İstehlakçı kimi öz hüquqlarımızı niyə qorumuruq?

 

“Bu gün ticarət mərkəzlərində, satış obyektlərində kifayət qədər zay, vaxtı ötmüş məhsullar satışa çıxarılsa da, istehlakçı tərəfindən çox da ciddi müqavimətə rast gəlinmir”

 

Gündəlik həyatda hər bir insanın əsas rollarından biri istehlakçılıqdır. İnsanların yaşamasını təmin edəcək ehtiyacları var. İnsanların bir qismi başqalarına nə isə satmaq istədiyi halda digərləri də almaq üçün ticarət məkanlarına üz tutur. Beləliklə, cəmiyyətdəki ticarət həyatını istiqamətləndirməklə yanaşı ona dəstək olan da istehlakçıdır.

 

Əksəriyyət istehlakçı hüquqlarını ya bilmir, ya da... 

 

Dünyada əhalinin sayı və daha yaxşı yaşamaq arzusu artdıqca insanlar daha çox almağa, daha çox istehlak etməyə başladılar. Bununla yanaşı ticarət həyatı daha da inkişaf etdikcə mərhəmətsizlik problemi də başladı. Eləcə də dünyada baş verən dəyişikliklər, müasirləşmə də ticarətə öz təsirini göstərdi. Bu gün ticarət həyatının inkişaf etdiyi bir cəmiyyətdə şüurlu bir istehlakçı mədəniyyəti varmı? Bir qisim istehlakçılar var ki, müəyyən məbləğ ödəməklərinə baxmayaraq aldığı məhsulla heç maraqlanmırlar. Əvvəllər ehtiyacları üçün mal alan istehlakçılar vardısa, indi malları dəyərinə görə deyil, sadəcə ona sahib olmaq üçün istehlak edən istehlakçılar var. İstehsalçılar isə onların maarifçiliyinin azlığından faydalanırlar. Məsələn, İngiltərədə aparılan bir araşdırmaya görə, heç geyinmədikləri libasları satın alan qadınların faizinin davamlı artdığı göstərilir. Bu, sadəcə sahip olmaq məqsədilə edilən bir davranışdır. Bu onu göstərir ki, istehlak ehtiyaclardan deyil, sonsuz arzulardan qaynaqlanır. ABŞ-da aparılan digər bir araşdırmaya görə, amerikalıların böyük əksəriyyəti digər amerikalıların hovuzlu villalarda yaşadığını, avtomobillərinin, xidmətçilərinin olduğunu düşünür. Yəni filmlərdə, seriallarda bir amerikalı necə təsvir edilirsə, digər amerikalıların da o şəkildə yaşadığını zənn edirlər. İstehlakçı bir mal satın alarkən nələrə diqqət etməlidir? Bir mal alarkən həqiqətən bu mala ehtiyacının olub-olmadığını düşünməli, alacağı malın qiymətinin büdcəsinəə uygun olub-olmadığına baxmalı, malın sağlam olmasına diqqət etməli, çəkini yoxlamağı, son istifadə tarixinə baxmayı unutmamalıdır.

Bu gün ölkəmizdə də istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət səviyyəsində bir sıra addımlar atılır. Belə ki, 1995-ci ildə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu”, 2009-cu ildə “Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. Hazırda bu sahədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fəaliyyət göstərir. Lakin bu istiqamətdə dövlət səviyyəsində müvafiq tədbirlər həyata keçirilməsinə baxmayaraq hər bir istehlakçının öz hüquqlarını bilməsi mühüm amildir.

Sosioloq Əhməd Abbasbəylinin sözlərinə görə, istehlak mədəniyyəti səviyyəsi, tarix boyunca formalaşmış və eyni zamanda istehlakçı tələbatının ödənməsi, ölkənin bu sahədə qanunvericiliyi, onların hüquqi müdafiəsi ilə bağlı bütün münasibətlərin məcmusudur: “Əslində istehlak mədəniyyətinin əsasında üç əsas şərt - istək, imkan, lazımlılıq səviyyəsi dayanır. Təəssüf ki, bu gün bir çox ölkələrdə bu şərtlər bir-birini ödəmir. Bir çox insanın istəyi daha çox imkanı üstələyir. Digər tərəfdən tələbatı ödəmək üçün alınan məhsullar istehlakçını qane etmir. Bu gün ölkəmizdə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik, normativ aktlar var. Ancaq təəssüf ki, istehlakçılar öz hüquqlarını bilmir, digər tərəfdən onun müdafiəsi üçün cəhd də göstərmir. Bu gün bizdə istehlak mədəniyyəti çox aşağı səviyyədədir. Hazırda ölkədə istehlakçı hüquqları ilə bağlı dövlət qurumları, ictimai təşkilatlar da var. Lakin əhali bu prosesdə ən zəif halqadır. Əksəriyyət öz istehlakçı hüquqlarını qorumağı bilmir, ya da qorumaq istəmir”.

 

Marşrut avtobuslarında aşağı səviyyəli, təhlükəli xidmətə qarşı heç kəs etirazını bildirmirsə, bu da istehlak mədəniyyətinin aşağı olmasının göstəricisidir

 

Bu gün ticarət mərkəzlərində, satış obyektlərində kifayət qədər zay, vaxtı ötmüş məhsulların satışa çıxarıldığını deyən sosioloq deyir ki, buna baxmayaraq istehlakçı tərəfindən çox da ciddi müqavimətə rast gəlinmir: “Bununla bağlı müvafiq qurumlar tərəfindən mübarizə aparılsa da, burada istehlakçının fəallığından söhbət gedir. Bu gün istehlakçının mədəniyyət səviyyəsi sual altındadır. İmkan və lazımlılıq göstəricisi Azərbaycan vətəndaşlarında daha qabarıq görünür. Məsələn, bu gün həddən artıq böyük ölçüdə avtomobillərin şahidi oluruq. Qərb ölkələri ilə müqayisə etdikdə onlarda bahalı əşyalara, bahalı evlərə münasibət başqadır. Eləcə də bizdə insanlara lazım olmayanı başqalarına nümayiş etdirmək, həyat səviyyəmizi şişirtmək üçün lazım olmayan, imkanımızdan kənar əşyalar alırıq. Əslində Qərb ölkələrində bu cür davranış artıq yoxdur. Həmin ölkələrdə istehlakçı lazımlılığı nəzərə alır. Məsələn, ilk növbədə hansı əşya, hansı avtomobil ona lazımdırsa, onu alır. İkincisi isə imkanı düşünür ki, bunu almağa imkanı çatır, ya yox.  Bizdə isə əksinə, lazımlılıq, imkan nəzərə alınmadan birbaşa istək düşünülür ki, bu da bir qisim insanların borca düşməsinə səbəb olur. Bu da insanların istehlak mədəniyyətinin yüksək olmadığını göstərir”.

Sosioloqun fikrincə, bu problemin qısa müddətdə həlli də sual altındadır. Onun sözlərinə görə, bəzi insanlar var ki, kirayədə yaşayır, amma xarici markalı avtomobili ilə özünü göstərir: “Yaxud ərzaq məhsulları alarkən onun keyfiyyətinə, istifadə müddətinə diqqət yetirməsinin şahidi olmuruq. Eyni zamanda xidmət növləri ilə bağlı da həmin problemlər var. Bu gün marşrut avtobuslarında aşağı səviyyəli xidmətdən əlavə təhlükəli bir xidmətə qarşı heç kəs etirazını bildirmirsə, bu da istehlak mədəniyyətinin aşağı olmasının göstəricisidir. Yaxud bir sıra insanlar bahalı qiymətə olsa da, bir neçə mobil telefon alır və istək digər kriteriyaları üstələyir. Qərb ölkələrində çox imkanlı təbəqədən olan bir nəfər küçədə gedərkən sıravi bir təbəqədən olan insanla fərqini görmək mümkün deyil. Orada insanlar çalışırlar ki, bahalı əşyaları ilə deyil, hərəkətləri, mədəniyyətləri, bilikləri ilə seçilsinlər. Bizdə isə təəssüf ki, əksinədir”.

Ə.Abbasbəyli bildirdi ki, bu gün hətta bəzi insanlar bir-biri ilə rəqabətə girirlər. Belə ki, bizdə toy da, yas da özünü göstərmək formasından biri kimi öz əksini tapıb: “İmkanı çatmasa da, qonşusundan geri qalmamaq üçün toya səviyyəsiz müğənniləri dəvət edib xeyli vəsait ödəyir ki, geri qalmasın. Heç bir ölkədə şadlıq evləri kütləvi şəkildə tikilib istifadə edilmir. Çox nadir halda imkanlı bir insan restoranda dəbdəbəli toy keçirər. Bizdə ən aşağı imkanlı insan çalışır ki, o cür toy edib onlarla ayaqlaşsın. Şadlıq evlərində təqdim olunan xidmətin keyfiyyəti, yüksəksəsli musiqilər mövcud problemlərdən biridir. Sanki bu sahədə birmafiyaformalaşıb. Eləcə bu gün birxınayaxdı institutuyaradıblar ki, təntənəli şəkildə qeyd edilir. Həmçinin toydan əvvəl böyük məbləğdə gözəllik salonuna vəsait ödəyirlər.

Eyni zamanda yas məclislərinin belə təntənəli təşkili maarifçiliyin aşağı səviyyədə olmasının nəticəsidir. İmkansız bir ailə bir neçə gün çadır qurur, fikirləşir ki, sonra deyəcəklər ki, yas vermədi. Bizdə çalışırlar ki, başdaşını daha bahalı etsinlər. Türkiyədə digər müsəlman ölkələrində məsciddə yas, ehsan verirlər ki, ev sahibi bununla məşğul olmasın. Amma bizdə bu əksinədir. Mənim fikrimcə, bu sahədə insanları maarifləndirmək azdır, hesab edirəm ki, insanların şüurunda inqilab etmək lazımdır. Bu istiqamətdə sağlam düşüncəli insanlar əlindən gələni etməlidir”.

 

 

Nigar Abdullayeva

 

Palitra.-2012.-17 oktyabr.-S.7.