Siqaret çəkənlərin həyat yoldaşları daha tez xərçəng xəstəliyinə yoluxur

 

Layihə çərçivəsində növbəti müsahibimiz tibb elmləri namizədi, dosent Əlfəddin Abdullayevdir. 

- Oğuz rayonunda ibtidai məktəbi bitirdikdən sonra rayonda açılan internat məktəbində 1946-cı ildə təhsilimi başa vurdum və Tibb İnstitutuna daxil oldum. 1952-ci ildə bu ali təhsil ocağını 430 nəfər məzun başa vurdu ki, onlardan biri də mən idim. Təyinatla bizi Qazaxıstana gəndərdilər və mən də Çimkənd vilayətinin Bostandık rayonuna gəldim. Orada bir xəstəxanada 3 il baş həkim işlədikdən sonra Oğuz rayonuna qayıdaraq burada çalışdım. Sonra aspiranturaya daxil oldum, müdafiə etdim və tibb elmləri namizədi elmi dərəcəsini aldım. Həmin vaxtdan başlayaraq həm 4 saylı xəstəxananın baş həkimi kimi çalışmağa, həm də Tibb İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmağa başladım. 30 il bu sahədə çalışmışam. Həmin xəstəxanada 29 il baş həkim kimi fəaliyyət göstərdim və ölkədə ilk dəfə məhz burada endekrinoloji şöbə açıldı.

Bu gün dünya əhalisinin 90 faizi 60 yaşa qədər yaşayır. Sağlamlığın qorunması 20 faiz irsən, 22 faiz ekologiyadan, 8 faiz həkimlərdən, 50 faiz insanın özündən  asılıdır. Ancaq təəssüf ki, bizim əhali öz sağlamlığına laqeyd yanaşır. Bununla  bağlı bir misal çəkmək istərdim. Deyirlər əgər bir insan özü həkimə müraciət edirsə, onun milliyyəti yəhudi, qolundan tutub gətirirlərsə, rus, xərəkdə gətirirlərsə, azərbaycanlıdır. Həkimə vaxtında müraciət etmək lazımdır. İnsan orqanizmini tamamilə öyrənib qurtarmaq olmaz. Bütün canlılar dünyaya gəldikdən sonra onların cinsi yetişkənlik dövrü var. Həmin dövrə uyğun hesabladıqda insan 140 il yaşamalıdır. Ancaq bu yaş həddini qısaldan insan özüdür. İnsan ölümünə səbəb olan üç əsas amildən biri düzgün qidalanmamaqdır. Hazırda dünyada gündə 80 min adam acından ölür. Amma Amerikada insanlar 2 milyon ton piyə malikdirlər.  Hazırda inkişaf etmiş ölkələrdə qadınların 50, kişilərin 40, uşaqların 10 faizində piylənmə var. Hər 4 kilo artiq çəki 1 il ömrü azaldır. Məşhur bəstəkar F.Şopenin bir matəm marşı var və həmin marş dünyada matəm günlərində çalınır. Fransada xüsusi çəki vahidi olan qapan düzəldiblər. Öz çəkisini bilmək istəyən insanlar  həmin qapanın üzərinə çıxarkən 100 kilodan artıq olduqda həmin matəm marşı çalınır. Beləliklə, çox yemək, çox su içmək və hətta çox danışmaq belə zərərlidir.  Hətta çox təvazökar olmaq belə insan orqanizminə ziyandır. İnsan ölümünə səbəb olan müxtəlif xəstəliklər var ki, keçmişdə onlardan biri vərəm idi və hazırda da mövcud olan bu xəstəliyi vaxtında müraciət olunsa, müalicə etmək olur.

- Bu gün bir sıra xəstəliklərin ötən dövrlərə nisbətən geniş yayılması faktları var ki, onlardan biri də hipertoniyadır. Bununla baglı  nə deyərdiniz?

- Hazırda dünyada 30 min xəstəlik var. Onlardan eləsi var min nəfərdən birində, eləsi var 100 nəfərdən birində olur, amma bəzi xəstəliklər də var ki, iki nəfərdən birində olur. Bu gün insanları ən çox ölümə yuvarladan xəstəliklərdən biri məhz hipertoniyadir. “Hiper”- çox, “taniya”- təzyiq deməkdir. Hazırda 60 yaşa qədər 3 nəfərdən birində hipertoniya var. Amerikalılar bunu “səssiz və sirli xəstəlik” adlandırırlar. Ona görə ki, çox vaxt insanlar onlarda bu xəstəliyin olduğunu bilmir və ona görə sirlidir ki, tam öyrənilməyib. Bu xəstəliyin dərmanı ilk dəfə 1953-cü ildə İsveçrədə tapılıb.  Indi onunla bağlı bir çox dərmanlar var. Amma onu düzgün təyin etmək çox önəmlidir. Bir avtomobili hərəkətə gətirmək üçün onu öyrənməyə yarım saat vaxt sərf edirlər. Eyni zamanda tanometr adlı təzyiqi ölçən tibbi aparat var və onu da tam öyrənmək yarım saat vaxt tələb edir. Bu aparat hər kəsin evində olmalıdır və insan özünü narahat hiss etdikdə istifadə etməlidir. Ancaq istifadə etmədikdə və təzyiq qalxdıqda qonşuya müraciət edə bilmirlər, həkimə müraciət etmək istəmirlər. Bu isə ya hansısa beyində bir damarın partlaması ilə, ya da ifliclə nəticələnir. Mən özüm də 20 ildir hipertoniya xəstəsiyəm, ancaq hər gün vaxtında dərmanlarımı qəbul edirəm. Sadəcə xəstəliyə diqqətlə yanaşmaq lazımdır. Bu xəstəliyə müxtəlif amillər səbəb olur. Məsələn, Bakıda şimal küləyi əsərkən saniyədə 9 metrdən artıq olduqda belə bu, təzyiqə öz təsirini göstərir. 

- Sizcə, bu xəstəliklərin artma səbəbi nə ilə bağlıdır? Bu, savadlı kadrların azlığı, keyfiyyətli dərmanların olmaması, yoxsa insanların biganə yanaşmasından irəli gəlir?

- Bir sıra xəstəliklər həqiqətən də artıb. Hazırda mövcud xəstəliklərdən biri də şəkərli diabetdir. Bu fənn üzrə Tibb İnstitutunda ilk dəfə mühazirəni mən oxumuşam. Əvvəllər bu xəstələrin sayı az olardı. İndi 8 nəfərdən birində bu xəstəlik var. Hətta bəzi insanlar onlarda bu xəstəliyin olduğunu bilmir.  Bu sahədə də ən mühüm amillərdən biri xoş ovqatın olmasıdır. Pis ovqatda olmaqla insan öz ömrünü qısaldır. Qidalanmanın da mühüm rolu var. Məsələn, duzdan çox istifadə etmək olmaz. Hipertoniya xəstəliyi olan insanlarda duza olan tələbat 15 dəfə artır. Duz eynu zamanda qanda laxtalanmanı artırır. Təzyiqi olan adamlar gündə 1 qram duz yeməlidir. Hər bir insan orqanizmini qorumalıdır. Bu gun infeksion xəstəliklərə də çox rast gəlinir. Bu gun dərmanların keyfiyyəti ilə bağlı da problem var və bəzən onları duzgun hazırlamırlar. Hazırda ən mühüm problemlərdən biri narkomaniya və siqaretdən istifadədir. Gənclərin yetkinlik yaşında xarakterləri dəyişir. Mən bugünlərdə telekanallardan birində çıxış edərkən valideynlərə müraciət etdim ki, həmin yaş həddində uşaqlara həddindən artiq pul verməsinlər. Onlar pul çox olduqda əlavə yerlərə sərf edirlər və nəticədə narkotikaya, siqaretə aludəçilik yaranır. Bu bir fakdır ki, siqaret çəkənlərin həyat yoldaşları 5 dəfə artıq xərçəng xəstəliyinə yoluxurlar. Eləcə də onlarda ürək 15 dəfə artıq döyünür, infarkt 20 dəfə artıq müşahidə edilir. Ondan imtina etmək üçün iradə lazımdır.

 Artan xəstəliklərdən biri də mədə-bağırsaq xəstəliyidir. Bunun əsas amillərindən biri düzgün qidalanmamaqdır. Bu gün bir çoxları səhər yeməyindən imtina edir və bu adətə çevrilir. Amma bu mütləq lazımdır. Yemək yeyərkən tələsməmək də önəmlidir. Mədənin selikli qişası 70 il ərzində 50 dəfə dəyişilir. Vaxtında diqqət etmədikdə yaraya, sonra da xərçəngə çevrilir. O vaxt həkimə gedirlər ki, artıq gecdir. Ümumiyyətlə, həkim olmaq çox çətindir. Müxtəlif sahələrdə çalışan həkimlər var və hətta cərrah, reanimatoloq 8 il az yaşayırlar. Həkimlər insanların həyatına cavabdeh olurlar və onlar da hər bir pasientin sağalmasını istəyirlər.

 

 

Nigar

 

Palitra. -2010. – 27 aprel. – S.8.