Sağlam həyat tərzi gənc nəslin mənəviyyatının əsasını təşkil edir

 

Müstəqilliyimiz möhkəm təməl üzərində qurulub. Ölkəmiz günü-gündən inkişaf edir. Hazırkı şəraitdə uşaqların və yeniyetmələrin fiziki inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərilir.

Hamıya yaxşı məlumdur ki, kiçik yaşlarında bədən tərbiyəsi hərəkətləri ilə məşğul olan uşaqların qaməti formalaşır, əzələləri getdikcə möhkəmlənir, sinir sistemi və xəstəliklərə qarşı bədənin müqavimət gücü artır. Təbii olaraq qarşıya belə bir sual çıxır: uşaqların bədən tərbiyəsi və idmana həvəsləndirilməsi yollarını və formalarını hansı yollarla həyata keçirmək, onlarda idmana həvəsi necə yaratmaq olar?

Bədən tərbiyəsi və idman böyüməkdə olan nəslin sağlamlığı və fiziki hazırlığında vacib məsələlərindən biridir. Uşaqların sağlamlığı, fiziki inkişafında gimnastika, ümumi inkişafetdirici hərəkətlər, yeriş və qaçış, tullanma, dırmanma, akrobatika, rəqs hərəkətləri, kross hazırlığı ilə yanaşı, mütəhərrik oyunlar da mühüm rol oynayır. Tanınmış mütəfəkkirlər və pedaqoqlar yetişməkdə olan nəslin mənəvi kamilliyində, fiziki yetkinliyində idmanın kollektiv növlərinin, xüsusən, mütəhərrik oyunların əhəmiyyətinin vacibliyini qeyd edirlər. Lakin bu tədbirlərin harada keçirilməsi və necə keçirilməsi şərtləri ortaya çıxır. Hansı uşaq istəməz ki, boş vaxtlarını, tətil günlərini düşərgələrdə, təbiətin qoynunda, dağda, meşədə, turist yürüşlərində keçirməsin? Hansı valideyn istəməz ki, övladı günəş, su, hava kimi təbiətin əvəzsiz nemətlərindən bəhrələnib sağlamgümrah böyüməsin? Hansı müəllim istəməz ki, yay tətilindən geri dönən şagirdləri məktəbə zəngin təəssüratla, xoş ovqatla, yeni həvəslə qayıtmasınlar? Şübhəsiz ki, yuxarıda qeyd olunanları hamı istəyir. Bu arzuların həyata keçməsi üçün çalışmaq, zəhmət çəkmək lazımdır.

 

Dövlətimiz tərəfindən görülən işlərin əsasında uşaqların fiziki sağlamlığının təmin edilməsi dayanır

 

Cəmiyyətin ən başlıca vəzifələrindən biri insanların sağlamlığını təmin etməkdən ibarətdir. Buna görə də Azərbaycan dövləti böyüyən nəslin sağlamlığını daim diqqət mərkəzində saxlayır. Xalqımız müstəqilliyini yenidən bərpa etdikdən sonra ictimai həyatın digər sahələrində olduğu kimi, fiziki tərbiyənin də tarixi ənənələr fonunda inkişafı, fiziki mədəniyyətin dirçəlməsi, böyüyən nəslin milli mentalitetimizə müvafiq tərbiyə edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlandı. Bu taleyüklü vəzifəni layiqincə həyata keçirmək üçün Azərbaycan dövləti etibarlı qarant rolunu oynayaraq sözdə və əməldə sağlamlığın strateji mahiyyət daşıdığını bəyan etdi, onun bütün məsuliyyətini və ağırlığını öz üzərinə götürdü. Bu zərurəti doğuran amillərdən biri dövlət quruculuğu sahəsində uğurların qoruyucusu və xələfləri olan gənclərin sağlamlığının təmin olunması idi. Müstəqil Azərbaycan dövlətini qurub möhkəmləndirmək və vətəni layiqincə müdafiə etmək məhz bu amillərlə şərtlənir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: "Biz bu gün yaşayarkən, müstəqil dövlətimizi qurarkən gələcək nəsillərimiz barədə düşünməliyik ki, bizdən sonra gələn nəsillər bizim dövrümüzdəki nəsildən daha sağlam olsun. Biz buna nail olmaq üçün idmana, bədən tərbiyəsinə çox ciddi fikir verməliyik. Hesab edirik ki, biz bu sahədə bir çox işlər görməliyik, bir çox tədbirlər həyata keçirməliyik”.

Uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi sağlamlığının təmin olunması müstəqillik dövründə ən ümdə ictimai əhəmiyyət kəsb edən məsələ kimi həmişə diqqət mərkəzində saxlanılmış və qəbul edilən müvafiq qərarlarda öz əksini tapmışdır. Yetişməkdə olan nəslin sağlamlığını təmin etmək məqsədilə bir tərəfdən təlim-tərbiyə müəssisələrində bədən tərbiyəsi və idmanın inkişafına dövlət qayğısı göstərilir, tədris planları yenidən nəzərdən keçirilir, digər tərəfdən isə idman-sağlamlıq komplekslərinin şəbəkəsi genişləndirilir. Dövlətimiz tərəfindən görülən bu tədbirlərin hər birinin əsasında uşaqların fiziki sağlamlığının təmin edilməsi dayanır.

 

Düşərgələrdə yarışların keçirilməsi uşaqların idmana marağını artırır

 

Pedaqoqların qənaətinə görə, uşaqlar üçün təbiət qoynunda, dəniz sahilində kifayət qədər uşaq-idman düşərgələri təşkil olunmalıdır. Burada dincələn uşaqlar üçün müxtəlif marşrutlar üzrə turist yürüşləri keçirilməlidir. Düşərgələrdə uşaqların çox sevdiyi, onlar üçün xüsusilə vacib olan müxtəlif istiqamətli bədən tərbiyəsi hərəkətləri, sağlam və kütləvi idman işləri ilə müntəzəm məşğul olmaları təmin edilməlidir.

Respublikamızın olduqca zəngin təbiəti, çoxlarının həsəd apardığı Xəzər dənizi var. Belə üstünlüklərdən istifadə etmək vacibdir. Bu, uşaq və yeniyetmələrin sağlam həyat tərzinin formalaşmasına böyük köməklik göstərə bilər. Elə etmək lazımdır ki, düşərgə həyatı məzmunlu, rəngarəng olsun, uşaqları özünə cəlb etsin.

Müasir dövrümüzdə uşaqlar bədən tərbiyəsi və idmana daha çox meyl edirlər. Onların bu marağını nəzərə alaraq gün rejimində bədən tərbiyəsi və idman tədbirlərinə geniş yer ayrılmalıdır. Gün ərzində hər bir uşaq 3-4 saat bədən tərbiyəsi təmrinləri ilə məşğul olmalıdır. Ümumiyyətlə, düşərgə həyatı bədən tərbiyəsi, sağlamlıq və kütləvi idman tədbirləri ilə mümkün qədər çox zənginləşdirilməlidir. Onun əsasını isə sanitar-gigiyena işi təşkil etməlidir. Buraya səhər gimnastikası, hava və günəş vannalarının qəbulu, gəzintilər, ayaqyalın gəzmək və s. daxildir. Düşərgədə daxili yarışların keçirilməsi də uşaqların idmana olan marağını artırır. Yarışlar həvəsləndirici devizlər adı altında keçirilməlidir. Bundan başqa, idmanın ayrı-ayrı növləri üzrə turnirlər, düşərgə spartakiadasının keçirilməsi də uşaqların fiziki və mənəvi sağlamlığını təmin edə bilər. Eyni zamanda, işin bu ardıcıllıqla təşkili uşaq və yeniyetmələrin idmana marağının qat-qat artmasına səbəb olar.

 

Valideynlər uşaqlarını sağlam həyat tərzinə alışdırmaq üçün nə etməlidirlər?

 

Gənc nəslin sağlam formalaşması, onların düzgün tərbiyə olunması xalqın mənəviyyatının əsasını təşkil edir. İnsanın mənəvi və fiziki sağlamlığında mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi və yüksək səviyyədə inkişafı üçün uşaq və yeniyetmələrin idmana fəal surətdə cəlb olunması vacib məsələdir. Gənc nəslin fiziki və mənəvi cəhətdən inkişafında, onların sağlamlığının təmin edilməsində, intellektual və mədəni səviyyəsinin yüksəldilməsində, vətənin müdafiəsinə hazır olan mərd və cəsur insanlar kimi yetişməsində idmanın, bədən tərbiyəsinin rolu əvəzsizdir. İdman uşaqların əxlaqına da müsbət təsir göstərir. Əxlaq deyəndə, hər şeydən əvvəl, insanın tərbiyəsi, davranışı, onun cəmiyyətdə özünü necə aparması yada düşür. Əxlaq insanlar arasında humanist əlaqələri tənzimləyən davranış və fəaliyyətin ideya, prinsip, qanun, normaqaydalar sistemidir. Pedaqoqlar mənəvi-əxlaqi tərbiyənin əsas vəzifəsi kimi uşaqlarda xeyirxahlıq və nəciblik hisslərinin, uşaqların insan əxlaqına uyğun olaraq yaşaması, fəaliyyət göstərməsi, cəmiyyətin əxlaq normalarına uyğun ruhda tərbiyə edilməsi, onların şüur, hiss və əxlaqının cəmiyyətin tələblərinə uyğun yönəldilməsi, şəxsiyyət kimi formalaşdırılmasında görürlər.

Təcrübələr göstərir ki, uşaqlara bağça, məktəb yaşlarından etibarən idmanla, bədən tərbiyəsi ilə məşğul olmağın faydasını başa salmaq, onlara bu vərdişləri aşılamaq lazımdır. Valideynlər uşaqlarını sağlam həyat tərzinə alışdırmaq üçün onları piyada gəzməyə, avtobusdan az istifadə etməyə, təmiz havada çox olmağa alışdırmalıdırlar. Təbii ki, valideynlərin səyi nəticəsində uşaqlarda getdikcə fiziki yüklənməyə vərdiş yaranır. Uşaqların valideynləri ilə birgə gəzintiyə çıxması, şəhərin mədəni, tarixi abidələri ilə tanış olması, velosipedlə gəzintiyə çıxmaları müsbət nəticələr verir. Yayda dəniz sahilinə getmək, dənizdə çimmək uşaqların sağlamlığı üçün əsas şərtlərdəndir. Bunun üçün ölkəmizin coğrafiyası çox əlverişlidir. Xəzər dənizinin suyu, qumu, havası sağlamlığın əsil dərmanıdır.

Tədqiqatlar göstərir ki, uşaqlara zorla nəyisə aşılamağın, onları nəyəsə məcbur etməyin nəticəsi yaxşı olmur. Əksinə, uşaqlarla yumşaq, mülayim rəftar edəndə, hər şeyi təmkinlə başa salanda onlar daha anlayışlı olurlar. Valideynlər istəyirlər ki, onların övladları gümrah, fiziki və mənəvi cəhətdən sağlam olsunlar, vətənə, xalqa faydalı övlad kimi yetişsinlər. Yəni əsası odur ki, onlar fiziki cəhətdən sağlam, mənəvi cəhətdən kamil insan, vətəndaş kimi böyüsünlər. İdmanla məşğul olmaq uşağın yalnız sağlamlığı üçün deyil, həm də, onun xarakterinin formalaşması üçün çox faydalıdır.

İdman məşğələləri uşaq və gənclərdə özünəinam hissini artırır, məqsədyönlülük, inam, qətiyyətlilik və əməksevərlik kimi keyfiyyətlərin aşılanmasında əvəzsiz rol oynayır. İdman insanları təkcə fiziki cəhətdən deyil, həm də mənəvi cəhətdən kamilləşdirir. İdmanla məşğul olan uşaqlar əksər hallarda yaşıdlarından sərbəst olmalarına və müstəqil qərar qəbul etmək bacarığına görə fərqlənirlər.

 

Sağlam uşaq daim ətraf aləmlə maraqlanır

 

Sağlam olmaq özünü həm fiziki, həm də mənəvi cəhətdən yaxşı, gümrah hiss etmək deməkdir. Pedoqoqlar uşaqların tərbiyəsində ən əsas amil kimi onların sağlam böyüməsini qeyd edirlər. Mahiyyət onun fiziki və mənəvi gücünün harmoniyasında, əsəb sisteminin normallaşmasında, müxtəlif zərərli təsirlərə dözə bilmək qabiliyyətindədir. Müşahidələr göstərir ki, sağlam uşaq daim ətraf aləmlə maraqlanır. Belə uşaqlar çox enerjili olurlar və onları həyatın heç bir çətinliyi qorxutmur. Təbii ki, sağlam uşaqlarda ətraf aləmi öyrənmək və həyatın sirlərinə baş vurmaq tələbatı çox güclüdür. Tibbi tədqiqatlar sübut edir ki, fiziki hərəkətlərin məhdudluğu 40 yaşdan sonra insanlarda müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Psixoloqlar uşaqların fiziki məşğələlərdən yayınmaması üçün onların asudə vaxtlarını şən, əyləncəli proqramlarla zənginləşdirməyi tövsiyə edirlər. Təcrübələr göstərir ki, uşaqlar valideynlərdən ibrət götürürlər. Sözü ilə əməli üst-üstə düşməyən valideynlər övladlarının mənəvi tərbiyəsinə mənfi təsir göstərirlər. Uşağın sağlam həyat tərzi sürməyini istəyən valideyn öz davranışında düzgün olmalı, cəmiyyət içində fərqlənməlidir. Uşaqların sağlamlığı bu gün bütün dünyada valideynləri narahat edən başlıca məsələdir. Ölkələrin çoxunda bu problem ciddi narahatlıq doğururbununla bağlı dövlət səviyyəsində proqramlar və layihələr həyata keçirilir. Pedaqoqlar məktəbdənkənar təhsil sistemini uşaq və gənclərin maraq, həvəs, qabiliyyət, intellekt səviyyələrinin öyrənilməsində, onların yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılmasında mühüm vasitə hesab edirlər. Məktəbdənkənar təhsil ocaqları uşaq və gənclərin yüksək fiziki inkişafını təmin etməklə yanaşı, həm də onların maraqlı istirahət və asudə vaxtına xidmət göstərir. Bu cür təhsil və tərbiyə ocaqları könüllülük əsasında ailənin, təhsil müəssisələrinin, ictimai təşkilatların, yaradıcılıq ittifaqlarının, cəmiyyətlərin, fondların, əmək kollektivlərinin, eləcə də, ayrı-ayrı vətəndaşların köməyi ilə yaradılır. Belə müəssisələrə uşaq və gənclər üçün nəzərdə tutulan yaradıcılıq mərkəzləri, evlər, klublar, turizm mərkəzləri, idmanşahmat məktəbləri aiddir. Burada uşaq və gənclərlə işlər istirahət günləri, bayram və tətil günləri də aparılır.

Uşaqların bədən tərbiyəsi və idmana həvəsləndirilməsi yollarından biri də təbiətin qoynuna təmiz, səfalı, mənzərəli yerlərə gəzintiyə getmək, turist yürüşləri təşkil etməkdən ibarətdir. Bu baxımdan respublikamızda gözəl mənzərəli yerlər çoxdur və onların əksəriyyətindən turist marşrutları keçir. Qeyd edək ki, turist yürüşləri digər idman növləri kimi xüsusi maddi vəsait, idman avadanlığı, inventar tələb etmir. Ona görə də turist yürüşlərini hər bir zaman məktəbdə, düşərgədə təşkil etmək mümkündür. Turist yürüşləri təkcə uşaqların və yeniyetmələrin sağlamlığına, fiziki inkişafına müsbət təsir göstərmir, həm də onların mənəvi tərbiyəsinin inkişafında mühüm rol oynayır. Turist marşrutlarının seçilməsində, yürüşə hazırlıq işində məktəb və düşərgə rəhbərliyi yaxından iştirak etməlidir.

 

Uşağın hərtərəfli tərbiyəsinin əsası ailədə qoyulur

 

Uşaqların bədən tərbiyəsi və idmana həvəsləndirilməsi yolları ailə və məktəbin birgə fəaliyyətindən yan keçməməlidir. Şübhəsiz ki, uşağın sağlamlığı və fiziki inkişafının əsası ailədə qoyulur. Həyatın ilk dərsini uşaq öz ailəsində alır, onun fiziki və mənəvi inkişafı ailədə təşəkkül tapır. Bu mənada, uşağın hərtərəfli tərbiyəsinin ilkin məktəbi məhz ailədir. Mütəxəssilərin fikrincə, ailədə təməli düzgün qoyulmuş fiziki tərbiyə uşaq və yeniyetmələrin təkcə fiziki hazırlığını yüksəltməklə, sağlamlığını möhkəmlətməklə kifayətlənmir, eyni zamanda, onların təhsilinə, ictimai fəallıqlarına müsbət təsir göstərir. Məhz bu baxımdan uşaqların bədən tərbiyəsi və idmana həvəsləndirilməsi yolları, ailənin tutduğu mövqe, fəaliyyət dairəsi gündən-günə genişləndirilməlidir.

Valideynlər uşaqların fiziki hazırlığını artırmaq məqsədilə onların düzgün qamət inkişafına, gün rejiminə, normal qidalanmasına, yuxu və səmərəli istirahətinə diqqət yetirməlidirlər. Təlim və tərbiyə prosesinin, uşaqların bədən tərbiyəsi və idmana həvəsləndirilməsi yollarının müvəffəqiyyətlə həyata keçirilməsində bütün bunların böyük əhəmiyyəti var. Ümumiyyətlə, uşaqlarla aparılan tərbiyə işlərinin müvəffəqiyyəti onun planlı, məqsədyönlü həyata keçirilməsindən asılıdır.

 

Üzgüçülük yeniyetmə və gənclərin sinir sisteminə müsbət təsir göstərir

 

Məlumdur ki, bütün idman növləri orqanizmin sağlamlığının təminatçısıdır. Bu baxımdan, uşaqların sağlamlığının təmin olunmasında üzgüçülüyün əhəmiyyəti daha böyükdür. Bu idman növü orqanizmə müsbət təsir göstərən başlıca amillərdən biridir. Üzgüçülük orqanizmi xarici mühitin təsirinə hazırlayır və bədənin ümumi müqavimətini artırır. Digər önəmli cəhətdən biri kimi qeyd edək ki, üzgüçülük yeniyetmə və gənclərin sinir sisteminə müsbət təsir göstərir, emosionallığı yüksəldir və orqanizmin tez yorulmasının qarşısını alır. Üzgüçülük məşğələlərinə məhz bu baxımdan xüsusi diqqət yetirilir. Yay tətili dövründə uşaqların çimərliklərə getməsinə, üzgüçülüklə, müxtəlif su idmanı növləri ilə məşğul olmasına çalışmaq məktəb və düşərgə rəhbərlərinin, bədən tərbiyəsi müəllimlərinin və bədən tərbiyəsi təlimatçılarının əsas qayğılarından biri olmalıdır.

Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən üzgüçülük hovuzlarında uşaq və yeniyetmələrin iştirakı ilə müxtəlif səviyyəli yarışlar təşkil olunur. Həmçinin məktəbyaşlı uşaqlarla kütləvi şəkildə üzgüçülük məşğələləri təşkil edilir. Bütün bu tədbirlərdən sonra üzməyi yeni öyrənən uşaqlar arasında yarışlar keçirilir. Bu yarışlar uşaqların qələbə inamını, qələbə əzmini daha da yüksəldir. Bunun sayəsində uşaqlar arasında üzgüçülüyə olan maraq da xeyli artır. Deməli, uşaqların üzgüçülüyə və eyni zamanda digər idman növlərinə marağını artırmaq üçün bu cür tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Fiziki tərbiyə və idmanın, xüsusilə üzgüçülüyün hər bir adamın gündəlik tələbatına çevrilməsi, hər şeydən əvvəl, onun geniş təbliğ edilməsi ilə bağlıdır. Bu mühüm əhəmiyyətli işin əsası isə, qeyd olunduğu kimi, ümumtəhsil məktəblərindən əvvəl, ilk növbədə, ailədə və məktəbdənkənar tərbiyə müəssisələrində qoyulur. Məhz bu istiqamətdə düzgün fəaliyyət proqramı hesablanıb həyata keçirilərsə, fəal hərəkətlərlə müşayiət olunan işlərin, fiziki tərbiyə və idmanın ən yaxşı istirahət növü olduğuna, sağlamlıq əhəmiyyəti daşıdığına inanmayanların sayı gündən-günə azalar.

Müşahidələr göstərir ki, bədən tərbiyəsinə maraqmeylin azalmasının ən başlıca səbəbini şagirdlərə fiziki tərbiyə və idmanın faydası haqqında dərin nəzəri biliklərin çatdırılmamasında axtarmaq lazımdır. Müvafiq mövcud məlumatların çatdırılmaması, təbii ki, uşaqların əksəriyyətində fiziki tərbiyə və idmana ögey münasibətin yaranmasına gətirib çıxarır. Məktəblərdə keçilən fiziki tərbiyə dərsləri və idman məşğələlərində ölkəmizin adlı-sanlı idmançılarının həyatı, idman sahəsindəki uğurlarından söhbət açılmalı, bu zaman idmana aid əyani vasitələrdən (idmançılarımız haqqında çəkilən sənədli filmlərin nümayişi, idmana dair yazılan kitabjurnallar) istifadə edilməlidir. Uşaq və yeniyetmələrin vətənpərvər ruhda böyüməsi istiqamətində də məktəblərdə bir sıra hərbi idman oyunlarının keçirilməsi vacib amillərdəndir. Məsələn, "Üfüqdə parıltı”, "Şahin” və "Cəsurlar” hərbi idman oyunları gənclərdə vətən sevgisini, doğma torpağa bağlılığı artırır. Keçmiş SSRİ-nin təyyərəçi-kosmonavtı Aleksey Leonovun "Üfüqdə parıltı” yarışlarında iştirak edən uşaqlara müraciəti bu gün də əhəmiyyətini itirməyib. Həmin müraciətdə deyilirdi: "Əziz uşaqlar! Şübhəsiz ki, sizin hər biriniz sağlam, güclü, qıvraq və cəsur olmaq istəyirsiniz. Kim bədən tərbiyəsi və idmanla dostluq etsə, məhz bu cür keyfiyyətlərə malik ola bilər. İdman mavi suların qoynunda inamla irəliləməyinizə kömək edər, sizi izdihamlı stadionlara aparar, gözəl planetimizlə tanış edər və hətta səmanı sizə yaxınlaşdırar. Buna nail olmaq o qədər də çətin deyildir: əgər qətiyyətli olsanız, iradənizi və bədəninizi möhkəmlətsəniz, qarşınızda idman aləminə - güclü, sağlam və cəsarətli adamların yaşadıqları bu aləmə "yaşıl küçə” açılar. İdman nəinki zəifi gücləndirir, xəstəni sağaldır, eyni zamanda, qətiyyət və iradi keyfiyyətlərin yaranmasına kömək edir. Çempion olmaq vacib deyildir - bu, hamıya müyəssər olmur. Lakin fiziki cəhətdən sağlam olmaq, doğma vətənə mümkün qədər daha çox fayda vermək hər kəsin özündən asılıdır”.

Söylənilən bu fikirlərdə uşaqların bədən tərbiyəsi və idmana marağının artırılması üçün çox qiymətli fikirlər yer alıb. Sevindirici haldır ki, ölkəmizdə fiziki tərbiyə müəllimləri idmanın elmi-nəzəri əsaslarına, fiziki hərəkətin ictimai, sağlamlıq və tərbiyəvi əhəmiyyətini, digər fənlərlə əlaqəsi haqqında lazımi nəzəri məlumatlara dərindən yiyələnir, onları öz şagirdlərinə lazımi səviyyədə öyrədirlər. Son illər aparılan müşahidələr göstərir ki, ümumtəhsil məktəblərinin şagirdləri fiziki təmrinlər haqqında nəzəri biliklərə malikdirlər. Bakı şəhərinin 20-dən çox orta məktəbinin şagirdləri arasında aparılan sorğuların nəticələri belə bir fikir söyləməyə əsas verir ki, fiziki tərbiyə və idman üzrə nəzəri biliklərin şagirdlər tərəfindən mənimsənilməsi, həmin biliklərin praktik vərdişlərlə qarşılıqlı əlaqəsi məktəblərdə normal şəkildə yerinə yetirilir. Şübhəsiz, qeyd olunanları respublikada fəaliyyət göstərən bütün məktəblərə aid etmək olmaz. Azərbaycan dövləti idmanın hər yerdə, o cümlədən orta məktəblərdə kütləvi xarakter alması üçün ən yüksək səviyyədə tədbirlər həyata keçirir, proqramlar qəbul edir. Uşaq və yeniyetmələrin, o cümlədən gənclərin idmana cəlb olunması, həmçinin onlara idmanın nəzəri biliklərinin öyrədilməsi üçün lazımi qədər maliyyə vəsaiti sərf olunur. Bu baxımdan idmana aid nəzəri biliklərin zəif tədris edildiyi məktəblərdə bu əsaslı surətdə dəyişməli, dövlətin idmana və bədən tərbiyəsinə aid metodik tövsiyələri dəqiq yerinə yetirməlidir.

 

Rahib Səmədov

 

Olimpiya dünyası.- 2018.- 20 mart - 2 aprel.- S.5.