Naxçıvan Muxtar Respublikasının yaranmasının 88-ci ili tamam olub

 

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 88-ci ili tamam olub. Naxçıvanın muxtariyyəti Azərbaycanın XX əsrdə əldə etdiyi böyük tarixi nailiyyət idi. Naxçıvanın muxtariyyəti hərbi-siyasi diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxmış, gərgin, ağır, eyni zamanda, şərəfli bir yol keçib.

Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət qazanmasını dövlətçilik tariximizdə mühüm nailiyyət kimi qiymətləndirərək deyib: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Azərbaycanın qədim zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarının muxtariyyət tarixinin diqqətlə öyrənilməsi təbliğ olunması vacibliyini bir vəzifə kimi qarşıya qoyan Prezident İlham Əliyev deyib: “Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın tarixinin hələ tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir”.

Naxçıvan həmişə strateji əhəmiyyət kəsb edib   

Əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək yolunun üstündə yerləşməsi onu fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirib. Ərazisi dəfələrlə işğal olunsa da, əldən-ələ keçsə , Naxçıvan heç vaxt əyilməyib, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə, tarixi ərazisini qoruyub saxlaya bilib, müasir dövrümüzədək gətirib çıxarıb.

Naxçıvan şəhəri XII əsrdə qüdrətli Atabəylər dövlətinin paytaxtı olub. XII XIX əsrlərdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı bölgənin inkişafına, müdafiə qabiliyyətinin gücləndirilməsinə, inzibati idarəçiliyin formalaşmasına özünəməxsus töhfələr verib.

Naxçıvan heç vaxt özünü Azərbaycandan ayrı təsəvvür etməyib, bütün dövrlərdə dünyanın bir çox dövlətləri üçün böyük coğrafi-siyasi strateji əhəmiyyət kəsb edib. Xüsusilə, keçən əsrin əvvəllərində yaranmış şəraitdən istifadə edən erməni daşnakları Naxçıvana qarşı ərazi iddiaları irəli sürmüş, bu diyarı Ermənistana qatmaq üçün bütün vasitələrə əl atıb. Bölgə əhalisinin inadlı müqavimətləri nəticəsində Naxçıvan Azərbaycanın əzəli əbədi tərkib hissəsi kimi qorunub saxlanılıb son nəticədə ona Azərbaycanın tərkibində muxtariyyət statusu verilib. Naxçıvanın muxtariyyət statusu qazanması bu bölgədə 1918-1921-ci illərdə cərəyan edən proseslərin, onlara təsir edən daxili xarici amillərin, bölgənin regionun geosiyasi vəziyyətinin iki mühüm beynəlxalq müqavilənin sayəsində mümkün olub.

Həqiqətən Naxçıvan əhalisi, həmin dövrün demokratik ruhlu ziyalıları bölgənin təhlükəsizliyinə, erməni daşnaklarının hərbi basqınlarına qarşı mərdliklə mübarizə aparıb, öz qanları bahasına qədim diyarı qoruyublar. Hələ 1918-ci ildə Naxçıvan Milli Şurası Xalq Cümhuriyyəti hökumətinə yazdığı məktubda göstərirdi ki, biz ermənilərə tabe olmuruq, tezliklə Azərbaycan qoşunları tərəfindən Zəngəzurun azad edilməsini Naxçıvanın Azərbaycana birləşməsini gözləyirik. Naxçıvan İnqilab Komitəsinin Azərbaycan hökumətinə 1920-ci il 10 avqust tarixli məktubunda da bildirilirdi: “Əhalinin yekdil qərarı ilə Naxçıvan özünü Azərbaycanın ayrılmaz hissəsi hesab edir”.

Qədim diyarın muxtariyyət statusu məsələsində N.Nərimanovun prinsipial mövqeyi, onun adından B.Şahtaxtinskinin Moskvada apardığı danışıqlar 1921-ci il martın 1-də V.Leninə göndərdiyi məktub, nəhayət Rusiyanın Naxçıvan məsələsinə münasibətini müsbət istiqamətdə dəyişməsinə səbəb oldu. Nəticədə Naxçıvanın muxtar statusu RSFSR ilə Türkiyə arasında imzalanan Moskva müqaviləsində təsbit edildi: “Razılığa gələn hər iki tərəf hazırkı müqavilənin I (B) əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcək”. Bu müqavilə Naxçıvanın taleyinin həll edilməsində tarixi rol oynadı.

1921-ci il oktyabrın 13-də RSFSR-in iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR Türkiyə Respublikası arasında imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirildi. Müqavilənin 5-ci maddəsi 3-cü əlavəsi Naxçıvanın ərazi mənsubiyyətini bir daha təsdiqlədi, onun sərhədlərini müəyyənləşdirdi. Burada göstərilirdi ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir.

Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanlarını bu beynəlxalq müqavilələr reallaşdırdı. Həmin müqavilələrlə Rusiya, Türkiyə Cənubi Qafqaz respublikaları Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat verdilər.

Muxtar qurumlar yaranma əsaslarına görə milli-ərazi və inzibati-ərazi əlamətlərinə ayrılır. Naxçıvan Muxtar Respublikası dövlətin əsas ərazilərindən tam təcrid olunmuş vəziyyətdə - “anklav” ərazi kimi geosiyasi əsasa görə yaranıb. Belə coğrafi-siyasi əlamət tarixi zərurət kimi Naxçıvana muxtar hüquqların verilməsini şərtləndirib və qismən özünüidarə hüququnun tanınmasına yol açıb. Çünki Zəngəzur mahalının Ermənistan tərəfindən işğal edilməsi ilə Naxçıvan diyarı Azərbaycanın əsas ərazilərindən aralı düşüb, nəticədə onun muxtariyyət məsələsi gündəliyə gəlib. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”. Bu diyara muxtariyyət statusunun verilməsi ilə Azərbaycan SSR Naxçıvan üzərində hüquqlarından irəli gələn vəzifələri həyata keçirirdi. Lakin Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevralınadək ləngidildi. Həmin il fevralın 9-da isə Azərbaycan SSR MİK-in dekretinə əsasən Naxçıvan muxtar ölkəsi Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-ə çevrildi. Bununla da qədim diyarın statusu qəti şəkildə müəyyənləşdirildi.

Tarixi proseslərin inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan Diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.

 

Muxtariyyat statusu çevik siyasi addımların atılmasını təmin edib 

 

Ötən əsrin 90-cı illərində - bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaradıb. Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil edib. Bu statusun ulu öndər Heydər Əliyevin 1990-93-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvanın xalqımızın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilib. 1990-cı il noyabrın 17-də ümummilli liderin rəhbərliyi ilə keçən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyət orqanları haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunub.

Azərbaycan rəhbərliyinin SSRİ-in qorunub saxlanmasına dair göstərdiyi təşəbbüslərin əksinə olaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il 14 mart tarixli qərarı ilə SSRİ-nin saxlanmasına dair ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikasının iştirakının yolverilməz olduğunu bəyan edib. 1991-ci ilin oktyabrında “Keçid dövründə SSR İttifaqının dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” SSRİ qanununun müzakirəsi zamanı da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan dövlət hakimiyyət orqanlarından fərqli mövqe tutaraq SSRİ-nin yenidən bərpasına və unitar ittifaq dövlətinin möhkəmləndirilməsinə yönəldilən cəhdləri rədd edib, Azərbaycan Ali Sovetindən də müvafiq qərarların qəbul olunmasını xahiş edib.

Naxçıvanın muxtariyyət statusu bu dövrdə erməni işğalı təhlükəsinin aradan qaldırılması, ağır blokada şəraitində adamların yaşayışının təmin olunması sahəsində də taleyüklü qərarların qəbul edilməsinə şərait yaradıb, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi ümummilli lider Heydər Əliyev qonşu İran və Türkiyə respublikaları ilə əlaqələr quraraq bu ölkələrdə səfərlərdə olub, müxtəlif sahələrdə əməkdaşlığa dair protokollar imzalayıb.

Bu gün Naxçıvan bütün ölkədə aparılan quruculuq işlərində fəal iştirak edir. Bütün bunların kökündə isə ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf proqramı dayanır. 

 

 

Palitra.-2012.-10 fevral.- S.6.