Bir kliklik müalicə,
bir səhvlik təhlükə
Süni intellektlə sağlamlıq nə qədər
güvənlidir?
Bir zamanlar ağrı bizi həkimə aparırdı, bu gün isə telefona. Son illər həyatımızda səssiz, amma sürətli bir inqilab baş verir. Süni intellekt artıq yalnız texnologiya mütəxəssislərinin və ya elmi laboratoriyaların mövzusu deyil. O, evimizə, telefonumuza, gündəlik qərarlarımıza, hətta sağlamlığımıza qədər daxil olub. Vaxtilə həkimə getmək üçün günlərlə növbə gözləyən, simptomlarını yaxınlarına danışaraq çarə axtaran insanlar bu gün bir kliklə "xəstəliyinin" adını öyrənməyə çalışır. Ağrının səbəbi, müalicə üsulu, dərman adı- hamısı bir neçə saniyədə ekranda görünür. Düşünürəm ki, məhz bu sürət və əlçatanlıq süni intellekti həm cazibədar, həm də təhlükəli edir.
Etiraf etmək lazımdır ki, süni
intellektin sağlamlıq sahəsində yaratdığı
imkanlar az deyil. O, məlumat verir, istiqamət göstərir,
insanları maarifləndirir, bəzən panikanı azaldır.
İnsanlar simptomlarını yazır, mümkün səbəbləri
öyrənir, hansı halda həkimə müraciət etməli
olduqlarını anlamağa çalışırlar. Məncə,
düzgün və məsuliyyətli istifadə olunduqda bu, yaxşıdır.
Amma problem də elə buradan başlayır. Çünki hər
kəs süni intellekti yalnız məlumat mənbəyi kimi
deyil, alternativ həkim, bəzən isə son qərar verən
kimi qəbul edir. İnsanların bir qismi artıq analiz vermədən,
mütəxəssisə müraciət etmədən,
yalnız süni intellektin verdiyi cavaba əsaslanaraq qərar
çıxarır. Bəzən "türkəçarə"
üsullar sınanır, bəzən isə konkret dərman
adları tətbiq edilir. "Bu dərmanı iç",
"bu otu dəmlə", "bu əlamət təhlükəli
deyil" kimi tövsiyələr insan üçün rahat səslənsə
də, nəticəsi bəzən ağır olur.
Düşünürəm ki, məhz bu mərhələdə
süni intellekt köməkçi olmaqdan çıxıb
risk faktoruna çevrilir. Süni intellekt insan deyil. O,
ağrı hiss etmir. O, yalnız ona təqdim olunan məlumatlara
və mövcud bazaya əsaslanaraq ehtimallar irəli
sürür. Halbuki tibbdə bir detal belə həyati əhəmiyyət
daşıya bilər. Eyni simptom iki fərqli insanda tamamilə
başqa xəstəliklərin göstəricisi ola bilər. Məncə,
süni intellektin ən böyük təhlükəsi də
elə bu "ümumiləşdirmə" qabiliyyətidir.
Digər tərəfdən, məsuliyyət məsələsi
də açıq qalır. Süni intellektin verdiyi səhv məsləhətə
görə kim cavabdehdir? Proqramı yaradanmı, onu istifadə
edənmi, yoxsa kor-koranə inanan insan özü? İnsanlar bəzən
"internet belə dedi", "süni intellekt belə
yazdı" arqumentini həkim rəyindən üstün
tuturlar.
Süni intellektlə sağlamlıq nə qədər
güvənlidir? İnsanların öz xəstəlik əlamətlərini
həkimə yox, süni intellektə danışması nə
dərəcədə doğrudur? Süni intellekt tibbdə həkimi
əvəz edən yox, həkimə köməkçi alət
kimi qalmalıdırmı? Xəstələr bu sərhədi
necə qorumalıdır? Bu kimi suallara cavab tapmaq
üçün həkim-terapevt, tibb sahəsi üzrə
ekspert tera Rasif Bağırov Olaylar.az-a açıqlama verib:
"Bu gün
insanlar həmişə işin asan yoluna əl atmağa
çalışırlar. Yəni fikirləşirlər ki, həkimə
getməkdənsə, süni intellektə deyim, o da mənə
hər şeyi desin, müalicə olum və bir daha həkimə
getməyə ehtiyac qalmasın. Düşünürlər
ki, hər şey yaxşı olacaq. Amma məsələ
ondadır ki, insanlar süni intellektlə sadəcə
şifahi danışırlar, onun işləmə qabiliyyətini
isə tam anlamırlar. Süni intellekt tamam başqa bir
anlayışdır. Hətta bəzən həkimin
özü xəstə olub süni intellektə müraciət
edəndə çaşa bilir. Niyə görə?
Çünki süni intellekt konkret olaraq hansı sualı
verirsənsə, yalnız həmin sual ətrafında cavab
verir. Yəni sən ona "bu nədir?", "bunu necə
edim?" deyirsənsə, məhz o sahə üzrə cavab
verir. Amma bəzən əlavə, köməkçi suallar
verməyə başlayanda anlayırsan ki, əslində burada
deyilməli olan başqa məqamlar da var imiş. Lakin süni
intellekt onları demir. Çünki sən konkret hansı
sualı verirsənsə, yalnız ona cavab verir. Digər tərəfdən,
cavab verəndə qarşıya çoxlu məlumatlar qoyur. Sən
həkim deyilsənsə, bu məlumatların hansının sənə
uyğun olduğunu, hansından necə istifadə edəcəyini
bilmirsən. Dərman adları sadalanır, müxtəlif variantlar
göstərilir - "bundan ola bilər", "ondan ola bilər"
deyilir. Amma sən yenə də sual verirsən ki, bəs mən
necə müalicə oluna bilərəm? Çox vaxt
görürsən ki, süni intellekt müalicə məsələsində
konkret cavab vermir. Niyə görə? Çünki
düşünür ki, bu insan həkim deyil, biz onu müayinə
etməmişik, bilmirik orqanizmində nə var, nə yox.
Əgər biz ona desək ki, filan dərmanı qəbul et,
düzələcəksən, sabah problem yarana bilər. Ola bilər
ki, müayinə zamanı elə bir vəziyyət üzə
çıxsın ki, həmin dərmanı vermək
mümkün olmasın və ya zərər versin. Ona görə
də süni intellekt adətən müalicə mövzusunda
insanı həkimə yönləndirir. Deyir ki, həkimə
müraciət edin, müayinə olunsun, əgər deyilənlər
təsdiqini tapsa, bu istiqamətdə addımlar atıla bilər.
Amma konkret şəkildə "bu dərmanı et,
sağalacaqsan" demir. Çünki müayinə etmədən
xəstəyə diaqnoz qoymaq mümkün deyil.
Həkimlər müalicə zamanı xəstəni
tam müayinə edirlər, baxırlar ki, hansı orqanına
hansı dərman uyğundur. Çünki ola bilər ki, xəstənin
özünün bilmədiyi bir problem olsun və verilən dərman
həmin orqanı daha da ağırlaşdırsın. Buna
görə də düşünürəm ki, süni
intellekt hər şeyi bilən bir vasitə deyil.
Ümumiyyətlə, bizim insanlar süni
intellektdən istifadə qaydasını bilmirlər. Süni
intellektdən düzgün istifadə belə olmalıdır
ki, insan öz ixtisasını bildirir və həmin ixtisas
üzrə hansı çatışmazlığı,
hansı çətinliyi varsa, o sahə ilə bağlı
sual verir. O zaman süni intellekt ən müasir məlumatları
qarşıya qoyur və vəziyyəti izah edir. Bu zaman insan
anlayır ki, harada səhv edib, nəyi düzgün etməyib
və necə düzəltməlidir. Yəni süni intellektdən
əsasən mütəxəssislər faydalana bilir. O sahəyə
aid olmayan adam sual verəndə isə süni intellekt çox
geniş məlumat vermir və əksər hallarda onu mütəxəssisə
yönləndirir. Məsələn, elektriklə bağlı
bir cihaz haqqında sual verirsən, amma özün
elektrikçi deyilsənsə, süni intellekt sənə
"bunu aç, orasını elə" kimi təhlükəli
məsləhətlər verməyəcək. Çünki
bilir ki, səni cərəyan vura bilər. Amma santexnika məsələsində
təhlükə olmadığı üçün müəyyən
sadə istiqamətlər göstərə bilər. Elə
ki, riskli məqam yaranır, yenə mütəxəssisə
müraciət etməyi tövsiyə edir.
Yəni süni intellektin yanaşması bu
cürdür. İxtisasın o sahə deyilsə, onun verdiyi məsləhətlər
sənə tam uyğun və qənaətbəxş olmayacaq.
Xüsusilə də xəstəlik məsələlərində
bu, ümumiyyətlə çox çətin və riskli bir
mövzudur".
Süni intellekt sağlamlıqla bağlı
cavabları hansı məlumatlara əsasən
formalaşdırır və bu məlumatların hər zaman
etibarlı olmasına zəmanət varmı? Bir istifadəçi
süni intellektdən yanlış tibbi məlumat alıb zərər
görərsə, texnoloji baxımdan məsuliyyət kimdədir
- sistemdə, istifadəçidə, yoxsa platformada?
Mövzu ilə bağlı İnformasiya
Texnologiyaları üzrə mühəndis-tədqiqatçı
Bəhruz Əliyev Olaylar.az-a açıqlama verib:
" Süni intellekt (xüsusilə böyük
dil modelləri) tibbi cavabları birbaşa real-vaxt tibbi
bazalardan oxumadan, aşağıdakı mənbələrin
statistik ümumiləşməsinə əsaslanaraq
formalaşdırdığını düşünmək
olar.
Elmi məqalələr və tibbi ədəbiyyat
(açıq və icmal xarakterli)
Klinik təlimatlar (məsələn, WHO, CDC,
NICE kimi qurumların açıq tövsiyələri)
Tibbi dərsliklər və maarifləndirici
materiallar
Sağlamlıq mövzulu etibarlı veb resurslar
İnsan
dilində yazılmış nümunə sual-cavablar
Süni
intellekt həqiqəti yoxlamır, simptomları analiz edib
diaqnoz qoymur, tibbi məsuliyyət daşımır. O,
yalnız ehtimallara əsaslanan dil modeli kimi işləyir.
Heç bir zamənət yoxdur. Çünki, tibbi bilik
dinamikdir (dərmanlar, protokollar dəyişir), modellər yerli
fərqləri (ölkə protokolları, genetik fərqlər,
fərdi xəstəlik tarixçəsi) nəzərə ala
bilmir, model səhv kontekstdə düzgün məlumatı
yanlış tətbiq edə bilər, model
inandırıcı səslənən, amma yanlış cavab
yarada bilər.
Bir istifadəçi
süni intellektdən yanlış tibbi məlumat alıb zərər
görərsə, texnoloji baxımdan məsuliyyət kimdədir?
sistemdə, istifadəçidə, yoxsa platformada? Bu sual hazırda bütün
dünyada açıq mübahisə mövzusudur, amma
ümumi yanaşma belədir:
Texnoloji baxımdan
1. Platforma tərəfindən məlumatın
maarifləndirici məqsəd daşıdığını
açıq bildirməlidir. Tibbi xəbərdarlıqlar yerləşdirməlidir
("həkimi əvəz etmir" və s.) Riskli cavabları
filtrləməli və yumşaltmalıdır. Platforma
birbaşa tibbi məsuliyyət daşımır, amma təhlükəsizlik
mexanizmlərinə cavabdehdir.
2. Sistem (modelin özü) hüquqi şəxs
deyil, məsuliyyət daşıya bilməz.
3. İstifadəçi AI-ni həkim əvəzi
kimi qəbul edirsə, tək mənbə kimi istifadə edirsə,
tibbi qərarı müstəqil yoxlamadan tətbiq edirsə,
riskin bir hissəsi istifadəçinin üzərində
qalır.
Hüquqi reallıq - Hazırda AI-nin verdiyi tibbi
tövsiyə "peşəkar tibbi məsləhət"
sayılmır. Məsuliyyət əsasən istifadəçi
qərarının nəticəsi kimi qiymətləndirilir. Gələcəkdə
AI-nin tibb sahəsində sertifikatlaşdırılması
gündəmə gələ bilər.
Bəli, bu artıq texnologiyanın
yanlış və təhlükəli istifadəsidir.
Çünki həkim pasiyenti fiziki və laborator müayinədən
keçirir. Riskləri ölçür, hüquqi və etik
məsuliyyət daşıyır. Süni intellekt isə, bədəni
görmür, analiz oxumur, təcili vəziyyəti tanımaya
bilər, məsuliyyət daşımır.
AI-ni "həkim" kimi qəbul etmək, həyati
risklərə səbəb ola bilər. Süni intellekt maarifləndirici
köməkçi, sualları düzgün
formalaşdırmağa yardımçı, həkimlə
ünsiyyətə hazırlıq vasitəsi, sağlamlıq
savadlılığını artıran alət
olmalıdır. Süni intellekt tibbi məlumatları
ümumiləşdirir, yoxlamır. Tam etibarlılıq zəmanəti
yoxdur".
Süni intellekt sağlamlıq sahəsində
faydalı məlumat və istiqamət verə bilsə də,
həkimi əvəz etmir və edə bilməz. Onu müalicə
vasitəsi kimi deyil, maarifləndirici və köməkçi
alət kimi qəbul etdikdə təhlükəsizdir.
Sağlamlıqda son qərar bir klikə yox, peşəkar
müayinəyə və məsuliyyətli yanaşmaya
söykənməlidir.
Zeynəb Mustafazadə
Olaylar.-
2026.- 23-29 yanvar, №3.- S.20.