“Bakı şəhərinin inkişafı regionların inkişafı ilə sinxronluq təşkil edir

 

Yüksək inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, modern cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşir. Ölkəmizin yüksək artım templəri əldə etməsinin və indiki yüksək mərhələyə çatmasının başlıca məntiqi yeni  rəqabətli dünyanın iqtisadi qanunauyğunluqları üzərində diversifikasiya olunan fundamental konsepsiyanın həyata keçirilməsi ilə əlaqəlidir.  

Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib. Prezident İlham Əliyevin müəllifi olduğu inkişaf proqramları ölkənin simasını bütün sahələrdə yeniləşdirir, Azərbaycan müsbət mənada köklü sosial-iqtisadi infrastruktur dəyişikliyinə uğrayır. Regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramlarında modernləşmə və tərəqqi prinsipi əsas prioritet təşkil edir. Son dövrlərdə daha intensiv həyata keçirilən inkişaf proqramları ilə az vaxtda çox göstəricilərə nail olunub. Bu barədə qəzetimizə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik  Arif Həşimov da bildirir ki, Azərbaycan regionlarının inkişafı baxımından həyata keçirilən tədbirlərdən danışanda ilk növbədə bu yaxınlarda Bakı və onun ətraf qəsəbələrinə aid dövlət proqramı çərçivəsində bir il ərzində görülən işlərə dair müzakirələri və burada Prezident İlham Əliyevin iştirakını xüsusilə qeyd etmək lazımdır: Doğrudan da Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı bir il ərzində özünün inkişaf tempinə və qarşıya qoyulan məsələlərin həllində əldə edilən nailiyyətlərə görə çox böyük önəm daşıyır. Ümumiyyətlə, Bakı şəhəri və onun qəsəbələrinin son dövrlərdə çox sürətlə inkişafı bütün Azərbaycan regionlarının sürətli inkişafı kontekstində xüsusilə qiymətləndirilə bilər. Çünki Bakı şəhəri Azərbaycanın nəinki paytaxtı, ümumiyyətlə, elm, mədəniyyət, incəsənət və sair vacib sahələr üzrə potensialının ən çox toplandığı bir məkan və bütün göstəricilər baxımından Azərbaycanın dünyaya açılan ən böyük pəncərəsidir. Ona görə də Bakı şəhərinin inkişafı regionların inkişafı ilə sinxronluq təşkil edir. Eyni zamanda onu da demək olar ki, başqa regionlarımızda yerləşən şəhərlərin sürətli inkişafı da Bakı regionunun inkişafı ilə eynilik təşkil edir. Məsələn, Gəncə, Naxçıvan, Sumqayıt və digər şəhərlərin inkişaf tempi ilə bağlı bunu əminliklə demək olar. Konkret olaraq Gəncədə son dövrlərdə çox yüksək templi quruculuq işlərinə başlanıb. O da məlumdur ki, Gəncədə Nizaminin 870 illiyinin keçirilməsi ilə də bağlı olaraq bu quruculuq işləri daha intensiv xarakter alıb. Gəncə son dövrlərdə tamamilə yeni sima əldə edib və müsbət mənada tam dəyişilib. Aydın məsələdir ki, Azərbaycanın bütün qəsəbə və şəhərləri, rayon mərkəzləri yenidən qurulduqca, müasirləşdikcə, eyni zamanda onun tarixi abidələri, tarixi əraziləri də qorunub saxlanılmalıdır. Onların bir çoxunun yenidən bərpası işləri yerinə yetirilməlidir. Onların tarixi bərpası zamanı onların öz dövrünü dolğunreal əks etdirməsi kimi məqamlara da ciddi diqqət yetirmək lazımdır. Bu baxımdan da bizdə yerinə yetirilən işlər təqdirəlayiqdir. Məsələn, Nizaminin məqbərəsi və onun ətrafının abadlaşdırılması, onun yubileyi ilə bağlı tədbirlərin keçirilməsi zamanı gələcək qonaqlara Nizami irsini təbliğ etmək üçün həmin dövrü elə əks etdirmək lazımdır ki, hər şey tam aydındolğun olsun. Bu baxımdan Gəncədə görülən işlər də çox təqdirəlayiqdir. Yenidən Bakı və Bakıətrafı qəsəbələrlə bağlı həyata keçirilən inkişaf tədbirləri ilə bağlı danışmaq istəyirəm. Prezident İlham Əliyevin  bu proqram və tədbirlərlə bağlı verdiyi tövsiyələr böyük əhəmiyyət daşıyır. Bu tövsiyələr göstərir ki, həyata keçirilən tədbirlər davamlı və uzunmüddətli olmalı, 2020, 2030-cu illərə qədər belə, konkret görüləcək inkişaf və modernləşmə tədbirləri öz əksini tapmalıdır. Qeyd etdiyim kimi, Bakı həm də Azərbaycanın elm, mədəniyyət, incəsənət mərkəzi kimi formalaşır. Burada akademiya, əsas incəsənət məkanları, abidələri, muzeylər və sair yerləşir. Ona görə də Bakı şəhərində görülən işlər, bu işlərin yerinə yetirilmə texnologiyası xüsusi spesifikaya malik olmaqla önəm kəsb edir. Bütün regionların inkişafı zəminində bu spesifikliyə də böyükciddi diqqət yetirilir”.  

Regionların inkişafı elmi baxımdan əsaslandırılmış şəkildə yerinə yetirilir 

Həyata keçirilən regionların inkişafı ilə bağlı proqramların effektivliyi həm də ondadır ki, bu proqramlar elmi baxımdan əsaslandırılmış şəkildə həyata keçirilir. Akademik bu barədə bildirir: “Ümumiyyətlə, regionların inkişaf proqramları elmi şəkildə, elmi baxımdan əsaslandırılmış olaraq yerinə yetirilir. Bütün bu proqramların yerinə yetirilməsində elm adamları da tövsiyələrini verirlər. Təsadüfi deyil ki, inkişaf proqramlarına həsr edilmiş müşavirələrdə, rayonların sosial-iqtisadi inkişafı ilə bağlı müzakirələrdə AMEA nümayəndələri də iştirak edirlər. Akademiyanın nümayəndələri elm tutumlu məsələlərin qoyuluşunda tövsiyələrlə çıxış edirlər. Bu baxımdan rayonların inkişafı ilə bağlı bütün tədbirlərdə akademiya həmişə təmsil olunur və qarşıya çıxan problemlərlə bağlı regionların müəyyən orqanlarına yardımçı olur. Eyni zamanda regionların inkişafı ilə bağlı olaraq akademiya tərəfindən xüsusi layihələr hazırlanır. Həmçinin müxtəlif əlaqədar nazirliklərin həyata keçirdikləri bu tipli tədbirlərdə akademiya yaxından iştirak edir. Onu da qeyd edim ki, akademiyamızın müxtəlif regonlarda bölmələri fəaliyyət göstərir. Yenidənqurma işlərinin  aparılmasında, şəhərsalmanın, kommunikasiya xətlərinin formalaşmasında, yaşıl sənayenin təşkilində də akademiyanın bu bölmələri öz tövsiyələri ilə yaxından iştirak edir”.   

Şəhərsalma ən yeni texnologiyalarla aparılır  Bakının timsalında Azərbaycanda şəhərsalmanın ən yeni texnologiya və qaydalarla aparıldığına diqqət çəkən akademik deyir: “Bakı öz memarlıq üslubuna görə də digər şəhərlərdən fərqlənir. Həmçinin bütün qeyd edilənlərlə bərabər sənaye tutumu, sənaye göstəriciləri də şəhərin digər faktorları ilə kəsişir. Bu kəsişmə nöqtələrinə uyğun olaraq inkişaf da dayanıqlı olmalıdır. Şəhərin sənaye xüsusiyyətlərini nəzərə alıb modernləşdirmə aparılmalıdır ki, bu da Bakıda çox harmonik şəkildə yerinə yetirilir. Məsələn, bir vaxtlar Bakıda “Qara şəhər” adlanan ərazinin tamam yenilənməsi ilə bağlı ilə “ şəhər” layihəsi hazırlanıb. Bundan sonra iri istehsal müəssisələri Bakıdan kənarda yerləşdiriləcək, şəhərin səliqəsinə və ekoloji duruma xüsusi diqqət yetiriləcək və artıq yetirilməkdədir. Qeyd etmək lazımdır ki, istehsal müəssisələri və yeni zavodların şəhərdən köçürülməsi elə-belə köçürülmə kimi nəzərdə tutulmur. Çünki yeni zavodların, müəssisələrin şəhərdən kənarda yenidən fəaliyyəti yeni texnologiyalara əsaslanmış olacaq ki, bu da istehsalın modernləşməsi və innovasiyalaşması baxımından önəm daşıyır. Bu müəssisələr eyni zamanda ekoloji baxımdan müasir dünya standartlarına tam cavab verən müəssisələr olacaq ki, bu da ekoloji sağlamlıq üçün çox böyük önəm daşıyır.    Şəhərdə salınan yeni və ən müasir, gözəl parklar, yaşıllıqlar bu baxımdan xüsusilə qeyd edilməlidir. Həmçinin Bakı şəhəri son zamanlar sürətlə böyüdüyünə görə, “Qara şəhər” adlanan hissə hazırda demək olar ki, Bakı şəhərinin mərkəzi hissələrindən birinə çevrilib. Burada mütəmadi abadlıq işləri aparılır. Bu baxımdan şəhərsalma qaydalarına uyğun olaraq Bakı həm memarlıq üslubuna görə, həm də ekoloji durumuna görə demək olar ki, yaşıl iqtisadiyyata əsaslanan, dünyanın ən unikal şəhərlərindən birinə çevriləcək. Görülən bütün işlər də buna hesablanıb. Həmçinin bütün indiki göstəricilər də sübut edir ki, Bakı bu tələblərə cavab verməkdədir. Eyni zamanda Bakı qəsəbələrinin inkişafı ilə bağlı olaraq cənab Prezident bir-birinin ardınca bir neçə fərman verdi. Bu fərmanlarda qəsəbələrin abadlaşdırılması, yolların çəkilməsi, kommunikasiya xətlərinin yenidən qurulması və sair məsələlər öz əksini tapmışdı”.AMEA-nın birinci vitse-prezidenti bildirir ki,  bütün bunların hamısı Bakıətrafı qəsəbələrin ekoloji durumunun daha da sağlamlaşdırılmasına, şəraitin müasirləşdirilməsinə, Bakıətrafı torpaqların öz münbitliyini qoruyub saxlamasına xidmət edir.

 

 

 

 

İlkin AĞAYEV       

Palitra.-2012.-11 iyul.-S.5.