Sonuncu
tapşırıq
Şəhid Hüseynov Hüseyn Əkbər
oğlunun əziz xatirəsinə
povest
26.05.1994-cü il Ağdam rayonu, Yusifcanlı
kəndi, Kəhrizin üstü, "Şıxhəsən"
saat 13:00.
Kəhrizə çatanda Hüseyn dayandı və
ardınca gələn Dərvişi, Ucarlını və Professoru sola, kəndə doğru, "Şıxhəsən"ə
tərəf yönəltdi. Qalan əsgərlər
çavuş Qalalının ardınca qaçaraq cəld
qobuya tərəf getdilər. Hüseyn onları gözdən
itənə qədər izlədikdən sonra əli ilə
"arxamca" işarəsi verdi və bir neçə saat əvvəl
getdikləri yolla "4 hektar"ın çax-çaxına
qədər gəldilər. Çax-çaxa çatanda sol tərəfə
baxıb gülümsədi və bir ayağını
çax-çaxın o biri üzünə qoyaraq, Dərvişə
baxıb, "Strela-10" olan çalaya baxıb göz vurdu. Dərviş də Hüseynə
baxaraq:
- Hə qadam, hə, vallah, heç yeri döyül, indijənə hamımızı
aşzüzənə döndərəjəklər... Get
başına dönüm, get, görək başımıza
nə iş gəlir...
- Ə, qorxma! Ürəkli ol, ə. Qaqan
ölmüyüf hələ. Sinəmi verərəm saa gələn
güllənin qabağına. - Hüseyn dedi və o biri
ayağını da çax-çaxın o biri üzünə
qoyub üzümlüyə dögru hərəkət etdi.
Əvvəlcə Professor, sonra Ucarlı
çax-çaxın üstünə çıxıb digər
tərəfə hoppandılar. Axıra qalan Dərviş
dayanıb ona baxaraq gülən
Hüseyni gördükdə özünü saxlaya bilmədi,
güc-bəla çax-çaxa dırmaşa-dırmaşa:
- Gül qadam, gül. Hamı sənin boyda olmaz
ki, ayağının biri Arazın bu tayında olanda, o birini də
rahatca o biri tərəfinə qoya. Biz balaca adamlarıq. Gül, gül. Sən Allah, bir buna bax. Qadam, heç bu boyda da
adam olar? Müharibə Allahına oxşayır. - Dərviş
birtəhər çıxıb çax-çaxın
üstündə dayandı. Yenə nəsə artistlik eləmək
istəyirdi ki, səndələdi və bilərəkdən,
ya bilməyərəkdən çəpərin Hüseyngil
olan tərəfinə yıxıldı və belində əşya
kisəli, tam təhcizat dombalaq aşıb ayağa qalxdı və
qaçaraq hərəkət istiqamətində Hüseyndən
qabağa keçdi. Hüseyn yeyin addımlarla ona
çatıb, əlini arxadan kürəyinə qoydu.
Onların ardınca Əhmədli və Ucarlı da
hündür otların içində uşaq kimi hopana-hopana gəlib
çatdı. Kiçik dəstə sanki şəhərdən
Yusifcanlya gəzməyə gəlmiş kimi arın-arxayın
söhbət edə-edə üzümlüyün içində
gözdən itdilər.
26.05.1994-cü
il Ağdam rayonu, Yusifcanlı kəndi ilə Mərzili kəndi
arasında "Köndələn" adlanan yerdə
çavuş Qalalının rəhbərlik etdiyi qrupun hərəkət
və fəaliyyəti saat: 17:45
Çavuş
Qalalı öz qrupu ilə Hüseynin rəhbərlik etdiyi
qrupdan ayrılandan sonra təhlükəsiz və rahat şəkildə
qobuya düşüb, əvvəlcə sağ tərəfə
qobu ilə yuxarı qalxdılarq, Yusifcanlı kəhrizinin
gözününü yaxınlığındakı
düşmən postunun yerini dəqiqləşdirib, öz
işçi xəritəsində qeyd etdi. Sonra geri
qayıdaraq qobunun körpüsünün
yaxınlıındakı qovaq ağacına çatdı və
abidənin yanındakı yarımtikilidə yerləşən
düşmən bölməsinin dayaq məntəqəsinin
yerini dəqiqləşdirib öz işçi xəritəsində
qeyd etsikdən sonra qobunun üstündəki kəndin əsas
yolunun körpüsünün altından keçərək,
düz "Köndələn"ə qədər rahat gəldilər.
Burada həm ərazi nisbətən açıqlıq
olduğuna, həm də ətrafdan çox səs-küy gəldiyinə
görə bir az arxaya qayıdıb, köhnə tankistlərin
yerinin tuşunda qobunun içində sıx mundarça
kolluğunda gizlənib havanın qaralmasını gözləməyə
məcbur oldular. Səs-küyün getdikcə
yaxınlaşdığını və
danışığın bizim dilinə
oxşadığını görən çavuş
Qalalı Kürdəmiri məlumat gətirmək
üçün göndərdi. Təxminən 1 saatdan sonra
qayıdan Kürdəmir:
-
Yoldaş Çavuş, bizim dildə danışırlar.
Mülki geyimdədirlər. Kəndin lap
qırağındakı evləri sökürlər. Bilmək
olmur kimdirlər. Bir az aralıda yekə-yekə
ağacları da doğrayıb tökürlər. Hərbi
formalı, silahlı adam yoxdur. Hamısı mülkilərdi.
Qızğın iş gedir. Amma tikmirlər, sökürlər.
Əkmirlər, biçirlər, kəsirlər... Bayaqdan orda
oturub ağlayıram. Bir də hamısı bizim dildə
danışır. Elə hey "baba", "baba" deyirlər.
Heç nə başa düşə bilmədim.
- Oldu,
Kürdəmir. Əsas odur ki, sağ-salamat gəlib çıxmısan.
Hava qaralsın, bu açıqlıqdan o "Vəlinin
narlığı" deyilən yerə keçdik, ta qorxusu
yoxdur. Düz Qiyaməddinliyə qədər rahat gedə biləcəyik
- ən azı xəritə belə göstərir. Dərin
yarğanlar, sıx yaşıl kolluqlar. Kəşfiyatçıya
bundan artıq nə lazımdır?
Heç nə.
-
Düzdür. Amma, Hüseyn burada olsaydı, heç
bunları düşünməyə gərək
qalmazdı. - Kürdəmir də öz fikrini
bildirdi.
- Yox, yox.
Yaxşı ki, Hüseyn burada deyil. Yoxsa bu ev sökənləri
görsə, Allah bilir necə olardı. Bir də onların
tapşırığı daha vacibdir.
26.05.1994-cü
il Ağdam rayonu, Yusifcanlı kəndi, "Qışlaq arxı".
("Qışdı arxı")nın üstü "Cənnətalı
məscidi" axşam saat:
22:05.
-
Hüseyn, ay Hüseyn, qadam, bu
məscid haqqında bizə məlumat ver də nə olar.
Özün də tarixçi adamsan.- Dərviş yenə
Hüseyni söhbətə tutmağa çalışdı.
-
Yaxşı, Dərviş imkan ver, əsas məsələləri
həll edək, sonra nə barədə
istəsən sənə danışacam, söz. - Hüseyn Dərvişi dilə
tutmağa çalışdı. Elə bu vaxt məscidin
açıq eyvanına sanki işıq düşdü və
lap yaxında dəmir səsinə oxşayan səs gəldi.
Hüseyn cəld qalxıb sola - səs gələn tərəfə
baxdı. Diqqətlə qulaq asdı. Heyrət və
pıçıltı ilə dedi:
- Dərviş,
orada iş görürlər... Özü də bizim dildə
danışırlar. - Əli ilə
arada-sırada qtlanıb-açılanda dəmir səsi gələn
və işıq əks olunan tərəfi göstərərək
- Mustafa dayıgilin evidi evin pəncərəsindən
"asinkovı" dəmir çıxardırlar,
parıldayan odur. Gedək, görək nə məsələdir.
Professor, sən burada qal, biz qayıdıb gəlməsək,
gəldiyimiz yerdən geri qayıdarsan. O yol tam təhlükəsizdir.
Bizi müşahidə elə, vəziyyətə görə
lazım bilsən, özün də istənilən qərarı
verə bilərsən. Professor adamsan.
- Oldu.
Arxayın olun. - Professor inam və qətiyyətlə cavab
verdi. Hüseynlə Dərviş "Qışdı
arxı"nın içilə arx iki yerə ayrılana qədər
gəldilər.
26.05.1994-cü
il Ağdam rayonu, Yusifcanlı kəndi, "Qışdı
arxı"nın ikiyə ayrıldığı yer -
"Dar yol"un başlanğıcı "Mustafanın evi" axşam
saat: 23:03.
- Bax,
düz gedən "Dar yol"du, düz köhnə məktəbə
qədər gedib çıxmaq olur. Sağa dönüb gedən
də "Qışdı arxı"dı. Düz gedib,
Şəhrili məhləsindən çıxır bağa.
Bunun da axırı gedib məktəbin yanına
çıxır. Bu arxlar hamısı təbii səngərlərdir.
Həyətləri də görürsən də, cəngəlliyə
dönüb hamısı. - Hüseyn sakitcə Dirvişə
məlumat verdi. Sağa tərəf "Qışdı
arxı" ilə bir az gedib böyük qoz ağacına
sığındılar.
Hüseyn əli ilə Dərvişə oturmaq barədə
göstəriş verib, özü qoza dırmaşdı.
Gördüklərinə inana bilmirdi. Iki nəfər Mustafa
kişinin evinin arxa otaqlardakı pəncərəsindən
növbə ilə "asinkovu" dəmir listlərini və
"spintovu" kardonları çöldəki iki nəfərə
verir, onlar da alıb səliqə ilə çin-çin yerə
yığırdılar. Sakitcə aşağı
düşdü:
- Dərviş,
qulaq ver, gör nə danışırlar?
- Mən
onların dilini bilmirəm axı... - Dərviş cavab verdi.
- Allah səni
güldürsün, ay Dərviş. Ayə, bizim dildə
danışırlar. Gəl gedək, görək nə məsələdir.
Amma bizim kəndin adamlarına oxşamır. - Hüseyn dedi və
Dərvişi gözləmədən arxdan bir ayağanı
setkanın o biri üzünə qoyaraq həyətə
keçdi və Mustafa kişinin evinin tinində dayanaraq:
- Ay
maşallah, yorulmayasınız, yorulmayasınız! Kömək
lazımdı? - deyə ucadan qarətçiləri
salamladı. Qəfil səsdən diksinən adamlar gecənin
qaranlığında parıldayan dəmiri əllərindən
saldılar, bu vaxt həm də məxsusi cingiltili dəmir səsi
gəldi. Qarətçilər çağrılmamış
qonaqları görüb çaşıb
qalmışdılar. Hüseyn cəld soruşdu:
- Kimsiniz,
hansı kənddənsiniz, silah var?
- Yox baba,
silah nəmənədi... heç zadımız yoxdu, fəhlə
babayıq. Burda işlirik... -
nisbətən yaşlı kişi cavab verdi.
- Ə nə
iş? Camaatın evin daşıyıb aparırsan, adına
da iş deyirsən? Kimə demisən? Kim icazə verib sizə,
xalxın evin yağmalayırsınız? - Hüseyn lap əsəbləşmişdi.
-
Yağmalamaq nədi... Bullara bir ətəh pul vermişix,
baba... - həmin yaşlı kişi də əməlli-başlı
özündən çıxdı.
- Kimə
vermisən, ə, o bir ətək
pulu? Mustafa kişi satıb, bu dəmirləri saa? - Hüseyn
özünü zorla saxlayırdı.
- Yox baba,
Mustafa-zad tanımırıx. Biz paramızı bax bu kişiyə
vermişıx. - dedi və setkanın dibiynən gələn
yekəpər qaraltını göstərdi. Hüseyn
qaraltıya baxan kimi siuleti tanış gəldi, ancaq həmin
anda kim olduğunu kəsdirə bilmədi. Adam lap yaxına gəlib
ədəb -ərkanla: - "Salam alekum" - deyəndə,
Hüseyn onun kim olduğunu bildi. Bu adını unutduğu
fotoqraf idi. Həmişə məktəbdə gəlib
onların şəklini çəkərdi. Maraqlısı
odur ki, həmin adam da Hüseyni tanıdı:
- Salam,
Allax salamıdı, ham da man sani tanıdım. Sanin şaklini
çox çakdim. - başında kepka olan yekəpər adam
dedi.
- Mən
də səni tanıdım. Düz deyirsən, məktəbdə
də, Cıdır düzündə də çox şəklimizi
çəkmisən. Bax, ən axırıncı dəfə bu taladığın
evin uşağı ilə mənim şəklimi birlikdə
çəkmişdin. İndi də camaatın evin
daşıyıb aparırsınız. - Hüseyn aram və təmkinlə
sanki bu yekəpərə nəsə izah etməyə
çalışdı.
- Man
biliram. Bu qapını da, bu evin uşaxların da yaxşı
tanıyıram. Har maktaba qalanda onların 3-4 şəklini
çəkirdim. 3 qardaş idilar. Hala Çıdır Duzunda
da onların şaklini çakib poçtla qondardim. Bu
qapıda o qadar yarpax qırmışıx ki...
- Bəs
niyə xalxın evin dağıdırsınız? Hamı
deyir gələn ayın 15-i qayıdırıx kəndə....
Camaat gəlib evin belə görəndə neyniyəjək? -
Hüseyn fotoqrafı əməlli-başlı sorğuya
tutmuşdu.
- Man na
bilim? Tez qalin. Yoxsa, bu kandin izi-tozu da qalmaz. Ağaclari da kasib
aparırlar. - yalan-doğru
fotoqraf çox ürəkdən dedi.
- Bəs
nə bilirsən? Silahın var? - Hüseyn soruşdu.
- Yox,
ara... Silah-milah yoxdu. - fotoqraf cavab verdi - man silahı neyniram. -
davam etdi.
- Nə
bilim, dedim birdən lazım olar. Bəs silahlılar
hardadı? Burada silahsız qorxmursunuz belə gecə vaxtı,
camaatın evini yağmalayırsınız? - Hüseyn
soruşdu.
- Kantta
çox silahlı yoxdu. Bir da biz aparmasax da kimsa qalib aparacax. Ya
qarak siz tez qalasiniz. Ya da har şeyi daşiyib aparacaxlar. Vallah
ha. Allahhaqqi... Haa... Bunlar adam döylü... Yoxsa, man buranın
camatına pislix eləmaram. Bunların mana na pislixi dayıb,
haa..? Bax, ela bu ev. Bu qapıda mana o qadar çay veriblar. Man
pislix elamax istasam manim qozum o qand kimi ağarsın, ağ olsun.
Bu qapıda çay içdiyim o qand kimi... - fotoqraf sanki
özünü ağlamqadan güclə saxlayırdı.
- Deyirsən
silahlı azdı. Bəs postlar hardadı? - Hüseyn
fotoqrafdan soruşdu.
- Ortada bir
post Kal Hasanin evinin yanlnda qayanın başında, bir də
maktabda var. Man biliram. - fotoqraf
dedi.
-
Başqa heç yanda yoxdu? - Hüseyn yoxlayıcı sual
verdi. Fotoqraf da sanki bunu anlayıb:
- Kantin
yuxarısında bağin içinda da post var, amma man orani
tanimiram. - fotoqraf nəyəsə görə yalançı
olmadığını, düz dediyini bildirmək istəyirdi.
-
Yaxşı, nə biz sizi
görmüşük, nə də siz bizi. Bu xata-bala
tezliklə aradan qalxsın, sən də yenə gəl məktəbdə
şəkil çək. - Hüseyn dedi və
yavaş-yavaş arxaya addımladı.
- Amin.
Amin. Ha, vallah ha.. Ara, vallah bullar adam döylü... Allahhaqqi...-
fotoqraf sanki nəyinsə xiffətini çəkirmiş kimi
içdən böyük təəssüflə dedi və
dönüb bayaqdan donub qalmış qarətçilərə
tərəf getməyə başladı. Hüseyn gəldiyi
kimi də setkaya çatanda ayağının birini
qaldırıb arxa qoydu və onu gözləyən Dərvişə
getmək barədə işarə verdi...
ARDI VAR
Zaur
Ustac,
"Yazarlar"
jurnalının baş redaktoru,
AYB və
AJB-nin üzvü
Olaylar.-
2026.- 30 yanvar-5 fevral, ¹4.- S.22.