Qaranlığa dirənən ruhun qələbəsi
Sübhün soyuq nəfəsi Bakının sükutuna bürünmüş Şəhidlər
Xiyabanının üzərindən
keçdikcə, insan
burada zamanın adi axarından qopduğunu hiss edir. Hər il yanvarın bu sarsıdıcı günündə ayaqlarım
məni bura - şəhərin ən uca nöqtəsinə, sükutun ən uca səslə danışdığı məkana
gətirir. Bura adi
bir məzarlıq deyil; bura bir
millətin taleyinin dəyişdiyi, kədərin
qürurla qardaş olduğu, ölümün
ölməzliyə məğlub
edildiyi müqəddəs
bir and yeridir.
Xiyaban boyu
uzanan o al-qırmızı
qərənfil dənizinə
baxıram. Qəribədir,
başqa vaxt zəriflik rəmzi olan bu güllər,
yanvarın şaxtasında
soyuq mərmər lövhələrin üzərinə
səpələnəndə sanki bir xalqın
damarlarından axan isti qana çevrilir.
Hər qərənfil
bir yarımçıq
qalmış sevdanın,
bir deyilməmiş sözün, bir yarımçıq taleyin
pıçıltısıdır. Bu qırmızılıq
bizə hər addımda xatırladır
ki, bu gün
üzərində azad
nəfəs aldığımız
bu torpaq, o gecə öz köksünü tankların
qarşısına sipər
edən oğul və qızlarımızın
son nəfəsi ilə isinib.
Düşüncələrim
məni o zülmət
gecəyə - imperiya
zülmünün sonuncu
və ən qanlı pərdəsinin açıldığı ana
aparır. O gecə Bakı küçələrində
təkcə polad tanklarla dinc insanlar qarşı-qarşıya
gəlməmişdi. O gecə
əslində iki fərqli dünya toqquşurdu: çürüməkdə
olan bir imperiyanın qorxusu və yenicə doğulmaqda olan bir millətin azadlıq iradəsi. Güllə səsləri
gecənin bağrını
yardıqca sovet rejimi elə zənn edirdi ki, qan tökməklə
qorxu toxumu əkəcək. Lakin yanvarın 20-də Bakının
küçələrində hər damla qandan qorxu deyil,
müstəqillik bayrağı
boy verdi. Şəhidlərimiz canlarını
fəda edərkən,
Azərbaycanın istiqlal
ağacının köklərini
öz qanları ilə suvardılar.
Məhz həmin
ağır anlarda, xalqın səsi boğulmaq istənəndə,
sükutu parçalayan
kəskin və cəsarətli bir nida ucaldı. Heydər Əliyevin Moskvadakı o məşhur
bəyanatı bir
siyasi etirazdan daha çox sarsılmış
bir millətin qürurunun yenidən ayağa qalxması idi. O səs Bakıdakı qaranlığı
yırtan ilk ümid işığı
oldu. Bu gün Xiyabanda addımladıqca anlayırsan
ki, o gün atılan o nəhəng addımlar, bu gün sahib olduğumuz qüdrətli
dövlətin təməl
daşlarıdır. O dövrdə
nümayiş etdirilən
milli iradə, illər sonra müstəqil Azərbaycanın
sarsılmaz dövlətçilik
xəttinə çevrildi.
İndi isə
ətrafa baxıram...
Xiyabanın sonundakı
əbədi məşəlin
alovu rəqs etdikcə, sanki şəhidlərimizin ruhu
ilə səssiz bir dialoqa giririk.
Uzun illər bura gələndə içimizdə bir nisgil, bir intiqam
yanğısı, boynumuzda
isə ağır bir mənəvi borc vardı. Amma indi ziyarətin
rəngi və ruhu tamam başqadır.
Çünki artıq
Şuşanın dağılmayan
dumanı, Xankəndinin
azad havası bu məzarların üzərindən keçib
Xəzərə qovuşur.
Müzəffər Ali
Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfər, əslində 20 Yanvar gecəsi qaranlığa dirənən o məğrur
ruhun tam qələbəsidir. Şəhidlərimizin
yarımçıq qalmış
arzuları bu gün bütöv bir Azərbaycanın reallığına çevrilib.
Mən bu
silsilə məzarların
arasından keçdikcə
dərk edirəm ki, bura bir
fərd kimi gəlsəm də, buradan bütöv bir tarixin məsuliyyətini
çiyinlərində daşıyan
milli yaddaşın varisi kimi ayrılıram.
Anlayıram ki, 20 Yanvar bizim üçün
"ağlar-gülər" bir tarixdir. Biz
ağlayırıq - itirdiklərimiz
üçün, biz gülürük - qazandığımız
və əbədi etdiyimiz müstəqillik üçün. Bu qanlı və şərəfli səhifə
bizə bir həqiqəti sarsılmaz
bir inamla öyrətdi: Azadlıq bəxşiş deyil, o, qanla, canla və
polad tək birliklə qazanılan müqəddəs bir tacdır.
Gün yavaş-yavaş
yüksəlir, izdiham
artır. Körpə
uşaqlar kiçik əllərində tutduqları
qərənfilləri soyuq
mərmərlərin üzərinə
ehtiramla qoyurlar. Bu, yaddaşın və sevginin nəsillərdən-nəsillərə ötürülən estafetidir.
Nə qədər ki, o uşaqlar bu yolları tanıyır, nə qədər ki, qərənfillər bu torpağı hər yanvarda al rəngə
boyayır, Azərbaycanın
istiqlal günəşi
heç vaxt batmayacaq.
Ruhunuz şad
olsun, ey tarixin axarını qanı ilə dəyişən böyük
insanlar!Siz öldünüz ki, Vətən yaşasın.
Və bu gün Vətən öz tarixinin ən qüdrətli çağını yaşayırsa,
deməli, sizin hər biriniz bu böyük Zəfərin əbədi
ortağısınız.
İlahə Allahverdiyeva
Olaylar.-
2026.- 16-22 yanvar, ¹2.- S.8.