Milli mədəniyyət, dil müasirləşmə

Qloballaşma yadlaşma demək deyil

 

Azərbaycanda yeni nəslin yetişdirilməsinin əhəmiyyətini bir daha vurğulamağa ehtiyac vardır. Müstəqil dövlət quruculuğu prosesi göstərir ki, cəmiyyətimizə müxtəlif istiqamətlərdən olan təsirlər artır. Bu prosesin ümumi məntiqi ondan ibarətdir ki, kənardan cəmiyyətdə öz mənəvi dəyərlərinin dominantlıq təşkil etməsini istəyənlər fəallaşırlar. Son vaxtlar rusların burada nələrsə etmək istədiyi müşahidə edilir. Burada bir incə məqamı vurğulamaq gərəkdir.

Məsələni bəzən müasirləşmə ilə bağlamağa çalışırlar. Yəni mədəniyyətlərarası əlaqələrin genişlənməsi zamanın tələbidir. Bunun fonunda da milli dəyərlərə qarşı müəyyən laqeydlik formalaşa bilər. Ancaq situasiya bundan tamamilə fərqli bir müstəvidə formalaşmaqdadır. Belə ki, böyük dövlətlər dünyaya hər şeydən öncə geomədəni sahədə nəzarət etmək xəttini seçiblər. Yəni öz mənəvi, tarixi və mədəni dəyərlərini digərlərinə sırımaq siyasəti ilə qarşı-qarşıyayıq. Bir misal üzərində bunu konkret izah edək. İndi Qərbdə belə bir fikir möhkəmlənib ki, XXI əsr mədəniyyətlərin, beyinlərin, ideologiyaların yarışı əsridir. Bu da avtomatik olaraq öz mənəvi ölçülərini dünya miqyasında universallaşdırmaq tendensiyasını gücləndirir. Böyük mədəniyyət sahibləri özlərinin qaydalarını çox müxtəlif yollarla digərlərinə nümunə olaraq yeritməyə çalışırlar. Müasir zamanda bunun elə incə üsulları və formaları mövcuddur ki, insanlar bəzən hansı prosesin getdiyinin fərqinə varmırlar. İnformasiya texnologiyalarının inəcələşməsi, hissiyata toxunmadan onun məzmununu dəyişmək üsullarının hazırlanması bu prosesə xüsusi məzmun verir. Ona görə də bu əsrdə xüsusi təbliğat sistemləri, ideoloji konseptlər işlənir. Onlar insan mənəviyyatının konkret məqamlarına təsir edirlər. Nəticədə fərd konkret mədəniyyət sahibi olur, ancaq milli təkamül xəttini itirir. Hələlik bu prosesin dünyanı hansı istiqamətdə dəyişəcəyi bəlli deyil. Bəziləri millətlərüstü inteqrasiya formasının dominantlığı olacağını deyir. Fərqli fikirlər də var. Hər bir halda indi böyük dövlətlər hərbi silahdan çox, mənəviyyata, beyinə və davranışa təsir edən üsullara üstünlük verirlər. Bu, milli dövlətçilik mərhələsində olan ölkələrə hansı dərəcədə təsir edə bilir?

Rus mədəni elementlərinin Azərbaycanda fəallaşmasına bu sualın prizmasında baxanda birmənalı mənzərəni görmürük. Eyni fikri Qərb mədəniyyəti elementləri ilə bağlı söyləmək olar. Təbii ki, bizim cəmiyyətin bu mədəniyyət nümunələrinə qapanmasından söhbət gedə bilməz. Qloballşamanın diqtə etdiyi kültür özəlliklərindən, kommunikasiya növlərindən imtina etməyin xeyri də olmaz. Bunlarla yanaşı, azərbaycanlı fərd və vətəndaş olaraq milli zəmində formalaşmalıdır. O, milli kimliyini, mədəni özgürlüyünü tam dərk etmiş insan olaraq müasir mədəniyyətlərə baş vurmalıdır. Mənəviyyatı tam formalaşmayan insanın yadların təsiri altına düşməsi və bununla da özgürlüyünü itirməsi risqi çoxdur. Deməli, məsələ gənc nəslin milli zəmində yetişməsi prioritet təşkil etməlidir. Digər mədəniyyət nümunələri ilə tanışlıq bu hakim tendensiyaya tabe olmalıdır. Bu da cəmiyyətdə Azərbaycan dilinin, mədəniyyətinin və həyat tərzinin dominantlığını təmin etməyin daha aktual bir məsələyə çevrildiyini göstərməkdədir. O tələbat prizmasında təhsil sahəsinə nəzər saldıqda onun nə dərəcədə aktuallıq kəsb etdiyini görürük. Ona görə də yeni nəslin yetişdirilməsində əsas faktorun təhsil olduğunu deyə bilərik. Təhsil uşaqları milli mədəniyyətə kökləməlidir. Və bu işi peşəkarlıqla görməlidir. Əks halda cəmiyyətin itirəcəyi şeylər çox olmalıdır. Görünür, bu prosesdə tarixin öyrənilməsi daha çox önəm daşıyır. Milli tarixini bilən gənc dilinə, həyat tərzinə və dövlətçiliyinə bağlı olar. Ona görə də yeni yazılan dəyərli tarixi əsərləri məktəblərdə geniş tədris etmək gərəkdir. Ana dilinin tədrisi yeni səviyyəyə qalxmalıdır. Bunu bilməliyik ki, yad dildə danışmaq mədəniyyət nümunəsi deyil, öz dilinə sayğısızlıqdır. Bir millətin övladları öz aralarında yad dildə danışırlarsa, ilk növbədə öz kimliklərinə hörmətsizlik edirlər. Ona görə də cəmiyyətdə Azərbaycan dilinin tam hakim olması xətti dönmədən yeridilməlidir. Yalnız bunun fonunda ingilis və ya rus dilindən danışmaq olar.

Yeni nəsil gələcək cəmiyyət deməkdir. Bu nəslin necə olacağından dövlətçiliyin taleyi asılı olacaq. Biz yüksələn bayrağımızı zirvədə görmək istəyiriksə, mədəniyyətimizin, dilimizin bayrağını bütün dəyərlərdən yüksəkdə tutmağı öyrənməliyik.

 

Şahin Məhəmmədoğlu

 

Olaylar.- 2009.- 3 aprel.- S. 5.