Milli rəqslər: səhnədə
qalan irs
Rəqs insan mədəniyyətinin
ən qədim və universal ifadə vasitələrindən biridir.
Hər bir xalqın tarixində rəqs yalnız əyləncə və istirahət forması olmayıb. O, həm də həyatı, təbiətin dövrlərini,
bayram və mərasimlərin əhval-ruhiyyəsini,
həmçinin xalqın
düşüncə tərzini
və estetik duyumunu əks etdirən bir incəsənət forması
olub. Azərbaycan isə rəngarəng mədəniyyətləri, zəngin
folklor irsi və qədim adət-ənənələri ilə
seçilən bir ölkədir. Düşünürəm
ki, bu mədəni zənginliyin mühüm hissəsini də milli rəqslər təşkil
edir. Azərbaycan milli
rəqsləri xalqın
tarixi və sosial həyatının canlı şahididir. Onlar səhnədə bəzən sadəcə musiqi və hərəkət kimi görünə bilər,
amma hər addım, hər dönmə, hər əl hərəkəti xalqın həyat hekayəsini danışır,
onun əzmini, sevincini, kədərini və ümidi simvollaşdırır.
Təəssüf ki, modernləşmə və qloballaşma prosesi milli rəqslərimizin
gündəlik həyatda
yaşamasına müəyyən
təzyiq göstərir.
Şəhərləşmə, xarici mədəniyyətlərin
təsiri və müasir əyləncə
formaları bəzi rəqsləri yalnız teatr və konsert
səhnələrində görməyə
imkan verir. Amma bu, onların əhəmiyyətini azaltmır.
Əksinə, milli rəqslərin
qorunması və gələcək nəsillərə
ötürülməsi daha
çox diqqət və təşəbbüs
tələb edir. Azərbaycan milli rəqsləri
həm də təhsil və mədəni tərbiyənin
ayrılmaz bir hissəsidir. Onlar gənclərə irsi dəyərləri öyrədir,
estetik zövq aşılayır və
milli kimlik hissini gücləndirir. Hər bir addım, hər bir ritm
yalnız bədii bir ifadə deyil, həm də tarix və
mədəniyyətin öyrədici
vasitəsidir.
Maraqlıdır ki, milli rəqslərimizin bu gün gənclər
arasında populyarlığı
necədir və onları bu rəqslərə cəlb
etmək üçün
hansı üsullardan istifadə olunur? Müasir dövrdə
milli rəqsləri qorumaq
və inkişaf etdirmək üçün
hansı innovativ yanaşmalar tətbiq etmək olar? Suallarımıza daha ətraflı cavab tapmaq üçün, mövzu ilə bağlı Bakı Uşaq Gənclər Yaradıcılıq mərkəzinin
rəhbəri Xuraman Şəms Olaylar.az-a açıqlama
verib:
"Mən çox istərdim ki, bu günki gündə milli rəqslərimizi qoruyub saxlamaq üçün verilişlərə, kanallarımızda
üstünlük verək.
Sənətkarlar dəvət
olunsun, rəqs qrupları maraqla görüşə gəlsin.
Sənətkarların baxışı,
müdrik sözlərindən
gənclər və uşaqlar örnək alsın, dinləsin. Bu, indiki dövrümüzdə
çox vacibdir. Təəssüf ki, indiki
vaxtda sənətkara,
uşaqların və
gənclərin əməyinə
kifayət qədər
dəyər verilmir. Telekanallar bütün xidmətləri pullu ediblər, hər kəsin imkanı olmur ki, çəkdiyi əziyyəti və əməyi göstərə
bilsin. Şərait yaradılmasını çox
istərdim ki, bundan sonrakı nəsillər də faydalana bilsin, tariximiz və mədəniyyətimiz
itməsin.
Milli rəqslərimizi 5-6 yaşdan
öyrənmək şagirddə
gözəl nəticə
verir. Sürətli keçidlər, diz üstə hərəkətlər,
uşağın vaxtında
formalaşması, ritm,
əl-ayaq hərəkətləri,
səhnədə obrazları
düzgün çatdırmaq,
hərəkətin unudulması,
nəfəs çatışmazlığı
kimi çətinliklərin
aradan qaldırılması
üçün az yaşdan məşğul
olmaq vacibdir. Bu, rəqsin tarixini zamanla hiss etməyə, insanı formalaşdırmağa
kömək edir.
Müasir
dövrdə yaşasaq
da, 2-3 il bundan öncə
çətinliklə üz-üzə
qalmışdıq. Uşaqlar
və gənclər
hind rəqslərinə, xarici
rəqslərə daha
çox maraq göstərirdilər. Amma son illərdə
artıq gənclər
milli rəqslərimizi öyrənməyə
can atırlar. Bu göstərir
ki, tariximiz və mədəniyyətimiz ölməzdir,
yaşayır və yaşayacaq. Rəqslər
vasitəsilə vətən
sevgisi, torpağa bağlılıq, qəhrəmanlıq
və mərdlik kimi anlayışlar gənclərə ötürülür.
"Qazağı", "Cəngi" kimi rəqslər igidlik ruhunu yaşadır. Səhnə mədəniyyəti
qızların zərifliyini,
nizam-intizamı öyrədir,
kimliyimizi necə yaşatmalı olduğumuzu
öyrədir.
Rəqslərimizin gözəlliyi milli geyimlərimizi
də qoruyub saxlayır. Bu sənət
çox səbr, mehriban rəftar və sevgi tələb
edir. Bir rəqsi uşaqlara və gənclərə sevdirmək
üçün ilk növbədə
gözəl insan olmaq lazımdır. Sənəti sevgi ilə ötürmək gənc nəsildə də sevgi ilə
öyrənmə istəyi
oyadır. İllərdir
uşaqlarla və gənclərlə işləməkdən
zövq alıram. Rəqsin çətinlikləri
çox olsa da, qoruyub saxlaya bilmişiksə və yeni
nəsil hələ də öyrənirsə,
mən buna sevinirəm
bir rəhbər olaraq.
Milli rəqslərimiz Azərbaycan
xalq musiqisi, muğam və xalq havaları ilə sıx bağlıdır. Hər
bölgənin - Qarabağ,
Şirvan, Şəki,
Gəncə, Qazax, Naxçıvan və s. özünəməxsus rəqs
üslubu yaranmışdır.
Rəqslərimiz min illər
boyu formalaşaraq öz sözünü səhnələrdə deyib.
Bu günə kimi
"Yallı", "Halay",
"Uzundərə" kimi
rəqslər birlik, həmrəylik və dostluq rəmzini ifadə edir. Buna görə də bizim borcumuzdur ki, tariximizi və milli dəyərlərimizi sevgi
ilə gənc nəslə ötürək
və sevdirək. Daha gözəl verilişlərə üstünlük
verilsə, mən buna
çox sevinərəm.
Bundan əlavə, istərdim ki, rəqslərimizi
xalqa nümayiş etdirmək üçün
uşaqlara və gənclərə heç
olmasa ayda bir dəfə könüllü konsertlərin
keçirilməsinə dəstək
olsun. Uşaqlar öyrəndikləri rəqsləri
göstərə bilsinlər.
Rəqslərin nümayişi
üçün məkan
ayrılsın və hər ay bir rəqs qrupu pulsuz şəkildə öyrəndiklərini xalqımıza
və valideynlərə
göstərə bilsin".
Bu gün milli rəqslərimizin
qorunması və tanıdılması sahəsində
hansı problemlər mövcuddur? Xarici ölkələrdə Azərbaycan
milli rəqslərinin tanınması
və təqdimatı
necədir? Milli rəqslərimizin
mədəni və tarixi əhəmiyyəti barədə Sənətşünas
Sədaqət Zaurqızı
Olaylar.az-a açıqlama verib:
"Xalq şənliklərini,
toy mərasimlərini, bayramları
rəqssiz təsəvvür
etmək mümkün
deyil. Qədim zamanlardan rəqslər müəyyən mənada
sehrli bir ayin idi-onların vasitəsilə
əcdadlarımız tanrılardan
ov da və ya müharibədə uğur diləyir, rəqslərlə tanrılara
hörmət və məhəbbətlərini bildirirdilər.
Azərbaycan rəqsləri
xalqın məskun həyat tərzini, əkinçilik və maldarlıqla bağlı yaşamını açıq
şəkildə əks
etdirir. Rəqslərdə
köçəri xalqlara
xas atlı, döyüşkən əl
və bədən hərəkətləri xalqın
mərdliyini nümayiş
edir. Çoban, üzümçü, əkinçi
hərəkətlərinin yer alması isə xalqın tarixən torpaqla vəhdətdə ona bağlı yaşadığını
göstərir. Məsələn
"Xançobanı" rəqsi
XVII əsrdən günümüzə
gəlib çatmış
belə rəqslərdəndir.
Belə ki, rəqsə
baxaraq müəyyən
etmək olar ki, hansısa xalqın əcdadları köçəri
olub, yoxsa oturaq həyat sürüb. Bunun üçün
rəqs tarixi üzrə böyük mütəxəssis olmağa
da ehtiyac yoxdur: məsələn, köçəri
xalqların rəqslərində
atlıların yüyən
tutarkən etdiyi əl hərəkətlərini
xatırladan jestlər
olur. Eyni şəkildə, rəqs
hərəkətlərinə əsasən xalqın döyüşkən olub-olmadığını
da anlamaq mümkündür.
Məsələn "Cəngi"
rəqsi cəngavərlik,
döyüşə çağırmanı
ifadə edir. Azərbaycan xalq rəqslərində idman və yarış elementləri də çoxdur. Bununla məşğul olmaq üçün yalnız
torpaqda daimi yaşayan xalqların vaxtı ola bilərdi. Eləcə də əkinçilik və maldarlıqla məşğul
olduqları üçün
Azərbaycan rəqslərində
üzümçünün, çobanın və ya əkinçinin hərəkətlərini xatırladan
elementlərə rast gəlinir. Xüsusilə
"Yallı" rəqsinin
Qobustan qayaüstü
rəsmlərində təsvir
olunması bu rəqslərin minilliklərə
gedib çıxan tarixi köklərə
malik olduğunu sübut
edir. Tur Heyerdal kimi dünya miqyaslı alimlərin bu faktı təsdiqləməsi
milli rəqslərimizin yalnız
yerli deyil, bəşəri əhəmiyyət
daşıdığını göstərir.
Zamanla Azərbaycanda Yallı ilə yanaşı digər milli rəqslər
də populyarlıq qazanmışdır. Onlar
mövzu və hərəkət quruluşuna
görə çox rəngarəngdir və müxtəlif emosiyaları
ifadə edir. Bunlara "Novruzu",
"Səməni", "Ceyranı", "Güvənk",
"Xıdır İlyas", "Kosa-kosa", "Qodu-qodu"
və başqa rəqsləri misal göstərmək olar. Bu
rəqslərin bir çoxu təbiətə
və bayramlara həsr olunmuşdur. Məsələn, "Səməni"
mərasim rəqsi yazın gəlişinə
və təbiətin dirçəlişinə ithaf
edilirdi. "Xıdır
İlyas" rəqsi yazın
həyatverici rütubətini
simvolizə edir və birbaşa yağış gözləntisi
(çağırılması) ilə bağlı idi. "Kosa-Kosa" da yazın gəlişinə,
"Qodu-qodu" isə
günəş kultuna
həsr olunmuşdur. Rəqslərin adlarında
tez-tez çiçək
və ya meyvə adları da yer alırdı: "İnnabı", "Lalə",
"Bənövşə" və.s. Adətən Azərbaycan xalq rəqsləri solo xarakter daşıyırdı ki, bu
da xalqın məskun həyat tərzindən xəbər verir.
Bundan başqa, qadın və kişi rəqsləri arasındakı
kəskin fərqlər
cəmiyyətdəki rol
bölgüsünü, estetik
düşüncəni və
sosial münasibətləri
anlamağa imkan verir. Qadın rəqslərində incəlik,
axıcılıq və
əl plastikasının
ön planda olması, kişi rəqslərində isə
dinamika və ayaq texnikasının üstünlük təşkil
etməsi milli mentalitetin
rəqs dilində ifadəsidir. Zaman keçdikcə,
bəşəriyyətin mənəvi
inkişafı ilə
rəqslər ritual məzmununu
tədricən itirdi və inəsənət növü kimi bədii yaradıcılığa
çevrildi.
Azərbaycan milli rəqslərinin əksər melodiyalarının günümüzə gəlib çatmaması ciddi mədəni itkidir. "Qızlar bulağı", "Zoğalı", "Kəmürü" kimi rəqslərin yalnız xatirələrdə qalması, irsin sənədləşdirilməsində gecikmələrin olduğunu göstərir. Rəqslərin səhnə üçün sadələşdirilməsi və orjinallığının itirilməsi, bölgə rəqslərinin az öyrənilməsi və unudulması,rəqs irsinin yazılı, vizual və elmi əsaslarla yetərincə arxivləşdirilməməsi isə digər mövcud problemlərdir. Xarici ölkələrdə Azərbaycan milli rəqsləri əsasən beynəlxalq festivallar, diaspor tədbirləri və dövlət ansamblları vasitəsilə tanıdılır. "Yallı"nın və onun növlərinin UNESCO siyahısına daxil edilməsi mühüm nailiyyətdir. Lakin təqdimatlar çox vaxt məhdud repertuar çərçivəsində qalır və rəqslərin tarixi-fəlsəfi məzmunu kifayət qədər izah edilmir. Yəni tanınma var, amma dərin təqdimat çatışmazlığı mövcuddur.
Gənclərin milli rəqslərə marağını artırmaq üçün sözsüz ki, maarifləndirmə və kontekst yaratmaq vacibdir. Rəqslər yalnız hərəkət kimi deyil, hər hərəkətin arxasındakı tarix, mifologiya və həyat tərzi ilə birlikdə öyrədilməlidir. Gənc bilməlidir ki, o rəqsi oynayarkən əcdadının dünyagörüşünü canlandırır.
Eyni zamanda müasir təqdimat formaları müəyyət etmək faydalı ola bilər. Məsələn milli rəqslərin müasir səhnə texnologiyaları, multimedia və teatr elementləri ilə təqdim edilməsi marağı artıra bilər, lakin bu, orijinallığı pozmadan edilməlidir. Təhsil sistemində milli rəqsə yer ayrılması da müsbət dinamika üçün vacibdir. Məktəblərdə və ali təhsil müəssisələrində milli rəqs yalnız əlavə məşğələ kimi deyil, mədəni irs fənninin tərkib hissəsi kimi tədris olunmalıdır. Gənclər üçün festivallar və müsabiqələr, regional və milli səviyyədə rəqs festivalları, improvizasiya və araşdırma yönümlü müsabiqələr gənclərin yaradıcı yanaşmasını stimullaşdırar. Rəqs yalnız səhnədə deyil, bayramlarda, xalq şənliklərində, Novruz mərasimlərində aktiv şəkildə yaşadılmalıdır ki, gənc onu "muzey eksponatı" kimi deyil, canlı mədəniyyət kimi qəbul etsin.
Sonda qeyd edim ki, milli rəqslərimiz səhnədə qalan bir irs olmaqla yanaşı, düzgün yanaşma ilə yenidən cəmiyyətin canlı yaddaşına çevrilə bilər. Bunun üçün qoruma, tanıtım və ötürmə prosesi paralel və düşünülmüş şəkildə aparılmalıdır. Rəqs yaşadıqca xalq da öz kökü ilə bağını qoruyur".
Milli rəqslər yalnız addım və ritmdən ibarət deyil, onlar xalqın tarixini, mədəniyyətini və ruhunu səhnəyə gətirən canlı bir dastandır. Onları qorumaq və gələcək nəsillərə ötürmək isə yalnız sənətkarların və müəllimlərin deyil, bütün cəmiyyətin məsuliyyətidir. Əgər gənclər bu rəqsləri öyrənir, sevir və oynayırsa, demək ki, milli irsimiz hələ də nəfəs alır, canlıdır. Rəqs yaşadıqca, xalq da öz kökləri ilə bağını itirmir, keçmişi ilə qürur duyur və gələcəyə inamla addım atır. Azərbaycan milli rəqsləri səhnədə qalan bir irs olmaqla qalmır, onlar hər addımda millətin ruhunu yaşadan, tarixi və mədəniyyəti canlandıran bir varlıqdır.
Zeynəb Mustafazadə
Olaylar.-
2026.- 23-29 yanvar, №3.- S.19.