İnsan kapitalı Azərbaycan üçün həqiqətən də ən önəmli və aktual məsələlərdən biridir

 

Layihə çərçivəsində müsahibimiz kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədovdur. Fuad müəllim bizimlə söhbətində insan kapitalının formalaşmasının vacibliyinə toxundu: 

 

- İnsan kapitalı bu gün Azərbaycan üçün həqiqətən də ən önəmli və aktual məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm xalqın qarşısında, həm də məmurların, siyasətçilərin, ziyalıların qarşısında elə bir problemin həllinə nail olmağı qoyub ki, biz gərək çox qısa müddət ərzində və yüksək effektivlik səviyyəsində insan kapitalını ölkədə inkişaf etdirək. Çünki məhz insan kapitalı milllətimizin, dövlətimizin, cəmiyyətimizin resursudur. Neft müvəqqətidir və onun kimi təbii sərvətlər gec-tez bitib tükənəcək. Amma insan kapitalı Yaponiyadabaşqa ölkələrdə olduğu kimi, əsas kapitalımız olacaq. Bu kapitaldan danışarkən təəssüflər olsun ki, bəzi insanlar məsələni düzgün dərk etmirlər. “İnsan kapitalı” deyiləndə elə başa düşürlər ki, insanların təkcə fiziki qüvvəsi, yaxud da mənəvi əhval-ruhiyyəsi, yeni yerləri nəzərdə tutulmalıdır. Əlbəttə, bunların hamısının müəyyən yeri var. Amma problem orasındadır ki, birinci növbədə yüksək mədəni insanların hazırlanmasından söhbət gedir. Yəni biliyi, bacarığı, mütəşəkkilliyi, mənəviyyatı və yaradıcı fəaliyyəti olan insanların formalaşması bizim üçün bu kontekstdə əsas götürülməlidir. Burada isə demək lazımdır ki, birinci növbədə səhnəyə intellektual, etik, hüquqi və idarəetmə mədəniyyəti üzə çıxmış olur. Çünki hər kəs idarəetmə mədəniyyətinə malik olmalı, insanlar qarşıda duran vəzifələrin düzgün dərk olunmasına nail olmalıdır.  Bunun üçün isə öz növbəsində, insanlar intellektual baxımdan yüksək səviyyə əldə etməlidirlər. Eyni zamanda yüksək mədəniyyət, davranış qaydalarına malik olmalıdırlar. Təbii ki, bunlarla yanaşı insanın sağlam fəaliyyət göstərməsi üçün onun fiziki sağlamlığı əsas rol oynayır. Həmçinin mənəvi sağlamlıq bu fiziki sağlamlığı tamamlamalıdır. Bütün bunlar üçün lazım olan müəyyən şərait isə Azərbaycanda göz qabağındadır. Bu göstəricilərə nail olmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. İnsanlar özləri bunu düzgün dərk edib, hər kəs özünü strateji baxımdan insan kapitalı istiqamətində təkmilləşdirməlidir. Bütün qeyd olunanlar insan kapitalı ilə bağlı olaraq reallaşsa, biz xeyli dərəcədə irəli gedə və rəqabətli dünyada güclü mövqeyə malik bir dövlət, bir cəmiyyət olaraq yerimizi tutarıq. Bununla yanaşı əlbəttə, yerlərdə, dövlət strukturlarında, qeyri-hökumət təşkilatlarında  və cəmiyyətin digər sferalarında hamı bu əsas vəzifəni düzgün dərk etməlidir. İnsan kapitalı məsələləri ilə bağlı müvafiq lokalregional səviyyələrdə mexanizmlər də hazırlanmalıdır. Yəni bu səviyyələrə uyğun insan kapitalı ilə bağlı layihələr həyata keçirməklə prosesi sürətləndirmək lazımdır. Biliyi, bacarıq və qabiliyyəti, müəyyən sahə ilə bağlı ciddi savad və səriştəsi, peşəkarlığı olaninsan kapitalı baxımından yararlı olan insanların inkişafı üçün xüsusi şərait yaradılmalıdır. Bu baxımdan insan kapitalının formalaşması ilə bağlı cəmiyyətimizin qarşısında duran vəzifəni məharətlə yerinə yetirmək mümkün olacaq. Çünki bu proses davamlı bir prosesdir. İnsanın kamilləşməsi, təkmilləşməsi nəsildən nəslə keçməklə çox vacib şəkildə proses olaraq davam etməlidir. Burada müxtəlif əlverişli və eyni zamanda yeni texnologiyalardan istifadə edilməlidir. Bütün bunlar ona gətirib çıxaracaq ki, azərbaycanlılar bir xalq və cəmiyyət olaraq daim rəqabətədözümlü və ciddi inkişafa, peşəkar sahələr üzrə ixtisaslaşmağa qabil olsunlar. Bununla dünya sivilizasiyasının ən yüksək inkişaf etmiş dövlətləri sırasına qoşula bilərik.

 

- Təhsil və insan kapitalı arasındakı bağlılığı necə xarakterizə edərdiniz? Ümumiyyətlə, Azərbaycan təhsili və insan kapitalının ölkəmizdə formalaşması məsələlərinə necə yanaşırsınız?

 

- Ümumi mənada qeyd etsək, insan kapitalı birinci növbədə yalnız və yalnız insanın yüksək mədəniyyəti ilə bağlı olan məsələdir. İnsan kapitalının inkişafı əgər mədəniyyətlə bağlıdırsa, mədəniyyət də ilk olaraq biliklərdən başlayır. Mədəniyyət təhsil, elmmaarifçilikdir. Ona görə də qeyd edirəm ki, Azərbaycan üçün inkişaf siyasətində dörd əsas üstünlük var: birincisi, intellektual mədəniyyətdir. İntellektual mədəniyyət elə təhsil mədəniyyəti ilə bağlıdır. İkincisi, etik mədəniyyətdir və bu mədəniyyət növü onu ehtiva edir ki, milli dəyərlərimizi, mənəvi keyfiyyətlərimizi, etik davranış qaydalarımızı qoruyub saxlamağı diktə edir. Düzgün davranış, əxlaqilik və nəzakətlilik kimi keyfiyyətlər bu mədəniyyət sahəsində əsas cizgilərdən sayılır. İnsanın davranışı onun mədəniyyətinin dəyişməsi ilə dəyişir. Bunu yadda saxlamaq lazımdır. Nə qədər mədəniyyətimizi düzgün inkişaf etdirəriksə, bir o qədər də davranış qaydalarımız düzgün formalaşacaq. Ötən müsahibələrimdə də qeyd etdiyim kimi, kulturologiyanın inkişaf etdirilməsi və cəmiyyətimizdə bu sahədə lazımi biliklərin yayılması ilə bağlı olaraq konkret təkliflərimiz var. Azərbaycanda Dünya Mədəniyyəti Beynəlxalq Universitetinin yaranması ilə bağlı konkret təkliflər paketimiz çoxdandır ki, durur. Həmçinin Kulturologiya İnstitutu, Kulturologiya Akademiyasının yaradılması təşəbbüsü ilə çıxış edirikbununla bağlı da hökumətə konkret təkliflər vermişik. Bundan başqa ali məktəbdə kulturologiya kafedralarının yaradılması günün aktual məsələlərindəndir və biz bunun təmin edilməsi təklifi ilə də çıxış edirik. Bütün bu məsələlərin Azərbaycanın intellektual-mədəni inkişafı və idarəetmə peşəkarlığının yüksəldilməsində çox ciddi önəmi var. Təkliflər sırasında orta məktəblərdə kulturologiya kabinetləri və mədəniyyətşünaslıq fənninin təşkil olunması da xüsusi önəm kəsb edir. Bu, hələ erkən yaşlardan yeniyetmə və gənc insanlarımızda kulturologiya və mədəniyyətşünaslıqla bağlı zəngin biliklər formalaşdırılmasına imkan yaradacaq. Bundan əlavə, bayaq qeyd etdiyim kimi, bölgələrdə kulturoloji mərkəzlərimiz açılmalıdır. Xalqın qüdrətinin onun mədəniyyətində olması faktı heç vaxt unudulmamalıdır. Bunun üçün də yerlərdə mədəniyyətin yüksəldilməsi mexanizmi formalaşdırılmalıdır. Mexanizm isə qeyd etdiklərimin kompleks şəkildə reallaşdırılmasından sonra formalaşa bilər. Şəxsiyyət və liderlərin bütün səviyyələrdə formalaşması bizim üçün çox gərəklidir. Bu, insan kapitalının formalaşması prosesini daha məqsədyönlü edəcək və sürətləndirəcək. Bu məqamda dövlət qurumları ilə yanaşı qeyri-formal təşkilatlar da diqqətə götürülməlidir. Yəni bələdiyyə nümayəndələri, qeyri-hökumət təşkilatları təmsilçiləri, yaradıcı ittifaqların rəhbərləri və üzvlərinın əksəriyyəti kulturoloji biliklərdən məhrumdur. Çünki sovet dövründə kulturoloji biliklər tədris edilməyib. Elə indinin özündə də qeyd etdiyim kimi, bu sahədə ciddi boşluqlar var. Ona görə də kulturologiya ilə bağlı cəmiyyətin öndə getməli olan təbəqələrində məlumatsızlıq, biliksizlikelmsizlik hökm sürür. Həm məmurlara, həm tələbələrə, həm də əhaliyə bu elmlə bağlı sistemli tədris keçirilməlidir. İnsan kapitalına strateji yanaşma da məhz kulturoloji biliklərə yiyələnmədən keçir. 20 ildir ki, kulturologiyanın ölkədə əsasını qoyan adam kimi bu sahədə çalışıram. “Simurqbu sahədə ən məhsuldar və beynəlxalq səviyyəli təşkilatlardan biri kimi özünün çoxsaylı layihələri və seminarları ilə tanınır. Dünyada məni tanıyırlar, beynəlxalq elmi-kulturoloji jurnal buraxırıq, Ali Attestasiya Komissiyası bu jurnalı təsdiq edərək reyestrinə salıb. Bu jurnalın redaksiya üzvləri qabaqcıl ölkələrin tanınmış alim və ekspertləridir. Bütün bunlar yüksək göstəricilərdir. Amma bir adam bu barədə mənimlə məsləhətləşmir ki, hansı işlər görülməldir ki, vəziyyət yaxşılaşsın. Biz əgər hüquqi dövlət qururuqsa, bizim bəzi məmurlarımız bunun məsuliyyətini başa düşməlidir. Başa düşülməlidir ki, mütləq qeyri-hökumət təşkilatlarının təşəbbüsləri və potensialından asılı olaraq əməkdaşlıq və partnyorluq lazımdır. Azərbaycanın milli maraqları, dövlətin strateji kursuna uyğun olaraq dövlət strukturları ilə qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti münasibətləri formulası çərçivəsində nəinki əməkdaşlıq, partnyorluq aparılmalıdır. Nə üçün belə olmasın və nəticədə də bizim nailiyyətlərimiz, tədqiqatlarımız başqa ölkələrdə istifadə olunsun? Halbuki bütün nailiyyətlərimiz, kulturoloji resurslarımız öz inkişafımıza həsr edilməlidir. Bu məqam lazımınca dərk edilməlidir. Dərk edə bilməyənlərə isə biz təmənnasız olaraq həmişə kulturoloji seminarlar, treninqlər keçirməyə hazırıq. Dövlət bununla bağlı bizə dəstək versə, hər zaman hazırıq ki, kulturologiyanı lazımınca dərk etməyənlərə seminarlar keçirək. Buraya məmurlardan başqa, gənclər, digər sahə mütəxəssisləri daxildir.

 

Söhbətləşdi: İlkin Ağayev

 

Palitra.- 2010.- 7 dekabr.- S. 6.