Dünyamalı Vəliyev: “Biliklərə əsaslanan iqtisadiyyatı qurmayan, insan kapitalını inkişaf etdirməyən dövlətlər axırıncı yerlərdən birini tutacaqlar”

 

“İnsan kapitalının formalaşması ilə bağlı elmi müzakirələr” layihəsi çərçivəsində fikirlərini öyrəndiyimiz alim Azərbaycan Universitetinin Ümumi iqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri namizədi Dünyamalı Vəliyevdir. 

 

- İnsan kapitalı anlayışı altında nə başa düşülür?

- İnsan kapitalı anlayışı altında insanın inkişafı üçün ona yatırılan kapital başa düşülür. Bu, ayrıca termin kimi son dövrlərin məhsuludur. Biz qlobal iqtisadiyyata keçmişik və sözsüz ki, bazar iqtisadiyyati yolunu seçmişik, bunun da əsasında insan kapitalı dayanır. Əvvəllər iqtisadiyyatın əsasını sərvət təşkil edirdi. Bu gün isə sərvətin olması əsas deyil və burada əsas insan kapitalıdır. Müasir dövrdə o dövlətlər inkişaf edir və tərəqqiyə nail olur ki, onlar insan kapitalının inkişafına xüsusi diqqət ayırırlar və müasir dövrün tələblərinə uyğunlaşırlar.

- İnsan kapitalının formalaşması istiqamətində aparılan siyasəti necə qiymətləndirirsiniz?

- Burada dövlətin apardığı siyasət aydındır. Prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirməliyik” ifadəsi tez-tez işlədilir. Və haqlı olaraq da işlədilir. İnsan kapitalının inkişafı üçün çox işlər görülür. Bu özünü təhsilin, səhiyyənin inkişafında, gənclərin xarici dövlətlərin ən tanınmış universitetlərinə göndərilməsində göstərir. Bilirsiniz ki, ölkəmizdə çoxlu məktəblər tikilir. Bu proseslərdə də insan kapitalının inkişafı siyasəti özünü göstərir. Amma bu gün demək olmaz ki, bütün problemlər həll olunub. Kifayət qədər problemlər var. Məsələn, elə təkcə təhsilin problemlərinin içinə daxil olsaq, orada kifayət qədər nöqsan tapa bilərik. Biz təhsildə çox uyğunlaşdırmalar aparmışıq, çalışmışıq ki, təhsil sistemimizi Avropa təhsil sisteminə uyğunlaşdıraq. Bunun üçün biz Boloniya təhsil sisteminə keçmişik. Lakin bununla bərabər hələ də çətinliklərimiz və problemlərimiz var.

- Biliklərə əsaslanan iqtisadiyyatı necə qurmaq olar?

- Biliklərə əsaslanan iqtisadiyyatdan danışmazdan əvvəl qeyd etmək lazımdır ki, inkişaf etmək üçün iqtisadiyyatın amilləri var: xammal, material, texnika və sair. Bunların da yaranması üçün investisiya lazımdır. Burada investisiyalara, yatırımlara ehtiyac var. Bu, iqtisadiyyatın maddi tərəfidir. Bir də var biliklərə əsaslanan iqtisadiyyat. Müasir iqtisadiyyat biliklərə əsaslanan iqtisadiyyatdır. İnformasiyaya əsaslandığına görə buna “informasiya iqtisadiyyatı” da deyirlər. Bu isə dövrün tələbidir. Burada əsas amil yenə də deyim ki, sərvət, xammal deyil. Məsələn, Yaponiyanın heç nəyi yoxdur, heç bir təbii sərvəti yoxdur, amma biliyə əsaslanan iqtisadiyyat yaradıb və çox böyük sürətlə inkişaf edir. Çin də bu iqtisadiyyatı qəbul edib və eləcə də digər inkişaf etmiş dövlətlər bu yoldadır. Yenə də deyirəm, bu, günümüzün tələbidir.

- Büdcədən ayrılan vəsaitin böyük hissəsi təhsilə sərf olunur. İldən-ilə də bu vəsait artır. Bu addımlar ölkəmizdə insan kapitalını formalaşdıra bilərmi?

- Ümumiyyətlə, mən bunun pulla, manatla ölçülməsinin tərəfdarı deyiləm. Ola bilsin ki, təhsilə bir milyard və ya yarım milyard manat vəsait qoyulsun və bunun daha çox səmərəsi olsun və ya daha çox pul qoyulsun və lap az səmərə olsun. Burada həmin vəsaitin xərclənməsinin səmərəliliyindən söhbət getməlidir. Həmin o bir milyard manat necə istifadə olunacaq? Bunun səmərəliliyinin ölçüsü nədən ibarətdir? Təhsil sisteminin son nəticəsi bu gün bizi qane edirmi? Bilirsiniz ki, qəbul imtahanları təzə başa çatıb və hələ də müzakirələr gedir. Məsələn, ən böyük problemlərdən biri budur ki, abituriyentlər repetitorsuz ali məktəblərə daxil ola bilmirlər. Bu artıq bizim təhsil sisteminin səmərəliliyinin, büdcədən təhsilə ayrılan pulların səmərəliliyinin göstəricisidir. Deməli, ayrılan pullar kifayət qədər səmərəli istifadə olunmayıb ki, bu uşaqlar təhsil müəssisələrində təhsil alıb universitetə daxil ola bilmirlər. Amma repetitorlara əlavə pul verərək hazırlaşır və universitetə daxil olurlar.  

- Xarici təhsil müəssisələrinə dövlət hesabına gənclərimizin göndərilməsi və orada təhsil almaları insan kapitalının inkişafına təsir göstərəcəkmi?

- Əlbəttə, təsir göstərəcək. Bu çox lazımlı bir şeydir. O zaman, 1980-ci illərdə ümummilli lider Heydər Əliyevin Rusiya məktəblərinə təhsil almaları üçün göndərdiyi tələbələr indi cəmiyyətdə öz bəhrələrini verirlər. Onlar indi cəmiyyətdə müəyyən mövqe tutublar. Bizim dövlət proqramına əsasən xarici dövlətlərin universitetlərinə göndərilən beş min tələbə də orada təhsil alıb gələndən sonra burada insan kapitalının inkişafında böyük xidmətlər göstərəcəklər. Onların çox böyük əhəmiyyəti var. Məsələn, mən sizə Azərbaycan Universitetini misal kimi gətirə bilərəm. Biz çalışırıq ki, universitet çərçivəsində səlahiyyətimiz daxilində Avropa və Amerikanın təhsil sistemini tətbiq edək. Bu da nədən ibarətdir. Biz ən azından orada keçirilən dərsləri burada keçirik. Amma burada bir məqam da var ki, orada elə fənlər, elə dərslər keçirilir ki, burada o dərsləri keçmək olmur. Elə sahələr var ki, o sahələrdə Azərbaycanda mütəxəssis yoxdur. Burada əsas məsələ odur ki, Avropa təhsil sisteminə formaca keçməyin heç bir mənasi yoxdur. Biz məzmunca keçməliyik. Orada hansı dərslər tədris olunursa, həmin dərslər də burada keçilməlidir. O dərsləri Avropadakı kimi keçməyə bizdə kadr yoxdur. Bu gün mənim rəhbərlik etdiyim Ümumi iqtisadiyyat kafedrasının müəllim heyətinin yarıdan çoxu Avropa və Amerikada təhsil almış insanlardır. Onların köməyi olmadan biz o sistemi burada tətbiq edə bilmərik.

- Bəs başqa dövlətlərin müəllimləri bura gəlib tədris edə bilərmi?

- Onların müəllimləri bura gələrək burada tədris etməzlər. Avropa və Amerika ölkələrində universitedə və ya hər hansı bir tədris müəssisəsində dərs deyən müəllimə altı-yeddi rəqəmli maaş verilir. Bunu burada tətbiq etmək mümkünsüzdür. Burada bir məqamı da qeyd etmək lazımdır ki, xaricə təhsil almağa göndərilən tələbələr bura qayıtdıqdan sonra işlə təmin olunmalıdırlar. Əgər biz xaricdə təhsil almış şəxslərə iş versək, onları lazımi yerlərdə işlə təmin etsək, onda bizdə insan kapitalı inkişaf etmiş olar. Burada onu da qeyd etmək lazımdır ki, xaricə tələbə göndərmək asandır, amma onları burada işlə təmin etmək çətindir. Mən onu da bildirmək istəyirəm ki, insan kapitalının inkişaf etdirilməsi tamamilə yeni bir sahə və eyni zamanda yeni bir problemdir. Hansı dövlət insan kapitalının inkişaf etdirilməsinə, biliklərə əsaslanan iqtisadiyyata əsaslanırsa, gələcək də elə onlarındır. Biliklərə əsaslanan iqtisadiyyatı qurmayan, insan kapitalını inkişaf etdirməyən dövlətlər axırıncı yerlərdən birini tutacaqlar. İnsan kapitalının inkişaf etdirilməsi, biliyə əsaslanan iqtisadiyyatın qurulması təkcə büdcədən vəsaitlərin ayrılması ilə bitmir. Mən böyük həcmdə pul ayrılmalarının tərəfdarı deyiləm. Mən onun tərəfdarıyam ki, həmin puldan səmərəli istifadə olunsun. Təhsilin məzmununda səmərəlilik olsun, biz Avropa, Amerika sistemini daha yaxşı formada tətbiq edə bilək. Burada Avropa sisteminə uyğun olaraq universitetlərə çoxlu imkanlar verilsin. Bununla bağlı çoxlu işlər görülməlidir. Gənclərin yetişdirilməsi istiqamətində də işlər görülməlidir. SSRİ dövründə işlə təmin olunma var idi və universiteti bitirənlərə təyinat verilirdi. Bu gün isə verilmir. Təbii ki, bu, bazar iqtisadiyyatının tələbidir. Çünki burada tələbələr arasında da rəqabət olmalıdır.    

 

 

Əlimərdan Sultanov

 

Palitra.- 2010.- 15 oktyabr.- S. 6.