Bəhram Bağırzadə: Avropa Oyunlarından sonra uşaq və gənclərimizin idmana marağı daha da artacaq

 

 

 

Onu ictimaiyyətə geniş təqdim etməyə ehtiyac yoxdur. Çünki tanınmış aktyor, rejissor, şoumen, yazıçı, rəssam, "Bakılı oğlanlar KVN komandasının məşhur üzvü Bəhram Bağırzadəni hamı tanıyır. İdmana çox bağlı olan Bəhram müəllim, həm də Bakı-2015 Avropa Oyunlarının çimərlik futbolu üzrə ulduz elçisidir.

Bəhram Bağırzadəni əsl Azərbaycan kişilərinə xas olan keyfiyyətlərə malikdir. O, son dərəcə konkret, sözü üzə deyən, vətən, millət təəssübü çəkən bir insandır. Məsuliyyətli, sadə, səmimi olan Bəhram Bağırzadə həmişə milləti üçün dua edərək: "Allah bu milləti qorusun, - deyir.

Onunla "Olimpiya dünyası qəzetinin redaksiyasında görüşdük. Bəhram müəllim doğulduğu Bakı şəhərinə, idmana olan sevgisi və eləcə də artıq ayaq səslərini eşitdiyimiz Avropa Oyunları haqqında fikirlərini bizimlə bölüşdü.

 

- Bəhram müəllim, müsahibələrinizin birində demisiniz ki, on ildir, özünüzü Bakının meri hesab edirsiniz. Bununla nə demək istəyirsiniz?

 

- Mən doğulduğum, boya-başa çatdığım bu şəhəri çox sevirəm. Bakının hər qarış torpağı mənim üçün əzizdir. Çoxları elə bilir ki, mən Bakının meri olmaq iddiasındayam. Əsla, belə fikrim yoxdur. Düşünürəm ki, Bakıda yaşayan hər bir sakin ilk növbədə özünü bu şəhərin meri hiss etməlidir. Mən də 10 ildir ki, özümü mer sayıram. Çünki özümə heç vaxt icazə verə bilmərəm ki, bulvardaya küçədə tum çırtlayım, ətrafı zibilləyim. Yaşadığım binanın mərtəbəsindən küçəyə zibil tullamağı, qayda-qanunu pozmağı ağlıma belə gətirmirəm. Əgər hər bir Bakı sakini bunları düşünərək, şəhərin abadlığı və gözəlliyi xatirinə nəsə edərsə, inanın ki, şəhərimizin heç bir problemi olmaz. Məgər bunun üçün mütləq mer olmaq lazımdır? Sadəcə, yaşadığın, nəfəs aldığın şəhərin taleyi üçün narahat olmaq çox vacibdir. Bununla demək istəyirəm ki, mən daxilən, çoxdandır ki, bir ziyalı, Bakını sevən bir sakin kimi özümü bu şəhərin meri hesab edirəm.

 

- Bakını sevmək, onun qayğısına qalmaq üçün mütləq bakılı olmaq lazımdır?

 

- Mən burada doğulmuşam, böyümüşəm, təhsil almışam, ailə həyatı qurmuşam. Atamın, babamın qəbri bu torpaqdadır. Allah təala mənə bu şəhərdə tanınmış insanlardan olmağı nəsib edib. Ailəmə ruzini bu şəhərdə qazanıram. Allahın bizə nəsib etdiklərinin qədrini bilmək gərəkdir. Bir də mən əslən bakılı deyiləm axı. Azərbaycanın hər hansı bölgəsində, Kürdəmir, Mingəçevir və Şəki olsun, fərqi yoxdur, yaşasa idim, oranı da Bakını sevdiyim qədər sevərdim. 9 milyonluq xalqıq. Hər birimiz vətənimizi, şəhərimizi sevək, onun qayğısına qalaq. Bir sözlə, malik olduqlarımızın qədrini bilək.

 

- Avropa Oyunları ilə bağlı paytaxtımıza xeyli sayda turist gələcək. Necə düşünürsünüz, onlar bizdən razı gedəcəklər?

 

- Dövlətimiz Avropa Oyunları dövründə tıxac problemlərini aradan qaldırmaq üçün müəyyən tədbirlər həyata keçirir. Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi Nəqliyyat Nazirliyi ilə sıx əməkdaşlıq edir. Bütün bunlar yol hərəkətinin təhlükəsizliyinə xidmət edir. Bu, çox yaxşıdır. Çünki yarışlar dövründə və ondan əvvəl şəhərimizə çoxlu sayda turistlər və qonaqlar gələcək. Bilirsiniz, şəhərimiz çox basırıqdır. Yaxşı olar ki, Oyunlar dövründə Bakımız bir az nəfəs alsın. Xatırladım ki, 1862-ci ildə Bakının əhalisi cəmi 7 min nəfər olub. Bakının ilk memarlarından olan almaniyalı mühəndis Nonne (1836-1908) şəhərin planını 1 milyon əhali üçün nəzərdə tutmuşdu. Sonra tədricən əhalinin sayı artıb və indi paytaxtda 2 milyondan artıq insan yaşayır. Təsəvvür edin, burada kanalizasiya sistemidaxil olmaqla bir sıra mühüm problemlər meydana çıxır. Xarici ölkələrdə şəhərin memarlığı sahəsində bacarıqlı, öz işini bilən mütəxəssislər çalışırlar. Köhnəni qoruyub saxlamaqla yeni, müasir binalar inşa etmək bu sahədə böyük peşəkarlıq və məharət tələb edir. Əfsuslar olsun ki, bizdə bu məsələ bir az başqa cürdür. Düşünürəm ki, sovet dövründə olduğu kimi, inditexniki peşə məktəblərinin açılması çox yaxşı olardı. Bizim savadlı çilingərlərə, xarrat və bənnalara böyük ehtiyacımız var.

 

- Sizi idmana bağlayan nədir?

 

- İdmanı uşaq yaşlarımdan çox sevirəm. Orta məktəbdə oxuyanda basketbol və həndbolla ciddi məşğul olmuşam. Hətta bir vaxtlar gənclər arasında həndbol üzrə yığma komandanın üzvü idim. Üzgüçülüyə də böyük həvəsim var. 14-15 yaşım olardı, üzgüçülük üzrə Bakı birinciliyində 3-cü yeri tutmuşdum. Həmin gün və təltifetmə mərasimi hələ də gözümün qabağındadır. Hər gün səhər-səhər yarım saat, bir saat üzməsəm, özümü narahat hiss edirəm. Bundan başqa, gimnastika ilə də məşğul oluram. Daima hərəkətdəyəm.

 

- Sizi tanıyanlar böyük futbol azarkeşi olduğunuzu yaxşı bilirlər. Siz həm də "Neftçinin Müşahidə Şürasının üzvüsünüz.

 

- Futbol mənim həyatımdır və "Neftçinin fanatıyam. Çalışıram ki, həmişə komandamı xarici ölkələrdə oyunlar zamanı dəstəkləyim və bununla bağlı onlarla tez-tez xarici səfərlərdə oluram. Çalışacağıq ki, ölkədə futbolun inkişafına öz töhfəmizi verək.

 

- Sizə güc verən nədir?

 

- Mənə gücü verən Allah təaladır. İstədiyimi həmişə ondan diləyirəm: ruzini də, bərəkəti də, can sağlığını da. 27 yaşından ibadət edirəm. Çalışıram ki, islam dininin qayda-qanunlarına riayət edim. 1999-cu il aprelin 6-sından sonra çox şeylərdən imtina etdim. Çətin oldu, amma bacardım. O vaxt hələ ailə həyatı qurmamışdım. Allah bütün bəndələrini sevir, amma bu yolu hamıya nəsib etmir. 2001-ci ildə Həcc ziyarətində olmuşam. Allah millətimizi qorusun! Bizi pis gözlərdən uzaq eləsin, faciələrdən, bədbəxtliklərdən qorusun.

 

- Necə düşünürsünüz, bizi əhatə və narahat edən problemlərin əsasında nə dayanır?

 

- Məsuliyyətsizlik, savadsızlıq və allahsızlıq. Məsuliyyətsizlik cinayətə, savadsızlıq cəhalətə, allahsızlıq isə uçuruma aparır. Kim Allahın ucalığını, böyüklüyünü danırsa, axırı yoxdur. 9 milyonluq Azərbaycan xalqının qəlbində Allah sevgisi olsa, bu millətin qabağında heç bir qüvvə dayana bilməz.

 

- Bəhram müəllim, Avropa Oyunlarının çimərlik futbolu üzrə idman elçilərindən birisiniz...

 

- Redaksiyaya birbaşa çimərlik futbolu üzrə yarışların keçiriləcəyi Su İdmanı Sarayından gəlirəm. İdmançıların yarışacaqları yerlə və qum örtüyü ilə maraqlandım. Buradakı qum Misirdən gətirilib, keyfiyyəti çox yaxşıdır. Ulduz elçi kimi futbolçularla, futbol mütəxəssisləri ilə mütəmadi görüşürəm. Çimərlik futbolu üzrə Azərbaycan yığmasının baş məşqçisi, portuqaliyalı mütəxəssis Joze Migel Mateus, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi ilə görüşlərim olub. Çimərlik futbolu üzrə tanınmış hakim Eiriz Mata ilə söhbət eləmişəm. O, çimərlik futbolu üzrə keçirilən dörd dünya çempionatında hakimlik edib.

Avropa Oyunlarında Portuqaliya, İsveçrə və Ukrayna ilə eyni qrupda yarışacağıq. Hər üç komanda güclüçox təcrübəlidir. Bizi güclü mübarizə gözləyir. İşimiz heçasan olmayacaq. İnanıram ki, idmançılarımız Oyunlarda ölkəmizi layiqincə təmsil edə biləcəklər. Bütün futbolsevərləri 24-28 iyunda komandamızı dəstəkləməyə çağırıram.

 

- Övladlarınız idmanla məşğul olurlarmı?

 

- Qızım Tahirənin 13, oğlum Cavidin isə 11 yaşı var. Oğlum cüdo ilə məşğul olur. Qızım dama üzrə Azərbaycan və Bakı birinciliyinin qalibidir. Bir valideyn kimi övladlarımın uğurlarını görəndə çox fərəhlənirəm. Tanınmış idmançı olub-olmamalarından asılı olmayaraq onların sağlamlıq baxımından idmanla məşğul olmalarını dəstəkləyirəm. İkisi də əlaçıdır. Yaxşı ki, (gülür) atalarına oxşamayıblar. Axı mən orta məktəbdə dərslərimə o qədər də fikir verməmişəm.

 

- Necə düşünürsünüz, Bəhram Bağırzadənin, TahirCabir İmanovların, Murad Dadaşov və digərlərinin iştirak etdiyi Şən və Hazırcavablar Klubu (ŞHK) komandasını əvəz edənlər olacaqmı?

 

- "Neftçi komandası 1966-cı ildə tarixdə səhifə yazdı: SSRİ çempionatında bürünc medala layiq görüldü. Ola bilər ki, bu komandadan da yaxşısı olsun, amma məhz istedadlı və peşəkar futbolçuların- Ələkbər Məmmədov, Kazbek Tuayev, Əhməd Ələsgərov, Banişevskinin oynadığı komanda birheç vaxt olmayacaq. Təəssüf ki, belə futbol dahiləri bir daha doğulmayacaq. Tarix belələrini bir dəfə yaradır. Bu, bizim komandaya da aiddir. Ola bilər ki, bizdən də yaxşı və daha güclü ŞHK komandası yaransın, amma bu, əvvəlki olmayacaq.

 

- Azərbaycanda Avropa Oyunlarının təşkilini necə dəyərləndirirsiniz?

 

- İlk Avropa Oyunlarının Bakıda keçiriləcəyinə çox sevinirəm. Birincisi, ona görə ki, hamımız bu Oyunların xeyrini görəcəyik. Mən də görməsəm, inanın mənə, mənim övladlarım görəcək. Bakıda möhtəşəm komplekslər, stadionlar tikilib. Olimpiya stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi və digər idman obyektlərinin inşası mühüm göstəricidir.

Ölkəmiz Avropa Oyunlarının təşkilindən böyük qazanc götürəcək: həm iqtisadi, həm siyasi və həm də idman sahəsində. Bunlar hamısı öz yerində. Əsas odur ki, Avropa Oyunları ərəfəsində inşa edilən idman qurğularından xalqımız sonralar da faydalanacaq. Təsəvvür edin, yarışlarla bağlı inşa edilən idman qurğularında və digər obyektlərdə minlərlə insan işlə təmin edilib. Oyunlar ərəfəsində yaradılan bazadan sonralar da istifadə olunacaq. Ölkəmizə turist axını çoxalacaq. Heç Avropa ölkələrini demirəm, elə MDB ölkələrindən çoxlu sayda turist gələcək. Avropa Oyunlarından sonra ölkəmizə ən azı 1 milyon turist gəlsə, görün, bu, ölkəmizin iqtisadiyyatı üçün nə qədər gəlir deməkdir. Digər tərəfdən, Azərbaycan yarışlar vasitəsilə informasiya blokadasını yarır və ölkəmiz dünyada daha da tanınır. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin ən böyük əhəmiyyəti uşaq və gənclərimizin idmana marağının daha da artması olacaq. Onların idman zallarına, stadionlara axını çoxalacaq. Uşaqlar öz valideynlərindən xahiş edəcəklər ki, onları idman zallarına, bölmələrə aparsınlar. Bu da sağlam millət, sağlam gələcək deməkdir. Düşünürəm ki, yaxın bir neçə ildə Avropanın ən sağlam xalqlarından biri olacağıq. Sağlam olan millət isə basılmazdır.

 

Səadət Hakıyeva

Olimpiya dünyası.- 2015.- 5-8 iyun.- S.5.