Mənim mahnılarım dadlı saqqızlardır”

 

Teymur Nadir: “Şükür Allaha ki, Azərbaycanda rok musiqi kütləvi janr deyil”

 

Bu il Azərbaycanın yeganə və məşhur rok qrupu olan “ColDünya”nın yaranmasından 20 il ötür. Hazırda Moskvada yaşayan qrupun yaradıcılarından biri və vokalçı Teymur Nadir “Azadinform”a müsahibəsində yubileylə bağlı planlardan və rok musiqisi haqqında danışıb. 39 yaşlı Teymur Nadir bəstəkar, söz müəllifi, prodüser, multiinstrumentalistdir. O, “ColDünya”nın repertuarında yer alan məşhur "Sehrbaz", "Aç balaca qanadlarını", "Son məktub", "Oyanış", "Zeynəb", "Gözəl yar" kimi başqa məşhur mahnıların müəllifi, "Altun Nar" Azərbaycan Milli Musiqi Mükafatı və Fransa Musiqi Akademiyasının mükafatının sahibidir. Teymur Nadir  Azərbaycanın ən yaxşı pop-sənətçisi, “ColDünya” isə ən yaxşı rok-qrupu adını alıb. "Sehrbaz" kompozisiyası BBC-nin ən yaxşı xarici hitlərinin onluğuna daxil olub. 20 ildir tərkibi dəyişməyən “ColDünya” qrupunun üzvləri -  vokalçı və fortepianoda Teymur Nadir, elektrik və akustik gitaralarda Rövşən Kərimov, zərb alətlərində Samir Cəfərli,  bas-gitarada Aydın Hacıyev ifa edir.

- Teymur Nadir necə rok ifaçısı oldu?

- 6 yaşım olanda mükəmməl eşitmə gözəl musiqi yaddaşım olduğuna görə valideynlərim məni musiqi məktəbinin fortepiano sinfinə qoydular. 1983-cü ildə görmə qabiliyyətim pisləşdiyi üçün musiqi məktəbindən çıxardılar. 14-15 yaşlarımdan mahnılar yazmağa başladım. Həmin vaxt “Beatles”, Jimmy Hendrix, Led Zeppelin, Pink Floyd, Queen gənclərin həyatına girmişdi. Orta məktəbdə yaratdığımız qrupa çıxış edirdim. Həmin vaxt Bakıda rok cərəyanı öz intibahını yaşayırdı, ilk Bakı rok-klubu yaradılmışdı. Lakin 80-ci illərdə baş verən faciəvi hadisələr qrupların çoxunun dağılmasına səbəb oldu rok-musiqisi yenidən yoxa çıxdı.

- “ColDünyaqrupu vaxt hansı zərurətdən yarandı?

- 1990-cı ildə qardaşım Rövşənlə bərabər qrup yaratmaq qərarına gəldik. 1992-ci ilə qədər "Vremena Qoda" adı altında çıxış etdik. 1992-ci ildə qrupa "ColDünya" adı verdik. "Bizim üçün əsas olan uyğunlaşmayanı birləşdirmək cəhdi idi. Ona görə "Cold" sözünü Qərbin soyuq praqmatik intellektinin simvolu kimi götürdük, "dünya" sözü isə Şərq xalqının mentalitetinə xas olan emosional komponenti bildirir. Həmişə Azərbaycan musiqisi ilə Avropa musiqisini birləşdirmək istəyirdik. "ColDünya" bizim üçün Qərblə Şərqin birləşməsi, şüurun insan ehtirasının aydınlanması, öz musiqimizlə əritmək istədiyimiz soyuq dünya obrazı oldu. 1993-cü ilin sonunda qrupa barabançı Samir Cəfərli, daha sonra bas-gitarist Aydın Hacıyev daxil oldu qrup bu tərkiblə yalnız Azərbaycanda deyil, həm onun sərhədlərindən uzaqda musiqisevərlərə tanındı.

- Roku azərbaycanlılaşdırmaqda hansı çətinliklərlə rastlaşdınız?

- Bizdən əvvəl də Azərbaycanda layiqli rok sənətçiləri olub. Keçən əsrin 70-ci illərində bəstəkar Oqtay Kazımovun yaratdığı  “Eksperiment OK” qrupu, 80-ci illərdə dostum Rasim Müzəffərlinin rəhbərliyi altında fəaliyyət göstərən “OZAN”,  Gündüz Bakılının “Çarli Atl”, Sumqayıtda yaradılan və Türkiyədə uğur qazanan “Yuxu” qrupu “ColDünya”nın səhnəyə gəlməsində böyük rol oynayıb. Biz səhnəyə gələndə Azərbaycan roku artıq var idi. Bizim əsas məqsədimiz isə o oldu ki, öz dəst-xəttiylə seçilən musiqimizi gənc kütləyə həm Azərbaycanda, həm də xaricdə çatdıraq və bu üslubu həm inkişaf etdirək həm də populyarlaşdıraq. Əsas çətinlik məhz bu idi. Məncə, məqsədimizə layiqincə nail olduq.

1996-cı ildə "ColDünya" "Sehrbaz" kompozisiyası ilə beynəlxalq populyarlıq qazandı. Keçmiş SSRİ və Şərqi Avropa ölkələrindən olan musiqi kolleksiyasının doğma dildə yazılmış mahnı ilə belə uğur qazanması və 2 həftədən çox ən yaxşı 7 yerdə qalması birinci dəfə idi. Konsertlərimiz açıq meydanlarda keçirilməyə başladı. 2002-ci ildə "ColDünya" "Azərbaycanın ən yaxşı qrupu" adını və Milli Musiqi Mükafatı olan "Altun Nar"ı qazandı. Bununla sübut etdi ki, rok-musiqiçiləri də ölkə mədəniyyətinin bir hissəsidir. "Aç balaca qanadlarını" mahnısı Azərbaycan rokunda, bəlkə də ən tanınmış kompozisiyası oldu, ona çəkilən klip isə son illərdə ən çox baxılan videolardan biridir. "Son məktub" rok qrupu ilə birlikdə canlı orkestrin və qadın vokal üçlüyünün səsləndirməsi ilə Azərbaycan rokunda birinci eksperiment oldu. Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, Almaniya, Fransa, İngiltərə, Hollandiya, Norveç, Danimarka kimi müxtəlif xarici ölkələrdə uğurlu konsert proqramları ilə  çıxış etmişik. 

- Rok cəmiyyətdə baş verən neqativ hallara musiqi dilində etiraz formasıdır. Bu baxımdan sizə hansı mövzular maraqlıdır, hansı neqativ hallara etiraz səsinizi ucaldırdınız?

- Rok musiqisi ilk növbədə  müasir dünya musiqisində özünə yer tapan, rəngarəng  və kütləvi bir üslubdur. Hər bir janr əvvəlcə musiqi cəhətdən öz etiraz səsinə malik olaraq  həm də auditoriya üçün cəlbedici və maraqlı olmalıdır. Kimsə siyasətdən oxuya bilər, kimsə məişət problemlərinə  toxunur, kimsə balaca qızlar üçün ağlamalı sevgi mahnıları yazır, özləri bilərlər. Mənim mahnılarım dadlı saqqızlardır. Açdın, çeynədin, sonra isə tulla və təzəsini at ağzına. Ancaq özünə qarşı etirazlı olmalısan – sənət hər gün səndən eşşək kimi işləməyə tələb edir. Başqa cür dadlı saqqızı ortaya çıxartmaq olmaz.

- “ColDünya” qrupu niyə dağıldı?

- “ColDünya” dağılmayıb. Biz dördümüz sağıqsa, qrup da sağdır. 20 ildir ki, tərkibimiz eynidir. Sadəcə olaraq 2004-cü ilin sonunda qrupun üzvləri ilə uzun yaradıcılıq məzuniyyətinin qəbuluna qərar verdik. Mənsə Azərbaycanı tərk etmək kimi ağrılı bir qərar qəbul etdim və Moskvaya köçdüm. O vaxtlar elə lazım idi. Ancaq indi faktiki olaraq, ilin yarısını Vətənimdə keçirirəm. Çünki bizim işimizə tələbat var. Elə bu səbəbdən də 2008-ci ilin fevralında 4 illik fasilədən sonra  "Əhatə Dairəsi Xaricində" adlanan və 2009-cu ildə işıq üzü görən növbəti musiqi albomu üçün yenidən studiyada toplandıq. Rusiyada roka olan maraq bizdən yüksəkdir.

- Azərbaycanda roka marağı necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, söhbət dəyərli və keyfiyyətli musiqidən getməlidir. Azərbaycanda keyfiyyətli musiqi azdır və maraq da getdikcə azalır. Bunlar bir-birilə bağlı olan məsəllərdir. Xalqın zövqünü qəsdən korlamaq üçün çoxsaylı dırnaqarası layihələr əmələ gəlir. Məncə, bu, milli zövqə bir təcavüzdür və kütləvi xarakter daşıyan bir media-siyasətidir. Rusiyada da belədir.  Dünyanı idarə edən qurumlara kamil insan yox, kütlə lazımdır.

- Nə üçün rok kütləvi musiqi janrı deyil?

- Şükür Allaha ki, Azərbaycanda rok musiqi kütləvi janr deyil. Kütləvi olsaydı, onun dəyəri itərdi. Dəyərli və qiymətli əsər kütlə üçün qorxulu görünə bilər, bu böyük təhlükədir. Təsəvvür edin ki, Qara Qarayevin 3-cü skripik konserti hər gün televiziya kanallarında səslənir. Bu zaman  insanlar axı  qlobal yuxudan ayıla bilərlər! Ya da Üzeyir Hacıbəylinin “Koroğlu” operasındakı üvertüra gündə radioda səslənir. Bu zaman bilmək olmaz nə baş verə bilər (gülür). Bu, həqiqətən təhlükəlidir.

- Roku Azərbaycan xalqına necə sevdirmək olar?

- Məncə, Azərbaycan xalqı bu üslubu ümumi şəkildə qəbul etməyəcək. Rokda cəngavərlik ruhu var. Biz isə bir xalq kimi cəngavər olmağa hələ ki, hazır deyilik. Özümüzü aldatmaqla deyil axı, qılınc götürüb, açıq döyüşdə düşmənin başını kəsmək lazımdır! Biz isə itirilmiş sevgidən oxuyuruq!

- Hansı məşhur musiqiçilərlə işbirliyiniz olub?

- 2005-ci ildə Moskvada  bas-gitaraçı Stas Kalaşnikovla birlikdə rus fyujn-səhnəsində ən maraqlı layihələrdən biri sayılan “KalashnikovBand” qrupunu yaratdıq. Bu layihəyə Azərbaycan xalq musiqisinin bir hissəsini gətirdik və qrup üçün bir neçə kompozisiya yazdım. Bununla paralel 2010-cu ildə Rusiya prezidenti mükafatçısı, əfsanəvi rus caz musiqiçisi, saksafonçu Serqey Letovla "Íĺěîĺ ęčíî — Ćčâŕ˙ ěóçűęŕ" ("Səssiz film-Canlı musiqi") layihəsində əməkdaşlığa başladım. İmprovizasiya prosesində 1923-26-cı illərdə alman rəssamı və rejissoru Lotto Rayninqerin yaratdığı "Şahzadə Əhmədin macəraları" cizgi filminin tarixində ilk dəfə olaraq maraqla qarşılanan musiqi palitrası yaratdıq. 2010-cu ildə məşhur Azərbaycan rok qrupu “Unformal”ın yaradıcısı və eks-vokalçısı, indi isə Moskvanın məşhur "Ponço Panamas" qrupunun vokalçısı Rüstəm Məmmədovla birlikdə "Varmı bir insan?" albomunu hazırladıq. 2005-ci ildə isə Xalq artisti ,UNESCO mükafatının qalibi Alim Qasımovla birlikdə olan  "Oyanış" albomuna görə Fransa Musiqi Akademiyası mükafatını qazandıq.

- Solo ifaçı kimi planlarınız və qrupun hansı yenilikləri gözlənilir?

- Qrupun yubileyi münasibətiylə sənədli film hazırlanır. Yaradıcı heyət Moskva və Bakıda film üzərində çalışır. Dekabr ayında Bakıda ekran əsərinin premyerası keçiriləcək. İlin əvvəlində isə konsert proqramı ilə çıxış edəcəyik. Qastrol səfərlərinə də hazırlaşırıq. Solo musiqi albomum üzərində işləyirik. Bu albomda DJ kimi val üzərində işləmək üçün tanınmış musiqiçi və səs rejissoru Pavel Bulakı, barabançı İlya Lipatov, tanınmış caz saksafonçu Serqey Letov, Salman Abuyev kimi peşəkar musiqiçilərlə çalışıram. Burada yer alan mahnıların çoxuna kliplər çəkdirməyi düşünürük.

 

 

Palitra.-2012.-16 oktyabr.-S.13.