Beynəlxalq Miniatür Mərkəzinin tikilməsi bu sahənin inkişafina təkan verə bilər

 

Hər bir ölkənin insan kapitalının formalaşmasında müxtəlif sahələrin, o cümlədən mədəniyyət və incəsənətin də mühüm rolu var. Belə ki, bu sahədə çalışan istedadlı şəxslər yaratdıqları sənət əsərləri ilə xaricdə ölkəmizi tanıtmaqla yanaşı mədəniyyət tariximizi də yaşadırlar. Bu gün ölkəmizin rəssamlıq sənətində də istedadı ilə tanınan, əsərləri ilə nəinki ölkədə, xaricdə belə geniş tamaşaçı  auditoriyası toplayan böyük sənətkarlarımız var. Müsahibimiz belə rəssamlardan biri, Xalq rəssamı, Rəssamlar İttifaqının Miniatür kitab qrafikası bölməsinin sədri, Prezident təqaüdçüsü Arif Hüseynovdur: 

 

- İnsanın kapitala çevrilməsi üçün vaxt lazımdır. Ona görə də cəmiyyət, təhsil mərkəzi, ya da professional Rəssamlar İttifaqı bunun şəraitini və müəyyən formalarını yetişdirirlər. Təhsil ayrı, yaradıcılıq ayrı bir prosesdir. İnsanın mənəvi kapitala çevrilməsində ətrafın, istedadlı adamların çox böyük rolu var. Sovet dövründə gənc rəssamların ideologiyası vardı. Moskvada, Litvada yaradıcılıq evləri fəaliyyət göstərirdi və hər respublikadan gənc rəssamları seçirdilər ki, onlar iki ay orada toplanırdılar. Orada baza da çox yaxşı idi, məsələn, qrafikaya aid texniki vasitələr vardı və mən orada çox şey öyrəndim. Eyni zamanda 15 müxtəlif ölkədən olan rəssamlar orada birləşirdi və bir-birimizi yaradıcılığa inteqrasiya edirdik. Burada insan kapitalı formalaşırdı. Sonra bizim əsərlərimizi sərgiyə göndərirdilər. Moskvada sərgi keçirilirdi. Bunlar da şəxsən məni formalaşdırırdı. Məsələn, mən 1975-ci ildə Rəssamlar İttifaqına daxil oldum, ancaq ona qədər 8 dəfə müxtəlif xarici sərgilərdə iştirak etmişdim. Həmin tədbirlərdə iştirak edən Azərbaycandan olan rəssamlar hazırda görkəmli rəssamlardır.  F.Xəlilov, F.Ağayev, Ç.Əlişov, A.Əzizov və məni daim sərgilərə çağırırdılar, mükafat verirdilər. Yəni sovet incəsənətini formalaşdıran insanları yetişdirib kapitala çevirirdilər. Hətta 1960-cı illərdə T.Salahov, R.Babayev, T.Nərimanbəyov kimi rəssamların sanki bir dalğası gəldi və sovet rejimi təbliğ edirdi ki, hər respublikanın öz sənəti var. Onlar hər ölkənin mədəniyyəti olduğunu, onların fəaliyyətinə mane olmadıqlarını göstərməyə çalışırdılar və bir növ incəsənət onların əlində mexanizm, alət idi. Sonra da çoxmillətli mədəniyyət kimi təqdim edirdilər. Bu tezislə rəssamları önə çəkirdilər, fəxri adlar verirdilər. 1960-cı illərdə adıçəkilən rəssamlarımız, 70-ci illərdə də bizim nəsil yetişdi. Ancaq bu cəmiyyətin qanunauyğunluqları var. Bu gün gənc, orta yaşlı rəssamlar var. Hazırda cəmiyyət onları tanımır. Bunun səbəbi isə odur ki, təbliğat “maşını” yoxdur. Məsələn, insanlar S.Bəhlulzadə, T.Salahov, M.Abdullayevə hörmət edirlər. Ancaq onlardan sonrakı nəsil rəssamları tanımırlar. Azərbaycan rəssamlığı onlarla bitmir, bunun davamı var. Sovet dövründə rəssamlar xaricə göndərilirdi, lakin indi bu sahədə problem var. Mən xaricdə rəsm əsərlərimin sərgisini keçirmişəm. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın köməkliyi, maliyyə dəstəyilə mən oğlumla birgə Yaponiyada sərgi açdım. Ötən il mən yenə Heydər Əliyev Fonduna müraciət etdim və onların sayəsində Almaniyada böyük sərgi açdım. Rəssamlar İttifaqının elə bir maliyyə qüvvəsi yoxdur, ictimai təşkilatdır. Sovet dövründə maliyyə, bədii fond, sifarişlər vardı və onun əsasında müqavilə bağlanırdı, buna uyğun olaraq da işləyirdik. Orada da ikili standart vardı. Belə ki, insanlar müəyyən mövzularda işləməli idi, məsələn, kolxozlar, fəhlələr, neftçilər, ideologiya vardı. İndi rəssamlıqda ideologiya ilə yanaşı maddi gəlir də yoxdur. Bu gün yaxşı rəssamlarımız var. Azərbaycan təsviri sənət məktəbi çox güclü məktəbdir. Hələ sovet dövründə Moskvada böyük sərgilər zamanı orada bizim sərgi salonumuz rəssamlıq keyfiyyəti ilə həmişə seçilirdi. İndi ölkədə incəsənətdə bir sistem olmalıdır. Məsələn, Cənclər Günü ərəfəsində Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin əsərlərindən ibarət sərgi təşkil olunur ki, bu, ildə bir dəfə olur. Ancaq sənətdə fərdlər var ki, bu, fərdi kapitaldır. Bunun gələcəyi var, ölkənin rəssamlıq sənəti bizimlə qurtarmır. Ə.Əzimzadədən başlayaraq bu günə qədər davam edir. Azərbaycanda professional təsviri sənət yox idi, bu, 1920-ci illərdə başladı ki, bu da rus sənətinin Avropa intibahına söykənməsilə başladı. Ancaq bizim təsviri sənət məktəbimiz çox qədimdir ki, bu da ilk miniatürlərdır. XII əsrdən başlayaraq əlyazmalara miniatürlər çəkilib. Məsələn, N.Gəncəvinin “Xəmsə”sinə çəkilib. Bu, böyük məktəbdir. Sonra XVI əsrdə Sultan Məhəmmədin başçılığı ilə Təbriz məktəbi yarandı. Lakin sonralar rus işğalları zamanı miniatür sənəti yaddan çıxdı və sovet rejimi qurulduqdan sonra Rusiyanın özündə indi dünyada məşhur olan avanqard rus rəssamları yarandı ki, bu, 10 il ərzində baş verdi. Sonra Stalin rejimi dövründə bu ideologiya kənarlaşdırılaraq dəyişdirildi. Həmin dövrdə də bizdə miniatürə az bir şəkildə müraciət olundu. Lakin bu zaman digər ideologiyalar gəlib bunun üzərindən keçdibu, yaddan çıxdı.

- Bu gün ölkədə hansı sahənin inkişafına ehtiyac var?

- Müstəqillik dövründə, 2006-cı ildə mən Yaponiyada qrafika sərgisi açmışdım. Məhz bu ölkədə olmaq mənim üçün maraqlı idi. Çünki yaponlar fərqlidirlər. Belə ki, onlar öz auralarını bağlı saxlayırlar və oraya Avropa, Amerika daxil ola bilmir. Bu insanlar adət-ənənələrini sənətdə də saxlayıblar, tarixən yapon miniatürləri olub. İndiyədək bunu istifadə ediblər və dünyada ən müasir sənətə gətirib çıxarıblar. Mən də ölkəmizdə bu istiqamətdə işlərimi davam etdirərək ilk dəfə “Azərbaycan nağılları”, “Novruz bayramı” ilə bağlı əsərlər işlədim. Mən Hollandiyada olarkən Bakıda olduğu kimi, orada da gördüm ki, miniatür yaxşı qarşılanır. Mən bu ideyanı inkişaf etdirməyə başladım. 2009-cu ildə 5 nəfər miniatürə yaxın rəssamı ətrafıma topladım. İndi ölkədə təsviri sənətin nümayəndələri çoxdur və hərə bir cərəyanda işləyir. Ancaq bu xətt - miniatür sənəti də inkişaf etməlidir. Bu gün Azərbaycanın brendi muğam, xalçaminiatürdür. Məsələn, neft tükənə bilər, amma bu brendlər mədəniyyət tariximizdir. Dövlətin mədəniyyət doktrinası olmalıdır. Əminəm ki, bu işlər tədricən həllini tapacaq. Dövlət başçısının işləri çoxdurbu işləri də biz etməliyik. Mən də bu istiqamətdə işləri davam etdirirəm və noyabr ayının sonlarında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə miniatür sərgisi açacağıq. Bu sərgi ilk dəfə 2009-cu ildə açılıb və hazırda da “Şərqdən-Şərqə” adı ilə nümayiş olunacaq, yəni öz kökünə qayıdırsan. Eyni zamanda mən Heydər Əliyev Fonduna təkliflə müraciət etmişəm ki, Bakıda hazırda Muğam Mərkəzi fəaliyyət göstərir, Xalça Muzeyi tikilməkdədir, üçüncü olaraq da Beynəlxalq Miniatür Mərkəzi tikilsin. Bu gün ölkədə Əlyazmalar Fondu və müxtəlif muzeylərin arxivində miniatürlər qalıb. Bunlar böyük sərgi salonlarına çıxmalıdır, daimi ekspozisiya kimi miniatür sənəti orada asılmalıdır. Həmçinin bizim miniatürlərin bir çoxu xarici ölkələrdə, məsələn, Almaniya, London, Amerikada var. Bunların da şəkillərini çəkib gətirmək lazımdır. Bundan başqa İran, Türkiyə, Hindistan, Yaponiyada belə bir mərkəz yoxdur. Bakıda belə bir beynəlxalq mərkəz olarsa, həmin ölkələrin rəssamları ilə birlikdə sərgilər təşkil etmək olar. İranda,Türkiyədə də ənənəvi miniatür çəkənlər var. Bunları sistemləşdirən bir mərkəz lazımdır. Mən hesab edirəm ki, bizim təsviri sənət məktəbi buna qadirdir. Eləcə də bu mərkəzdə miniatürü öyrənənlər üçün studiyalar olmalıdır. Həmçinin “Azərbaycan miniatürü” adlı kitab çap etmək lazımdır. Nəhayət, belə bir mərkəz üçün bina tikilməlidir.

- Miniatür sənətinin inkişafı üçün daha hansı tədbirlərin reallaşması vacibdir?  

- Bizim cəmiyyət üçün avanqard üslubu xas deyil. Cəmiyyət hələ buna hazır deyil. Bu gün Müasir Təsviri Sənət Muzeyi fəaliyyət göstərir, rəssam kapitalımız var. İstərdim ki, müasir miniatürolsun, gəlib Avropa səviyyəsinə çıxsın. Bu gün dünyada təsviri sənət cərəyanları var və Azərbaycan miniatür sənəti də çıxa bilər, çünki rəssamlarımızda müəyyən professionallıq var. Bu o demək deyil ki, hamı miniatür çəkməlidir. Bu, professional sənətdir. Onu da qeyd edim ki, hələ 1980-ci illərdə ulu öndər Heydər Əliyev birinci katib olarkən bu mövzunu qaldırmışdı. Qurultay keçirildikdən sonra idarə heyətini topladı ki, bu işlə məşğul olmaq lazımdır. Heydər Əliyev uzaqgörən şəxsiyyət idi. Ancaq onun bu sahədə fikirlərini başa düşmədilər başladılar miniatürlərikopyaetməyə. Ulu öndər Moskvaya getdikdən sonra Bakıda bu sahədə dayandı. Bu gün artıq yenidən başlamaq, genişləndirmək lazımdır. Miniatür mədəni doktrinamızdan biridir.  Bu gün azərbaycanlılar xaricdə olarkən rəsm əsəri hədiyyə etdikdə avanqard deyil, məhz miniatür təqdim edirlər. Ölkəmizdə bu işin fanatları lazımdır ki, bu alınsın. Şərt deyil ki, 1-2 ilə olsun, amma bu tendensiya olmalıdır. Mən hesab edirəm ki, miniatür sənəti kollecdən başlamalıdır, kurs olmalıdır, üç nəfər ola bilər. Sonra akademiyada da oxusun, daha sonra Rəssamlar İttifaqına gəlsin orada davam etdirə bilər. Biz hazırda onun təməlini qoyuruq, amma bu sahə çox ağırdır. Miniatürü çəkmək üçün onu öyrənmək lazımdır, onun tarixi var, inkişaf etdirmək üçün istedad lazımdır. Mən istəyirəm ki, bunun öz yolu olsun. Avanqard, sürrealizm var, amma bu da olmalıdır. Məsələn, Ağstafada mən miniatür sərgi təşkil etdim əhali gəlib baxırdı. Demək, xalqımız bunu başa düşür.  

 

 

Nigar

 

Palitra.- 2010.- 19 noyabr.- S. 8.