“Dövlət QHT fəaliyyəti üçün daim yaşıl işıq yandırır”

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü ilə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqunun başlaması QHT sektorunun nümayəndələri tərəfindən geniş müzakirə obyektinə çevrilib. Bu məsələ üçüncü sektorun nümayəndələri tərəfindən ardıcıl olaraq təqdir edilməkdədir. Belə ki, vətəndaş cəmiyyətinin təmsilçiləri QHT-hökumət dialoqunu birinci olaraq vətəndaş cəmiyyətinin və QHT-lərin bir institut kimi inkişafı baxımından xeyli dərəcədə müsbət qiymətləndirirlər.   

Belə bir dialoqun davam etdirilməsi QHT fəaliyyətinin səmərəsinin artırılmasında və ictimai fəaliyyətlə bağlı problemlərin həllində mühüm bir vəsilə hesab edilir.  Həmçinin QHT fəaliyyətilə bağlı Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən yaxın beş il üçün QHT-lərlə bağlı Milli Strategiyanın hazırlanması prosesinə başlanıb və QHT-hökumət müzakirələrində səslənəcək fikir və təkliflər həmin sənəddə öz əksini tapacaq. Bu isə həm də QHT-lər tərəfindən irəli sürülən fikir və təkliflər, dövlətə edilən müraciət və təşəbbüslərin mühüm bir sənədə salınmasıdır. Deməli, QHT-lərin maraq və təklifləri, qaldırdıqları problemlər gələcək fəaliyyətdə hərtərəfli nəzərə alınacaq ki, bu da bir daha vətəndaş cəmyyətinin gücləndirilməsi yönündə önəmli məqam kimi qeyd edilməlidir.  Məsələ ilə bağlı fikirlərini bildirən Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov belə qeyd edir: “Bu günlərdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə dövlət-QHT dialoquna həsr edilmiş tədbir keçirildi. Bu dialoqu Azərbaycan cəmiyyəti üçün çox əhəmiyyətli hesab edirəm. Bu dialoq QHT-lərin inkişafı və vətəndaş cəmiyyətinin gələcəyi yönündə irəliyə atılmış uğurlu addımdır. QHT-lər və dövlət arasındakı münasibətlər bu dialoqun başlaması ilə yenidaha effektiv bir mərhələyə qədəm qoyur. Bundan sonra QHT-lər daha aktiv fəaliyyət göstərməyə çox stimullu olacaqlar. Müxtəlif sahələrdə daha obyektiv və ölkənin problemlərinin daha genişmilli kontekstdə diqqətə gətirilməsində, həllində töhfələrini vermiş olacaqlar. Həm cəmiyyət problemlərinin dövlət qarşısında qaldırılması, həm də Azərbaycanın milli problemlərinin, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq arenada qaldırılması işində daha fəal və ardıcıl olacaqlar. Göründüyü kimi, dövlət tərəfindən bu işlərə, QHT-lərin fəaliyyətinin stimullaşdırılmasına, onların layihələrinin maliyyələşdirilməsinə, yeni ideya və təşəbbüslərlə çıxış etmələrinə böyük diqqət və  dəstək var. Dövlət vətəndaş cəmiyyətinin güclənməsi və daha da inkişaf etməsinin marağındadır. Dövlət-QHT dialoqu çərçivəsində keçirilən görüşlərdə konkret məsələlər qaldırılır ki, bu məsələlərlə bağlı təşəbbüslərin irəli sürülməsi də birinci növbədə QHT-lərə yaradılan tribuna və şəraitin ifadəsidir. Bunlar ilk növbədə vətəndaş cəmiyyətinin marağındadır ki, bu da demokratik proseslərdən xəbər verir. Eyni zamanda dövlətimizin inkişafında da QHT-lərin rolu var. QHT-lər bütün ölkələrdə olduğu kimi, bizdə də demokratik təsisatlardır. QHT-lər hakimiyyətə gəlməyi qarşısına məqsəd qoymayan, amma hakimiyyətə öz təklif və təşəbbüsləri ilə müraciət edən qurumlardır. Bu cür təşkilatlar cəmiyyətdə olan aktiv vətəndaşlar tərəfindən qurulan təsisatlardır. Azərbaycanda da çox yaxşı bir haldır ki, 4000-dən çox QHT var. Onların çoxu qeydiyyatdan keçib. Bütün bu göstəricilər deyir ki, dövlət QHT fəaliyyəti üçün daim yaşıl işıq yandırır. Aydın məsələdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının ərsəyə gətirilməsi və bunun əsasında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması da bunun ən bariz nümunələrindən biridir. Bunun davamı olaraq vətəndaş cəmiyyətinin daha da güclənməsi yönündə dövlət-QHT dialoqunun başlaması çox təqdirəlayiqdir.Ç.Bayramov bir QHT sədri olaraq bu cür təkliflə də çıxış etdi: “Türkiyədə ictimai rəyə təsir edən bir çox QHT-lərə müəyyən kriteriyalar əsasında güzəştlər tətbiq edilir. Belə ki, onların ofisin kirayəsinin və kommunal xərclərinin 50 faizi endirimlə başa gəlir. Bu cür güzəştlər adekvat olaraq bizim QHT-lərə də tətbiq edilə bilər”. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı isə məsələyə belə yanaşır: “İlk növbədə onu deyək ki, QHT-dövlət dialoqu QHT-lərlə bağlı dövlət siyasətinin, müvafiq konsepsiyanın ruhuna uyğun olan, həmin konsepsiyadan irəli gələn vəzifələrin icrası zamanı üzə çıxmış və müsbət cavablandırılmış bir yanaşmadır. Sizin təbirinizcə desək, QHT-dövlət dialoquna qədər QHT-lərlə sahəsində bir neçə mərhələ keçilib. Sizə deyim ki, öncə QHT-lərlə bağlı psixoloji durum dəyişmiş; BMT ilə Azərbaycan dövləti arasında QHT Resurs və Təlim Mərkəzi yaradılmış, həmin mərkəzin fəaliyyətinin məntiqi sonluğu olaraq Milli QHT Forumu yaradılmış; hüquqi baza formalaşdırılmış, ardınca həmin baza təkmilləşdirilmiş; sonra QHT-lərlə işə dair konsepsiya qəbul edilmiş,  QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Nəhayət şuranın xətti ilə milli QHT-lərin layihələrinə maliyyə yardımları ayrılmağa başlanıb. Bir sözlə, bugünkü dialoq keçilmiş yolun dəyərləndirilməsi, özünü qabarıq göstərmiş problemlərin aradan qaldırılması, işin daha üstün səviyəyə qaldırılması üçün fikir mübadiləsi baxımından önəm daşıyır. Örnəyi, QHT Evinin yaradılması, o cümlədən QHT-lərin qərargah probleminin buya digər üsulla həll edilməsi, QHT-lərin layihələri üçün ayrılan vəsaitin həcminin artırılması, “QHT Gününün elan edilməsi, uzun illər QHT-lərdə səmərəli fəaliyət göstərən şəxslərin təcrübəsinin öyrənilməsi, tətbiqi və qiymətləndirilməsi və sairdir. Təbii ki, bizim daha geniş təkliflər zərfimiz olacaq və növbəti görüşlərdə öz ideya və təkliflərimizi təqdim edəcəyik. QHT-lərlə dialoq aparan dövlət rəsmisi hörmətli Əli Həsənov həm də tarixçi alimdir, QHT fəlsəfəsini yaxşı bilən ziyalıdır. Mən keçirilən görüşlərin, aparılan dialoqun səmərəlilik əmsalının yüksək olacağına, diqqətəlayiq təkliflərin, ideyaların mümkün olan ən qısa zaman kəsiyində öz yerini alacağına ümüd edirəm”.       Hər iki QHT nümayəndəsinin fikirlərindən də göründüyü kimi, üçüncü sektor sözügedən dialoqun ictimai mənafelər baxımından fayda gətirəcəyinə əmindir.

 

İlkin AĞAYEV

Palitra.-2012.-10 iyul.-S.6.