Müstəqillik
uğrunda mübarizəyə aparan yol
20 Yanvar xalqımızın birlik, fəxr və
şərəf günüdür
1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların
Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi
deportasiyasının, keçmiş
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
cəhdlərinin geniş vüsət aldığı 1987-ci
ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin
qarşısını almaq əvəzinə, sovet rəhbərliyi
Azərbaycan xalqına qarşı dəhşətli cinayət
işlədib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ
Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik
Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri
Bakıya və Azərbaycanın bir neçə rayonuna
yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif
tipli silahlardan atəşə tutularaq kütləvi qətlə
yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin
və daxili qoşunların iri kontingentinin Bakını zəbt
etməsi xüsusi qəddarlıq və misli görünməmiş
vəhşiliklə müşayiət edilib. Fövqəladə
vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi
qulluqçular 82 nəfəri amansızcasına qətlə
yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə
vəziyyət elan edildikdən sonra isə bir neçə
gün ərzində təkcə Bakı şəhərində
21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin
elan olunmadığı rayon və şəhərlərdə
- yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda
daha 8 nəfər qətlə yetirilib.
Həlak olanların arasında qadınlar,
uşaqlar və qocalar, həmçinin təcili yardım
işçiləri və milis nəfərləri olub.
Bütöv bir millətə qarşı
törədilmiş 20 Yanvar faciəsi birmənalı olaraq
insanlığa qarşı qatı cinayətdir.
Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu
tarix həm şəhidlərin anım günü, həm də
Azərbaycanın ərazi bütövlüyü uğrunda
mübarizə aparan xalqımızın birlik, fəxr və
şərəf günüdür, bu qanlı hadisələr
bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı müstəqilliyinin
bərpası naminə mübarizə aparmaq əzmindədir.
1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib
hissəsi olan keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən
erməni separatizminə keçmiş sovet dövləti tərəfindən
rəvac verilməsi, ölkəmizə qarşı qərəzli
mövqe nəticəsində bu vilayətin idarə və təşkilatlarının
tədricən respublikamızın tabeliyindən
çıxarılması, azərbaycanlıların Ermənistandakı
tarixi-etnik torpaqlarından deportasiya edilməsi
xalqımızın səbrini tükəndirmişdi. Məhz
xalqın etirazına cavab olaraq, o vaxtkı SSRİ rəhbərliyi
Azərbaycanı cəzalandırmaq üçün bu
qırğını törətdi. 1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələrinin
və zirehli texnikasının heç bir xəbərdarlıq
etmədən Bakı və Sumqayıt şəhərlərinə,
habelə ölkəmizin bir çox digər şəhər
və rayonlarına yeridildi. Nəticədə beynəlxalq
hüquq normalarının, keçmiş SSRİ-nin və Azərbaycan
SSR-nin konstitusiyalarının müvafiq müddəalarını kobudcasına pozaraq, öz
hüquqlarının, torpaqlarının və milli mənliyinin
müdafiəsinə qalxmış çoxmillətli
xalqımıza divan tutdu.
Keçmiş SSRİ rəhbərlərinin
göstərişinə əsasən, Bakıya daxil olan
silahlı qoşunlar milliyyətindən, yaşından və
cinsindən asılı olmayaraq, 147 nəfər silahsız
mülki şəxsi amansızcasına öldürüb, paytaxtda,
şəhərətrafı qəsəbələrdə və
rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə
adam itkin düşüb. Qoşunların qanunsuz yeridilməsi
həm də dinc əhali arasında kütləvi həbslərlə
müşayiət olunub. Əməliyyatların gedişi
boyunca paytaxt Bakı və respublikanın digər şəhər
və rayonlarından 841 nəfər qanunsuz həbs edilib,
onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki
həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən
200 evə, 80 avtomobilə, o cümlədən təcili
yardım maşınlarına atəş açılıb,
yandırıcı güllələrin törətdiyi
yanğınlar nəticəsində külli miqdarda dövlət
və şəxsi əmlak məhv edilib.
O dövrdə faciə ilə bağlı ən
sərt bəyanatı Ulu Öndər Heydər Əliyev
vermiş və 20 Yanvar faciəsində insanlığa
qarşı törədilən qırğınlara siyasi qiymət
verilməsini, günahkarların cəzalandırılmasını
tələb etmişdir. 1993-cü ildə Heydər Əliyevin
təşəbbüsü ilə Milli Məclis 20 Yanvar
tarixini Ümumxalq Hüzn günü elan etmiş və bu
gün respublikamızda hər il qeyd olunur. Həmin qanlı
hadisələr zamanı hünər nümunəsi göstərərək
həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına
ölkə Prezidentinin müvafiq Fərmanına əsasən
"20 Yanvar şəhidi" fəxri adı verilmiş, habelə
"1990-cı il 20 Yanvar hadisələri zamanı əlil
olmuş şəxslərə dövlət
qayğısının artırılması haqqında" Sərəncama
əsasən, müxtəlif tədbirlər həyata
keçirilir, bu şəxslərə müvafiq müavinət,
həmçinin onların ailələrinə Prezident təqaüdü
verilir. Məsələ orasındadır ki, insanlıq əleyhinə
törədilmiş bu dəhşətli əməl nəticəsində
BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi,
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və
digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə
pozulsa da, öz mahiyyətinə və miqyasına görə
XX əsrdə törədilmiş ən dəhşətli
cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək
beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın
sifarişçiləri və icraçıları cəzalandırılmayıb.
Beynəlxalq hüquqa əsasən 20 Yanvar faciəsi
insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir.
Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə
əsasən, insanların məhv edilməsi, məcburi yoxa
çıxarılması, siyasi, irqi, etnik, mədəni və
ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə,
qəsdən güclü iztirablara səbəb olma və ya
ağır bədən xəsarətləri, yaxud fiziki və
ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət
olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə
cinayət kimi tövsif edilir. Beləliklə 20 yanvar hadisələrinin
beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin
ən ağır növlərindən olan insanlıq əleyhinə
cinayət kimi tövsif edilməsi üçün kifayət
qədər hüquqi sənədlər və normalar
mövcuddur. Eyni zamanda bu vəhşilikləri törətmiş
hərbi qulluqçuların və onların icrasına əmr
verənlərin, ən əvvəl isə o vaxtkı sovet
dövləti rəhbərliyinin cinayət məsuliyyətinə
cəlb olunması üçün yetərincə əsaslar
vardır.
Çox təəssüf ki, baş vermiş
faciəyə beynəlxalq hüquqi qiymət vermək əvəzinə,
sovet dövləti beynəlxalq hüquq normalarını
pozaraq, həmin cinayətlə Ermənistana dəstək
verdi, nəticədə Azərbaycana qarşı uzunmüddətli
erməni təcavüzü, etnik təmizləmə,
soyqırımı baş verdi, torpaqlarımızın 20 faizi
zəbt edildi. Ermənistan ərazisindən, keçmiş
Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali
zorla qovuldu, bir milyon soydaşımız qaçqına və
məcburi köçkünə çevrildi.
Azərbaycan tərəfi bu münaqişənin
sülh yolu ilə həllinə daim səy göstərir.
Ölkə Prezidenti cənab İlham Əliyev məlum
münaqişənin yalnız ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həllini
tapmasını, zəbt edilmiş Azərbaycan torpaqlarından
işğalçı qüvvələrin
çıxarılmasının zəruriliyini dəfələrlə
və qətiyyətlə bəyan etdi. Lakin bütün
çağırışlara məhəl qoymayan Ermənistan
xarici havadarlarının himayəsi ilə
işğalçılıq siyasətini davam etdirirdi. Üstəlik
yeni müharibə, yeni ərazilərin işğalı
anonsunu verdi. Belə bir şəraitdə Ali Baş Komandan,
Prezident İlham Əiyevin rəhbərliyi altında Azərbaycan
xalqı səfərbər olundu, Ordu ilə xalq birliyi
yarandı və işğalçılara qarşı
ölüm-dirim savaşına başlanıldı. Qəhrəman
Azərbaycan oğullarının canı-qanı hesabına
Qarabağ, 2020-ci il Vətən Müharibəsi və
2023-cü il antiterror əməliyyatları nəticəsində
tamamilə Azərbaycanın nəzarətinə keçdi.
Bununla da əsrlər boyu işğal altında olan ərazilər
azad olunaraq ölkənin suverenliyi və ərazi
bütövlüyü tamamilə bərpa edildi. Hazırda
işğaldan azad edilmiş ərazilərimizdə
tikinti-quruculuq işləri vüsət alıb, məcburi
köçkünlər öz doğma yurdlarına
qayıdıblar. Zəngəzur dəhlizi açılmaq
üzrədir, Ermənistan və Azərbaycan arasında
sülh müqaviləsinin reallaşması istiqamətində
işlər aparılır.
Alim
Olaylar.-
2026.- 16-22 yanvar, ¹2.- S.8.