“Milli-mənəvi dəyərlərin qorunması hər bir ölkə vətəndaşının milli qürur məsələsi olmalıdır” 

 

Sevinc Əzimbəyli: “Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması Azərbaycanımızın milli dövlətçilik ənənələrinin mühafizə olunmasına

ən böyük xidmətdir”

Layihə çərçivəsində müsahibimiz “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəylidir.

- Sevinc xanım, rəhbəri olduğunuz QHT nə vaxt yaradılıb və fəaliyyət istiqamətləri hansılardır?

- “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi 29 iyun 2012-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Birliyimizin əsas məqsədi ölkəmizdə milli dəyərlərin, mədəni irsin qorunub saxlanılması və təbliğ edilməsindən ibarətdir. Birliyimizin məqsədlərinə çatmaq üçün əsasən fəaliyyət istiqamətləri milli dəyərlərin, adət-ənənələrin qorunmasına kömək etmək, xalq yaradıcılığını təbliğ etmək, ölkə gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunmasına yardım göstərməkdən ibarətdir.

-Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımından nə dərəcədə əhəmiyyətlidir?

- Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və yaşadılması Azərbaycanımızın milli dövlətçilik ənənələrinin mühafizə olunmasına ən böyük xidmətdir. Xalqımızın milli mənafelərini düşünən hər bir kəs millətinin keçmişinə hörmət göstərməli və sahib çıxmalıdır. Əsrlərdən gələn milli adət-ənənələrimizin yaşadılması və mühafizə olunması ən vacib milli prinsiplərimizdən biridir. Belə ki, ölkəmizin ümumi inkişafının təmin olunması baxımından milli-mənəvi dəyərlərin qorunaraq yaşadılması dövlətimizin mənbəyi olan xalqımızın keçmişinə hörmət, gələcəyinə isə işıqlı səhərlərin açılması deməkdir. Tarixdə öz soykökünə, keçmişinə bağlı olmayan xalqların gələcəyi hər zaman təhlükəli məqamlarla üz-üzə qalıb. Milli özünüdərki anlamadan hər hansı bir ölkə gəncinin vətənpərvər ruhda mükəmməl ölkə vətandaşı kimi dövlətinə və millətinə yararlı olması mümkünsüzdür. Sevindiricidir ki, ölkəmizdə milli-mənəvi və mədəni irsimizin həqiqi təəssübkeşi Azərbaycan dövlətidir. Ölkəmizdə milli-mənəvi dəyərlərin mühafizə və təbliğ olunması yolunda Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasəti bütün ölkə müsəlmanlarının təqdir etməsi vacibdir.

- Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr keçiribsiniz?

- Milli-mənəvi dəyərlərin qorunması istiqamətində çoxlu layihələr həyata keçirmişik. Bunlardan ən yadda qalan layihələrimizdən “Xeyriyyəçilik-saflığa aparan yol”, “Mövlanə mənəviyyatının işığında”, “Həmrəylik günü”, “Biz sizi unutmadıq”, “Yazarlarla görüş” adlı layihələrimizi və digərlərini misal çəkə bilərəm. Bunlardan əlavə çoxlu sayda tədbirlər də keçirmişik. Belə ki, müqəddəs Qurban bayramı ərəfəsində sərhəd rayonlarında yüzlərlə qazi, şəhid və məcburi köçkün ailələri ilə görüş keçirərək onların ailələrinə bayram sovqatı vermişik. Eləcə də Bakıda şəhid və kimsəsiz ailələlər ilə ölkəmizin əlamətdar günlərində görüşlər keçirilərək hədiyyələr təqdim etmişik. “20 Yanvar” və “Xocalı” şəhidləri adına keçirdiyimiz tədbirlər də ən çox yadda qalan tədbirlərimizdəndir. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, “Yeni Üfüqictimai birliyinin təşəbbüsü ilə bu yaxınlarda susuzluqdan əziyyət çəkən müsəlmanlara Afrikada su quyusu qurdurulub. Sevindirici olan odur ki, uzaq diyarda inşa etdirdiyimiz su quyusunun üzərində müstəqil Azərbaycan dövlətinin bayrağı dalğalanmaqdadır.

-Növbəti hansı layihələrin keçirilməsi nəzərdə tutulub?

- Bu yaxınlarda “Yazarlarla görüş” layihəmizin 3-cü görüşü keçiriləcək. Bundan başqa, aprel ayının sonundaYeni Üfüqictimai birliyinin Ankara təmsilçiliyi oradakı tələbələrlə birlikdə xeyriyyə konserti keçirməyi nəzərdə tutub. Xeyriyyə konsertini keçirməkdə əsas məqsədimiz ölkəmizdə düşmənlə üz-üzə dayanan cəbhəyanı kəndlərimizin birində yerləşən məktəb şagirdlərini kitab və digər məktəb ləvazimatları ilə təmin etməkdir. 21 apreldə isə “Sən də qoşul” adlı xeyriyyə layihəmizin keçirilməsini nəzərdə tutmuşuq. “Sən də qoşul” adlı layihəmizin əsas məqsədi milli xeyriyyəçilik ənənələrimizin ölkə vətəndaşlarına təbliğ etmək, imkansız soydaşlarımıza geyim dəstləri, məişət avadanlıqları ilə yardım göstərmək istəyən insanlarımızın əlaqəsini qurmaqdan ibarət olacaq.

-Milli və mənəvi dəyərlərin təbliğ olunması yolunda xeyriyyəçilik ənənələrinin nə kimi rolu var?

- Ölkəmizdə milli və mənəvi dəyərlərin təbliğ olunması yolunda xeyriyyəçilik ənənələrinin cəmiyyətə aşılanması və maarifləndirmə işninin aparılmasının böyük əhəmiyyəti var. Azərbaycanda xeyriyyəçilik ənənələrinin tarixi qədimlərə gedib çıxır. Özünü müsəlman sayan hər bir şəxs sıxıntılar içərisində yaşayan digər müsəlman bacı və qardaşlarına yardım etməsi, mənəvi dəstək göstərməsi insanlığa yaraşan ən ali əməldir. Bu gün milli dəyərlərlə mənəvi dəyər o qədər çulğalaşıb ki, bunları bir-birindən ayrı təsəvvür etmək olmur. “Yeni Üfüqbu iki məfhumu birini digərindən ayırmadan təbliğ edir və fəaliyyət göstərir. Biz bu mövzuda mütəmadi müxtəlif tədbirlər keçiririk. Planımızda bu və digər mövzularla bağlı bir sıra dövlət qurumları ilə birgə layihələr keçirmək var.

-Bu işlərin həyata keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq edirsinizmi?

- “Yeni Üfüqictimai birliyi olaraq keçirdiyimiz bütün tədbirlərimizdə ictimaiyyət nümayəndələri ilə yanaşı, dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri və digər QHT-lərin nümayəndələri də yaxından iştirak edirlər. Onu da bildirmək istəyirəm ki, birliyimizin əksər tədbirlərində dəvətlilər arasında ölkəmizdə fəaliyyət göstərən xarici səfirliklərin nümayəndələri də var. Ümumilikdə dövlətçilik prinsiplərini əsas götürən bütün qurumlarla və ölkənin tanınmış ziyalı fikir adamları ilə “Yeni Üfüqün sistemli olaraq işgüzar əlaqələri mövcuddur.

-Gənc nəslin bu sahəyə marağı necədir?

- İlk öncə onu bildirmək istəyirəm ki, gənc nəslin milli-mənəvi dəyərlərimizə sahib durması yolunda Azərbaycan dövlətinin gəclərimizin maarifləndirilməsi üçün həyata keçirdiyi sistemli dövlət proqramları ölkə gəncliyinin milli ruhda tərbiyə olunmasında ən başlıca şərtlərdəndir. Ölkə başçısı cənab İlham Əliyevin xüsusi olaraq, milli bayramlarda xalqımıza ünvanladığı çıxışlar çox sevindiricidir. “Yeni Üfüqİctimai Birliyinə gəldikdə isə birliyimizin gənclər şöbəsi fəaliyyət göstərir. Onu da bildirmək istəyirəm ki, az bir müddətdə nail olduğumuz uğurlarımızda birliyimizin gənclərinin ayrıca fədakar xidmətləri var. Demək olar ki, “Yeni Üfüqictimai birliyinin ölkəmizin əksər ali məktəblərində tələbə təmsilçiləri fəaliyyət göstərir. Bu da onu göstərir ki, gənc nəslin milli-mənəvi dəyərlərimizə sevgi və bağlılığı əməli fəaliyyətləri ilə sübut olunur.

Yeri gəlmişkən, “Yeni Üfüqİctimai Birliyinin sıraları günbəgün artmaqdadır. Onu da vurğulayım ki, birliyimizin rəhbərliyi ziyalılardan ibarətdir. Birliyimizdə ayrıca gənclər şöbəsi fəaliyyət göstərir. Gənclər şöbəsinin demək olar ki, ölkənin bütün ali təhsil ocaqlarında təmsilçiləri var. Qısa müddətdə birliyimizin Türkiyə, Almaniya, Amerika, Rusiya, Ukrayna üzrə təmsilçiləri fəaliyyət göstərir. Birliyimizinyeniufuq.az” saytı da az bir zamanda mənəvi dəyərlərimizin maariflənməsi yolunda fədakarcasına öz səmərəli fəaliyyəti ilə bizi sevindirir.

- Bildiyimiz kimi bu gün Azərbaycan dünyada həm də tolerant ölkə kimi tanınır. Azərbaycandakı tolerantlıq ənənələrini də milli-mənəvi dəyərimiz hesab etmək olarmı?

- Ümummilli lider Heydər Əliyev də çıxışlarının birində ölkəmizdə yaşayan bütün azsaylı xalqlaretnik azlıqların Azərbaycanın milli sərvəti olduğunu qeyd etmişdi. Bu gün cəmiyyətdə təriqətlərarası dözümlülük, tolerantlıq münasibətlərinin təbliğatı artırmaqdadır. Ölkə müsəlmanlarının din və dövlət münasibətlərində birlik və bərabərlik içərisində Azərbaycan dövlətçiliyinin bütövlüyünə xidmət etməsi vacibdir. Azərbaycanda millidini tolerantlığın ən yüksək səviyyədə olması dövlətin apardığı uğurlu siyasətin nəticəsidir. Mənəvi irsimizin əsl təəssübkeşi Azərbaycan dövlətidir. Ancaq bu münbit şəraitdən sui-istifadə edən bəzi zərərli qüvvələrin, özlərinə “dindar” deyən şəxslərin olması İslama və Peyğəmbərə qarşı getməkdir. İslam dini insanları inama, birliyə çağırır. İslam sevgi, mərhəmət, barış, qardaşlıq, dostluq, əmin-amanlıq dinidir. Hz.Məhəmməd Peyğəmbər (s.a.v.) insanlığın öndəridir. Dövlətçiliklə bağlı milli məfkurə daşıyıcısı olan gerçək inanc adamlarının din və dövlət münasibətlərində fəal olması dinimizdə savab əməldir.

-Milli-mənəvi dəyərlərin qorunması üçün nələr edilməlidir?

- Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması hər bir ölkə vətəndaşının milli qürur məsələsi olmalıdır. Unutmamalıyıq ki, tarixdə milli şüura sahib durmayan millətlərin oğul və qızları hər zaman başqa millətlərin istismarına məruz qalıb. Öz milli heysiyyatını dərk etməyən şəxsin istər millətinə, istərsə də dövlətinə sevgi ilə bağlanması mümkünsüzdür. Milli dəyərlərin qorunaraq gənc nəslə təbliğ edilməsi milli dirçəlişimizin yüksəlməsinə səbəb olacaq ən ali prinsiplərdən olmalıdır. İndiki həssas bir məqamda torpaqlarımızın işğala məruz qaldığını düşündükdə milli vətənpərvərlik ruhunun yüksəlməsində mənəvi dəyərlərimizin təbliğ olunması və qorunmasının nə qədər zəruri olduğunu dərk etməliyik.

Ölkəmizdə milli və mənəvi dəyərlərimizin qorunaraq təbliğ edilməsi hər bir ziyalının, fikir adamının vicdan işinə çevrilməlidir. Bu yolda xüsusi olaraq gənclərimizin milli məfkurə şüuru ilə yetişdirilməsi olduqca zəruridir.

 

Fuad HÜSEYNZADƏ

Palitra.-2013.-19 aprel.-S.11.