Sənətin Kərəmi

 

Rübabə Muradova, Qulu Əsgərov və İslam Rzayevə məqalələr həsr etməyim adi bir təsadüf deyil. Qoy bu ehtiramımız onların dostluqlarının dünyalarını dəyişəndən sonra da sarsılmayacağının, müqəddəs ruhlarının sağlıqlarında olduğu kimi, daim bir-birini arayıb taparaq tək qoymayacağının rəmzinə çevrilsin!

 «Tale qapısı bir yandan bağlananda o biri yandan açılır» deyiblər. Möcüzəyə bax,  dözülməz mühit ucbatından yurd-yuvasından didərgin düşmüş Rübabə xanımın ailəsi başqa yerdə yox, məhz gəlib Salyanda məskunlaşdı. Bəlkə elə Qulu Əsgərovla tanışlıq, dostluq üçün, sənət yolunda birgə addımlamaqdan ötrü bir ilahi çağırış idi bu. Sonralar xeyli müddət aralı düşsələr də, yenə görüşdülər. Bu dəfə Bakıda - Leyli və Məcnun rollarında, Əsli və Kərəm obrazlarında, Şahsənəm və Qərib qiyafələrində… Geniş konsert salonlarında, ziyafətlərdə…

Ustadım İslam Rzayevin dost sədaqəti ustadı sandığı Qulu Əsgərovun ömrünün axır çağlarında, onun əlacsız xəstəliyə düçar olduğunu hiss edərkən özünü daha çox büruzə verdi. Son dəfə 1986-cı ildə Azərbaycan Dövlət Televiziyasında onun qırx beş dəqiqəlik çıxışı da İslam müəllimin təkidli xahişinin hesabına baş tutdu. Xalq həmin verilişdə Qulu Əsgərovun təkrarsız səsini dinləyəndə xəbəri yox idi ki, mənəviyyatına büllur bulaq çeşməsi kimi yayılan bu nəğmələri oxuyan sənətkarın artıq boğazından bir qurtum su keçmir və tezliklə - 12 iyun 1987-ci il tarixdə, yaradıcılığının ən qaynar çağında öz sevimli övladını son mənzilə yola salmalı olacaq…

1928-ci ildə Salyan şəhərində dünyaya göz açan Qulu Rüstəm oğlu Əsgərovun musiqi üzrə istedadı, həmin sahəyə meyli erkən dövrdən özünü göstərdi. Hələ yeddi-səkkiz yaşlarında taxtadan «tar» düzəldərək bir çox el havalarını, mahnılarını çalmağı öyrənmişdi.

Böyük Vətən müharibəsi bütün tay-tuşları kimi, bu yeniyetmənin də taleyindən qara dalğa kimi ötüb keçdi. Amma çətinliklər, məhrumiyyətlər onu arzusundan yayındıra bilmədi. İnadkarlıqla tutduğu yolu davam etdirdi.

Musiqiyə sonsuz sevgisi Qulu Əsgərovu Salyan rayon mədəniyyət kollektivinə gətirib çıxardı. Həvəskar xanəndə kimi fəaliyyət göstərir, eyni zamanda yorulmadan savadını, biliyini artırırdı. Təsadüfi deyildi ki, respublika miqyaslı baxış müsabiqələrində hər dəfə qələbə qazanırdı. O dövrdə yüksək dinləyici auditoriyasına malik Salyanda Bakı və Qarabağdakı tək öyrənmək üçün elə bir mötəbər muğam məktəbi, ustad xanəndə tapmasa da, gənc Qulu böyük sənətkarların səsi yazılmış valları əldə edir, təkrar-təkrar qulaq asaraq ifasını günbəgün təkmilləşdirirdi. Hətta o, şəhərdən, ətraf kəndlərdən sənətçilər toplamış, bədii özfəaliyyət xalq çalğı alətləri ansamblı təşkil etmişdi.

Çalışdığı Salyan Musiqili Dram Teatrının binasının yanması onun qızğın yaradıcılığına bir müddət durğunluq gətirdi. Orada müxtəlif vəzifə daşıyan insanların cərgəsində şayiələr, sorğu-suallar hədəfinə çevrildi. Lakin varlığını, həyatını musiqidə görən Qulu Əsgərov sənətdən bir an da aralanmadı.

 Mən respublikamızın rayonlarında, xüsusən cənub bölgəsində tez-tez oluram. Köhnə adamlar el şənliklərinə ecaskar səsləri ilə rövnəq vermiş məşhur sənətkarları, altmış-yetmiş il keçməsinə baxmayaraq yaxşı xatırlayırlar. Məclis iştirakçıları belə ifaçılardan sübhün gözü açılana qədər əl götürməzmişlər. Onların sırasında Qulu Əsgərovun özünəməxsus yeri var. Hər gəlişi şirin bir xatirə kimi yaddaşlara həkk olunub.

Ötən əsrin 40-cı illərində, Salyanda həmin yanğın hadisəsi baş verəndən sonra da Cəlilabad, Biləsuvar, Lənkəran və digər yaxın rayonlardakı dostları gənc Qulunu darıxmağa, bədbinliyə qapılmağa qoymadılar. Masallının Ərkivan qəsəbəsindən yerli camaatın «Mamedov» deyə müraciət etdiyi, uzun illər kolxoz sədri işləmiş Heybət Məmmədov, Məmmədxanlı kəndindən Teymur kişi vaxtaşırı qohum-əqrəbanın toy məclislərində ona meydan verirdilər…

Bir günü də musiqisiz, oxusuz keçməyən Qulu Əsgərov getdikcə daha güclü şəkildə anlayırdı ki, ifaçılıqdan uzaqlaşa bilməyəcək və həvəskar xanəndəlik istedadının imkanını ödəmir. Ona görə də professional təhsil almaq üçün Azərbaycanın paytaxtına üz tutdu. 1952-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin Muğam şöbəsinə, xanəndəlik sənətinin xiridarı Seyid Şuşinskinin sinfinə daxil oldu. Təcrübəli pedaqoq sonralar da Qulu Əsgərovun ifasını yüksək qiymətləndirmiş və tarixçi alim Əlövsət Quliyevin xatırlamasına görə, 1958-ci ildə onun şərəfinə verilən ziyafət məclislərinin birində öz ustad şükranlığını bu kəlmələrlə ifadə etmişdi: «Dünyadan rahat köçəcəyəm. Ona görə ki, məndən sonra mənim «Bayatı-Kürdüm»lə «Bayatı-Qacar»ımı yaşadan Qulu Əsgərov var»…

Respublikanın Xalq artisti, müəllimim İslam Rzayev danışırdı ki, hələ orta ixtisas məktəbində oxuyarkən tələbələr Qulu Əsgərova adi yoldaşları kimi yox, özünü təsdiq etmiş sənətkar kimi hörmət bəsləyirdilər. Bənzərsiz istedadı, qısa vaxtda püxtələşməyi musiqişünasların, respublikanın səs sənəti ilə bağlı olan ayrı-ayrı təşkilatlarının rəhbərlərinin diqqətini getdikcə özünə daha çox çəkirdi. Bu səbəbdən 1957-ci ildə - Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbini bitirən kimi, onu solist olaraq Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət etdilər. Burada da tezliklə əvəzolunmaz simaya çevrildi.

Musiqi mədəniyyəti tariximizdə Üzeyir bəy Hacıbəyovun tərəqqiyə bələdçiliyi təkcə bu dahi bəstəkarın şəxsi fəaliyyətindən ibarət deyil. Onun şəcərəsinin neçə-neçə nümayəndəsi və həmin sırada Bədəlbəylilər qolunun bu sənətlə bağlı üzvləri həmişə əsil ifaçıların təəssübünü çəkiblər. Şamanlar od-ocağı qoruyan kimi, xalqın varlığındakı işığı, hərarəti nümayiş etdirən məlahətli səslərin keşiyində dayanıblar. Respublikanın Xalq artisti Sultan Dadaşovla məhz Şəmsi Bədəlbəylinin köməyi sayəsində Qulu Əsgərov «Leyli və Məcnun» operasında əsərin əsas qəhrəmanlarından olan Zeyd rolunda ilk dəfə böyük səhnəyə qədəm qoyub. Çox keçmədən ona ikinci rolu - «Əsli və Kərəm»də Kərəmi oynamağı etibar etdilər. Səsindəki yanıqlılığa, həzinliyə, zilə qalxanda belə itməyən xırdalıqlara əlavə gözəllik verən aşıqvari çalarlar yaratdığı obraza yeni nəfəs gətirərək əvvəlki ifaçıların təsirindən tamamilə çıxardı, orijinallaşdırdı. Kərəm rolunun Qulu Əsgərova qısa müddətdə böyük uğur qazandırmasında fitri keyfiyyətlərindən savayı sözsüz ki, musiqişünaslardan, daha təcrübəli solistlərdən aldığı məsləhətlərin və çox məsuliyyətlə yanaşdığı aramsız məşqlərin də əhəmiyyəti az olmamışdı. Eyni zamanda o, yüksək səhnə mədəniyyətinə malik bacarıqlı bir aktyor kimi yetişmişdi.

Filosof şairimiz Bəxtiyar Vahabzadə bu misralarla zənnimcə, təkcə özünün yox, bütün yaradıcı insanların amalına ayna tutub:

 

 

 Bizim sənət dünyasının

Qırıq telli sazıyam.

Bircə ondan razıyam ki,

Özümdən narazıyam.

 

 

 Qulu Əsgərov məhz belələrindən idi. Ustadlarım Nəriman Əliyev və İslam Rzayevin Seyid Şuşinskidən eşitdikləri bu kəlmələrdən tələbəsi kimi yəqin o da xəbərdar idi: «Yad boğazlarla öz xalqınızı heyrətləndirə bilməzsiniz. Yaxşısı budur milli musiqi sənətimizin qayğısına qalın, onu formalaşdırmağa çalışın...». Bundan ötrü isə özün elə səviyyəyə çatmalısan ki, xalqın və ya onun hansısa fərdinin yaratdığı, sənə qədər neçə-neçə sənətkarın ifasından keçmiş melodik əsərə öz dəsti-xəttini tətbiq etməyə haqqın olsun. «Əsli və Kərəm» operasında Kərəmi orta ixtisas təhsili ilə oynayan Qulu Əsgərov artıq «Leyli və Məcnun»da Məcnun, «Aşıq Qərib»də Qərib obrazlarına səhnə həyatı verəndə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdi.

Ötən əsrin 60-cı illəri onun yaradıcılığının ən parlaq dövrü, fəaliyyətinin çoxşaxəli çağı idi. Operalarda əsas kişi qəhrəmanlarını oynayan solist kimi adı afişalardan düşmür, eyni zamanda İncəsənət İnstitutunda və Mədəni-Maarif Texnikumunda dərs deyir, konsertlərdə oxuyur, toylara gedirdi…

Qulu Əsgərov gənclik illərindən başlayaraq ömrünün sonuna qədər həvəskar bəstəkar kimi iki yüzdən çox mahnı da bəstələdi ki, bir çoxunun sözləri özünə məxsusdur. «Gülən yar», «Bəyənmir məni», «Sevdim səni», «Olarmı» mahnılarının mətni onun şairlik istedadının məhsuludur. Amma yalnız şəxsi poetik dünyasına qapılıb qalmır, digər söz sənət sahiblərinin də yaradıcılığına müraciət edirdi. Qulu Əsgərovun səsinin məftunu olan, aralarında iyirmi iki il yaş fərqinə baxmayaraq dost kimi istər Salyanda, istər Bakıda tez-tez görüşdükləri böyük şairimiz Səməd Vurğunun «Nə gözəl yaraşır Muğana ceyran» misralı məşhur şeirinə bəstələdiyi mahnı dillər əzbəri oldu Tofiq Bayramın tərcüməsində. Rəsul Həmzətovun: 

 

 

Elə bil qollarım qırılıb mənim,

Gözümün yaşını silə bilmirəm

 

 - deyə ürəklərə köz salan həsrət dolu sözlərilə Qulu Əsgərovun həzin musiqisinin vəhdətindən «Əziz dost» mahnısı yarandı. Bunlardan başqa Nəbi Xəzri, Mədinə Gülgün, Müzəffər Şükür, həmyerlisi Ağacavad Əlizadə və digər şairlərin şeirləri əsasında yazdığı könül oxşayan «Sevgilimsən», «Xatirəli anam mənim», «Dolanaram başına», «Vətən sevgisi», «Ürək», «Gəl-gəl», «Bizim ellər» kimi nəğmələri hələ də repertuarları bəzəyir.

Mahnılarını ilk növbədə İslam Rzayevə verərdi. Əlbəttə, təkcə yaxın dostu olduğuna görə yox, yaxşı oxuduğu üçün. «Əziz dost»u isə ümumiyyətlə onu nəzərdə tutub bəstələmişdi. Sonralar Alim Qasımov və Zaur Rzayev də onu öz proqramlarına daxil etdilər. Respublikanın Xalq artisti Zeynəb Xanlarova, Mələkxanım Əyyubova, Zabit Nəbizadə və digər görkəmli ifaçılar xanəndə-bəstəkarın mahnılarını efirdə dönə-dönə oxuyublar.

Tələbə və gənclərin altıncı Ümumdünya Festivalının laureatı, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Qulu Əsgərov 1978-ci ildən birdəfəlik pedaqoji fəaliyyətə bağlandı. O, İncəsənət İnstitutunun Muğam kafedrasında baş müəllim vəzifəsində çalışır, musiqili teatr üçün kadrlar hazırlayırdı. Xalq artisti Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Yaqut Babayeva kimi neçə-neçə sənətkarın yetişməsində böyük əməyi olub, öz evində xanəndə Süleyman Abdullayevə iki il muğam dərsi keçib. Tələbələrinin yaxşıları ilə həmişə fəxr edər, yolunu azanlara kəskin şəkildə etirazını çatdırardı. Bir dəfə yetirmələrindən hansınınsa televiziyada «İntizar» mahnısını musiqinin ahəngindən kənara çıxa-çıxa, sözlərin qol-qanadını sındıra-sındıra, səhnə mədəniyyəti normalarını poza-poza oxuduğunu görür. Onu yanına çağıraraq qədərincə danlayır və tapşırır ki, Qulu Əsgərovun tələbəsi olduğunu heç yerdə dilinə gətirməsin. Bu tənbehdən sonra həmin müğənni özünü düzəldir, hətta ifa etdiyi «Xatirəli anam mənim» mahnısı ustadının xoşuna gəlir…

Qulu Əsgərov olduqca təvazökar və gözütox insan idi. Umacaqsız halda Azərbaycan mədəniyyətinin qulluğunda dayanırdı. Naxçıvanda «Əsli və Kərəm» operası oynanılandan sonra solistlərin şərəfinə təşkil edilən ziyafətdə muxtar respublikanın rəhbərlərindən biri onun “Əməkdar artist” adına layiq görülməsi məsələsini qaldıranda buna ehtiyacı olmadığını bildirir. «Bu təltif üçün artıq mənim yaşım keçib. Fikriniz ciddidirsə, tərəfmüqabilim, Əsli rolunun ifaçısı Rəsmiyyə Sadıqovaya verin. Hələ çox gəncdir, sənətinin qiymətləndirilməsindən ruhlanar» deyir.

Böyük Hüseyn Cavid əsərlərindəki obrazların əksəriyyətinə tipik türk adları qoymuşdu. Elə övladlarına da: Ərtoğrul, Turan. Bəlkə də otuzuncu illərdə dövlət idarələrimizdə vəzifəyə bizdən qisas almaq, milli kökünə bağlı ziyalılarımızı məhv etmək üçün gətirilmiş düşmənlərin onu suçlama bəhanələrindən biri də bu oldu. Təəssüf ki, aramızda başını qorumaqdan ötrü əks yolu seçənlər də tapılırdı. Dədə Qorqud yurdunda oğlanlarının, qızlarının adlarını Marksın, Leninin, Şaumyanın adına yaraşdırırdılar. Qulu Əsgərov musiqi ilə nəfəs alırdı. Ona elə bağlanmışdı ki, həyatının bütün tərəflərinə sevə-sevə oxuduğu «Bayatı-Kürd», «Rast», «Bayatı-Qacar», «Mirzə Hüseyn segahı», Kərəm yanğısı, Məcnun həsrəti dünyasından boylanırdı. Bu fikrin əyani sübutudur ki, oğlanlarına Muğamat və Rahab, qızına Şahnaz adlarını qoymuşdu. Hər iki oğlu atalarının etimadını doğruldaraq ADMİU-nu bitirdi. Muğamatın onun kimi gözəl səsi var idi. Təəssüf ki, musiqi sahəsində öz sözünü deməyə vaxtsız vəfatı imkan vermədi. Rahab isə hazırda Salyan rayonundakı mədəniyyət evində bədii rəhbər işləyir. Qulu Əsgərovun nəvəsi Qulu Əsgərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir.

Sənətkar adı, soyadı əvvəlində uzun-uzadı sıralanmış titulların hesabına yox, yaradıcı fəaliyyətinin misilsiz dəyərinə görə ölməzlik qazanır. Tarix üzügələcəyə addımladıqca, ilbəil, qərinəbəqərinə ləngər vurub silkələndikcə, özünü müvəqqəti «yük»lərdən təmizlədikcə əbədiyyətə ismarladıqlarını daha çox parlaqlaşdırır və aydın göründürür. Gördüyü işlər musiqi mədəniyyətimizin bir danılmaz parçasına dönmüş Qulu Əsgərovun adı, soyadı kimi…

 

 

İbişova  Ruzə

 

Palitra. -2010. – 14 aprel. – S.13.