Ali təhsil ocağının 85 illk yubileyi münasibətilə tədbir keçirildi

 

Oktyabrın 21-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 85 illik yubileyi münasibətilə bu ali təhsil ocağında tədbir keçirilib. Tədbirdən əvvəl ali təhsil ocağının kollektivi Fəxri xiyabanı ziyarət edib, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.

Tədbirdə Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, professor Ağacan Abıyev, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Yubiley tədbirinin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, professor Ağacan Abıyev Akademiyanın tarixindən danışıb.

 

"Ölkə idmanının inkişafında mühüm rol oynayan, bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlayan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 85 illik yubileyini qeyd edir. Əsası 1930-cu ildə qoyulmuş və cənubi Qafqazda bu tipli yeganə ali məktəb olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası vaxtıilə Müslüm Maqomayev adına Filarmoniyada fəaliyyətə başlayıb. Dərslər ilk dəfə olaraq orada keçirilib.

1969-72-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bədən Tərbiyəsi və İdman İnstitutu üçün yeni bina inşa olundu. 1999-cu ildə Nazirlər Kabinetinin qərarı ilə institut Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası adlandırıldı. Bu illər ərzində akademiyanın Azərbaycan idmanına böyük nailiyyətlər qazandıran məzunları olub. Azərbaycanda idmanın inkişafı daha çox müstəqillik illərindən sonra başlayıb. Ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Çalışacağıq ki, bundan sonra da idmançılarımız öz uğurları ilə ölkəmizi dünyaya tanıtsın və Azərbaycanın qüdrətli dövlət olduğunu nümayiş etdirsinlər. Sevindirici haldır ki, gənclərimizdə idmana həvəs artıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası fəaliyəti dövründə gəncləri düzgün yola, sağlamlığa dəvət edib”, - deyə Ağacan Abıyev bildirib.

Gənclər və İdman naziri Azad Rəhimov bu günün idman ictimaiyyəti üçün əlamətdar olduğunu dedi. Nazir Akademiyanın 85 illiyi münasibəti ilə təbriklərini bildirdi: "Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idmanımızın inkişafına böyük töhfə verib. Azərbaycan qədim idman ənənələri olan bir ölkədir. Xalqımız öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan idmanının qarşısında geniş imkanlar açıldı. Ümummilli lider Heydər Əliyev Azərbaycanda Olimpiya Hərəkatının genişlənməsinə həmişə xüsusi diqqət göstərmişdir. Sevindirici haldır ki, bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır. İdmançılarımız nüfuzlu yarışlarda layiqli qələbələr əldə edirmaddi-texniki baza genişləndirilir. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq idman tədbirlərinin təşkilatçılığı sahəsində böyük təcrübəyə malik olduğunu bir daha təsdiq edib. Ölkəmizdə gələn il Ümumdünya Şahmat Olimpiadası və Formula-1 Avropa Qran-pri yarışları, futbol üzrə 17 yaşınadək oğlanlar arasında Avropa çempionatı, yelkənli qayıqlar üzrə 23 yaşınadək gənclər arasında dünya çempionatı keçiriləcək. Bundan başqa 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 1/4 mərhələ yarışları və digər tədbirlər təşkil olunacaq. Təbii ki, ölkəmizdə idmanın bu dərəcədə inkişafında bu ali təhsil ocağının da müstəsna rolu var. Akademiyanın tələbələri mötəbər idman tədbirlərində uğurla çıxış edərək dəfələrlə bayrağımızı yüksəklərə qaldırmış, himnimizi səsləndirmişlər. Akademiyanın məzunları arasında Olimpiya, dünyaAvropa çempionları da var. Azərbaycanın idman sahəsində beynəlxalq əlaqələrinin genişlənsməsində də akademiya önəmli rol oynayır. Belə ki, məşhur idman xadimləri Azərbaycana səfərləri zamanı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəaliyətinə də böyük maraq göstəriblər. Bu idman xadimləri akademiyanın fəxri doktorları seçiliblər. Əminəm ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın tərəqqisi naminə görülən işlər akademiya tərəfindən bundan sonra da uğurla davam etdiriləcək. Azərbaycan idmanının inkişafında əvəzsiz xidməti olan akademiyanın professor, müəllim və tələbə heyətinə uğurlar arzu edirəm”.

 

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə cənab İlham Əliyevin məhz bu akademiyanın akt zalında Milli Olimpiya Komitəsinin prezidenti seçildiyini xatırlatdı: "85 illik tarixə malik olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası nəinki ölkəmizin idman tarixində, eləcə də mədəniyyət sahəsində böyük rol oynayıb. 1997-ci ildə cənab İlham Əliyev məhz akademiyanın akt zalında Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Bu hadisə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ölkəmizin Olimpiya Hərəkatına verdiyi ən böyük töhfələrdən biridir. Bir il sonra Azərbaycan Olimpiya Akademiyası yarandı. Bildiyiniz kimi komitələrin nəzdində Olimpiya Akademiyaları var. Avropa, dünya, Olimpiya çempionu olmuş insanlar bu akademiyanın qapısından tələbə kimi daxil olurlar. Çünki onlar dünya, Avropa çempionu olsalar da bu akademiyada tələbədirlər. Bu da akademiyanın üstünlüyünü göstərir. 85 illik yubiley münasibəti ilə akademiyanın bütün professor, müəllim heyətini və tələbələrini təbrik edirəm. İnanıram ki, bu akademiyada Azərbaycan idmanının inkişafı üçün yeni nəsillərin, müəllimlərin yetişdirilməsi hələ uzun müddət davam etdiriləcəkdir”, - deyə Çingiz Hüseynzadə qeyd edib.

Tədbirdə çıxış edən Təhsil Nazirinin birinci müavini Firudin Qurbanov akademiyanın təhsil sahəsində gördüyü işlərdən danışıb: "Bədən tərbiyəsi və idmanın inkişafı üçün bu akademiyada çox işlər görülüb. Buranın üstünlüyü ondadır ki, akademiyada həm elmi, həm də idman baxımından işlər görülür. Bu təhsil ocağı gənclərin sağlamlığında mühüm əhəmiyyət kəsb edir. Təhsil Nazirliyi adından akademiyanın müəllim, professor və tələbələrini yubiley münasibətilə təbrik edirəm”.

Akademiyanın inkişaf yolundan danışan Azərbaycan Həmkarlar ittifaqı Konfederasiyasının nümayəndəsi Cəmilə Səttarova yubiley münasibətilə Ağacan Abıyevə mükafat olaraq kubok təqdim edib.

Daha sonra akademiyanın prorektorları - Dilqəm Quliyev, Yusif Babanlı, Qəhrəman Məmmədyarov, Nazim Məcidov və təhsil ocağının 32 nəfər müəllim heyəti mükafatlandırılıb.

Tədbir akademiyanın Yaradıcılıq Birliyinin konsert proqramı ilə davam etdirilib.

 

Azər Əlizadə

Olimpiya dünyası.- 2015.- 23-26 oktyabr.- S.2.