Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq

 

Azərbaycan və Türkiyə arasında olan münasibətlərin presedenti başqa bir yerdə  yoxdur – çünki bu iki dövlətin xalqları qədər etnik, tarixi, mədəni, dini baxımdan bir-birinə yaxın olan daha iki xalq tapmaq çox çətindir. Bu baxımdan Azərbaycan və Türkiyənin tarixi keçmişinə qısaca nəzər yetirməyə dəyər. 

Eyni etnik kimlik    Məlum olduğu kimi, hər iki xalq türk dilləri ailəsinin oğuz qrupunun səlcuq yarımqrupuna aid edilir. Bu yarımqrupda cəmisi iki xalq – azərbaycanlılar və türklər təmsil olunur. Bu baxımdan türk xalqları içərisində də bir-birinə ən yaxın xalqlar məhz Azərbaycan və türk xalqlarıdır. Zatən, 16-cı əsrə qədər bu xalqları bir-birindən ayırmaq mümkün olmayıb. Yaşadıqları tarixi ərazilərdə müxtəlif dövlətlər, imperiyalar yaratmalarına baxmayaraq, orta əsrlərdə  bu iki xalqın nümayəndələri həmişə bir adla tanınıblar – türk və yaxud türkmən. Ətrafda yaşayan, bu iki xalqın qurduğu dövlətlərin tərkibinə daxil olan digər xalqlar da onları bu konkret adlarla(türk, türkmən-İ.A) adlandırırdılar. Təsadüfi deyil ki, hətta rus türkoloqu Lev Nikolayeviç Qumilev də yazır ki, 16-cı əsrə qədər bu iki xalq arasında sərhədləri müəyyən etmək çətin idi. Çünki onlar bir-birilərindən heç nə ilə fərqlənmirdilər. Yalnız 16-cı əsrdə Səfəvilər dövlətinin yaranması və onun əsas dini ideologiya olaraq şiəliyi seçməsi müəyyən dini fərqlərin ortaya çıxmasına səbəb oldu. Belə ki, Səfəvilər dövlətinin tərkibinə daxil olan və onun özəyini təşkil edən türklər (qızılbaşlar-İ.A.) şiəlik təriqətinin cızdığı imperiya sərhədləri çərçivəsində formalaşmağa başladılar. Bununla belə, xeyli müddətə qədər istər səfəvilər tərəfdən şiəliyin, istərsə də osmanlılar tərəfindən sünniliyin feodal savaşları çərçivəsində ekspansiyasına cəhdlər edilib. Bu cür cəhdlər isə o dövr üçün şərti olaraq iki xalq adlandırdığımız toplumların təmsil olunduğu dövlətlərdən gah birinin, gah da digərinin üstünlüyü ilə nəticələnib. Amma dini və siyasi cəhətdən parçalanma belə, uzun müddət bu xalqların eyniliyini poza bilməyib. Belə ki, 17-ci əsrə qədər yaradılmış ədəbi, tarixi abidələrin müştərək olduğuna aid kifayət qədər faktlar var və hər iki xalq bu və ya digər abidənin ona məxsus olduğunu bildirməkdə eyni dərəcədə haqlıdır. Buraya mahnılardan tutmuş, dastanlara qədər aid etmək mümkündür. Bu cür faktlar - ortaq tarix və etnik kimlik isə Azərbaycan və türk xalqlarının qardaşlığını bariz sübut edir. Bu qardaşlıq və soykökü birliyi isə 19-cu əsrin sonlarından və 20-ci əsrin əvvəllərindən başlayaraq yeni dünyanın tələblərinə uyğun bir şəkildə daha yüksək səviyyədə dərk edilməyə başladı, sözügedən xalqlar arasında mədəni, siyasi intibah baş verdi, bu müstvilərdə qarşılıqlı mübadilələr intensivləşdi...                    

Yeni dövrün çağırışları    Azərbaycan sovet məngənəsindən qurtulandan sonra eyni etnik kimliyə, dilə, dinə, tarixə sahib olan Türkiyə ilə son 20 ildə bir çox çətin sınaqlarla qarşı-qarşıya gəlmişsə də üzüağ, alnıaçıq çıxa bilib. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millətin iki dövləti” prinsipi əsasında qurulan və bu prinsiplərə sadiq qalaraq davam etdirilən münasibətlər dünyada nümunə olaraq göstərilir. 1991-ci ildə Sovetlər Birliyinin çökməsi ilə müstəqilliyimizi əldə etdikdən sonra 9 noyabr 1991-ci il tarixində müsttəqilliyimizi ilk olaraq Türkiyə tanıdı, diplomatik əlaqələr 14 yanvar 1992-ci il tarixində quruldu. Türkiyənin Azərbaycandakı səfirliyi və Naxçıvandakı Baş Konsulluğu 1992-ci ilin yanvar ayında açıldı. Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqust ayından, İstanbulda Baş Konsulluq 1993-cü ilin yanvar ayından fəaliyyətə başladı, daha sonradan - 12 aprel 2004-cü il tarixində Qarsda Baş Konsulluq təsis edildi və sair. Bir sözlə, Azərbaycan müstəqil olandan hər iki dövlət bütün müstəvilərdə sınanmış qardaşlıq nümunəsi sərgiləməkdədirlər. Bu, problemlərdən tutmuş, uğurlara qədər özünü hərtərəfli olaraq göstərir.  

Ümumi düşmənə qarşı qardaşlıq bloku    Məlumdur ki, ölkəmizin 20 faizlik ərazisi Ermənistan tərəfindən işğal edilib. Dünya birliyi və beynəlxalq təşkilatlar ərazi bütövlüyümüzü tanısalar və təcavüzü pisləsələr də, passiv mövqe nümayiş etdirirlər. Torpaqlarımız isə hələ də işğal altındadır. Beynəlxalq hüquq işğalçı dövlətin cəzalandırılmasını tələb edir. Hələ ötən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyinin müxtəlif adlar altında Dağlıq Qarabağın Ermənistana birləşdiriılməsini gündəmə gətirməsi, yerli əhalimizə edilən hücumlar və Qarabağın işğalı Türkiyədə ciddi narahatlıq və narazılıqlarla qarşılanıb. İlk vaxtlar bu məsələ Türkiyə tərəfindən “SSRİ-nin daxili işləri” səviyyəsində bir qədər ehtiyatla qiymətləndirilsə də, Türkiyə ictimaiyyəti azərbaycanlı qardaşlarının bu çətinliklərinə ciddi narazılıqlar ifadə ediblər. Müstəqilliyimizin ilk ilindən Türkiyədə ictimai qurumları Azərbaycana hərbi dəstək verməkdən çəkinməyiblər. Bu baxımdan Türkiyədən gələn döyüş qruplarının Qarabağda gedən döyüşlərdə iştirakı da qeyd edilə bilər. Artıq 1992-ci ilin martından etibarən Türkiyə silah embarqosu həyata keçirmək  məqsədi ilə ərazisinə enən Ermənistan təyyarələrinin yoxlanılacağını bildirib. Bundan başqa Türkiyə Ermənistana gedən yardımların onun üzərindən keçməsinə qarşı çıxaraq Azərbaycanın Ermənistana qarşı iqtisadi embarqosuna dəstək verib. 1992-ci ilin martında “Vaşinqton Post” qəzetinə müsahibəsində Süleyman Dəmirəl türk hökumətinin ciddi təzyiq altında olduğunu və daha ciddi addımlar atmaq və ya hərbi müdaxilə etmək məcburiyyətində qaldığını bildirib. Yaxud 1992-ci ilin noyabrında Türkiyənin Ermənistana 300 milyon elektrik satmaq üçün müqavilə imzalaması Azərbaycanda ciddi narazılıq yaratmışdı. Azərbaycanın ciddi etirazları nəticəsində müqavilə tətbiq olunmayıb. Qeyd edildiyi kimi, Türkiyənin Ermənistana qarşı birbaşa hərbi müdaxilə edə bilməməsində  bir sıra səbəblər olub. Bir sıra ekspertlər (məsələn, Svante E.Kornel və sair) hesab edirlər ki, birinci olaraq o vaxt Azərbaycan rəsmi şəkildə Türkiyədən hərbi dəstək istəməyib, sadəcə Qarabağ həqiqətlərinin Qərb dövlətlərinə çatdırılmasında Türkiyənin dəstəyini gözləyib: “Həmçinin Qərb dövlətləri Türkiyəyə təzyiq ediblər ki, Azərbaycana dəstək verməsin”. Həmin dövrdə Türkiyədə Azərbaycanı hərbi sahədə dəstəkləmək üçün güclü geopolitik imkanların olmaması da səbəblərdən biri kimi göstərilir. Çünki sovetlər birliyinin varisi olan Rusiya o zaman Türkiyə üçün böyük bir təhlükə kimi çıxış edirdi. Məsələn, Xocalı soyqırımından sonra Turqut Ozalın Türkiyənin hərbi müdaxilə ehtimalını bildirməsi ozamankı Rusiyanın müdafiə naziri Yevgeni Şapoşnikovun ciddi reaksiyasına səbəb olmuşdu: o bildirmişdi ki, Türkiyənin hərbi müdaxiləsi “üçüncü dünya savaşına yol aça bilər”. Bütün təzyiqlərə baxmayaraq Türkiyə ilk dövrlərdən beynəlxalq aləmdə Azərbaycanı dəstəkləyən və məsələni beynəlxalq təşkilatların gündəminə gətirən tək və əsas dövlət olub. Türkiyə xarici işlər naziri Hikmət Çətin Qarabağ münaqişəsini ATƏT-in gündəliyinə gətirmək üçün ciddi diplomatik fəaliyyət göstərib. 1992-ci ildə münaqişə ilə bağlı Minsk qrupu yaradılıb və Türkiyə 1994-cü ildə qrupa yeni həmsədrlər təyin olunana qədər bu qrupun üzvü olub.          Həmçinin Naxçıvanla bağlı da Türkiyə aktiv mövqedən çıxış edib. Naxçıvanla bağlı Qars və Moskva müqavilələrinin Türkiyəyə verdiyi zəmanət hüququ Türkiyənin bu məsələdə mövqeyini gücləndirib. Ermənistan və Rusiya bu məsələdə daha ehtiyatlı olmağa məcbur olub.Bu baxımdan qardaş Türkiyənin 1993-cü ildən  atdığı addımlar daha çox önəmlidir. Ermənistan tərəfindən Azərbaycan torpağının bir hissəsinin işğal edilməsinə cavab olaraq rəsmi Ankara işğalçı dövlətlə sərhədəri başlayıb. Ankara hər vasitə ilə Ermənistanı beynəlxalq hüququn prinsip və normalarına boyun əyməyə vadar edir. Bundan bütün dövlətlər nümunə götürməlidir. Azərbaycanın ərazi bütövlüyünə qarşı digər bir dövlətin hərbi gücdən istifadə etməsinə beynəlxalq birliyin laqeyd münasibəti hüquqi prinsip və normaların aliliyinə əsaslanan mövcud dünya nizamının pozulmasına, dünyanın səyləri nəticəsində əldə edilən hüquqi mexanizmlərin rədd edilməsinə gətirib çıxarıb. Bu məsələ Azərbaycan və Türkiyə tərəfindən beynəlxalq təşkilatlarda dəfələrlə qaldırılıb. Bu faydalı əməkdaşlıq çərçivəsində Azərbaycan və Türkiyə parlament nümayəndələrinin sıx əməkdaşlıq fəaliyyəti var. Ermənistanın Azərbaycana qarşı apardığı informasiya savaşında Türkiyənin çox intensiv bir şəkildə tərəfimizdə dayandığını görürük. Çünki Türkiyə ermənilərlə olan problemi ortaq problemimiz kimi qəbul edir. Bu baxımdan istər dövlətlərarası, istərsə də türk-azərbaycan diasporlarının birgə fəaliyyəti zülmə və yalana qarşı dayanan bütün dövlətlər üçün örnək ola bilər. Hər iki dövlət beynəlxalq aləmdə erməni lobbisinin hədəfindədir. Erməni diasporu Türkiyəyə qarşı “soyqırım” və eləcə də ərazi iddiaları irəli sürür. Həmçinin Qarabağın işğalını “həzm etdirmək” üçün dünyada təbliğat aparır. Buna qarşı birgə mübarizə üçün Azərbaycan və Türkiyənin ümumi səyləri ilə Bakıda Türkiyə-Azərbaycan Diasporlararası Əməkdaşlıq Qurultayı keçirilib. Hazırda dünyada, ABŞ və Avropada Türkiyə və Azərbaycan diasporları erməni lobbisinə qarşı birgə hərəkət edir. Bu strategiya ildən-ilə güclənir və erməni yalanları bu qardaş birliyinin nəticəsində getdikcə dünya çapında daha çox ifşa edilir. Çünki Prezident İlham Əliyevin də bildirdiyi kimi, informkasiya savaşında hücum taktikasına keçmişik. Bu məsələdə ermənilərə aman verməyin yalnız ziyan gətirəcəyi hər iki qardaş ölkə tərəfindən yaxşı dərk edilir. Təsadüfi deyil ki, Fransada “erməni soyqırımı”nı inkar edənin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin ləğv edilməsində hər iki dövlətin birgə səyləri öz bəhrəsini verdi və fitnəkar qanun Fransa Konstitusiya Şurası tərəfindən rədd edildi...                           

Qarşılıqlı faydaya əsaslanan iqtisadi partnyorluq   Müasir iqtisadi rəqabət dünyasında ən effektli üsullardan biri regional əməkdaşlığın gücləndirilıməsi, qarşılıqlı faydalılıq prinsipi əsasında yeni iqtisadi siyasətin yürüdülməsidir. Bu baxımdan Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişaf tendensiyası dünyaya örnəkdir. Çünki qeyd edildiyi kimi, bu münasibətlər qardaşlıq inam və etimadına və qarşılıqlı faydalılığa əsaslanır. Buna görədir ki, iki qardaş dövlət arasında mövcud siyasi və iqtisadi münasibətlər onları regional siyasətin əsas aparıcılarına çevirib. Azərbaycan öz təbii resurslarını dünya bazarına çatdırmaqla, strateji əhəmiyyətini əvvəlki illərlə müqayisədə daha da artırıb. Təbii resurslarımızın düyna bazarına çıxarılmasında Türkiyənin oynadığı müstəsna rol, Azərbaycan-Türkiyə əlaqələrinin sürətlə inkişaf etməsinə yeni təkan verib. Həyata keçirilən enerji layihələri birinci növbədə Azərbaycanın dəstəyi və fəal iştirakı sayəsində mümkün olub. Türkiyədən keçən neft və qaz kəmərləri vasitəsilə Azərbaycan həm enerji resurslarını dünya bazarına çıxarır, həm də Mərkəzi Asiya ölkələrinin təbii sərvətlərinin daşınması üçün tranzit rolunu oynayır. Bakı-Tbilisi-Ceyhan və Bakı –Tbilisi-Ərzurum kəmərləri buna bariz misaldır. Azərbaycan və Türkiyə arasındakı inam və qardaşlıq prinsipi belə qlobal layihələri uğurla reallaşdırmağa imkan verir. Hər iki dövlət bunun sayəsində Avropa enerji təhlükəsizliyini təmin edən faktorlar sayılır. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi və yaxın gələcəkdə istifadəyə verilməsi tarixi İpək Yolunun bərpa edilməsini və regionun yeni nəqliyyat dəhlizinə çevrilməsini, o cümlədən iki tərəf arasında daşınmaların daha geniş miqyasını və effektiv sürətini təmin edəcək. Bu xətt Avrasiya miqyasında önəmli bir nəqliyyat şəbəkəsi olacaq. Sözügedən dövlətlər arasında ticarət dövriyyəsi də ildən-ilə getdikcə daha çox artır. 2011-ci ilin noyabrına qədər olan məlumatlara görə, iki qardaş ölkə arasındakı ümumi ticarət dövriyyəsi 1,4 milyon dollar təşkil edib. Ötən il türk iş adamlarının Azərbaycan iqtisadiyyatına yatırdığı investisiya 2 milyard dolları keçib. Bu gün bir sıra Azərbaycan şirkətləri, o cümlədən ARDNŞ Türkiyə iqtisadiyyatının müxtəlif sahələrinə vəsait yatırır. ARDNŞ-in yatırdığı vəsaitin həcmi 5 milyard dollar civarındadır. Bundan başqa isə ARDNŞ Türkiyədə 7 ildə 17 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Həmçinin Türkiyə və Azərbaycan arasında möhtəşəm “Trans Anadolu” yeni qaz kəməri layihəsi reallaşdırılacaq.

““Nabukko” ITGI, TAP kimi həyata keçirilməsi şübhəli olan layihələrin əksinə olaraq bu layihə çox effektlə reallaşdırla bilər.

Bütün bunlar iki ölkə arasındakı iqtisadi münasibətlərin geniş miqyasını və çoxtərəfli istiqamətlərini göstərir. Bununla belə, iqtisaid münasibətlərin daha da yüksək dərəcəyə çatdırılması üçün yeni perspektivlər üzərində düşünülür. Məsələn, bizə bu barədə fikirlərini bildirən ekspert Fərhad Mehdyev qeyd edir ki, iqtisadi sahədə əməkdaşlığı gücləndirmək yollarından biri Türkiyədə müxtəlif sahələrə investisiyalarımızı yatırmaq ola bilər: “Tərəfimizdən Türkiyəyə qoyulan sərmayələrin ümumi rəqəmi böyükdür. Amma investisiyalar cəmisi bir-iki yerə yatırılıb, bunlar çox yerə və müxtəlif sahələrə yatırılmalıdır. Türkiyəyə investisiya qoyan şirkətlərimizin sayı çoxaldılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, Türkiyədə sahibkarlıq və biznes mühiti çox əlverişlidir və bundan daha çox yararlanmağa dəyər”.  Ekspert bildirir ki, eyni zamanda şəhərsalma məsələlərində də Türkiyə təcrübəsindən yararlanmalıyıq: “Şəhərsalma proseslərinə Azərbaycanda çox sürətlə təkan verilib və bu məsələdə Türkiyə təcrübəsinin tətbiqi daha çox bizim xeyrimizə olardı. Məsələn, Azərbaycan və Türkiyə şəhərləri arasında bir sıra qardaşlaşmış şəhərlər var. Bu cür şəhərlər Azərbaycanın müvafiq şəhərlərinə bu məsələ ilə bağlı təmənnasız kömək göstərməyə həmişə hazır olmalıdırlar”. Ekspert düşünür ki, bu cür qardaşlaşmış şəhərlərlə şəhərsalma işlərində işbirliyinə gedilməlidir.  

Güc və birlik üçün ortaq strategiya    Ötən 20 ildə Azərbaycan ilə Türkiyə arasında 150-yə yaxın müqavilə, saziş və müxtəlif rəsmi sənəd imzalanıb. Bu sənədlərlə çoxşaxəli inkişaf əsas hədəf kimi müəyyən edilib. Bununla da Azərbaycan ilə Türkiyə arasında ticari, siyasi, iqtisadi, elm, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə münasibətlərin inkişafı artan xəttlə yüksəlməyə başlayıbr. Hətta bu əməkdaşlıq, son illərdə hərbi sahəni də əhatə etməyə başlayıbr. Azərbaycan ordusunun elmi-texniki bazasının yaxşılaşdırılması, NATO standartlarına uyğunlaşdırılması, iki ölkə silahlı qüvvələrinin beynəlxalq əməkdaşlığının artırılması, regional məsələlərdə ortaq addım atılması hərbi sahədə əməkdaşlığın səviyyəsini göstərməkdədir. Hərbi sahədə əməkdaşlıq 2010-cu il avqustun 16-da imzalanan “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilədən sonra yeni mərhələyə qədəm qoyub. Qeyd etmək lazımdır ki, hərbi silah və sursatın birgə istehsalı dinamik inkişaf edən qarşılıqlı münasibətlərin məntiqi nəticəsidir. Bu, Azərbaycanın hərbi sənaye kompleksinin inkişafına təkan verəcək və ölkənin hərbi qüdrətinin artmasına kömək edəcək. Strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin daha da möhkəmləndirilməsi əsasdır. 2010-cu il avqustun 16-da Türkiyə Respublikasının Prezidenti A.Gülün Azərbaycana səfəri zamanı “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin imzalanması ənənəvi ortaqlığın, həmrəyliyin təbii nəticəsidir. Bu sahənin daha da gücləndirilməsi üçün 2010-cu ildə keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının İstanbul Sammiti zamanı Türkiyə-Azərbaycan Ali Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair ortaq fikir yaranıb. Şuranın ilk toplantısı 2011-ci ilin oktyabr ayının 25-də Azərbaycan Prezidenti İ.Əliyevlə Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmirdə keçirilib. Hər iki tərəfdən hökumət nümayəndələrinin qatıldığı tədbirdə 20-yə yaxın müvafiq sənəd imzalanıb.           

Beynəlxalq əlaqələr üzrə ekspert Vurğun Həsənli bildirir ki, bir çox Qərb dövlətləri Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olmasını regionun təhlükəsizliyi baxımından əhəmiyyətli hesab edir. Çünki Azərbaycan-Türkiyə əlaqələrinin dostluq və qardaşlıq əlaqələrində nümunə təşkil etdiyi kimi strateji tərəfdaşlıq baxımından da regionda sülh və sabitlik üçün model təşkil edəcəyinə heç kim şübhə ilə yanaşmır: “Bütün bunlar beynəlxalq arenada etibarı günü-gündən artan Azərbaycanla Türkiyənin yaxın əməkdaşlığının əhəmiyyətini göstərir. Biz nə qədər bir olacağıqsa, gücümüz də o qədər artacaq. Lakin dünyadakı müəyyən düşmən qrupların indiyə qədər olduğu kimi, bundan sonra da iki ölkə arasına nifaq salmaq üçün var gücləriylə çalıçacaqlarını unutmamalıyıq. Prezident İlham Əliyev bu cür ifadə edib: “Biz nə qədər bir yerdə olsaq, gücümüz də o qədər artacaqdır. Bizim aramıza girmək istəyənlər vardır. Biz onları tanıyırıq, biz qınayırıq və onlara qalib gəlirik. Ancaq biz daim bu məsələni diqqətdə saxlamalıyıq. Bizim birliyimiz o qədər sıx olmalıdır ki, orada heç bir boşluq olmasın, bizi istəməyən bədxah, pisniyyətli qüvvələr öz arzularına çatmasınlar. Onlar arzularına heç vaxt çatmayıblar və çatmayacaqlar.”  

Təhsil iki ölkənin inkişafında və münasibətlərində əsas amillərdən biridir   İkitərəfli əlaqələr iqtisadi və siyasə əlaqələrlə yanaşı, təhsil və mədəniyyət sahələrində inkişaf etməkdədir. Hal-hazırda həm Azərbaycanda, həm də Türkiyədə təhsil alan ən çox xarici tələbə statusu qarşılıqlı olaraq iki ölkəyə aiddir. Azərbaycan təhsilinə kömək məqsədiylə açılmış yüksək səviyyəli orta məktəblər, hazırlıq kursları və Qafqaz Universiteti gözəl nümunələrdən sadəcə bir neçəsidir. Son dövrlərdə iki dövlət arasında təhsil və elmə aid əlaqələr barədə fikirlərini bildirən Ankara Universitetinin Sosial bilimlər fakültəsinin dekanı, Təhsilin Sosiologiyası üzrə Birinci Beynəlxalq Simpoziumun əsas təşkilatçısı professor İsmayıl Doğan belə qeyd edir: “Azərbaycanla Türkiyə həm bilik, həm mədəniyyət, həm də siyasi baxımdan bir çox məsələlərdə türk cəmiyyətləri arasında işbirliyi görməyə ən yaxın olan iki mədəniyyətdir. Təkcə dil baxımından bu yaxınlığı qeyd etmək kifayətdir. Mən xüsusi olaraq azərbaycancanı öyrənməyə heç çalışmamışam, çünki imkan tapmamışam. Amma bir qırğız, qazax, türkmən və digər türk dillərinə nisbətən sizi daha yaxşı anlayıram. Demək, işbirliyi etmək məsələsində hər baxımdan bir-nirimizə yaxın cəmiyyətlərik. Son dönəmdə bunun getdikcə artdığını da görürəm. Zamanında bəlkə çox zor şərtlərlə Türkiyəyə təhsil almağa gələn azərbaycanlı tələbələr və vətəndaşlarımız, soydaşlarımız var. İndi isə onların sayı durmadan artır. Onların sayı artdıqca bu işbirliyi getdikdə artacaq. Bu prosesin qaçılmaz olduğunu düşünürəm. Əslində proseslər və dinamika da bu işbirliyinə vadar edir. Biz bu işbirliyinə məhkumuq. Bundan qaçmaq mümkün deyil. Hər dəfə uluslararası elmi toplantılarda Azərbaycandan azı 15 elm adamı bura gəlir. Yaxud bizimkilər sizə gəlir. Sevindirici olan tərəəf də biz türklərin bilgi və məlumat artırmaqda, dünyanı görüb tanımaqda çox həvəsli insanlar olmağımızdır ki, bunu da gerçəkləşdiririk. “Divani-lüğət” əsərinin banisi Mahmud Kaşğarlının belə bir sözü var: “Saf dil olmaz. Farslarla durub-qalxanların dili pozuq olur. Yəni Kaşğarlı demək istəmir ki, başqaları ilə oturub-qalxmayın. Demək istədiyi odur ki, insanlarla görüşüb tanış olduqca dilinizi və mədəniyyətinizi inkişaf etdirirsiniz. Kaşğarlının dediyi budur. Türkcəmizdə çincə, hindcə və sair dillərdə belə kəlmələr var ki, bu da zənginlikdir. Məsələn, bizim tərə yağı, sizin kərə yağı dediyiniz bir söz var. Bu söz farscadan, ondan da öncə çincədən gələn bir sözdür. İkisindən şahanə bir kəlmə ortaya çıxıb. “Tərə” sözü farscadan, “yağ” isə çincədən gəlir. Bütün bunlar göstərir ki, biz türklər qapalı topluluqlar deyilik. Dünyanı tanımaq məsələsində maraqlarımız və həyəcanlarımız var. Dünyanın gedişi və dəyişim məsələsində gəldiyimiz nöqtə də bunu göstərir. 10 il öncə təsəvvür edə bilməzdim ki, azərbaycanlı jurnalistlərlə üz-üzə oturub bu cür yaxın mövzuda söhbət edəm. Təsəvvür etməzdim ki, azərbaycanlı jurnalist mənim və özünün ana dilində məndən bu mövzuda fikirlər öyrənəcək və bu fikirlər Azərbaycan mətbuatında yayımlanacaq. Bütün bunlar göstərir ki, biz zatən işbirliyinin içindəyik. Bu işbirliyini daha da dərinləşdirmək əsas amac olmalıdır”.                    

Ekspert, Qafqaz Universitetinin prorektoru Fərhad Mehdiyev də bildirir ki, Türkiyə ilə təhsil sahəsində nə qədər sıx əməkdaşlıq olsa da, biz bu sahəni qarşılıqlı olaraq daha da inkişaf etdirməliyik: “Birinci olaraq tələbə mübadiləsini daha da artırmalıyıq. Yəni universitetlər azərbaycanlı tələbələrin Türkiyəyə, türk tələbələrin isə Azərbaycana gəlmələrində fəalityyətlərini qurmalıdırlar. Xaricdə bu mübadilələr geniş yayılıb və çox faydalıdır. Həmçinin müəllimlərimizin Türkiyədə bir-iki semestrlik təcrübə keçmələri çox məqsədəuyğundur. Türklərin bununla bağlı bir proqramı var və onlar bunu həyata keçirirlər. Bu proqramları artırmaq lazımdır. Əsas məsələlərdən biri budur ki, bizdəki ali təhsil müəssisələri rəhbərləri əməkdaşlarına bu cür proqramlardan yararlanmağa icazə verməli, imkan yaratmalıdırlar. Həmçinin eyni məsələ tələbələrimizə də aiddir, onların da proqramlardan yararlanmalarına şərait yaratmaq lazımdır”. Həmçinin iki ölkənin vətəndaş cəmiyyəti institutları, KİV-ləri və QHT-ləri, eləcə də alimlərin təmsil olunduğu beyin mərkəzlərinin mütəmadi görüşləri çox faydalıdır. Bütün bunlar iki ölkənin ictimai-siyasi həyatının daha da yaxınlaşdırılmasını, ortaq strateji yanaşmalarla bağlı ümumi ictimai rəyin formalaşmasını mümkün edir. Bütün bunlar isə eyni zamanda iki dövlətin bir milləti olduğunu ortaya qoyur. Bu baxımdan Türkiyə səfiri Hulusi Kılıcın bildirdiyi kimi, Türkiyə-Azərbaycan əlaqələrinin başqa ölkələr arasındakı münasibətlərlə müqayisə etmək mümkün deyil. Azərbaycan ilə Türkiyə arasında mövcud olan münasibətlər klassik siyasi mənafe və maraqların fövqündə durur. Beləliklə, sağlam və doğmalıq duyğuları əsasında təməli qoyulmuş münasibətlər uzaqgörən dövlət strateqlərinin əzmi sayəsində iki qardaş dövlətə tükənməz uğurlara imza atmağa yeni imkanlar yaradacaq. 

 

 

İlkin AĞAYEV 

 

Palitra.-2012.-15 may.-S.6-7.