“Həm müəllimlər, həm də tələbələr yeni texnologiyalardan istifadəyə hazır olmalıdır”

Layihə çərçivəsində kimya elmləri doktoru, professor, AMEA-nın Polimer Materialları İnstitutunun Laboratoriya müdiri Məmməd Vəliyevin təhsilin inkişafı ilə bağlı fikirlərini öyrəndik. M.Vəliyev ölkədə son zamanlar təhsil, eləcə də elm sahəsində gedən prosesləri belə dəyərləndirir:  

“Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycanda elmin və təhsilin inkişafı istiqamətlərində dövlət səviyyəsində bir çox tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 aprel 2008-ci il tarixli sərəncamı ilə “2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiya” və “2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiyanın reallaşdırılmasının Dövlət Proqramı” təsdiq edilib. Bu sənəddə qeyd edilib ki, elm və texnologiyanın inkişafı, qabaqcıl innovasiya sisteminin yaradılması, tətbiqi dövlətin elm siyasətinin strateji məqsədlərindəndir. Strategiyanın mühüm bölmələrindən biri elm, təhsil və istehsalın inteqrasiyası məsələlərinə həsr edilib. Beynəlxalq təcrübə sübut edir ki, biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində universitetlərlə yanaşı elmi-tədqiqat institutlarının da mühüm rolu var. Sərəncamlara uyğun olaraq elmi islahatlar aparmaq üçün dövlət komissiyası yaradılıb. Mövcud problemlərin həlli istiqamətində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılıb. Fondun əsas məqsədi elmin müxtəlif sahələrində aparılan tədqiqatların aktivliyinin təmin edilməsi və Azərbaycan elminin beynəlxalq səviyyədə layiqincə təmsil olunmasıdır”. Alim qeyd edir ki, müasir dövrdə elmi araşdırmalar və aparılan müxtəlif tədqiqatlar, o cümlədən yeniliklər barədə çətinlik çəkmədən inkişaf etmiş texnologiyaların köməkliyi ilə informasiya əldə etmək mümkündür: “Elmi inkişafda bu, yeni mərhələdir. Həm müəllimlər, həm də tələbələr yeni texnologiyalardan istifadəyə hazır olmalıdır, çünki müasir texnologiyalardan yararlanmadan inkişafa nail olmaq mümkün deyil.  Elmi biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı hər bir dövlətin elmi potensialının vacib göstəricilərindən biri hesab olunur.

Alim onu da xatırlatdı ki, ölkə Prezidentinin tapşırığı ilə Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin iştirakı ilə humanitar və ictimai elmlər sahəsində mövcud vəziyyət geniş müzakirə olunub: “İştirakçılar qarşısında geniş məruzə ilə çıxış edən akademik Ramiz Mehdiyev ölkə iqtisadiyyatında keçid dövrünün başa çatması ilə əlaqədar yeni məqsədlərin müəyyənləşdirildiyini, əsas məqsədin isə yaxın  illərdə elmdə, təhsildə və ümumiyyətlə, intellektual sahədə əsaslı dəyişikliklər həyata keçirmək olduğunu göstərib. Elm də insan kimi azadlıq və müstəqillik sevir. Elm istehsalata o vaxta qədər səmərə verəcək ki, istehsal onu özünə tabe etmək, onu öz əlavəsinə çevirmək iddiasına düşməsin. Milli müstəqil dövlət quruculuğunda elmə və təhsilə əlahiddə diqqət verilməlidir. Elm milli inkişaf və təhlükəsizlik baxımından vacibdir. Bir tərəfdən milli təhlükəsizliyimizdən danışırıqsa, indiki vaxtda elm bizə ölkənin tərəqqi və inkişafı baxımından kömək edir. Digər tərəfdən, məlumdur ki, hazırda ölkələr elmi idarəçilik metodları ilə idarə olunur. Bütün idarəçilik məsələləri elmin metodları ilə işlənir və həyata keçirilir. Əgər dünya elmi metodlarla, alimlərin tədqiqatlarına əsasən idarə olunursa, bizdə də elmin inkişafı çox zəruridir. Biz elmin inkişafı ilə həm də müdafiə sistemimizi  qurmuş oluruq. Yaddan çıxarmayaq ki, dünya elmi institutlar əsasında güc mərkəzləri tərəfindən idarə olunur. Belə bir şəraitdə bizə xaricdən olan münasibətin xarakterini müəyyən etmək üçün də elmi institutların çox güclü inkişafı lazımdır. Təhsilin inkişafı kontekstində bu məsələlər də əlaqəli şəkildə nəzərdən keçirilməlidir. Bizə qarşı istifadə oluna biləcək elmi metodların zərərli təsirini önləmək və cəmiyyətimizin inkişafını yüksəltmək üçün biz elmi səviyyəni xeyli artırmağa məhkumuq.

Elm  və təhsil sistemlərimiz ölkənin inkişaf strategiyasına uyğun olaraq qurulur. Burada fikir verilməlidir ki, elmin vacib sahələri ilə məşğul olacaq mütəxəssislərlə bərabər təhsil sahəsi üçün də yüksək ixtisaslı mütəxəssislər hazırlansın. Eyni zamanda təhsil sisteminin ən ümdə vəzifəsi layiqli vətəndaş hazırlamaqdır ki, buna uyğun olaraq yüksək təhsil səviyyəsini təmin edən sistem formalaşdırılmalıdır. Bunun üçün biz müxtəlif istiqamətlərdə dünyagörüşlü, şəxsiyyətli gənclərimizin yetişməsinə çalışmalıyıq”.

Alimə görə, elm və təhsil sahələrinin inkişafı hər bir dövlət üçün önəmlidir. Bu gün dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsinə diqqət edəndə bizə aydın olur ki, inkişafın yolu elmdən, təhsildən keçir:“Elm və təhsildən, müasir biliklərdən kənarda inkişaf yoxdur. Bu reallığı daha tez anlayıb elm və təhsil sahələrinə lazımi səviyyədə diqqət ayıran ölkələr inkişaflarına görə dünyaya nümunədirlər. Mövcud qloballaşma şəraitində sosial-iqtisadi və siyasi sahələrdə yüksək nailiyyətlər qazanmış ölkələrin təcrübələri göstərir ki, iqtisadi tərəqqi, demokratikləşmə, insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin qazandıqları uğur elmə, təhsilə göstərilən böyük diqqət və qayğının nəticəsidir. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividentlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir. Müasir dünyada rəqabətə tab gətirmək üçün ilk növbədə elm və təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. İnsan kapitalının inkişafında ən mühüm amil elm, təhsil və müasir biliklərdir. İnformasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla müasir texnologiyalarla bilik və informasiyanın ötürülməsi qlobal səviyyədə  inkişafın əsas şərtlərindən sayılır”.Prezident İlham Əliyev çıxışlarında daim vurğulayır ki, ölkədə həyata keçirilən yeni neft strategiyasının, sosial-iqtisadi islahatların uğurları davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların formalaşmasına xidmət etməlidir: “Bu çağırışın əsasında Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı milli iqtisadiyyatın neft amilindən asılılığını azaldır. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək vacibdir. Çünki fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər istər təhsil, istərsə də səhiyyə sahəsində, mənəvi irsin qorunması işində çox mühüm rol oynayır. Fond qısa müddət ərzində həyata keçirdiyi böyük layihələrlə dövlətin təhsil strategiyası çərçivəsində qarşıya qoyduğu bir sıra vacib planların gerçəkləşdirilməsinə də töhfəsini verib”.

Ümumiyyətlə, elmdə və təhsildə islahatlar səbrlə və təmkinlə aparılmalıdır. Alim bildirir ki, müasir dövrün ictimai-siyasi hadisələrinə yeni təfəkkür baxımından yanaşılmalıdır: “Çünki ictimai və siyasi şərait dəyişib. Akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məqaləsinin mahiyyətini dərindən təhlil edərkən məntiqi sonluq ondan ibarət olur ki, humanitar və ictimai elm sahələrinin köməyi ilə milli ideologiyamızın əsası olan azərbaycançılıq ideologiyasının zənginləşdirilməsi daha sürətlə və inamla başa çatdırıla bilər. Azərbaycanda milli ideologiyanın yaradılması və işlənib hazırlanması ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. Milli ideologiyanın əsası azərbaycançılıqdır. Heydər Əliyev milli ideologiyanın milli dövlətçilik və milli-mənəvi dəyərlər kimi iki başlıca komponentdən ibarət olduğunu göstərmişdi. Akademik Ramiz Mehdiyev Heydər Əliyev və azərbaycançılıq ideologiyasından danışarkən belə bir fikir irəli sürür ki, azərbaycançılıq təliminin Heydər Əliyev tərəfindən irəli sürülən və həyata keçirilən dövlətçilik konsepsiyası ilə vəhdət halında təhlil edilməsinə müasir mərhələdə böyük ehtiyac var. Bu, doğrudan da çox aktual məsələdir”. Hər bir xalqın dünya miqyasında tanınmasında onun bəşəriyyətə bəxş etdiyi töhfələr müstəsna əhəmiyyət kəsb edir: “Onun elmi, təhsili, mədəniyyəti, poeziyası qüdrətli zəkalar vasitəsilə dünyaya inteqrasiya edir, seçilir, mənimsənilir və nəticədə bəşəri sərvətə çevrilir. Elmin inkişafında yaranmış vəziyyətlə əlaqədar elmi və intellektual elita qarşısında ciddi vəzifələr durur. Bu vəzifələr və qarşıya qoyulan məqsəd yaxın illərdə elmdə, təhsildə, ümumən intellektual sahədə ciddi dönüş yaradılmasından ibarətdir.  

Bütün yuxarıda deyilənlərlə bərabər Prezident İlham Əliyevin elmə olan qayğısının və diqqətinin bariz nümunəsi  bir daha son günlərdə - 26 aprel 2011-ci il tarixində AMEA-nın İllik ümumi yığıncağında sübut edildi. Burada İlham Əliyev Azərbaycanda elmin inkişafının gələcək istiqamətlərini bir daha göstərdi. Prezident İlham Əliyevin illik yığıncaqdakı nitqində qeyd olunur: “Azərbaycan müstəqil dövlət kimi uğurlu siyasət aparır. Ölkəmiz inkişaf edir. Bu inkişaf özünü bütün istiqamətlərdə göstərir. Əlbəttə, elmin inkişafı da ümumi inkişaf templəri ilə uzlaşmalıdır. Azərbaycanda elmin, ali təhsillin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Bizim üçün elmin inkişafı ilə bağlı əsas məsələ prioritetlərin düzgün seçilməsidir. İşimizi bu prioritetlər üzərində qurmaq üçün konkret təkliflər verilməlidir. Bütün dövrlərdə alimlərimiz Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafına dəyərli töhfələrini veriblər. İndiki şəraitdə, müstəqilliyimizin inkişafı və möhkəmlənməsi şəraitində, əlbəttə, elmi potensialın güclənməsinə böyük ehtiyac vardır.”  Həmçinin Prezidentin 27 aprel 2011-ci il tarixində AMEA işçilərinin əməkhaqlarının artırılması və 28 aprel 2011-ci il tarixində AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar sərəncamları dövlət başçısının elmə qayğısının yeni təzahürüdür”. M.Vəliyev qeyd edir ki, bu, alimlərin sosial şəraitinin, fəaliyyət stimulunun artırılmasında artıq yeni keyfiyyət mərhələsinin yarandığını sübut edir.  

 

 

İlkin AĞAYEV

 

Palitra. - 2011. -11 may. – S.6.