Elmar Məmmədov: «Fərdi birdəfəlik ödəmə almaq hüququna malik olan hər bir vətəndaşın bu hüququ təmin ediləcək»

 

 Kapital Bank” ASC idarə heyətinin sədri Elmar Məmmədov fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi ilə bağlı AzərTAc-ın suallarını cavablandırıb. Həmin müsaibəni qısa ixtisarla təqdim edirik:  

- Məlum olduğu kimi, 2012-ci il iyunun 1-dən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinə başlanıb. İlk iki ayın nəticələri hansı təəssüratları yaradır?

- Bildiyiniz kimi, fərdi birdəfəlik ödəmələrin verilməsi 65-i Bakı şəhərində, 78-i respublikamızın digər regionlarında olmaqla “Kapital Bank” tərəfindən ölkə üzrə yaradılmış 143 xidmət məntəqəsində həyata keçirilir.  Müraciətlərin sayı barədə onu demək olar ki, 2012-ci il iyulun 30-na olan məlumata görə, “Kapital Bank”ın xidmət məntəqələrinə 449 min 69 müraciət daxil olub. Bu müraciətlərdən 393 min 16-sı məntəqələrdən mərkəzə təqdim edilib. Bu dövr ərzində 263 min 215 əmanətçiyə ümumilikdə 147131879,60 manatlıq vəsait ödənilib.  Sevindirici məqamlardan biri budur ki, belə bir genişmiqyaslı proses vətəndaşlarımızın mühüm hissəsinin internet resurslarına çıxış imkanlarına, informasiya-kommunikasiya texnologiyaları ilə işləmək vərdişlərinə malik olduqlarını bir daha göstərdi.

- Fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinə start verilən ərəfədə hər bir müraciətin cəmi 5 iş günü ərzində icra ediləcəyi elan olunsa da, icra müddətlərinin gecikməsi hallarına təsadüf edilir. Bu nə ilə bağlıdır?

- Mövcud prosedurlarda, həqiqətən, hər bir müraciətin 5 iş günündən gec olmayaraq icrası nəzərdə tutulub. “Kapital Bank” müraciətlərin prosedurlarda müəyyən edilmiş müddət ərzində icrası üçün bütün imkanlarından istifadə edir. Məntəqələrə daxil olmuş hər bir müraciət araşdırma üçün onlayn rejimində “Kapital Bank”ın baş ofisində fəaliyyət göstərən Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinə ötürülür. Sənədlər tam qaydasında olduqda, əmanətçilər tərəfindən təqdim edilən məlumatlarla bankda qorunan arxiv məlumatları arasında ziddiyyət üzə çıxmadıqda, heç bir əlavə araşdırmaya ehtiyac qalmadıqda, mərkəz tərəfindən müsbət qərar qəbul edilir və ödəmə operativ qaydada həyata keçirilir. Əmanətçilər tərəfindən təqdim edilmiş sənədlərdəki məlumatlarla bankın malik olduğu arxiv məlumatları arasında hər hansı uyğunsuzluq aşkarlandıqda, sənədlərdə müəyyən çatışmazlıqlar olduqda və s. bu kimi hallarda isə əlavə araşdırmalara ehtiyac yaranır ki, bu da icra müddətinin bir müddət yubanmasını zərurətə çevirir. Nəzərə almaq lazımdır ki, bu cür araşdırmalar müəyyən qədər zaman tələb edən işdir. Aradan uzun müddət keçib. Əmanət hesablarına dair arxiv sənədlərinin qorunmasında keçmiş SSRİ vaxtında müəyyən nöqsanlara yol verilib. Bəzi sənədlər düzgün tərtib edilməyib. Ümumiyyətlə, 80-ci illərin sonlarından başlayaraq qısa müddət ərzində bu sahədə ardıcıl olaraq müxtəlif dəyişikliklər və s. həyata keçirilib. Bütün bunlardan irəli gələrək bir sıra məqamların, ortaya çıxan sualların aydınlaşdırılmasına çox tez-tez ehtiyac yaranır. Ona görə də sənədlərinin əlavə araşdırılmasına ehtiyac yaranan əmanətçilərdən bu vəziyyəti anlayışla qarşılamalarını, icra müddətinin bir müddət gecikməsindən narahat olmamalarını xahiş edərdik. Müraciətlərin həddən ziyadə çoxluğu da gecikmələrə təsir göstərən amillərdən biridir. İlk aylarda xidmət məntəqələrinə kifayət qədər müraciətlərin olacağı əvvəlcədən proqnozlaşdırılsa da, açığı, bu qədər kütləvilik bir qədər gözlənilməz idi. Lakin bütün bunlar müvəqqəti hallardır və tədricən aradan qalxacaq. Müraciətlərin sayı azaldıqca, ödəmələri nəinki 5 gün ərzində, hətta sənədlər qəbul edildikdən bir neçə saat sonra vermək mümkün olacaq. Bir daha əmanətçilərin nəzərinə çatdırmaq istərdik ki, müraciətlərin icra müddəti ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Banka daxil olan bütün müraciətlərə qanuna müvafiq qaydada baxılır və baxılacaq. Təsadüfi deyil ki, Prezidentin 2012-ci il 14 mart tarixli fərmanında da fərdi birdəfəlik ödəmələrin verilməsi üçün əlavə bir il müddət nəzərdə tutulub. 2013-cü il dekabrın 31-dək bütün məsələlər aydınlaşdırılacaq, fərdi birdəfəlik ödəmə almaq hüququna malik olan hər bir vətəndaşın bu hüququ təmin ediləcək.

- Fərdi birdəfəlik ödəmələrin hesablanması ilə bağlı da ara-sıra müəyyən narazılıqlar nəzərə çarpır. Bəzi vətəndaşlar ödəmələrin düzgün hesablanmadığını, onlara gözlədiklərindən az vəsait verildiyini bildirirlər. Bu narazılıqları yaradan nədir? Doğrudanmı ödəmələrin hesablanmasında yanlışlıqlara yol verilir?

- Fərdi birdəfəlik ödəmələrin hesablanması mexanizmi Prezidentin 2012-ci il 14 mart tarixli fərmanı ilə təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları”na əsasən müəyyən edilib. “Kapital Bank”da fərdi birdəfəlik ödəmələr həmin qaydaların tələbləri əsasında hazırlanmış kompyuter proqramı vasitəsilə hesablanır. Hesablama proqram təminatı vasitəsilə aparıldığından burada hər hansı yanlışlıq tam istisnadır. Bu məsələdə əmanətçilər arasında anlaşılmazlıq yaradan başlıca səbəb isə bəzi əmanətçilərin hesablama qaydaları barədə lazımi qədər məlumatlı olmamaları, əmanət qalığının tarixi ilə bağlı əsas şərtin bir çox hallarda nəzərə alınmamasıdır. Sənədlərin qəbulu zamanı xidmət məntəqələrində əmanətçilərə verilən qəbzdə əmanət hesabındakı qalıq tam göstərilir, vətəndaşların müəyyən bir qismi də güman edir ki, ödəmə qəbzdə göstərilmiş məbləğ üzrə hesablanmalıdır. Lakin bu, belə deyil. Fərdi birdəfəlik ödəmə Əmanət Bankında yalnız 1992-ci il yanvarın 1-dək olan qalığa verilir. Bu tarixdən sonrakı dövrə aid olan əmanət qalığı hesab bağlanarkən ödəmə məbləğinə əlavə edilsə də, həmin qalığa fərdi birdəfəlik ödəmə hesablanmır. Ona görə də vətəndaşlar onlara çatacaq fərdi birdəfəlik ödəmənin məbləğini hesablamaqdan ötrü xidmət məntəqələri tərəfindən verilmiş qəbzdəki son qalığa yox, 1992-ci il yanvarın 1-dək olan əmanət qalığına əsaslanmalıdırlar. 1992-ci il yanvarın 1-dən sonra Əmanət Bankına pul yerləşdirmiş vətəndaşlar bilməlidirlər ki, həmin əmanət qalığının hesablanması qaydası fərdi birdəfəlik ödəmənin hesablanması qaydasından fərqlidir.

- Bunu nümunə ilə izah etmək olarmı?

- Bəli, bu cür nümunəli izahlar indiyə qədər də “Kapital Bank” tərəfindən verilmiş, kütləvi informasiya vasitələrində yayılmışdır. 01.01.1994-cü il tarixinə qədər olan əmanət qalığı 1994-cü ildə manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi elan edilməsi ilə əlaqədar 10-a, 01.01.2006-cı il tarixinə qədər olan əmanət qalığı isə 2006-cı ildə aparılmış denominasiyaya uyğun olaraq 5.000 əmsalına bölünməklə hesablanır. Məsələn, 01.01.1992-ci il tarixinə əmanət hesabında 2000 rubl olmuşdursa, sonra 1993-cü ildə həmin hesaba 10000 rubl əlavə mədaxil edilmişdirsə, ümumi məbləğ, yuxarıda da qeyd edildiyi kimi, 01.01.1994-cü ildə rublun manata keçidi ilə əlaqədar olaraq 10-a bölünür və hesab üzrə qalıq 1200 AZM manat qalır. Əgər, 1994-2005-ci illərin müəyyən dövrlərində tutaq ki, hesaba 400.000 AZM manat mədaxil edilmişdirsə, artıq yuxarıda qeyd edildiyi kimi, denominasiya ilə əlaqədar olaraq, 01.01.2006-cı il vəziyyətinə 401200 AZM qalıq 5000-ə bölünür və yekun məbləğ 80 AZM manat 24 qəpik təşkil edir. Deməli, 01.01.1992-ci il tarixinə 2000 rubl məbləğində olan qalığa 300 AZM fərdi birdəfəlik ödəmə, əlavə olaraq 80 AZM 24 qəpik, eləcə də 80.24 AZM-ə 01.01.2006-cı ildən 01.06.2012-dək hesablanmış faizlər də nəzərə alınmaqla əmanətçiyə 381 manat 54 qəpik ödənilir.

- İlk günlərdə xüsusi kompensasiya əmanət hesabları üzrə müraciətlərin “Kapital Bank”ın xidmət məntəqələri tərəfindən qəbul edilməməsi hallarına da təsadüf edildi. Belə məhdudiyyətlər indi də qalırmı?

- Prosesin ilk günlərində bu cür əmanət hesabları üzrə sənədlərin qəbulundakı müəyyən məhdudiyyətlər bu sahədə bəzi hüquqi-texniki məsələlərin aydınlaşdırılması, eləcə də əvvəlki indeksasiyalarda bu əmanət növünə heç bir kompensasiya hesablanmadığı üçün yeni baza məlumatlarının yaranması ilə bağlı idi. Artıq bu məsələlər öz həllini tapıb və hazırda həmin əmanət hesabları üzrə müraciətlərin qəbulunda da heç bir məhdudiyyət yoxdur. Belə əmanət hesabı üzrə əmanət kitabçasına malik olan hər bir kəs fərdi birdəfəlik ödəmə almaq üçün müvafiq sənədlərlə xidmət məntəqələrinə müraciət edə bilər. Ola bilər ki, əmanətçi xüsusi kompensasiya əmanət hesabı üzrə əmanət kitabçasına malik deyil, lakin əmanət hesabının nömrəsi ona məlumdur. Həmin əmanətçilər də hesab nömrəsini müvafiq sənədlərlə birgə xidmət məntəqəsinə təqdim etməklə fərdi birdəfəlik ödəmə almaq üçün ərizə verə bilər. Yerli struktur bölmələrdə müəyyən araşdırma aparıldıqdan sonra əgər hesabın olmasını təsdiq edən sənədlər aşkar edilərsə, bu zaman ödəniş aparmaq mümkündür.

- İtmiş, yaxud təqdim edilmək üçün yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə müraciətlər çox daxil olur?

- 2012-ci il iyulun 30-dək banka ümumilikdə 7838 belə müraciət daxil olub. Bildiyiniz kimi, itmiş, yaxud yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə müraciətlərin qəbulu məqsədilə Bakıda 3, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərinin isə hər birində 1 əlavə ərazi məntəqəsi fəaliyyət göstərir. Digər rayonlarda isə bu cür müraciətlərin qəbulu “Kapital Bank”ın yerli filialları tərəfindən həyata keçirilir.Belə müraciətlərdə əmanətçinin verdiyi məlumatlar üzrə bankda aparılmış tutuşdurma nəticəsində həmin məlumatlar təsdiqini taparsa, əmanətçiyə əmanət kitabçasını əvəz edən sənəd verilməsi üçün bank tərəfindən Xüsusi Komissiyaya müraciət edilir və verilən sənəd əsasında fərdi birdəfəlik ödəmə həyata keçirilir. Bəzən vəfat etmiş şəxsin vərəsələri əmanət kitabçasına, eləcə də əmanət hesabı haqqında heç məlumata malik olmadan sadəcə, mərhumun Əmanət Bankında hesabının olub-olmadığını aydınlaşdırmağa çalışırlar. Bunun üçün onlar ilk növbədə vərəsəliyin təsdiqlənməsi üçün dövlət notariat kontoruna, yaxud məhkəməyə müraciət etməlidirlər. Bu zaman banka notarial və yaxud məhkəmə qaydasında sorğu verilir, həmin sorğu əsasında araşdırma aparılır.

- Eyni şəxs bir neçə əmanət hesabına malik olduqda fərdi birdəfəlik ödəmə hansı qaydada hesablanır?

- Fərdi birdəfəlik ödəmələrin məhz əmanətçilərə verilməsi nəzərdə tutulduğundan, eyni əmanətçinin hesablarında olan qalıqlar toplanmaqla, ödəmələr hesablanıb verilir.  

- Müxtəlif ərazilərdə bir neçə əmanət hesabına malik olan əmanətçi banka bir dəfə, yoxsa hər bir əmanət hesabı üzrə ayrı-ayrılıqda müraciət etməlidir? 

- Bu halda əmanətçi hər bir əmanət hesabı üzrə ayrı-ayrılıqda müəyyən edilmiş məntəqəyə müraciət edir. Təbii ki, hər bir əmanətçi fərdi birdəfəlik ödəməni yaşadığı ərazidəki xidmət məntəqəsindən almaq arzusundadır. Xüsusən, faktiki yaşadığı ərazi ilə mənsub olduğu rayonun inzibati orqanlarının yerləşdiyi ərazi arasında böyük məsafə fərqi olan məcburi köçkünlərin, vaxtilə əmanət hesabını Naxçıvan Muxtar Respublikasında açmış vətəndaşların gediş-gəlişlə bağlı müəyyən çətinlikləri var. “Kapital Bank” bu kateqoriyadan olan əmanətçiləri nəzərə alaraq müəyyən tədbirlər üzərində düşünür. Yəqin ki, belə əmanətçilərdən sənədlərin qəbulu məqsədilə gələcəkdə Bakıda əlavə bir xidmət məntəqəsi də yaradılacaq. Hazırda işin çox olması, təəssüf ki, buna imkan vermir.

- Əmanətçi fərdi birdəfəlik ödəməni ödəniş kartı vasitəsilə ala bilərmi?

- Bəli, əgər vətəndaşın “Kapital Bank”da və yaxud digər hər hansı bir bankda hesabı varsa (cari, plastik kart və s.) ödəmə məbləği onun hesabına da köçürülə bilər. Vətəndaş bu istəyini ərizəsindəki xüsusi bölmədə göstərməlidir. Bu zaman əmanətçinin fərdi birdəfəlik ödəməni nağd qaydada almaqdan ötrü vaxt və zəhmət sərf edib növbəti dəfə xidmət məntəqəsinə gəlməsinə ehtiyac qalmır.     

- Fərdi birdəfəlik ödəmələrin verilməsi prosesində şəffaflıq prinsipləri hansı səviyyədə təmin olunur?

- Əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinin tam şəffaf mühitdə aparılması, vətəndaşları narazı salan hər hansı neqativ halların qarşısının dərhal alınması üçün müvafiq addımlar atılır, nəzarət tədbirləri mütəmadi qaydada davam etdirilir. İndiyədək fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı korporativ normaları və vəzifə borclarını pozan bir neçə bank əməkdaşı inzibati qaydada cəzalandırılmışdır. Bu cür hallara qarşı gələcəkdə də sərt tədbirlər görüləcək. Vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərin qəbulu üçün bankın baş ofisində yaradılmış “Qaynar xətt” daimi fəaliyyətdədir. Vətəndaşlardan yazılı şəkildə həm banka, həm də müvafiq dövlət orqanlarına daxil olan müraciətlər də operativ qaydada araşdırılaraq rəsmi qaydada cavablandırılır. Ona görə də vətəndaşlardan xahiş edərdik ki, bu prosesdə şahidi olduqları hər hansı pozuntu faktı barədə dərhal banka məlumat versinlər.  Dosta göndər

 

 

Palitra.-2012.-1 avqust.-S.7.