Milli Kitabxana Direktorlar Şurasının konfransı keçirilib

 

 Qurumun vahid portalı yaradılacaq

 

Mirzə Fətəli Axundov adına Milli Kitabxanada İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana Direktorları Şurasının ll konfransı keçirilib. Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanına əklillər qoyublar. Milli Kitabxana ilə tanışlıqdan sonra isə "İslam mədəniyyəti kitab səhifələrində" adlı kitab sərgisinin açılış mərasimi baş tutub. Sərginin ekspozisiyasında hər bir ölkənin Milli Kitabxanasının fondlarından 40-50 kitab nümayiş olunur. Ümumilikdə sərgiyə gələn qonaqların təmsil etdikləri ölkələrin və Azərbaycanın islam mədəniyyətinə və incəsənətinə həsr edilmiş 500-dən artıq kitab nümayiş olunub. Sərgidə eyni zamanda tanınmış rəssam Yavər Əsədovun xəttatlıq nümunələri də nümayiş olunub. Milli geyimlərimiz, qadın bəzək əşyaları, misgərlik nümunələri və qədim çini qablar sərginin bu bölümündə təqdim olunub. 

Daha sonra isə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin milli kitabxanalarının Direktorlar Şurasının ll konfransının açılışı olub. Tədbirdə ilk sözlə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq, onlara işlərində uğurlar diləyib. Tədbirdə həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin milli kitabxanalarının Direktorlar Şurasının prezidenti, millət vəkili Həvva Məmmədova, xalq yazıçısı Çingiz Abdullayev, İran İslam Respublikasının Milli Kitabxana və Arxiv Təşkilatının direktoru və başqaları çıxış edərək, konfransın əhəmiyyətindən söz açıblar.

Konfransda şuranın vahid portalının yaradılması, türk xalqının görkəmli şəxsiyyətlərinin yubileylərinin islam dünyasında qeyd olunması kim məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, şuranın l iclası 2007-ci ildə Tehranda keçirilib. Bu dəfəki konfransda Türkiyə, İran, Pakistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstanın milli kitabxana direktorları iştirak edib.

                 

                                                                                                                                                       

         Gülər

 

         Olaylar.- 2009.- 21 aprel.- S. 8.