HALAL ÖMRÜN HALAL BƏHRƏSİ

 

Bütün yaxşı işlər  halallıqdan başlanır. İnsanı da halallıq səviyyəsinə yüksəldən kimsədən minnət çəkməyən zəhməti və özünə inamı, ehtibarıdır. Buna görə də halal zəhmətin bu günü  qazanılan hörmət, nüfuz, sabahı isə rəhmətdir. Belə  halal, zəhmətkeş ömür yaşayan qələmdşlarımızdan biri də  öz sözü, imzası ilə elmi-ədəbi mühitə gələn filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudovadır. 2007-ci ildə XX əsr poeziyamızın tanınmış simalarından olan Adil Babayevin həyat və yaradıcılığı mövzusunda uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adı alan, bu gün də “M.S.Ordubadi: mühiti və müasirləri” adlı doktorluq dissertasiyası üzərində səylə elmi araşdırmalarını davam etdirən Aypara Behbudovanın tərcümeyi-hal göstəricisindən aydın olur ki, o, “Naxçıvan Dövlət Universiteti Elmi Kitabxansı-40” adlı kitabın, respublikamızda, eləcə də respublikamızdan kənarda elmi-ədəbi mühitimizin ən müxtəlif problemlərinə həsr edilmiş 40-dan çox elmi məqlənin müəllifi, akademik İsa Həbibbəylinin həyat və yardıcılığını əks etdirən 2 hissəli “Ömrün illəri və əsərləri”, “Akademik Məmməd Cəfər Cəfərovun şəxsi kitabxanasından Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasına hədiyyə etdiyi kitabların əlifba katoloqu” ,  “Yavuz Axundlu: elmin və təhsilin işığında”, “ Yavuz Axundlu: Biblioqrafiya”, Vaqif  Məmmədov: “Ömür yolu” kitablarının tərtibçisidir. Və bütün bunlarla bərabər, o, həm də Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının direktoru və bu universitetin müəllimidir  .2012-ci ildə “Mütərcim” nəşriyyatı tərəfindən işıq üzü görən“Adil Babayev: Ömür yolu və sənət dünyası” kitabı  Aypara Behbudovanın bir alim-tədqiqatçı kimi imzasını təsdiqləyən 200 səhifəlik ilk irihəcmli tədqiqat əsəridir. Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 15 iyul 2011-ci il tarixli qərarı ilə çapa tövsiyə olunan bu  kitaba Naxçıvan Dövlət Universitetin rektoru, millət vəkili, akademik İsa Həbibbəyli “Tədqiqatçılıq səriştəsinin göstəricisi” adlı ön söz yazmışdır. Filologiya elmləri doktorları, professorlar  Himalay Qasımovun “Ədəbiyyatşünaslığımıza yeni töhfə”, Adil Babayevin “Yeni dövrün yeni tədqiqatlrı”, Kamran Əliyevin  “Yaradıcılığın geniş poetik imkanları”, Yavuz Axundlunun “Coxcəhətli yaradıcılığın əhatəli tədqiqi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Fərqanə Kazımovanın “Adil Babayev irsinə düşən işıq” kimi  dəyərli məqalələri ilə oxuculara təqdim edilmişdir. Bu bir reallıqdır ki, Adil Babayev yaradıcılığa başladığı ilk günlərdən elmi-ədəbi mühitin və geniş mənada oxucu auditoriyasının həmişə diqqət mərkəzində olmuş, haqqında müxtəlif zaman kəsiklərində bir xeyli məqalələr yazılmlş,  dəyərli fikirlər söylənmişdir . Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən S.Vurğun, M.İbrahimov, M.C.Cəfərov, A.Zamanov, K.Talıbzadə, B.Vahabzadə, Ə.Qasımov, Q.Xəlilov, X.Rza, N.Həsənzadə və onlarla başqalarının Adil Babayev haqqında yazdığı məqalələr, dedikləri fikir və mühalizələr bir daha təsdiq edir ki, A.Babayev  ədəbiyyata və sənətə M.Arazın dili ilə desək “bir ümman həvəsilə gəlmişdir”. Buna görə də o, ədəbiyyatın böyük  əbədi sakininə çevrildi. Bu da imkan verdi ki, Adil Babayev haqqında geniş elmi araşdırmalar aparılsın və dəyərli tədqiqatlar yazılsın. Belə bir uğurlu addım, demək olar ki, hələlik Aypara Behbudovanın yaradıcılıq taleyinə nəsib olmuşdur.“Giriş” və “Nəticə” ilə bərabər “Keşməkeşli ömür yolu”, “Lirikanın poetik imkanları”, “Şairin poema yaradıcılığı”, “Nəzmlə nəsrin vəhdəti”, “Dramaturgiya ənənələrinin davamçisı”, “Orijinal tərcümənin uğurları”, “Teatr və teatrşünaslıq fəaliyyəti” “Adil Babayevin ədəbi-tənqidi düşüncələri və publisistikası”, “Folklordan qaynaqlanan əsərlər” kimi bölmələri əhatə edən monoqrafiya yuxarıda adlarını çəkdiyimiz və elmi-ədəbi mühitdə kifayət qədər söz demək səlahiyyəti qazanmış tədqiqtçıların fikrincə “Tam halda “Adil Babayev: Ömür yolu və sənət dünyası” monoqrafiyası filologiya elmləri namizədi Aypara Behbudovanın tədqiqatçılıq imkanlarının genişliyini, yetkin və hərtərəfli elmi təcrübəsini nəzərə çarpdırır” (akademik İsa Həbibbəyli), “Aypara Behbudovanın gərgin axtarışlarının və zəhmətinin bəhrəsi olan bu monoqrafiyada şairin heç bir əsəri tədqiqatdan kənarda qalmamış, bütün yaradıcılıq nümunələri ətraflı təhlil edilmişdir” (professor Himalay Qasımov), “Monoqrafiyadan aydın olur ki, tədqiqatçı böyük zəhmət və vaxt sərf etməklə şairin ədəbi-bədii irsi ilə bağlı xeyli sənədlərlə tanış olmuş, hətta şairin müasirləri ilə görüşmüş, onun haqqında deyilən fikir və mülahizələrdən də monoqrafiyada ətraflı şəkildə istifadə etmişdir” (professor Adil Babayev), “Aypara Behbudovanın çox ciddi tədqiqatlarının bəhrəsi olan monoqrafiyada Adil Babayevin həyatının digər  mühüm mərhələləri də diqqətdən yayınmamiş, əksinə, əhatəli şəkildə və diqqətlə araşdırılmışdır” (professor Kamran Əliyev) “Filologiya elmləri namizədi Aypara Behbudovanın qədim Naxçıvan torpağının yetirməsi olan şair -drmaturq  Adil Babayev haqqında yazdığı monoqrafiya bu sahədə atılan uğurlu addımların davamıdır” (professor Yavuz Axundlu), “Aypara Behbudova çalışır ki, şairin həyatına aid ən xırda detalları belə nəzərdən qaçırmasın, bəzən xırda bir faktın arxasında duran mühüm həqiqəti araşdıraraq Adil Babayev ömrünün bütöv mənzərəsini yaradır” (dosent Fərqanə Kazimova ) Bu monoqrafiyanın az müddətdə oxucu və tədqiqatçı auditoriyasında müsbət mənada doğurduğu  fikir və mülahizələri  təbii ki, geniş şəkildə saf-çürük etmək imkanımız yoxdur. Amma aydın mənzərə budur ki, gərgin və səmərəli tədqiqatın nəticəsi kimi ortaya çıxan bu monoqrafiya təkcə Adil Babayevin deyil, həmçinin şairin ədəbi nəsildaşları haqqında söz deməyə, təsəvvür yaratmağa xidmət edən  mənbədir.            Müəllif monoqrafiyanın hər bir bölməsində elmi qaynaqlardan dəyərincə istifadə etməklə yanaşı, həm də öz fikir və düşüncələrini oxucularla, geniş elmi mühitlə tam sərbəst bölüşə bilir. Bu da iki səbəbdən irəli gəlir: birincisi, tədqiqatçı tədqiq etdiyi mövzunun bütün yön və istiqamətlərini dərindən mənimsəyib, ikincisi, tədqiqatçının özünün elmi dünyagörüşü, sistemli və əhatəli tədqiqatçılıq səriştəsi var. Buna görə də müəllif fikirlərində inamlı və israrlıdır. O, məqamı gələndə Adil Babayevdən elə danışır ki, sanki bu qələm sahibinin müasiri olmuş, onun bütün ömür və yaradıcılıq yolunu illərin müşahidəsindən keçirmişdir. “Adil Babayevin ömür yolunu izləyərkən onun nə qədər nikbin, mübariz olduğunun şahidi oluruq. Bu mübarizlik təbiətən sakit, mülayim, ətrafdakı hər şeyə və hamıya son dərəcə həssaslıqla yanaşan bu insanın xırda hisslərə əsir olmamasından, saxtakarlığın, riyakarlığın, şöhrətpərəstliyin, yaltaqlığın hər cür təzahürlərinə açıq düşmən kəsilməsində, amallarından bir an belə dönməməsində, qəlbinə xəyanət etməməsində özünü büruza verir. O, bir insan və şair kimi xoşbəxtliyini bunda görür”.(A.Behbudova)            Qeyd edim ki, mən Adil Babayev haqqında mən də 5 illik elmi-tədqiqt işi yazmışam. Demək olar ki, bu mövzuya az-çox bələdçiliyim var. Və bu mövzuda Adil Babayevin bir sıra qələmdaşlarının həm elmi, həm də elmi xatirə xarakterli məqalələrini oxumuşam və yeri gəldikcə onlardan  bir mənbə kimi də istifadə etmişəm. Ancaq etiraf edim ki, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudovanın  Adil Babayevin istər şəxsiyyətini, istərsə də şəxsiyyətinin parlaq təzahürü olan yaradıcılığını bu qədər dərin müşahidə və həssas münasibətlə şərh edən, oxucuya tanıdan ikinci bir qələm adamına az rast gəlmişəm. Ona görə də monoqrafiyanı oxuyan hər bir kəs Adil Babayevi  görməsə belə, onun haqqında aydın təsvvür əldə edə bilər. Çoxcəhətli yaradıcılığa malik olan Adil Babayevin yaradıcılığında teatrşünaslıq fəaliyyəti ayrıca bir mərhələ təşkil edir. Bu da A.Babayevin müəllifin   qeyd etdiyi kimi, 1956-1961-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışmasından irəli gəlir. Onu çağdaşlarından fərqli olaraq teatra təkcə dram yaradıcılığı ilə məşğul olması yox, həm də teatr sahəsində aspirantura təhsili alması və teatrın bilavasitə onun doğma ixtisası olması da bağlayırdı. Və onu da etiraf edək ki, 50-ci illərin axırı, 60-cı illərin əvvəli elmi-ədəbi və ictimai həyatımızın bir çox sahələrində olduğu kimi, teatr sahəsində də bir milli özünəqayıdış dövrü başladı. Adil Babayev təkcə bu dövrdə səhnəyə qoyulan əsərlər haqqında deyil, həm də ayrı-ayrı professional aktyorlarımızın ifaçılıq məharətindən, sənətkarlıq talelərindən bəhs edən kitablar, məqalələr yazırdı ki, bu əsərlərdən bu gün də teatrşünaslarımız  yeri gələndə dəyərli bir  mənbə kimi istifadə edilir. Monoqrafiyada tədqiqatçının Adil Babayevin yaradıcılığının ayrılmaz tərkib hissəsi sayılan teatrşünaslıq fəaliyyətinin araşdırılması da tədqiqata bir bütövlük və sambal gətirir. Ona görə də tədqiqatçı yazır: “Yuxarıda qeyd olunanlara əsaslanıb, yazıçı-publisist Əfqan Əsgərovun fikrinə qüvvət olaraq qətiyyətlə demık olar ki, “Adil Babayev Azərbaycan teatrşünaslığının əsasını qoyanlardan biri olmuşdur”.Ədəbiyyata həyatın və ictimai mühitin qaranlıqlarını bir işıq kimi yara-yara gələn Adil Babayev sözün həqiqi mənasında, xalq adamıdır. Əgər belə olmasaydı, onun yaradıcılığında xalqımızın min illərlə yaratdığı folklor materialları gərəyincə özünə yer tuta bilməzdi. Şairin mövzularının  çoxu xalqın tarixindən, folklorundan gələn mövzulardır. Bu da onunla bağlıdır ki, A.Babayev həmişə dünənimizlə bu günümüzü vəhdətdə, bütöv şəkildə görmüşdür. Müəllifin bu incə məqamı tutması və ona ayrıca bir bölmə həsr etməsi də monoqrafiyanın tamlığına xidmət edir.  Bu bir həqiqətdir ki, hər bir məqalə, kitab, elmi monoqrafiyanın  başlıca dəyərlərindən biri müəyyən bir şəxsiyyəti, tarixi epoxanı anlamağa, yaddan çıxarmamağa, unudulmamağa nə dərəcədə xidmət göstərməsi ilə şərtlənir. Anmaq və andırmaqsa tədqiqatçının, yazarın o şəxsiyyəti, tarixi epoxanı nə dərəcədə anlamağından, dərk etməyindən  asılıdır. Bunsuz layiqli, dəyərli əsərlər yazmaq çox çətindir. Aypara Behbudovanı fərqləndirən cəhətlərdən biri də odur ki, o, bu günə qədər nə yazıbsa anlayaraq, dərk edərək yazıb. Əgər belə olmasaydı, o, bu gün ədəbi-elmi mühitdə öz sözünün sahibi ola bilməzdi.            Təbii ki, monoqrafiyanın bütün bölmələri haqqında bir məqalə çərçivəsində ayrıca danışmaq və fikir bölüşmək imkansızdır. Ancaq bir faktı qeyd edək ki, hər bir ciddi elmi-tədqiqat əsərinə dəyər verən ən başlıca cəhətlərdən biri də tədqiqatçının hansı mənbələrə istinad etməsi ilə bağlıdır. Bu, elə bir mühüm şərtdir ki, az-çox anlayışı olan oxucu mənbələrin sambal və tutumuna görə tədqiqatçıya, müəllifə dəyər verir, onun elmi potensialının səviyyəsinə bələd olur. Bu baxımdan yanaşanda da Aypara Behbudovanın zəhməti göz qabağındadır. Tədqiqatın yazılması prosesində istifadə edilən iki yüzə yaxın mənbənin göstəricisi müəllifin elmi dünyagörüşünün səviyyəsindən xəbər verir. Hər bir mənbəyə orijinal və yaradıcı münasibət bəsləyən tədqiqatçının fikrincə “...Adil Babayev Azərbaycan ədəbiyyatinda öz dəst-xətti, istedadı ilə seçilən sənətkar olmuş, bütün dövrlər üçün müasir olan ölməz əsərlər yaratmışdır”.             Monoqrafiya Adil Babayevin həyat və yaradıcılıq anlarının bir qismini əks etdirən müxtəlif məzmunlu foto şəkillərlə tamamlanır. Bu fotolar təkcə şairin ömür salnaməsinin əvəzsiz səhifələri deyil, həm də monoqrafiyanı tamamlayan bir “söz ardı” təsiri bağışlayır.            Inanırıq ki, halal ömrün halal bəhrəsi kimi diqqəti cəlb edən bu monoqrafiya təkcə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi olan şair-dramaturq Adil Babayevin deyil, həmçinin filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudovanın da yaradıcılıq taleyində və çağdaş elmi mühitimizdə öz yeri, sözü olan əsər kimi yaşayacaq. 

 

 

 

XANƏLİ KƏRİMLİ,  Filologiya üzrə fəlsəfə doktoru,  Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

Palitra.-2012.-7mart.-S.13.