“Mədəniyyətlə bağlı beynəlxalq elmi tədbirlərə gənc alimlərimizin ezam olunmasına şərait yaradılır”

 

AMEA nəzdində fəaliyyət göstərən Gənclərin İntellektual İnkişaf Mərkəzinin və Gənc alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin rəhbəri İlqar Orucov: “Alimlərimizin elm müstəvisində də bu mövzu ilə bağlı öz sözlərini layiqincə demələrinə çalışırıq”

Mədəniyyətin elmi müstəvidə tədqiq olunması, bu yöndə aparılan tədqiqatların nəticələri ilə bağlı geniş miqyasda tanışlıq aktual məsələlərdəndir. Bu işdə xüsusilə də gənc alim və tədqiqatçıların aktiv olması mədəniyyətin elmi müstəvidə tədqiqi və ümumi inkişafında xeyli vacib məqamlardandır. Bu baxımdan layihə çərçivəsində AMEA nəzdində fəaliyyət göstərən Gənclərin İntellektual İnkişaf Mərkəzinin və Gənc alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin rəhbəri İlqar Orucovun fikirlərini öyrəndik. İ.Orucov bizimlə söhbətə Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı görülən ümumi işlər barədə fikirlərini bildirməklə başladı:

- Azərbaycan mədəniyyətinin inkişafı ilə baglı bir məsələni xüsusi vurğulamaq istəyirəm. Bu yöndə Heydər Əliyev Fondunun intensiv fəaliyyəti və onun rəhbəri Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var. Azərbaycan mədəniyyətinin nümunələri, Azərbaycanın milli, mədəni abidələri YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Bununla bağlı olaraq ümumiyyətlə, dövlətin həyata keçirdiyi siyasət kifayət qədər uğurludur. Hesab edirəm ki, bu istiqamətdə atılan addımlar olduqca həm nəzərəçarpandır, həm də uzun illərdən bəri qalmış problemlərin qısa müddətdə həll edilməsinə verilən çox önəmli, həlledici töhfələrdir.

- Azərbaycan mədəniyyətinin elmi baxımdan tədqiq olunması məsələləri ilə bağlı hansı fikirləriniz var? Məlumdur ki, müxtəlif elmi-tədqiqat institutları öz profillərinə uyğun olaraq mədəniyyəti buya digər baxımdan tədqiq edirlər...

- Bilirsiniz ki, mədəniyyətlə bağlı mədəniyyətşünaslıq elmi var. Kulturologiya elmi, həmçinin mədəniyyəti tədqiq edən AMEA qurumları var. Buraya Fəlsəfə, SosiologiyaHüquq İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, ArxeologiyaEtnoqrafiya İnstitutu və digərlərini aid etmək olar. Bu istiqamətdə konkret işlər görülür, tədqiqatlar aparılır. Eyni zamanda həmin elmi müəssisələrdəki konkret kafedralar da bu cür tədqiqatlarla məşğul olurlar.  Hesab edirəm ki, son  illərdə elm sahəsində və elm adamlarının mədəniyyətin tədqiqi sahəsində işləri var. Kimsə fikirləşə bilər ki, bu işlər qənaətbəxş deyil, daha çox işlər görmək olar. Amma bugünkü reallıq ondan ibarətdir ki, digər sahələrdə olduğu kimi, bu sahədə də bizim alimlərimizin uğurları mövcuddur və bunları danmaq mümkün deyil.

- Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təqdim və təbliğ olunması ilə bağlı nə deyə bilərsiniz?

- Uzun illərdir ki, bu sahədə tədbirlər həyata keçirilir. Məsələn, dövlət səviyyəsində xarici ölkələrdə Azərbaycan Mədəniyyəti Günləri təşkil olunur. Hesab edirəm ki, bunlar Azərbaycan mədəniyyətinin beynəlxalq arenada təbliğ olunması və Azərbaycan xalqının həqiqətən də əsrlərdən bəri formalaşmış qədim mədəniyyətinin dünyaya təbliği istiqamətində mühüm addımlar sayılır. Xüsusilə Heydər Əliyev Fondunun bu istiqamətdə də fəaliyyəti çox məhsuldar və uğurludur.  Bundan başqa mədəniyyətin təbliği ilə bağlı müxtəlif  vətəndaş cəmiyyəti institutları var. İctimai təşkilatların bu istiqamətdə fəaliyyəti barədə də qeyd edilməlidir. Bu gün vətəndaş cəmiyyəti qurumları milli məsələlər, mədəniyyətimizin təbliği ilə bağlı daha çox təşkilatlanıblar. İyirmi illik müstəqillik ərzində bu yöndə xeyli işlər görülüb. Biz müstəqilliyin bizə verdiyi imkanlardan bu məsələdə də xeyli yararlana bilirik. İnanıram ki, gələcəkdə biz bu sahədə daha böyük uğurlara imza atacağıq. Mədəniyyət anlayışı geniş bir termindir. Bu anlayış özündə müxtəlif  istiqamətləri ehtiva edir. Məsələn, Azərbaycan musiqisinin təbliği də mədəniyyətin təbliğidir. Azərbaycan mətbəxinin, incəsənətinin, milli adətlərimizin, bayramlarımızın, folklorumuzun təbliği mədəniyyətə aiddir. Bütün bunların yüksək səviyyədə təqdimatı mədəniyyətimizin təbliğinə xidmət edir. Bu sahədə xüsusilə də diasporumuzun fəaliyyətini qeyd etməyə dəyər. Bundan başqa bizim artıq son illərdə diaspor təşkilatlarımızın fəaliyyəti xeyli güclənib. Onların Azərbaycan mənafeləri naminə ümumi koordinasiya olunması, güclərini və səylərini birləşdirmələri mədəniyyətimizin yüksək səviyyədə dünyada təbliği ilə bağlı da töhfələrini verir. Diaspor qurumlarımız Azərbaycan mədəniyyətinin müxtəlif sahələr üzrə təbliğ olunması istiqamətində çox ciddi işlər görürlər. Biz müxtəlif ölkələrdə tədbirlərdə olarkən görürük ki, Azərbaycanın milli bayramları və əlamətdar günlərdə diaspor təşkilatları bu istiqamətlərdə uğurlu fəaliyyət həyata keçirirlər, tədbirlər reallaşdırırlar.   

- Sizin rəhbəri olduğunuz qurum mədəniyyətə aid hər hansı tədbirlərin və ya araşdırmaların aparılması ilə bağlı təşəbbüskar kimi çıxış edibmi?

- AMEA-nın nəzdində fəaliyyət göstərən, rəhbəri olduğum Gənclərin İntellektual İnkişaf Mərkəzinin struktur bölmələri olaraq akademiyanın bütün bölmələrində gənc alimlər şuraları yaradılıb. Bu istiqamətdə Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun Gənc Alimlər Şurasının nümayəndələrinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Onlar mədəniyyət və ona yaxın mövzuda dəfələrlə seminarlar təşkil ediblər. Kulturologiya ilə bağlı onlar tərəfindən dəyirmi masalar, simpoziumlar təşkil olunub. Eyni zamanda Folklor İnstitutunun Gənc Alimlər Şurası və həmin şuranın üzvlərinin bu yöndə elmi-tədqiqatlarını özündə əks etdirən monoqrafiyalar çap olunub. Onlar müxtəlif elmi məqalələrlə bu mövzuda çıxışlar ediblər. Bizim təşkil etdiyimiz, gənc alimlərin yaradıcılığı ilə bağlı tədbirlərdə gənc kulturoloqların bu mövzuda çıxışları olur. Onlar bu istiqamətdə olan tədqiqatlarını təqdim edirlər. Eyni zamanda bizim bir elmi jurnalımız çap olunur. Həmin jurnalda mütəmadi olaraq tədqiqatlar aparan gənc alimlərin işləri ilə tanış olmaq mümkündür. Bu isə onu deməyə əsas verir ki, bu sahədə gənc alimlərimizin xeyli işləri var.

- Gənc alimlər mədəniyyətlə bağlı keçirilən beynəlxalq elmi konfranslara qatılmağa nə dərəcədə həvəs göstərirlər? Bu sahədə onlara yaradılan şəraiti necə qiymətləndirirsiniz?

- Gənc alimlərin müxtəlif  beynəlxalq elmi konfranslarda iştirak səviyyəsi son illərdə xeyli dərəcədə artıb. Bu sahədə vaxtilə bizim üçün ciddi problem olan beynəlxalq elmi tədbirlərə çıxış məsələsi əsasən həllini tapıb. Məsələn, bu yaxınlarda bizə müraciət etmiş bir gənc etnoqraf mətbəx mədəniyyəti ilə bağlı tədqiqat işi aparır. O, həm kitabının, monoqrafiyasının çap olunması, həm də Türkiyədə keçiriləcək mədəniyyətşünaslıqla bağlı beynəlxalq toplantıda Azərbaycanı təmsil etmək üçün müraciət edib. Biz artıq onunla bağlı məsələyə baxmışıq və onun səfər xərclərini ödəyəcəyik. Ümumiyyətlə, bu məsələdə əməkdaşlıq təkcə türkdilli ölkələrlə məhdudlaşmır. MDB respublikalarında keçirilən mədəniyyətlə bağlı beynəlxalq tədbirlərə də gənc alimlərimizin ezam olunmasına şərait yaradılır. Onların müxtəlif elmi mərkəzlərlə əməkdaşlığı təmin edilir. Bütün bunlar Azərbaycan mədəniyyətinin eyni zamanda elmi baxımdan yüksək səviyyədə təqdim olunmasını nəzərdə tutur. Biz bu imkanlardan istifadə edərək alimlərimizin eyni zamanda elm müstəvisində də bu mövzu ilə bağlı öz sözlərini layiqincə demələrinə çalışırıq.

 

 

İlkin AĞAYEV

Palitra.-2012.-20 iyun.-S.11.