Unudulan mədəni davranışlar-salamlaşma,
hörmət, dil niyə
yoxa çıxır?
İnsanın cəmiyyətdə yaşadığı
müddətdə mədəni
davranışların formalaşması
və qorunması həyatın əsas sütunlarından biridir. Məncə, mədəni
davranışların təməli
hər bir insanın gündəlik ünsiyyətində ortaya
çıxır və
bunların başında
salamlaşma, hörmət
və dil mədəniyyəti dayanır.
Salamlaşma sadəcə bir formalıq deyil, bu, insanın digərinə olan diqqətini, dəyərini və əxlaqi baxışını göstərən ilk ünsiyyət nöqtəsidir. Düşünürəm ki, bir insanın "salam" deməsi, qarşındakını görməsi və onun varlığını qəbul etməsi həm emosional, həm də sosial əlaqələrdə mühüm rol oynayır. Hörmət isə insanın daxili aləminin, dünyagörüşünün və tərbiyəsinin açıq ifadəsidir. Hörmət sadəcə yaşa və ya mövqeyə bağlı deyil, əksinə, hər bir fərdin digəri ilə münasibətində göstərdiyi incəlik və diqqət nümunəsidir. İnsan hörmətlə yanaşdıqca qarşı tərəfdə də oxşar bir davranış formalaşır, cəmiyyət daxilində etibar və qarşılıqlı anlayış yaranır. Bu gün, texnologiyanın sürətli inkişafı və rəqəmsal ünsiyyətin gündəlik həyatda önə çıxması səbəbindən insanlar arasındakı hörmət nüansları çox vaxt nəzərə alınmır. Sadəcə ekran vasitəsilə "like" göndərmək və ya qısa mesaj yazmaq, həqiqi ünsiyyətdəki hörmət və diqqəti əvəz etmir.
Dil isə, insanın düşüncəsini, duyğularını və mədəniyyətini ifadə edən ən güclü alətdir. Dilin sadələşməsi və qeyri-dəqiq istifadəsi cəmiyyətin empati qabiliyyətinə və ünsiyyət keyfiyyətinə birbaşa təsir göstərir. Düşünürəm ki, mədəniyyətin qorunmasında dilin rolu əvəzedilməzdir, çünki sözlər yalnız məlumat ötürmür, həm də insanın dünyaya baxışını və digər insanlara münasibətini əks etdirir. Salamlaşmada istifadə olunan ifadələrdən tutmuş, hörmət göstərən və ya qarşılıqlı ünsiyyəti zənginləşdirən sözlərə qədər hər bir detal dil vasitəsilə formalaşır. Məncə, unudulan mədəni davranışların yoxa çıxması sadəcə bir təsadüf deyil. Bu, cəmiyyətin sürətlə dəyişən həyat tərzi, texnologiyanın təsiri, stress və insanlarda empatiya çatışmazlığı kimi amillərlə birbaşa bağlıdır. İnsanlar artıq bir-birini görmək əvəzinə, mesaj və sosial şəbəkələr vasitəsilə əlaqə qururlar; "salam" demək sadə bir vərdiş olmamaq üzrədir. Düşünürəm ki, bu dəyişiklik, təkcə sosial münasibətləri yox, eyni zamanda gələcək nəsillərin davranış nümunələrini də formalaşdırır.
Salamlaşma və müraciət formalarının ("salam", "sabahınız xeyir", "siz" əvəzinə "sən") gündəlik dildən çəkilməsi Azərbaycan dil mədəniyyətində hansı aşınmalardan xəbər verir? Sosial şəbəkələrdə formalaşan qısa, kobud və məsuliyyətsiz ünsiyyət dili real həyatda davranış mədəniyyətinə necə təsir göstərir?
Bu və
bir çox sualara cavab tapmaq
üçün mövzu
ilə bağlı
AMEA Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun aparıcı
elmi işçisi, fəlsəfə doktoru, dosent, dinşünas Elvüsal Məmmədov
Olaylar.az-a açıqlama verib:
" Bu dildən çox, mənəvi dəyərlərdə baş verən dəyişikliklərdən xəbər verir. Bizdə salamlaşma, müraciət forması sadəcə etiket deyil, daha çox bir-birimizə isti, yaxın münasibətləri ifadə edən mənəvi bağlar rolunu oynayırdı. "Sabahınız xeyir", "salam" kimi ifadələr biz azərbaycanlılarda sadəcə dil məsələsi olaraq qalmamışdır. Bütün bunlar qarşı tərəfi yaxşı tanımağı, onu qəbul etməyi və ona ehtiram göstərməyi öyrədən etiket nümunələridir. Və bizdə dəyərlər bu cür etiket formalarını yaratmışdır. Etiket formaları dəyər yaratmamışdır, əksinə, dəyərlər etiket formalarını yaratmışdır.
Bu gün
modern dünyada özünü ifadə vasitələri dəyişib.
Azərbaycanda da biz eyni
prosesin şahidiyik. Özünü təsdiqdə
mənəvi dəyərlər-
əxlaq, dürüstlük,
ləyaqət, fədakarlıq,
zəhmətsevərlik, böyüklərə
ehtiram yerini maddi və fiziki
normalara vermişdir. Məsələn, pul, fiziki cazibədarlıq və.s. Bununla yanaşı, ultrahüquqi
yanaşma , yəni "hamı hüquq baxımından eynidir"
prinsipi və digər yanaşmalar, məsələn, "mənim
həyatım, mənim
qaydalarım", mənəvi
dəyərlərin ictimai
münasibətlərdə oynadığı rola ciddi şəkildə təsir göstərmişdir.
Bu gün dünyada, eləcə də Azərbaycanda kollektiv mədəni ictimai mühit fərdi mədəni mühitlə
əvəzlənməyə doğru gedir. Fərdi hüquq anlayışı hər növ münasibətləri-ailədaxili,
dostluq, iş münasibətlərini tənzimləyən
əsas faktor olub və mənəvi
dəyərləri sıxışdırmışdır.
Mənəvi dəyərlər
bizə "biz" olmağı
öyrədir, hüquq
isə deyir: "bu sənsən, bu sənin hüququndur,
bu sənin sahəndir" və s. Deməli, bu günkü problemlər əlbəttə ki, hörmətə
əsaslanan iyerarxiyanın,
kollektiv mədəni münasibətlərin aşınmasının
nəticəsidir. Bunun əsas
səbəbi ailədaxili
tərbiyə işinin
istənilən səviyyədə
aparılmamasıdır. Təəssüf
ki, bu gün ailələrdə valideynlər
övladlarına böyüklərlə
necə davranmağı,
necə müraciət
etməyi öyrətmirlər.
Bu, mənfi və dağıdıcı təsir
göstərir. Təhlükəli
olan budur ki, sosial şəbəkələrdə
nümayiş etdirdiyimiz
üsluba vərdiş
edirik və bunu virtual dünyadan real dünyaya daşıyırıq.
Bununla yanaşı, sosial şəbəkələr
bizə ifrat sərbəstlik aşılayır.
İfrat sərbəstlik
isə məsuliyyətsizliyə
səbəb olur. Məsuliyyətsizlik müxtəlif
sahələrdə özünü
göstərir. Bunlardan
biri məsuliyyətsiz
danışmaqdır. Sosial
şəbəkələrdə nə qədər məsuliyyətsiz danışırıqsa,
real həyatda da başqaları
ilə müraciətdə,
söhbətdə o cür
məsuliyyətsiz ola bilərik.
Sosial şəbəkələrin
dili qısadır. Biz
fikirlərimizi qısa
ifadə edirik, üslub lakonikliyə, emosiyasızlığa dayanır.
Burada heç bir emosiya yoxdur.
Bu da emosional danışıq
vərdişimizi zəiflədir
və qarşı tərəfi anlama bacarığımızı məhdudlaşdırır.
Əlavə olaraq, sosial şəbəkələrdə
ironiya, istehza, təhqir çox vaxt alqışlanır. Ən sərt cavab da ən güclü mövqe kimi təqdim olunur. Bu, real həyatda aqressiyanı normallaşdıra
bilər. Biz sosial şəbəkələrdə kiməsə istehza və ya təhqir
etdikdə bunu çox vaxt alqışlayırlar, beləliklə,
real həyatda da aqressiv
davranışa meyil yarana bilər. Sosial şəbəkələrdə
dilimiz, yazılarımız,
fikirlərimiz daha çox kəsik, qısa formada ifadə olunur. İnsan nə qədər qısa, lakonik dildən istifadə edirsə, düşüncələri də
bir o qədər səthi olur. Biz çox vaxt fikirləşmədən cavab
verməyə başlayırıq.
Reaksiyalarımız düşünərək
deyil, instinktiv olur. Bu da insanlararası mədəni etik münasibətlərə mənfi
təsir göstərir.
Dilin sadələşməsi bu
gün təbii bir proses deyil. İnsana baxışın
primitivləşməsi özü
ilə birlikdə ünsiyyəti ifadə edən dilin də primitivləşməsinə
gətirib çıxarır.
Bu gün dil ünsiyyətdə sadələşir.
Amma qeyri-ünsiyyət sahələrində
biz dilin sadələşməsinin
şahidi olmuruq. Deməli, insana baxış primitivləşdikcə,
insana baxış dəyişdikcə biz görürük
ki, ünsiyyət dili
də sadələşir.
Əgər biz yenidən
insana mənəvi varlıq kimi baxsaq, onunla ünsiyyəti özümüz
üçün zəruri
saysaq, yəni
"biz" olaraq düşünməyi
bacarsaq, "mən"
olmaqdan uzaqlaşsaq, yenidən ünsiyyət dili əvvəlki kimi zəngin, isti və səmimi
olacaq.
Dilin, mədəniyyətin qorunması
hər şeydən öncə ailədə uşağa necə tərbiyənin verilməsindən
asılıdır. Əgər
ailə uşaqlara mənəvi dəyərləri
hər şeydən əvvəl aşılayarsa,
əlbəttə ki, onların
dil mədəniyyəti
də böyüdükdə
istənilən səviyyədə
olacaqdır. Bilirsinizmi,
dil düşüncələrin
fiziki qabığıdır.
Biz yaxşı düşünməyi
öyrətsək övladlarımıza,
mənəvi dəyərləri
öyrətsək, əlbəttə
ki, onların danışığı
da buna uyğun olacaqdır.
Yaxşı şey öyrətdiyimiz zaman, o yaxşının
da maddi ifadəsi yaxşı olacaqdır. Yox, pis şeylər
və ya "mən" mərkəzli
uşaqlara düşüncəyi
öyrətsək, uşaqların
leksikomu da buna uyğun
olacaqdır. Elə etmək lazımdır ki,
ailələrdə böyük
və kiçik anlayışı bir dəyər kimi uşaqlara öyrədilsin.
Belə olduqda biz gələcəkdə o uşaqların
öz nitqlərini daha mədəni formada qurduqlarını görəcəyik".
Salamlaşmaq, hörmət göstərmək
kimi sadə davranışların azalması
insanlarda empatiya və emosional bağlılığa necə
təsir edir? Sosial şəbəkələrdə
və mesajlaşmada qısa, kobud ünsiyyət uşaqlar və gənclərin real həyatda davranışını
necə dəyişdirir?
Mövzu ilə bağlı
psixoloq İlahə Nəbiyeva da Olaylar.az-a açıqlama
verib:
"Bu mövzu ilə bağlı öncə Tolstoyun bir fikrini istinad etmək istəyirəm. Deyir ki, əgər öz ağrılarını hiss edirsənsə, sən canlısan, başqalarının ağrılarını hiss edirsənsə, sən insansan. Biz buradan nə başa düşə bilərik? Yəni, insanın digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərindən biri də onun empatiya qabiliyyətidir. Salamlaşmaqdır, hörmət göstərməkdir, qapıdan keçərkən qapını arxadan gələn insan üçün tutmaq- bu kimi davranışlar empatiyanın göstəricisidir və insanın emosional bağlılığına birbaşa təsir göstərir. İnsan sosial varlıqdır. Biz digər insanlarla ünsiyyət şəraitində şəxsiyyətimizi inkişaf etdirə bilirik və bu kimi məsələlər əslində şəxsiyyətin inkişafının bir parçasıdır. Bu davranışlar cəmiyyət içərisində "sosial yapışqan" rolunu oynayır və bu, bizim digər insanlarla əlaqəmizin, onlara ehtiyacımızın olduğunu göstərir. Hazırki dövrdə sosial medianın həyatımıza həddindən artıq çox daxil olması, həyatın sürətlənməsi və informasiya axınının sürətlənməsi bu məsələlərə təsir göstərir. Həyat sürətləndiyinə görə insan bəzən bu kimi xırda nəzakət qaydalarını hər dəfə yerinə yetirməyi əlavə vaxt itkisi kimi qəbul edə bilir. Adətən insanlar tələsdikdə mağazada salam vermək, təşəkkür etmək, "çox sağ ol" demək kimi şeyləri unudurlar. Nəticədə, qarşıdakı insanı artıq bir insan kimi deyil, funksional obyekt kimi görməyə başlayırlar. Funksional obyekt deyərkən bunu belə izah edə bilərik: mağazada kasada bir əməliyyatı icra etdik, aldıq, çıxdıq, "salam", "təşəkkür" kimi davranışların olmaması insanı yalnız kasir kimi görməyə gətirib çıxarır, yəni bir insan kimi qəbul etmirsən. Bu məsələlər sadəcə etiket qaydalarla bağlı deyil, insanların varlığını tanımaq və onların varlığına dəyər verməklə əlaqəlidir.
Məsələ yalnız nəzakət qaydaları ilə bitmir. Qarşıdakı insana xırda görünən bu qaydaları riayət etdiyin zaman, onun şəxsiyyətinin inkişafına da təsir göstərirsən və öz davranışlarının, öz şəxsiyyətinin inkişafına da təsir edirsən. Əgər bu qaydaları diqqətsiz şəkildə etsək görünməzlik formalaşa bilər. Eyni zamanda, empatiyanın inkişafı üçün bunlar vacibdir, çünki burada ayrı neyronlar işə düşür. Bundan əlavə, zaman azlığı və informasiya axınının sürətlənməsi bu prosesə birbaşa təsir göstərir. Rəqəmsal ünsiyyətin artması, ünsiyyətin sürətlənməsi bəzən insanlarda belə bir hiss yaradır ki, qarşılarındakı bir insan normal sürətlə danışdıqda onlar üçün zaman yavaş gəlir. WhatsApp və digər sosial media platformalarında səsləri sürətləndirmək funksiyası ilə bir dəqiqədə dinləyəcəyimiz məlumatı yarım dəqiqəyə dinləyə bilirik. Bu, real həyatda ünsiyyətin sürətlənməsi üçün də təsir göstərir. İnsanlar real həyatda da qarşı tərəfin daha sürətli informasiya axınına uyğunlaşmasını istəyirlər. Bəzən nəzakət qaydalarını, məsələn salam vermək, "necəsiz?" demək kimi xırda davranışları reallaşdırdığımız zaman insanlar hətta bunları görməzdən gələrək əsas məsələyə keçə bilirlər. Bu da göstərir ki, sosial şəbəkələr və mesajlaşma insanların real həyat davranışına təsir göstərir, onların davranışlarını dəyişdirir. Bəzən "salam, necəsiniz?" kimi hal-əhval suallarını görməzdən gəlmək prosesi daha sürətləndirə bilir, yəni mesajın məğzinə daha tez keçmək üçün insanlar diqqətini bu kimi xırda nəzakət detallarından çəkirlər. Bu eyni zamanda gözləmə davranışına da təsir edir, belə etiketlərin, qaydaların əhəmiyyəti azalır və bədən dili də azalır. Ümumiyyətlə, rəqəmsəl ünsiyyətin ən böyük üstünlüklərindən biri bədən dilinin azalmasıdır. Məsələn, insan orada emosiyalarını yalnız simvol və ya simvolik ifadələr vasitəsilə göstərə bilər. Bu da öz növbəsində müəyyən dərəcədə aqressiyanı gücləndirir. Biz bunu belə ifadə edə bilərik: xırda nəzakət qaydalarını görməzdən gəlmək əhəmiyyətsiz görünə bilər, amma bu, kiçik bir aqressiyadır. Hər kəs bunu edirsə, "mən də belə edim" fikri formalaşır. Bu isə uzun müddət ərzində daha böyük agressiv davranışların ortaya çıxmasına səbəb olur. Bununla yanaşı, başqasına qarşı duyarsız olmaq və özünü müdafiə davranışı artdıqca insanlar başqalarında daim bir təhdid gözləyirlər və bu da daha tez müdafiəyə keçməyə səbəb olur. Digər psixoloji nəticələr də özünü göstərə bilər, məsələn depressiya, çünki insanlar özlərini dəyərsiz hiss etməyə başlayır. Sosial təcrübə azalır və yalnızlaşma da ciddi bir məsələdir.
Bunun həlli isə sosial institutların fəaliyyətinə bağlıdır- ailə, məktəb və digər sosial qurumlar burada əhəmiyyətlidir. Ailənin rolu vacibdir, çünki insan sosial öyrənməni əsasən kiçik yaşlardan öyrənir, uşaqlar böyüklərin davranışlarını təkrarlayaraq inkişaf edirlər. Valideynlər nəzakət qaydalarını atladıqda uşaq da bunları lazımsız hesab edir. Məktəbdə isə müəllimlər kiçik yaşlardan uşaqlara bu kimi qaydaları öyrətməlidir. Məktəbəqədər təhsil də bu prosesə daxildir. Həmçinin müəllim özü rol model olduğuna görə, onun davranışları uşaqlar üçün çox vacibdir. Fərdi tərbiyə də burada önəmlidir. İnsan müəyyən davranışları məntiqi mühakimə ilə analiz edir- niyə vacibdir, nə zaman istifadə olunmalıdır və istifadə etməsək nə baş verir. İnformasiya axını sürətlənsə də, nəzakət qaydalarının əhəmiyyəti cəmiyyətin təməlini təşkil edir və insanlararası əlaqələrə təsir göstərir. Ona görə də uşaqların bu mövzularda marifləndirilməsi və fərdi düşünməyə şərait yaradılması mütləqdir".
Zeynəb Mustafazadə
Olaylar.-
2026.- 30 yanvar-5 fevral, ¹4.- S.17.