Bizim telekanallarda əfsuslar olsun ki, bir çox verilişlər xaricdə olan verilişlərin təkrarıdır”

 

İradə Yaqubova: “Hər bir verilişi burada tətbiq edəndə ilk növbədə bizim cəmiyyətimizin həm mənəvi, həm mədəni, həm də sağlamlıq baxımından xüsusiyyətlərini mütləq nəzərə almaq lazımdır”

 

Bugünlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Bir sıra məsələlərin müzakirə olunduğu iclasda ərzaq təhlükəsizliyinin eyni zamanda insanların sağlamlığı olduğunu deyən ölkə başçısı qeyd edib ki, insanlar təmiz, keyfiyyətli qida almalıdırlar, təmiz, keyfiyyətli su içməlidirlər: “Bununla bərabər keyfiyyətsiz ərzaq, əlbəttə ki, böyük təhlükə mənbəyidir. Mən hesab edirəm ki, bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Bir halda ki, bundan söz düşdü, bir məsələyə də diqqət yetirmək istəyirəm. Bizim televiziya kanallarımız, demək olar ki, onların hamısı indi belə verilişlər, yəni mətbəxlə, yeməklərin bişirilməsi, hazırlanması ilə bağlı verilişlər təqdim edirlər. Birincisi, onu demək istəyirəm ki, bu da xaricdən gələn bir meyildir. O ölkələrdə ki, evlərdə yemək bişirilmir, onlar üçün bəlkə bu, daha da aktualdır. Təbii ki, Azərbaycanda evlərdə bişirilən yemək indi istənilən restorandan daha da yaxşıdır, ləzzətlidir. Amma bu, bir dəbdir, bizə də gəlib çatıbdır. Mən etiraz etmirəm, olsun. Ancaq bir şərtlə ki, orada göstərilən reseptlər və yeməklərin bişirilmə qaydaları insanların sağlamlığına mənfi təsir göstərməsin. Mən o verilişlərə hərdənbir baxıram və bəzi hallarda çox ürəkağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı olmaz. Bu yeməkləri gündə yeyən insan xəstələnəcəkdir. Yəni nə qədər gülməlidirsə, bir o qədər də faciəvidir. Doğrudan, biz sağlam həyat tərzini təbliğ edirik. İnsanları pis vərdişlərdən çəkindirməyə çalışırıq, idmanı təbliğ edirik, siqaret çəkənə müsbət münasibət ola bilməz. Alkoqollu içkilərə aludə olanlar qınaq obyektinə çevrilməlidir. Belə olan halda bizim bəzi kanalların insanlara verdikləri təkliflər əlbəttə ki, çox məyusedicidir. Mən özəl kanalların siyasətinə qarışmaq fikrində deyiləm. Ancaq məsləhət verə bilərəm ki, insan orqanizmi üçün sağlam reseptləri daha çox tətbiq etsinlər”. Bu gün həqiqətən də televiziya kanallarının əksəriyyətində mətbəxlə bağlı, yeməklərin hazırlanma qaydası düzgün təqdim olunmayan verilişlər yer alır ki, bu verilişlər heç də cəmiyyət tərəfindən müsbət qarşılanmır.  

“Sağlam həyat tərzini təbliğ etmək, insanları pis vərdişlərdən çəkindirmək, idmanı təbliğ etmək lazımdır”   “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova da bildirdi ki, ölkə başçısı müşavirədə çox aktual bir məsələyə toxunaraq televiziya kanallarında mətbəx proqramlarına münasibət bildirib: “Sağlam həyat tərzini təbliğ etmək, insanları pis vərdişlərdən çəkindirmək, idmanı təbliğ etmək lazımdır. Ölkə başçısı nəinki qidalanma, ümumiyyətlə, sağlam həyat tərzinə diqqət yetirərək televiziya kanallarının burda müstəsna rolunu bir daha vurğuladı. Ona görə ki, televiziya kanalları hər bir ailənin evinə daxil olaraq gündəlik məsləhətçisinə çevrilir. Bizim telekanallarda əfsuslar olsun ki, bir çox verilişlər xaricdə olan verilişlərin təkrarıdır. Lakin hər bir verilişi burada tətbiq edəndə ilk növbədə bizim cəmiyyətimizin həm mənəvi, həm mədəni, həm də sağlamlıq baxımından xüsusiyyətlərini mütləq nəzərə almaq lazımdır. Mən çox ümid edirəm ki, bizim televiziya kanalları ictimaiyyətin səsini dinləməsələr də, bundan sonra ölkə başçısının çağırışına diqqət yetirərlər. Bundan sonra öz verilişlərini daha da təkmilləşdirərlər”. Hazırda belə mətbəx verilişlərinin hər kanalda yayımlandığını deyən mərkəz rəhbərinin sözlərinə görə, bu verilişlərin xaricdə dəb olmasına gəldikdə isə bu onunla bağlıdır ki, bir sıra ölkələrdə milli ənənələr, evdə xörək hazırlanması ənənələri itib: “Ona görə də həmin verilişləri verməklə istəyirlər ki, ailələri öz evlərində qidalanmağa, milli ənənələrə qaytarsınlar. Söhbət ondan gedir ki, bu zaman həmin milli mətbəx qorunub saxlanılır, nəsildən-nəsilə ötürülür. Əgər biz ancaq “fast-food”lara, restoranlara üz tutub qidalansaq, o zaman təqdim olunan menyudan nəinki asılı olacağıq, ona öyrəşəcəyik, gələcək nəsillər də fikirləşəcək ki, elə Azərbaycan mətbəxi həmin “fast-food”dan ibarətdir. Ona görə də evdə qidalanma çox vacibdir. Evdar qadınların bir çoxu adi mürəbbəni və yaxud Azərbaycanda hazırlanan şirniyyatı bişirə bilmirlər. Onlar artıq düşünür ki, “niyə əziyyət çəkirəm, gedib mağazadan alaram”. Sabah milli şirniyyatlarımızı bişirənlərin sayı kəskin surətdə azalacaq. Mən çox şadam ki, ölkə başçısı belə bir aktual, əhəmiyyətli məsələyə toxunub. Bu, ciddi müzakirənin predmetidir”. 

 

 

Nigar Abdullayeva 

 

Palitra.-2012.-18 aprel.- S.5.