HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR

 

FAŞIZM ÜZƏRİNDƏ QƏLƏBƏ -67

 

Azərbaycan xalqının milli maraqlarının və mənafelərininin etibarlı təmin olunmasında daim ön sırada olan milli təhlükəsizlik orqanlarında işləmək çətin, məsuliyyətli və şərəflidir. Vaxtilə bu orqanlarda çalışmış peşəkarların həyat və xidmətləri indi də gənc nəslin vətənpərvərlik, xalqa və dövlətə sədaqət ruhunda yetişdirilməsində mühüm rol oynayır. Ömrünün 25 ildən artıq dövrünü təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş, hələ sovetlər birliyinin dünyaya hegemonluq etdiyi bir vaxtda azərbaycançılıq məfkurəsinin təhlükəsizlik orqanlarına daşınması və inkişaf etdirilməsi kimi çətin bir missiyanı layiqincə həyata keçirməyə müvəffəq olmuş ulu öndər Heydər Əliyevin silahdaşları da Azərbaycana xidmət məktəbinin şanlı irsinin öyrənilməsində gənc əməkdaşların ən yaxşı müəllimləridir.  İkinci Dünya Müharibəsinin iştirakçısı, təhlükəsizlik orqanlarının veteranı Dmitri Bıstrov indi yaşasaydı 93 yaşı olacaqdı. 30 il xüsusi xidmət orqanlarında çalışmış təcrübəli çekistin ağır və kəşməkeşli həyat yolu, zəngin təcrübəsi də bir örnəkdir. Dmitri Georgiyeviç Bıstrov 1919-cu ildə Penza vilayətinin Danilovsk rayonunun Bodrovka kəndində anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşəkkül tapmış ilk təhlükəsizlik orqanlarının həmyaşıdı olan Dmitrinin heç ağlına da gəlməzdi ki, vaxt gələcək o, haqqında belə təsəvvürü olmadığı bir ölkədə və məhz bu orqanda işləyəcək. Balaca Dmitri hələ taleyin ona yaşadacaq anlarından xəbərsiz böyüyürdü. Özü o günləri belə xatırlayır: “Anamı itirəndə çox kiçik idim. Ana nəvazişindən, qayğısından məhrum böyüdüm. Atam isə sadə kəndli idi. 1932-ci ildə sovetlər birliyində kollektivləşmə ilə əlaqədar ölkədə aclıq, səfalət hökm sürməyə başladı. Atam və yaxın qohumlarımız başqaları kimi çörək dalınca digər şəhərlərə üz tutmalı oldular. Əvvəlcə Stalinqrada, sonra Lipetskə üz tutduq. Qohumlarımın çoxu acından öldülər. Yeməyə çörək tapılmırdı. Atam bir qarın yemək üçün gecə-gündüz çalışırdı. İstirahət nə olduğunu bilmirdi. İnsanlar əziyyət çəkirdilər. Həmin illəri xatırlayanda indi də məni dəhşət bürüyür. Atam bütün çətinliklərə baxmayaraq, istəyirdi ki, oxuyub təhsil alım. Mən də çalışırdım ki, dərslərimi yaxşı oxuyum. 1937-ci ildə 7 illik məktəbi bitirdim. Sonra ibtidai siniflər üçün müəllimlər kursuna daxil oldum. Kursu bitirəndən sonra məni Dobrinsk rayonunun Rjavets kəndinə müəllim göndərdilər. Həmin dövrdə əhalinin savadlanmasına çox diqqət yetirilirdi. 1939-cu ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağırıldım və bir neçə aydan sonra Orcenikidze, indiki Vladiqafqaz şəhərindəki hərbi rabitə məktəbinə göndərildim. 1941-ci ildə leytenant rütbəsində həmin məktəbi bitirdimKirov şəhərindəki hərbi hissədə zabit kimi xidmətə başladım”. 1941-ci ilin 22 iyununu, o məşum günü – müharibənin başlanması xəbərini alanda Dmitrikönüllü olaraq cəbhəyə, Vətəni faşistlərindən qorumağa yollanır. O, Leninqrad, Volxovsk və 2-ci Belarus cəbhəsində atıcı diviziyasının rabitə rəisi kimi işğalçılara qarşı döyüşlərdə fəallığı, cəsarəti ilə seçilib. Dmitrinin vəzifəsi komandanlığın cəbhənin ön cərgələri ilə fasiləsiz rabitəni təşkil etmək idi. Bu da məsuliyyət və cavabdehlik tələb edirdi. Çünki rabitəçi hücum edən hərbi hissələrlə birlikdə ön sıralarda komandirin yanında getməli, lazım olanda isə geriyə hamıdan sonra çəkilməli idi. Müharibədə rabitəçilərin rolu böyükdür. Buna görə də düşmən snayperləri hər vəchlə sovet ordusunun rabitəçilərini məhv etməyə çalışırdı. Onları həmişə izləyir, sovet qoşunlarının ərazisinə diversantlar atır, rabitə xətlərini məhv edir, mühasirə yaradaraq xətləri təmir etməyə gələn rabitəçiləri ya əsir götürür, ya da qətlə yetirirdilər. Məqsədləri mümkün qədər çox məlumat toplamaq və qızıl ordunun komandanlığının ön cəbhə ilə rabitə əlaqəsini kəsmək idi. Dmitri Bıstrov deyir ki, müharibədə rabitəni həm də cəbhənin əsəb sistemi adlandırırdılar. Çünki döyüşün gedişatı rabitənin necə işləməsindən asılı idi. Onu da qeyd etmək lazımdır ki, rabitəçinin avadanlıqları - avtomat, telefon aparatı, telefon məftili dolanmış diyircək, əleyhqaz və digər  əşyalar - onun hərəkətini çətinləşdirir və fiziki cəhətdən yorurdu. Dmitri Bıstrov 1-ci dəfə 1941-ci ildə yaralanıb. Sağaldıqdan sonra 1942-ci ildə Penza yaxınlığında dislokasiya edilmiş 37-ci alayın atıcı biriqadasında rabitə rotası komandirinin müavini vəzifəsində çalışıb. Burada cəbhə üçün rabitəçi kadrlar hazırlayıb. 1944-cü ildə yenidən düşmən gülləsinə tüş gəlib. Deyir ki, səhra qospitalında müalicə olunurdum. Hər bir döyüşçü kimi mən də qələbə gününü görmək arzusu ilə yaşayırdım. Çəkdiyim əzab-əziyyətlərin müjdəsi yalnız qələbə ola bilərdi. Bütün yaraları sağaldacaq, ürəklərə məlhəm olacaq bir söz - Qələbə.Dmitri Bıstrov cəbhədə göstərdiyi şücaətə görə «1-ci dərəcəli Böyük Vətən Müharibəsi iştirakçısı», 2 dəfə «Qızıl Ulduz», «Şərəf nişanı» ordenləri və «Kenisberqin alınması uğrunda», «Döyüş xidmətinə görə», «Almaniyanın alınmasına görə» medalları ilə təltif olunub. Az qala ömrü bir əsrə bərabər olan bu çekist həmişə səlis danışığı, möhkəm yaddaşı ilə adamı heyran qoyurdu. Veteran ötən günləri isə belə xatırlayırdı...1945-ci ilin 9 may günü indiki kimi yadımdadır. Sanki təbiət də bizim sevincimizə qoşulmuşdu. Günəşli bir gün idi. Bir-birini tanıyan, tanımayan hər kəs sevincdən qucaqlaşıb ağlaşırdı. Bu dəhşətli günlərin artıq sona yetdiyindən doğan göz yaşları idi.  Müharibə bitəndən sonra harada işləməyi düşünür, gələcəyimlə bağlı planlar qururdum. Sanki alın yazısı, bir qismət idi. Cəbhədən qayıdarkən qatarda təsadüfən bir azərbaycanlı ilə tanış oldum. O, da müharibədən geri, elinə dönürdü. Qısa müddətdə möhkəm dostlaşdıq. O, mənə birlikdə Bakıya getməyi təklif etdi. Dedi ki, gəncsən, savadlısan, orada yeni həyata başlayarsan. Azərbaycan xalqı çox qonaqpərvərdir, özünə çoxlu yeni dostlar qazanacaqsan. Razılaşdım. Doğrudan da Sovet İttifaqının neft mərkəzi olan Azərbaycanda işə düzəlmək o qədər də çətin olmadı. Təsərrüfat kontorlarından birində işləməyə başladım. İşimə ciddi yanaşır, bütün bilik və bacarığımı əsirgəmirdim. Bəlkə elə bu çalışqanlığıma görə idi ki, bir müddətdən sonra dövlət təhlükəsizlik orqanlarında işləmək barədə təklif aldım. Bu mənim üçün gözlənilməz oldu. Çox fikirləşmədən razılıq verdim. Çünki müharibə görmüş, od-alovun içərisindən çıxmış, həyatın çətin sınaqlarından keçmiş bir insan kimi formalaşdığım üçün bu orqanda Vətənimə layiqincə xidmət edəcəyimə əmin idim. Sənədlərimi hazırlayıb təqdim etdim. Uzun sürən yoxlamadan sonra 1949-cu iin aprelində məni komitəyə çağırdılar. İşə qəbul olunduğumu eşidəndə sevincimin həddi-hüdudu olmadı. İlk yerim keçmiş Caparidze rayonu, indiki Yasamal rayon bölməsi oldu. Az sonra məni Bakı Vilayətlərarası Xüsusi Məktəbə təhsil almağa göndərdilər. Bir ilorada oxudum. Təhlükəsizlik əməkdaşına aid ilk bilgiləri də həmin məktəbdə öyrəndim. Buranı bitirdikdən sonra istintaq şöbəsində çalışdım. Sonra məxfi müşahidə bölməsinə rəis təyin edildim. İşim çox maraqlı və məsuliyyətli idi. Orqanda işləyə-işləyə Bakı Kitabxanaçılıq Texnikumunu, iki illik Ali Partiya Məktəbini, ADU-nun hüquq fakültəsini bitirdim. Ulu öndər Heydər Əliyev təhlükəsizlik orqanlarına rəhbər təyin olunanda mən əks-kəşfiyyat şöbəsində işləyirdim. Onu da deyim ki, ümummilli liderimiz Heydər Əliyev komitənin bütün əməkdaşlarına ali təhsil almağı, dünyagörüşlərini genişləndirməyi, vaxtdan səmərəli istifadə etməyi, idmanla ciddi məşğul olmağı daim tövsiyə edərdi. Bu, bir vəzifə kimi bizdən tələb olunurdu. Qocaman veteran ümummilli lider Heydər Əliyevi xüsusi hörmət və məhəbbətlə xatırlayırdı: Çox sadə, olduqca mehriban insan idi. Tabeliyində olan bütün əməkdaşlara diqqət yetirməyə həmişə vaxt tapırdı. Son dərəcə səmimi, sözübütöv, bir sözlə əsl şəxsiyyət idi. 1967-ci ilin iyununda Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin olundu. Bu təyinat bütün əməkdaşların ürəyindən idi, hamı sevinirdi. Günlərin birində Heydər Əliyev məni yanına çağırdı və dedi ki, səni Xankəndinə, Dağlıq Qarabağ üzrə Dövlət Təhlükəsizlik Komtəsinin şöbəsinə rəis göndərmək istəyirəm. O vaxt Xocavənddə bir erməni uşağını öldürmüşdülər. Ermənilər əsassız olaraq uşağın ölümündə azərbaycanlı müəllimləri təqsirkar sayırdılar. Ermənilər hadisə ilə bağlı aparılan istintaqın nəticəsini də gözləməmişdilər. Kənd körpüsünün yanında pusqu quraraq içərisində üç nəfər azərbaycanlı müəllim olan maşına basqın edib od vurmuş, onlara maşından belə düşməyə imkan verməmiş, diri-diri yandırmışdılar. Bu isə sonda ağır nəticələrə gətirib çıxarmışdır. Sonralar istintaq araşdırması ilə həmin uşağın qatilinin məhz erməni olduğunu müəyyənləşmişdi. Bu faciəvi hadisə erməni fitnəsinin və vəhşiliyinin bariz nümunəsi  idi. Mərhum Heydər Əliyev bu hadisədən çox təsirlənmişdi. Ermənilərin azərbaycanlılara qarşı olan kin-küdurəti, böhtanları onu yaman hiddətləndirmişdi… Dmitri Bıstrov 1967-ci ildən 1974-cü ilə qədər DTK-nın Dağlıq Qarabağ üzrə şöbəsinin rəisi işləyib. 1978-ci ildə, polkovnik rütbəsində istefaya çıxmışdı.   

 

 

Xatirə TAĞIYEVA

 

Palitra.-2012.-1 may .-S.11.