Bu dərs ili Naxçıvan Dövlət Universitetinin ilk buraxılışının 40 illiyi kimi yaddaşlarda qalacaq

 

Doğma Azərbaycanımızın qədim guşəsi Naxçıvan elm, memarlıq, ədəbiyyat və incəsənət sahəsindəki yetirmələri, xidmətləri ilə tarix səhifələrinə özünün şanlı imzasını atmışdır.

 

Müstəqillik illərində ulu öndər Heydər Əliyevin ideyalarının təntənəsi sayəsində çiçəklənən Naxçıvan MR mənfur qonşularımıza layiqli cavab vermiş, onlara göz dağı olmuşdur. Bu gün Prezident İlham Əliyevin və Naxçıvan MR Ali Məclisi Sədrinin rəhbərliyi altında diyarımız çiçəklənir, elm, təhsil, səhiyyə, bir sözlə, həyatın bütün sahələrində ürəkaçan işlər həyata keçirilir.

2010-2011-ci tədris ili Naxçıvan Dövlət Universiteti üçün fəaliyyətin bir çox sahələrində qazanılan uğurlarla yanaşı həm də bu böyük elm ocağının ilk məzunlarına xeyir-dua verdiyi tarixin - birinci buraxılışın qırxıncı ildönümü ili kimi yaddaşlara həkk olunacaqdır.

1939-1952-ci illərdə Naxçıvanda fəaliyyət göstərmiş C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun (bu təhsil ocağının adı İkiillik Müəllimlər İnstitutu kimi də işlədilir) bağlanmasından sonra bu qədim diyarda pedaqoji kadrlara olan kütləvi ehtiyac 20-ci illərdə açılmış pedaqoji texnikumun məzunları hesabına çox çətinliklə ödənilirdi. Bakı şəhərində oxumaq əlbəttə ki, xeyli çətinliklər hesabına mümkün olurdu. O zaman naxçıvanlı ziyalılar mərkəz Moskvaya şikayət ərizəsi ilə müraciət etsələr də, bu məsələnin həlli çox gec qaydaya qoyuldu. Keçmiş SSRİ məkanında olan 20 muxtar respublika arasında yalnız Naxçıvan MSSR-də ali təhsil ocağı yox idi. Nəhayət, ortaya qoyulan bu haqlı tələb qaçılmaz oldu və 1967-ci ildə ozamankı V.İ.Lenin adına APİ-nin (indiki Pedaqoji Universitet) Naxçıvan filialı açıldı. Hazırda Azərbaycanın ən qabaqcıl ali məktəblərindən biri olan Naxçıvan Dövlət Universiteti 44 il əvvəl APİ-nin Naxçıvan filialı kimi 1967-1968-ci tədris ilində əyani şöbəyə Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisaslarında 105 nəfər tələbə, 3 nəfər müəllim (direktor, müavin və metodist ştatlarına) olmaqla start götürmüşdür. Azərbaycan dili və ədəbiyyatı ixtisasında iki qrup, tarix və riyaziyyat ixtisaslarının isə hər birində bir qrup fəaliyyət göstərirdi. Növbəti dərs ilindən isə bu ixtisasların qiyabi şöbəsinə də tələbə qəbulu aparıldı.

Filial üçün indi AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun yerləşdiyi, o zaman şəhərdəki Ü.Hacıbəyov adına (indi İslam Səfərli adınadır) 1H-li orta məktəbin ikimərtəbəli köhnə binası verilmişdi. Bildirək ki, 1 sentyabr 1967-ci ildə ştat üzrə işə götürülmüş əməkdaşlar - direktor, tarix elmləri namizədi, dosent Əli İbrahim oğlu Əliyev (1904-1997), direktor müavini, filologiya elmləri namizədi Yavuz İbrahimxəlil oğlu Axundov (indi o, elmlər doktoru, professor, Əməkdar müəllim və Prezident təqaüdçüsüdür) və metodist ştatına Azərbaycan Dövlət Universitetinin (indi BDU) Tarix fakültəsini bitirmiş (sonralar uzun müddət bu təhsil ocağında ilk partiya təşkilatının katibi işləmişdir) Mahmud Şəmil oğlu Mahmudov (1928-1996) olmuşdur.

Hər bir işin başlanğıcında, təbii ki, problemlər olması labüddür. Yeni açılmış filialda da bu hallar çox idi. Hər şeydən əvvəl, müəllim kadrları, kitabxana və yataqxana ilə bağlı məsələlərin qaydaya qoyulması tezliklə başa çatdırılmalı idi. Odur ki, oğlanlardan az bir qisminin yataqxana kimi istifadə etməsi üçün yaxınlıqdakı yardımçı binanın bir neçə otağında qismən şərait yaradıldı. Müəllim kadrlarının təmin olunması üçün o zaman Naxçıvanda fəaliyyət göstərən Müəllimləri Təkmilləşdirmə İnstitutundan, pedaqoji, tibb, kənd təsərrüfatı texnikumlarından, bir qədər sonra açılmış Politexnik texnikumdan, texniki-peşə məktəblərindən və orta ümumtəhsil məktəblərindən təcrübəli pedaqoqlar saathesabı yolla filialda işləməyə dəvət olundular. Tarix elmləri namizədləri İbrahim Hüseynov, İbrahim Bağırov, filologiya elmləri namizədləri İzzət Maqsudov, Vəliyəddin Əliyev, pedaqoji elmlər namizədi İbrahim Mollayev, fəlsəfə elmləri namizədi Heydər Səfərov, bir qədər sonra elmlər namizədləri Yunis Qasımov, Asif Şirəliyev, Nəriman Orucəliyev, qabaqcıl müəllimlərdən Musa Axundov, Möhsün Möhsünov, Əkbər Süleymanov, Əkbər Əliyev, Müzəffər Nəsirli, Əli Hüseynov, Firuz Rəhimov, Adil Qasımov, Hüseyn Hüseynov, İbrahim Salayev, Hüseyn Camalov, Səfərəli Allahverdiyev, Xalid Hüseynov, Rüstəm Abbasov, Damət Seyidov, Abbas Mehdiyev, Qasım Qasımov və başqaları işə götürüldülər.

Növbəti illərdə Moskva, Bakı və başqa şəhərlərdə ali təhsil almış Eli Həşimov, Akif Əliyev, Hüseyn Kazımov, Yaşar Əkbərov, Akif Mədətov, Əsgər Qədimov, Məhərrəm Cəfərli, İsmayıl Zeynalov, Zəhmət Şahverdiyev, Allahverdi Hüseynov, Firuzə Məmmədova və başqaları müəllim götürüldü.

Bakı şəhərindən - APİ-dən və başqa ali məktəblərdən akademik Məmmədcəfər Cəfərov, müxbir üzvlər Abbas Zamanov, elmlər doktorları, professorlar Əziz Şərif (Moskva), Şövqi Ağayev, Məmmədsəlim Tahirli, Şükür Sadıqov, Yusif Seyidov, Fərhad Zeynalov, Məhəmmədhüseyn Təhmasib, elmlər namizədlərindən Abbasqulu Məhərrəmov, Vəli Əliyev, Həmzə Qasımov, Quşdan Bağırov, Əlisa Şükürlü, Cəfər Cəfərov, Mirzəcavad Bağırov və başqaları mühazirə söyləməyə dəvət olunur. Filial dövrü buranın kitabxanasına ilk nüsxələr BDU-nun kitabxanasından gətirilmişdi. Filialın tələbəsi İsa Həbibov (Həbibbəyli) Bakıya ezam olunmuş, həmyerlisi - BDU-nun əsaslı kitabxanasının direktoru filologiya elmləri doktoru Kərim Həsənov həmin kitabların verilməsinə köməklk göstərmiş və kitablar qatarla gətirilmişdi.

1971-ci ildə indiki NDU-nun ilk buraxılışları olmuş 80 nəfər məzun təyinatla iş yerlərinə göndərilmişdir. Onlardan 38 nəfəri dil-ədəbiyyat, 25 nəfəri tarix və 17 nəfəri riyaziyyat ixtisası üzrə olmuşdur. Dördillik təhsil dövründə başqa ali məktəblərə dəyişilmələr, xaric olunmalar, dövlət imtahanlarından kəsirinə görə ikinci il təkrar imtahana buraxılmalar olmuşdur. İlk məzunlardan Tarix fakültəsini 1 nəfər, Dil-ədəbiyyat fakültəsini 5 nəfər fərqlənmə diplomu ilə bitirmişdir.

1967-1972-ci illərdə, NDU-nun filial dövrü kimi xatırlanan birinci mərhələsində 1967-1970-ci illərdə tarix elmləri namizədi, dosent Əli İbrahim oğlu Əliyev (1904-1997) və 1970-1972-ci illərdə isə coğrafiya elmləri namizədi, dosent Səfərəli Babayev (1923-2003) direktor işləmişlər.

Naxçıvan Dövlət Universiteti öz fəaliyyətinin ilk dövrlərindən başlayaraq böyük siyasətçi və dövlət xadimi, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin hərtərəfli qayğılarından bəhrələnmişdir. Onun imzaladıgı 12 iyul 1972-ci il tarixli sərəncamla bu ali təhsil ocağı indiki ünvanına - 108 hektarlıq bir əraziyə köçürülmüş və akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna çevrilmişdir. Həmçinin bu dövrdə yeni fakültələr açılmış və tələbə qəbulu artırılmışdır.

1974-cü il 4 oktyabrda ümummilli lider Heydər Əliyev Naxçıvan MSSR-ın 50 illik yubileyi tədbirlərində iştirak edərkən bu qədim diyarın yeganə ali məktəbinə gəlmiş, professor-müəllim heyəti ilə görüşmüşdür.

Elə bu dövrlərdə NDU-nun ilk buraxılışlarının kadrlarından müəllimliyə götürüldü. İlk məzunlardan İsa Həbibbəyli, Hacı Qadir Qədirzadə, Həmzə Cəfərov, Hacıfəxrəddin Səfərli, İbrahim Rüstəmov, Akif İmanov, Ləzifə Qasımova, Həqiqət Abdullayeva, Miryasin Eminov, Rövşən Həsənov və başqaları NDU-da müəllim işləməyə götürülmüşlər.

Sovet dövründəki 32 il ərzində NDU-da tədris üçün yalnız bir üçmərtəbəli bina tikilmişdir.

Bununla bərabər həmin illərdə Universitet şəhərciyində beşmərtəbəli tələbə yataqxanası, müəllimlər üçün Naxçıvan şəhərindəki 1-ci mikrorayonda bir beşmərtəbəli yaşayış binası inşa olunmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, tələbə yataqxanası bu yaxınlarda yüksək səviyyədə əsaslı təmir və yenidənqurmadan sonra, əlavə korpus tikilməklə hər cür avadanlıqlarla təchiz olunaraq tələbələrin ixtiyarına verilmişdir.

NDU-nun pedaqoji institut kimi fəaliyyət göstərdiyi ikinci mərhələsində rektorlar-texnika elmləri doktoru, professor İsrafil Məmmədov, tarix elmləri doktoru, professor İsak Məmmədov, fizika-riyaziyyat elmləri doktoru, professor İskəndər Cəfərov olmuşlar.

29 dekabr 1990-cı ildən Naxçıvan MR-in o dövrədək yeganə ali təhsil ocağına universitet statusu verilmişdir. NDU-ya 1996-cı ilədək kimya elmləri doktoru, professor Qasım Hüseynov rektor təyin olunmuşdur.

Son on beş ildə universitet tarixində ilk dəfə onun öz məzunu rektor təyin olunmuşdur. Qırx yeddi yaşlı filologiya elmləri doktoru, professor, NDU-nun elmi işlər üzrə prorektoru vəzifəsində çalışan İsa Əkbər oğlu Həbibbəyli 16 oktyabr 1996-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı sərəncamla rektorluğa başlamışdır. O, ilk məzunu olduğu, ömrünün nə az, nə çox, qırx ildən çoxunu keçirdiyi ali məktəbdə pillə-pillə tələbəlikdən rektorluğa qədər yüksəlmiş, akademik, Əməkdar elm xadimi, millət vəkili olmuş, Şərəf və Şöhrət ordenləri ilə təltif edilmişdir. 1996-cı ildə NDU-da ixtisaslaşdırılmış müdafiə şurası yaradılmış, 1998-ci ilin 12 sentyabrında AAK-ın sədri, akademik Azad Mirzəcanzadənin iştiraki ilə ilk dissertasiya müdafiəsi baş tutmuşdur. Bir rektor kimi İ.Ə.Həbibbəyli ötən 15 ildə universitet həyatına yeni bir ab-hava gətirmiş, bütün sahələrdə intibah dövrü yaşanmasını təşkil etmişdir. Universitetdə magistratura şöbəsi yaradılmış, 1995-ci ildən Fikir qəzeti nəşrə başlamış, burada mətbuat, nəşriyyat və poliqrafiya işlərinin əsası qoyulmuşdur. 1997-ci il avqust ayında NDU-da Qeyrət nəşriyyatı fəaliyyətə başlamış, yeni fakültələr yaradılmış, xarici əlaqələr artırılmış, genişləndirilmişdir.

1990-cı illərin çətinlikləri dövründə Moskvadan Naxçıvana gələn dahi Heydər Əliyev ən ağır vaxtlarda doğulduğu diyarın sakinlərinə həyan oldu. O, naxçıvanlıları qaçqın-köçkün həyatından, erməni işğalından qorudu. Bəli, 22 iyul 1990-cı ildən 15 iyun 1993-cü ilədək blokada şəraitində yaşayan Naxçıvanı hər cür bəlalardan - aclıq və fəlakətlərdən xilas edən ümummilli lider Heydər Əliyevin beynəlxalq aləmdəki nüfuzu gecəli-gündüzlü yorulmaz fəaliyyəti oldu.

Bu dövrdə 3 sentyabr 1991-ci ildən Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyev NDU-nun həyatı ilə də yaxından tanış olmuş, orada keçirilən tədbirlərdə iştirak etmişdir. Ümummilli lider Heydər Əliyev 1992-ci ildə iki dəfə Naxçıvan Dövlət Universitetində olmuşdur.

1992-ci ilin 12 oktyabrında NDU-da Bazar iqtisadiyyatına kecid şəraitində sərhədyanı ticarətin və iqtisadi əlaqələrin təşkili mövzusunda keçirilmiş simpoziumda ümummilli lider iştirak etmişdir. Bir ay sonra - 12 noyabrda o, NDU-nun 25 illik yubileyində iştirak etmiş, nitqlərində ali təhsil ocağı kollektivinin qarşısına daha mühüm vəzifələr qoyan ümummilli lider uzun müddətdən bəri tikintisi yarımçıq qalmış 1600 yerlik tədris korpusunda işlərin aparılmasına köməklik etmişdir. 29 oktyabr 1997-ci ildə NDU-nun 30 illiyinə təbrik məktubu ünvanlamış və 1999-cu il 11 oktyabrda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tikintisi basa çatan çoxmərtəbəli korpusun açılışında iştirak etmiş, rəmzi lenti kəsmişdir. Bu mərasimdə NDU-nun rektorluğu ulu öndərin bu təhsil ocağına olan çoxillik diqqət və qayğısını dəyərləndirərək ona universitetin fəxri doktoru diplomunu vermişdir.NDU-nu Azərbaycanın ən qabaqcıl ali təhsil ocaqlarından biri kimi dəyərləndirən Prezident Heydər Əliyev 2002-ci ildə ona yüksək özünüidarə statusu vermişdir.

Dahi rəhbərin ölkəmizdə təhsilə göstərdiyi qayğıları yeni minillikdə, onun ilk əsrində yeni vüsətlə davam və inkişaf etdirən Prezident İlham Əliyev hakimiyyətə gəlişinin birinci ilində - 12 may 2004-cü ildə Naxçıvan Dövlət Universitetində oldu, 4 mərtəbəli elektron kitabxananın açılışında iştirak etdi. Prezidentin 31 mart 2007-ci il tarixdə imzaladığı sərəncamla NDU-nun 40 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur. Prezidentin həmin sərəncamında deyilir: Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik Naxçıvan diyarında yüksək ixtisaslı kadrların yetişdirilməsinə, elmi mühitin formalaşdırılmasına və bütünlükdə regionun tərəqqisinə öz müsbət təsirini göstərmişdir. Onun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsinə layiqli töhfələr verirlər.

Yubiley şənliyində iştirak edən Prezident İlham Əliyev 17 oktyabr 2007-ci il tarixdə universitetin konservatoriya korpusunun 5 mərtəbəli binasının açılışında lenti kəsmiş, təntənəli yubiley iclasında əməkdaşlardan bir qrupuna orden-medal, yüksək fəxri adlar vermişdir. Universitetin görkəmli məzunu

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov da son on altı ildə buraya tez-tez gəlmiş, yeni korpusların təməlqoyma, açılış mərasimlərində iştirak etmiş, kollektivin qarşısında duran vəzifələrdən geniş bəhs etmişdir.NDU-da keçirilən beynəlxalq simpozium və konfranslarda da Ali Məclisin Sədri iştirak etmişdir. Tibb, hüquq-iqtisadiyyat, mühəndis, beynəlxalq münasibətlər və xarici dillər, yataqxana və xidmət korpuslarının açılışı tədbirlərinə qatılan cənab Sədr burada aparılan hərtərəfli işlərə öz qayğı və köməyini göstərmişdir. Elə bu xidmətlərinə görə NDU-nun rektorlugu Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovu məzunu olduğu bu ali məktəbin fəxri doktoru seçmişdir.Naxçıvan Dövlət Universitetinin professor-müəllim və tələbə kollektivi bütün bu yüksək dövlət qayğılarına əməli işlə cavab verməyə səy göstərir, bütün sahələrdə yeni ugurlar qazanmağa çalışır. İndi burada təhsilin dünya standartları səviyyəsində qurulmasını təmin etmək məqsədilə Bolonya təhsil sisteminə keçilmişdir. Son beş ildə hər il bu ali təhsil ocağında Elektron-Naxçıvan beynəlxalq elmi konfransı keçirilmişdir. 44 il əvvəl 105 tələbə, üç əməkdaş və üç fakültə ilə ilk fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetində hazırda 18 tədris korpusunda 12 fakültədə 47 ixtisas üzrə əyani və qiyabi şöbələr üzrə 4000 nəfərdən artıq gənc oğlan və qız bakalavr və magistr pillələrində gələcək ixtisaslarına hərtərəfli yiyələnirlər. Bu işlə 350-dək professor-müəllim məşğul olur ki, onların da 2 nəfəri akademik, 5 nəfəri AMEA-nın müxbir üzvü, 26 nəfəri elmlər doktoru-professor, 185 nəfəri elmlər namizədi, 109 nəfəri isə dosentdir. Onların arasında üç nəfər Prezident təqaüdçüsü, bir nəfər Azərbaycanın Xalq rəssamı, səkkiz nəfər Azərbaycanın və Naxçıvanın deputatı, dörd nəfər Əməkdar elm xadimi, xeyli əməkdar müəllim, incəsənət və bədən tərbiyəsi kadrları vardır.

Təhsilin əyaniliyi və effektivliyinin təmin olunması üçün universitet xəstəxanası, elektron-elmi kitabxanası, komputer mərkəzləri, nəşriyyat, muzeylər, kabinələr və idman meydançaları - zallar müəllim və tələbələrə xidmət göstərir.

1997-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun 26 may tarixli sərəncamı ilə NDU-nun 30 illik yubileyi qeyd olunmuşdur. Bu dərs ilində də universitetin I buraxılışının 40 illiyi tamam olur. İftixarla qeyd etməyə dəyər ki, 1967-1971-ci illərdə əyani şöbədə təhsil almış tələbələrdən indi 1 nəfəri akademik, 1 nəfəri AMEA-nın müxbir üzvü, 5 nəfəri elmlər doktoru, 6 nəfəri isə müxtəlif elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi qazanmışdır. İlk məzunlardan 2 nəfəri Naxçıvan MR Əməkdar müəllimi, 1 nəfəri isə Əməkdar jurnalistdir. Onlardan 1 nəfəri Şərəf və Şöhrət ordenləri, iki nəfəri isə Tərəqqi medalı ilə təltif olunmuşdur. İlk məzunlardan beş nəfəri millət vəkili seçilmişdir. Bir nəfər nazir, bir nəfər RİH başçısı işləmişdir. İlk məzunlardan polis orqanlarında yüksək rütbələr qazananlar, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olanlar, ali və orta məktəbdə qabaqcıl maarif xadimi, təhsil əlaçısı, baş müəllim, metodist-müəllim və ali kateqoriyalı müəllim və s. adlar alanlar da çoxdur.

Universitetin kollektivi ümummilli lider Heydər Əliyevin, onun siyasi xəttinin alternativsiz layiqli varisi olan Prezident İlham Əliyev və Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğılarına cavab olaraq daha yaxşı işləyir.

Sonda fikrimizi NDU-nun Olimpiya İdman Mərkəzinin açılışı zamanı Naxçıvan MR Ali Məclisinin Sədrinin bu ali təhsil ocağı haqqında dediyi sözlərlə tamamlamaq istəyirik: Naxçıvan Dövlət Universitetində yaxşı baza, nizam-intizam vardır. Universitetdə vətənpərvər, məsuliyyətli müəllimlər dərs deyirlər. Eyni zamanda, bu ali təhsil müəssisəsinin Azərbaycanın, muxtar respublikanın gələcəyini öz üzərində hiss edən gəncliyi vardır.

 

 

HƏMZƏ CƏFƏROV

 

ABBAS HACIYEV

 

Palitra. -2011. -26 aprel. S. 10.