Süni intellektlə yazılan şeirlər
- sənət,
yoxsa təqlid?
Süni intellekt yarımçıq
papaqçı misalındadır-
yarımçıq həkim
olar, yarımçıq
hakim olar, yarımçıq vəkil,
rəssam, bəstəkar,
reportyor olar... amma yarımçıq şair olmaz. Çünki şairlik texnika ilə deyil, ilahi vergiylə
ölçülür.
Süni intellektin
həyatımıza daxil
olması yalnız texnologiya sahəsində deyil, həm də mədəniyyət
və yaradıcılıq
dünyasında böyük
dəyişikliklərə yol açıb. Son illərdə süni intellektin ədəbiyyat aləmində
ortaya çıxması,
xüsusilə şeir
janrına daxil olmağı yeni suallar doğurur. Artıq şeir yalnız insan qəlbinin səsi, duyğuların və fikirlərin ifadəsi kimi görünmür, eyni zamanda proqramlar,
alqoritmlər vasitəsilə
də "yaradıla"
bilir. Məncə, bu, həm heyrətamiz,
həm də düşündürücü bir inkişafdır. Bir tərəfdən texnologiyanın imkanlarını
göstərir, digər
tərəfdən isə
sənətin mahiyyəti
barədə dərin
suallar ortaya qoyur.
Düşünürəm
ki, süni intellektin şeir yaratma prosesi öz təbiətinə görə dərin analitik bir fəaliyyət
kimi səciyyələnir.
Proqramlar minlərlə
klassik və müasir nümunəni analiz edir, sözlərin
ritmini, üslubunu, metaforalarını öyrənir
və yeni kompozisiyalar yaradır. Bu baxımdan süni intellekt "yaradıcı" kimi çıxış edir,
amma burada önəmli məsələ
odur ki, onun yaratdığı şeir insana xas olan emosional
dərinliyi və təcrübəni özündə
əks etdirə bilərmi? Beləliklə, süni intellektin şeir sahəsinə girişi yalnız texnoloji inkişaf deyil, bu həm də
estetik və fəlsəfi eksperimentdir.
Düşünürəm ki, gələcəkdə
süni intellektlə insan yaradıcılığı
arasında qarşılıqlı
təsir daha da güclənəcək,
yeni şeir üslubları, ifadə formaları və oxucu təcrübələri
ortaya çıxacaq.
Süni intellekt
tərəfindən yaradılan
şeirlərdə isə
biz yalnız əvvəlki nümunələrin
kombinasiyasını görürük.
Alqoritm yeni söz birləşmələri
yarada bilər, ritmi və üslubu
dəyişdirə bilər,
hətta müəyyən
emosional tonları simulyasiya edə bilər. Lakin onun hissləri şəxsi təcrübədən
doğmur, o, duyğuları
"təqlid" edir,
onları yaşaya bilmir. Düşünürəm
ki, bu vəziyyət
ədəbiyyatın gələcəyini
yenidən düşünməyə
məcbur edir. Süni intellekt şeirləri oxucuya yeni estetik və
intellektual təcrübələr
təqdim edə bilər, onlar bizə dilin imkanlarını, üslubun
sərhədlərini və
poetik təsirin müxtəlif formasını
göstərir.
Süni intellektin
yaradıcılıq sahəsinə
girməsi ilə ədəbiyyat aləmi də yeni bir
dönəmə qədəm
qoyub. Artıq şairlərdən əlavə
proqramlar və algoritmlər də "yaradır". Amma sual qalır: Süni intellektin yazdığı şeirlər
həqiqətən sənət
sayılır, yoxsa yalnız insanların üslubunu təqlid edən bir alqoritmdir?
Mövzu ilə bağlı yazıçı-jurnalist İradə
Aytel Olaylar.az-a açıqlama
verib:
" Süni intellekt dünənin düşüncə məhsuludur.
Hər bir mənbə kimi onun da ömrü
bir gün tükənəcək. Mənim
üçün əsas
sual budur: o gün gəldikdə, öz yaradıcılıq
qabiliyyətini paslandırmış
insanlar nəyə söykənəcək? Bəli,
süni intellekt artıq yaradıcılıq
sahəsinə daxil olub. Amma yaradıcılıq
təkcə istedad, müşahidə və texniki bacarıqdan ibarət deyil. Yaradıcı insan əsərini içindən,
ürəyinin süzgəcindən
keçirməlidir. Əgər
əsər müəllifin
qəlbindən süzülməyibsə,
orada sənət yoxdur. Süni intellektin isə ürəyi yoxdur. Deməli, onun yaratdıqları ürəkdən
süzülə bilməz.
Sabir Rüstəmxanlının
dediyi kimi: "Ürəksiz də oxunar, ürəksiz yazılanlar."
Sizə bir
örnək gətirim.
Məsələn, bir
kitab oxuyuruq və ya eyni
mətni səsli şəkildə dinləyirik.
Səsli dinlədikdə
biz əsasən əsərin məğzini,
demək istədiyini anlayırıq, ümumi bir nəticə çıxarırıq və
yolumuza davam edirik. Amma oxuyanda
tamam başqa bir proses baş
verir. Oxuduğumuz sətirlərdən hansısa
bir fikir bizi cəlb edəndə dayanırıq,
düşünürük, altından xətt çəkirik, özümüz
üçün qeydlər
edirik. Bəzən həmin fikri həyatla qoşalaşdırır,
öz taleyimizdə, yaşadıqlarımızda qarşılığını
axtarırıq.
Süni intellektin
məhsulları isə
təmasdan - gözün
və barmaqların toxunuşundan məhrumdur.
Süni intellekt mətni məlumat kimi ötürür, amma yaşantı kimi vermir. O, məna çatdırır,
lakin hiss oyatmır. Çünki hiss ötürmək üçün ürək
lazımdır. Ürək
olmayan yerdə isə söz sadəcə səsdir.
Süni intellektin
yazdığı təkcə
şeir yox, hətta nəsr də sənət hesab oluna bilməz.
Oxucu ilk sətirlərdən hiss edəcək ki, qarşısındakı mətn
süni zəkanın
"əməyidir". Çünki
orada insan nəfəsi yoxdur. Yenə də gəlib çıxırıq
ürək məsələsinə...
Süni
intellekt ədəbiyyata
təsir edir. Həm də çox güclü, çox təhlükəli
şəkildə. Bu təsir
birbaşa ədəbiyyatı
yaradan insanı zəhərləyir. Beyinlər
düşünməkdən, hisslər təmasdan ayrıldıqca, insanlığın
özü olan duyğu anlayışı
yoxa çıxır.
Bir müddət sonra hisssiz-duyğusuz yazılar
kimi, hisssiz-duyğusuz
insanlar yetişəcək.
Bu isə artıq təkcə ədəbiyyatın
deyil, insaniyyətin ölümü deməkdir.
Süni intellekt şeir yaza bilərmi? - Xeyr! Heç vaxt! Süni intellekt heç vaxt şeir yaza bilməyəcək. Şeiri əl yazmır, şeiri ürək yazır, qəlb yazır, hisslər yazır. Süni intellektin yazdığı
şeirlər müxtəlif
şairlər tərəfindən
qələmə alınmış
duyğuların məcmusu
kimi ortaya qoyulur. Bir insanın yalnız bir atası olduğu kimi, bir şeirdə
də yalnız bir insanın duyğusu olmalıdır.
Bir ürəkdə olmaz iki sevgili,
İki ürəklinin düz olmaz dili. (N.Gəncəvi).
Süni
intellektdən xəbər
mətnlərində, reportajlarda,
bəzən publisistik
yazılarda, hətta bədii dil korluğu çəkənlərin
nəsr təcrübələrində
istifadə etmək mümkündür. Bu sahələrdə
süni intellekt texniki yükü daşıya, informasiyanı
sistemləşdirə, formaya
sala bilir. Süni intellekt yarımçıq
papaqçı misalındadır-yarımçıq
həkim olar, yarımçıq hakim olar,
yarımçıq vəkil,
rəssam, bəstəkar,
reportyor olar... amma yarımçıq şair olmaz. Çünki şairlik texnika ilə deyil, ilahi vergiylə
ölçülür.
Şeirin
böyüklüyü də,
aliliyi də, müqəddəsliyi də
elə buradadır. Şeir ağılın deyil, ürəyin məhsuludur. O, qayda ilə yazılmır, proqramla qurulmur, algoritmlə yaranmır. Şeir insanın içində baş verənlərin sözə
çevrilmiş halıdır".
Beləliklə, süni intellektin
ədəbiyyata gəlişi
həm maraqlı, həm də düşündürücüdür. O, şeir yazmaq imkanı qazansa da, yaratdığı əsərlər
həqiqi sənət
hesab oluna bilməz. Çünki şeir yalnız texnika, proqram və analiz nəticəsi deyil, şeir insanın ürəyindən, qəlbindən
süzülən duyğuların,
həyat təcrübəsinin
və ilahi ilhamın məhsuludur. İradə xanımın
da vurğuladığı kimi, "yaradıcı insan əsərini içindən, ürəyinin
süzgəcindən keçirməlidir.
Əgər əsər
müəllifin qəlbindən
süzülməyibsə, orada
sənət yoxdur. Süni intellektin isə ürəyi yoxdur. Deməli, onun yaratdıqları ürəkdən süzülə
bilməz." Süni
intellekt heç vaxt şairi əvəz edə bilməz, şeir insan ürəyinin, daxili aləminin və yaşam təcrübəsinin əbədiləşmiş
sözüdür. Həqiqi
sənət orada başlayır-ürəkdən doğan, oxuyanda bizi dərin düşüncələrə və hisslərə aparan əsərdə.
Zeynəb Mustafazadə
Olaylar.-
2026.- 16-22 yanvar, ¹2.- S.16.