Müəllim kürsüsündən
Şəhidlik zirvəsinə gedən yol
Azər Namazovun 60 illiyinə
və əziz xatirəsinə
O, qələmi
silahla əvəz etdi…
O,
lövhəni səngərə çevirdi…
O, Vətən
üçün yaşadı, Vətən üçün
öldü…
Azərbaycanın
tarixinı yazılmış elə günlər var ki, zaman
onları silə bilməz. Əksinə, illər keçdikcə
həmin günlər xalqın yaddaşında daha da dərinləşir,
mənası böyüyür. Qarabağ savaşı məhz
belə günlərin toplusudur. O illər Azərbaycanın
yalnız torpaqlarını deyil, həm də iradəsini, ləyaqətini,
sədaqətini sınağa çəkdi. Bu sınaqda xalq
ayağa qalxdı. Kəndlərdən, şəhərlərdən,
məktəblərdən, auditoriyalardan, iş otaqlarından
insanlar səngərə yollandı. Heç nəyi
düşünmədən, bəlkə də bir an belə tərəddüd
etmədən. Çünki Vətən çağıranda
susmaq xəyanət, tərəddüd etmək qorxaqlıq
sayılırdı.
Həmin
igidlərdən biri də Azər Rəhim oğlu Namazov idi. O,
müəllim idi. Lövhə qarşısında dayanıb gənclərə
həyat dərsi verən, Vətən sevgisini sözlə
deyil, davranışı ilə aşılayan bir müəllim.
Amma elə bir gün gəldi ki, söz kifayət etmədi.
Tarix tələb etdiyi gün söz yerini əmələ
verdi və qələm yerini silaha verdi. Azər Namazov öyrətdiyi
dəyərləri bir gün özü canı ilə
sübut etməyə getdi.
Azər
Namazov 1966-cı il yanvarın 28-də
Yardımlı rayonunun Çayüzü kəndində
dünyaya gəlib. Uşaqlığı sadə kənd həyatı,
zəhmət və ailə tərbiyəsi ilə keçib.
Onun xarakterindəki sakitlik, təmkin, daxili güc məhz bu
mühitdə formalaşıb. Orta təhsilini 1983-cü ildə
Qazax mahalının Qıraq Kəsəmən kəndində,
nənəsinin yanında başa vurub. Bu detal onun həyat
yolunun səssiz, amma çox şey deyən cizgilərindən
biridir.
1984-cü
ildən 1986-cı ilə
qədər Belarusiyada hərbi xidmətdə olub. Ordu illəri
onun xarakterini daha da möhkəmləndirib. Nizam-intizam, məsuliyyət,
səbir onun həyat prinsiplərinə çevrilib. Hərbi
xidməti başa vurduqdan sonra o zamankı V.İ. Lenin
adına Azərbaycan Pedaqoji İnstitutunun Hərbi
hazırlıq və Bədən tərbiyəsi fakültəsində
təhsil alıb. Bu seçim təsadüfi deyildi. Azər
Namazov gəncləri həyata hazırlamağı, onları
Vətənə layiq vətəndaş kimi yetişdirməyi
özünə məqsəd seçmişdi.
1990-cı
ildən Qaradağ rayonunun Qızıldaş qəsəbəsində
yerləşən 180 saylı tam orta məktəbdə hərbi
müəllim kimi fəaliyyətə başladı. Onu
şagirdlərinin sözlərinə görə, müəllim
sinif otağına daxil olanda qəribə bir sakitlik
yaranardı. Onun səsi yüksək olmazdı, amma
sözünün çəkisi vardı. O, şagirdlərinə
yalnız idman hərəkətləri, hərbi
hazırlıq keçmirdi. O, onlara məsuliyyət hissini, Vətənə
bağlılığı və dürüstlüyü
öyrədirdi. Şagirdlər onun qarşısında sadəcə
müəllim yox, şəxsiyyət görürdülər.
Amma həyat birdən-birə dəyişdi. Qarabağda müharibə
başlandı. Dağlardan tüstü qalxdı, şəhərlərdə
sükut qırıldı. İlk güllə səsləri gələndə
Azər bəy artıq öz qərarını vermişdi. O
bilirdi ki, bu savaş təkcə torpaq uğrunda deyil. Bu, bir
millətin gələcəyi uğrunda gedən mübarizədir.
Belə məqamda müəllim kürsüsü də səngərə
çevrilə bilər.
1991-ci ilin oktyabrında Azər Namazov könüllü olaraq Milli Ordu
sıralarına yazıldı. O, ailəsini, rahat həyatını,
sabahkı günlərini düşünmədi. Çünki
o anda düşünüləsi tək bir şey vardı, Vətən.
Qısa müddətdə döyüş meydanında öz
soyuqqanlılığı, iradəsi və liderlik
bacarığı ilə seçildi. Tağım komandiri
oldu, leytenant rütbəsi aldı. Amma onun üçün
rütbə heç vaxt əsas olmadı. Əsas olan əsgərlərinin
yanında olmaq, onlara dayaq durmaq idi.
1991-ci ilin dekabrında Şuşanın ətraf kəndləri
uğrunda gedən döyüşlərdə iştirak etdi.
Həmin döyüşlər Azərbaycanın tarixində
ağır, amma şərəfli izlər buraxdı. Azər
Namazov üçün isə yolun ən ağır mərhələsi
yaxınlaşırdı. Onun son döyüşü 1992-ci
ilin yanvarında Şuşa istiqamətində keçirilən
Daşaltı əməliyyatı oldu.
Daşaltı əməliyyatı Azərbaycan
tarixinin ən ağrılı səhifələrindən
biridir. Qarlı, şaxtalı gecədə yüzlərlə
könüllü döyüşçü Şuşa yolunu
açmaq üçün irəlilədi. Dar dərələr,
qayalı yollar, duman və sərt hava şəraiti sanki bu əməliyyatı
əvvəlcədən sınağa çəkirdi.
Düşmən pusqu qurmuşdu, kənd
minalanmışdı. Amma buna baxmayaraq, Azərbaycan əsgəri
geri çəkilmədi.
25 yanvar 1992-ci il. Gecə qaranlığında irəliləyən
döyüşçülərin çoxu geri
qayıtmadı. Bir çoxu ilk dəqiqələrdə
yaralandı, bəziləri şaxtaya tab gətirmədi.
Əməliyyat qısa müddətdə faciəyə
çevrildi. Amma həmin gecə qorxu yox idi. Həmin gecə
yalnız fədakarlıq vardı. Hər kəs bilirdi ki, bu
yolun sonunda ya Vətən qalacaq, ya da vicdanın yükü.
Azər
Namazov geri dönməyənlərin sırasında idi.
O, tağımını tərk etmədi. Mühasirəyə
düşəndə belə geri çəkilmədi. Son nəfəsinə
qədər döyüşdü. Silahdaşlarının
yaddaşında onun bir cümləsi qalıb. Vətən
üçün ölmək qorxu deyil. Qorxu Vətəni itirməkdir.
Onun nəşi yalnız martın 28-də tapıldı və 29 mart
1992-ci ildə Şəhidlər Xiyabanında torpağa
tapşırıldı. O gündən sonra Azər Namazov
artıq bir insan deyil, bir yaddaş, bir simvol oldu. O,
yaşamadığı illərin yerinə xalqın
yaddaşında daha uca yaşamağa başladı.
İllər keçdi. Qarabağın
dağları uzun müddət susdu. Amma o sükutun altında
şəhidlərin ruhu dolaşırdı. Azər Namazovun da
ruhu həmin dağlarda idi. Ta ki 2020-ci ilin payızına qədər.
İkinci Qarabağ müharibəsi başlayanda xalq yenidən
ayağa qalxdı. Bu dəfə daha güclü, daha
inamlı. Şuşa azad ediləndə, Daşaltı yenidən
bayrağa bürünəndə hər kəs bilirdi ki, bu Zəfər
1992-ci ildə şəhid olanların arzularının
davamıdır. O qələbədə onların səsi
vardı, haqqı vardı, payı vardı.
Bu gün Qaradağ rayonunda Azər Namazovun müəllim işlədiyi
180 saylı məktəb onun adını daşıyır. Məktəbin
divarlarında onun şəkli, həyətində xatirəsi
yaşayır. Orada oxuyan hər şagird bilir ki, bu ad təsadüfən
verilməyib. Bu ad fədakarlıqla qazanılıb.
Bu gün Azər Namazovun 60 yaşı tamam olardı. O, bu
yaşı yaşamadı. Amma onun yaşamadığı illəri
Vətən yaşadı. O, bir ömür olmadı, bir yol
oldu. Müəllimlikdən səngərə, səngərdən
əbədiyyətə gedən yol.
Azər
Namazov bir ad deyil. O,
bir dərsdir. Qəhrəmanlıq dərsi, vətənpərvərlik
dərsi, insanlıq dərsi.
Ruhun şad olsun, Azər Namazov.
Sən
yaşadın ki, bu torpaq yaşasın.
Samir Əsədli
Vətəndaş Həmrəyliyi
Partiyasının sədr
müavini
Olaylar.-
2026.- 30 yanva-5 fevral, ¹4.- S.18.