Nərimanov rayonunda 32 metr eni olan 4 zolaqlı ikitərəfli yol çəkilib

 

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 6-da Heydər Əliyev Mərkəzində həyata keçirilən tikinti işlərinin gedişi, paytaxtın Nərimanov rayonunda Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində yeni çəkilmiş 1 kilometrə yaxın yol, “Hilton” otelinin qarşısındakı parkın abadlıq və quruculuq işlərindən sonrakı vəziyyəti ilə tanış olublar. Prezident və xanımı əvvəlcə Heydər Əliyev Mərkəzində həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olublar. İnşaat işlərinin ən müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib. Azərbaycan Prezidenti və xanımı ayrı-ayrı tikinti sahələrində görülən işlərlə yerindəcə tanış olublar.

Mərkəzdə aparılan işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib. Sonra dövlət başçısı və xanımı paytaxtın Nərimanov rayonu ərazisində Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində yeni çəkilmiş 1 kilometrə yaxın yol ilə tanış olublar. Bildirilib ki, 32 metr eni olan ikitərəfli yol 4 zolaqlıdır. Xətai prospektinin davamı olan bu yola ən yüksək keyfiyyətli polimer asfalt döşənib, iki komponentli yol zolaqları çəkilib. Yol boyu 3400 poqonmetr qranit daşlardan bardürlər düzəldilib, 3800 kvadratmetr ərazisi olan səkilərə qranit daşlar döşənib. Burada müasir işıqlandırma sistemi quraşdırılıb. Daha sonra Prezident və xanımı “Hilton” otelinin qarşısındakı parkda həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olublar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezidentə məlumat verib. Bildirilib ki, 7800 kvadratmetr ərazisi olan parkın 5700 kvadratmetr hissəsinə qranit daşlar döşənib. Burada böyük fəvvarələr kompleksi quraşdırılıb. Parkda İtaliyadan gətirilmiş 12 illik 18 ədəd maqnoliya və 26 illik 28 ədəd şaxtaya davamlı palma ağacları əkilib, 2010 kvadratmetrlik ərazi yaşıllaşdırılıb. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsində qurulub.

Dövlət başçısı görülən işləri yüksək qiymətləndirib

 

 

Palitra.-2012.-8 may.-S.3.