiyyət etibarilə daim inkişaf edir, elm-texniki tərəqqi
özü ilə yeni söz, ifadə və qısaltmalar gətirir.
Bunlara qarşı getmək olmaz. Bu cür dəyişikliklər
qloballaşan dünyada geniş əhatə imkanları
yaradır. Lakin mütəmadi olaraq hamımızın rast gəldiyi,
tanış-bilişlərimizin müxtəlif platformlarda
yazışarkən və ya social şəbəkələrdə
rəy yazarkən istifadə etdiyi "slm" (salam),
"tşk" (təşəkkür), "z.o" (zəhmət
olmasa), "1-1inə" (bir-birinə) kimi qısaltmalar
heç də xoş deyil.
-Emosiyaları ifadə etmək
üçün getdikcə eyni 3-5 sözə və emojilərə
müraciət etməyimiz dilin semantik zənginliyinə
hansı uzunmüddətli təsirləri göstərə
bilər?
Emojilər
rəqəmsal mühitdə artıq hər birimizin
emosiyalarını maraqlı və bizim üçün rahat
formada ifadə etmək üçün həvəslə
işlətdiyi qeyri-verbal ünsiyyət alətləridir.
İstifadə tezliyini, ötürülən fikirdə yerinə
yetirdiyi funksiyaları araşdırmağa dəyər. Lakin
bunlarla da qısaltmalarda olduğu kimi ehtiyatla davranmaq
lazımdır. Əks təqdirdə bu, mürəkkəb
hisslərin, yaxud emosiyaların fərqli qatlarını ifadə
etmək üçün lazım olan sözlərin
unudulmasına, ümumişləklikdən
çıxmasına, nitqdə vacib olan sözlərin ixtisar
edilməsinə gətirib çıxaracaq.
-Bu
gün gənclərin aktiv söz ehtiyatının azalması
məktəb, ailə və oxu mədəniyyəti ilə
bağlı problemdir, yoxsa rəqəmsal mühit artıq dili
yenidən formalaşdıran əsas gücə çevrilib?
Bəli,
birmənalı olaraq oxu vərdişlərinin azalması, hətta
aradan qalxması, test sisteminə köklənmək, virtual
dünyaya aludəçilik, tələskənlik, hövsələsizlik
əsas səbəblərdəndir. Gənclərimizin, əsasən,
mütaliə edənlərin şifahi və yazılı
nitqinin korlanmasına təsir edən amillərdən biri də
öz dilində ədəbiyyat oxumamasıdır. Məsələn,
tanıdığım çox gənclər var ki, türk
dilində kitablar qiraət edirlər, nəticədə öz
dillərinin orfoqrafiya və qrammatika qaydalarını unudurlar.
Bu, yaxşı hal deyil. Lakin bu mənada ən çox zərər
rəqəmsal mühitdən gəlir. Araşdırmalar
göstərir ki, sadələşdirilmiş forma və
işarələrdən istifadə edən gənclər
mürəkkəb fikirləri, dərin emosiyaları dolğun
ifadə etməkdə çətinlik çəkirlər.
Bu, gənclərdə formal yazı və nitq
bacarıqlarının zəifləməsinə gətirib
çıxarır. Bu tək bizim üçün problem
deyil. Bütün dünyada həyəcan təbili
çalınır.
-Əgər bu tendensiya davam edərsə,
gələcəkdə dilimizdə düşüncənin dərinliyi
və nüanslı ifadə imkanları itə bilərmi,
yoxsa dil yeni reallığa uyğunlaşaraq başqa yollarla zənginləşəcək?
Bədbin
görünmək istəməsəm də, bu məsələdə
nikbin fikir də söyləyə bilmirəm. Hər iki ehtimal
mümkündür. Müşahidələrimə əsasən
bu qənaətə gəlmişəm ki, azsaylı sözlər,
sadələşdirilmiş ifadə vasitələri, emoji və
stikerlərdən mütəmadi istifadə nüanslı
düşüncəni zəiflədə, sözlər
arasındakı incə fərqləri ayırd etmək
bacarıqlarının itməsinə səbəb ola bilər.
Qarşısı alınmasa, əlbəttə, dil bu xoşagəlməz
reallığa uyğunlaşacaq, ona müvafiq "zənginləşəcək",
amma bu cür yenilik və inkişaf bizim ürəyimizcə
olmayacaq.
Lamiyə
Cəbrayılova
Olaylar.-
2026.- 9-15 yanvar, ¹1.- S.18.