Sənətin izi ilə...

 

Azərbaycan təsviri sənətində elə sənətkarlar var ki, həyat və yaradıcılığı ilə yaxından tanış olmağımıza baxmayaraq, onlar hələ də açılmamış kitab səhifəsinə bənzəyirlər. Yaratdıqları əsərləri tamamlamaqla onlar əslində sonu deyil, başlanğıcı ifadə edirlər. Belə tanınmış rəssamlardan biri də Azərbaycanın Xalq rəssamı, Şah İsmayıl Xətai fondunun gümüş mükafatçısı Tofiq Məhəmməd oğlu

Ağababayevdir.

Tofiq Ağababayev sentyabrın 8-i 1928-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. O, nə qədər ağır həyat tərzi keçirsə də, ürəyində yaşamaq, yaratmaq həvəsi heç vaxt sönməyib. Hələ 9 yaşında ikən dəniz kənarında qum üzərində cızma-qara edərkən tanımadığı bir adamın ona yaxınlaşıb “oğul sən rəssamlıq məktəbinə get” deməsi Tofiq Ağababayevin tale yolunu açdı. Orta məktəbin 9-cu sinfini bitirdikdən sonra o, Ə.Əzimzadə adına rəssamlıq məktəbinə daxil olur. Təhsilini davam etdirmək məqsədilə isə 1952-ci ildə Baron Ştiqlist adına Sankt-Peterburq Rəssamlıq Akademiyasına daxil olur və şüşə-keramika ixtisasına yiyələnir. Həmin illərdə yaradıcılığa başlayan rəssam dekorativ, monumental rəngkarlıq janrlarında bir-birindən fərqli əsərlər yaradıb. İlk baxışdan adi görünsə də, rəssamın həyat və yaradıcılığı ilə yaxından tanış olduqca, rəng dünyasına nəzər saldıqca onun dünyagörüşünə, həyata qeyri-adı baxışlarına, dərin bir zəkaya malik olmasına bir daha əmin olursan. Çoxlarının adi gördükləri bir şeydə nə isə qeyri-adilik tapmaq, duya bilmədiklərini duymaq, barmaqlarının sehri ilə bir dünya yaratmaq və əbədilik vəsiqəsi qazandırmaq rəssamları digər insanlardan fərqləndirən cəhətdir. Xalqın milli adət-ənənələrinə bağlılığı sovet rejimi dövründə hər zaman birmənalı qarşılanırdı. Əsasən də milliliyə meyil edən sənət nümayəndələrindən böyük cəsarət tələb olunurdu. Tofiq Ağababayev əsərlərində milli kolorit, əsl azərbaycanlı ruhu duyulan bir rəssamdır. Milli bayramımız olan Novruzun gəlişini əks etdirən “Baharmozaik lövhəsi buna əyani sübutdur.

Tofiq Ağababayevin yaradıcılığı məlum sənət meyarlarının genişləndirilməsi cəhdinə uğurlu davamdır. Bu günlərdə az qala səcdə etdiyimiz, əsərlərini çıraqla axtardığımız bu rəssamın etdiklərində heç bir ideoloji təxribata cəhd yoxdur. Onun əsərlərində sadəcə rəngləri adi rəng mahiyyətindən çıxarmaq istəyi güclüdür. Tofiq Ağababayev sərt ideologiyaya tam formada əl atmasa da, onun əlamətlərini əsərlərində nümayiş etdirməkdədir. Əsasən də çəkdiyi əsərlərdə görünməz dünyasının ifadəsi təsvir olunurdu. Tofiq Ağababayev Bakı Dövlət Sirkinin interyerində qoyulan “Azərbaycan sirkimozaik lövhəsini yaradıb. Bundan başqaAbşeron qoruğu”, ”Bakı nefti cəbhəyə”, ”Meşəbəyi”, “Torpağın nəfəsi”, “May, 1945-ci il, Bakı” və s. əsərlərində rəssamın torpağa, Vətənə bağlılığı, əlinin istisi, ürəyinin hərarəti hiss olunur. Bununla yanaşı, Tofiq Ağababayev dəzgah rəngkarlığı və qrafika janrlarında da öz fırçasını sınaqdan keçirib.

1966-cı ildə Tofiq Ağababayev Bakı şəhərinin ilk baş rəssamı vəzifəsinə təyin edilir. Paytaxtımız üçün bir çox vacib işlər görüb. Bakı Sovetinin üzərində gerbin bərpası, bəzi heykəllərin yerləşdirilməsi, şəhərimizin simvolik açarının düzəldilməsi və s. kimi işlər onun adı ilə bağlıdır. Rəssam yaratdığı gözəl rəsm əsərləri ilə Azərbaycan rəssamlıq məktəbində özünəməxsus yer tutur.

Tofiq Ağababayevin “Azərbaycan lirikası” adlı keramik triptixi, Dövlət Statistika Komitəsinin, Memarlıq və İnşaat Universitetinin idman salonunun mozaik işləri rəssamın yaradıcılıq uğurlarıdır. Rəssamın bir istiqamət üzrə çox müddət davam edən rəngkarlıq fəaliyyətini onun sənət sferasının genişləndirilməsinə uğurlu cəhd kimi görmək olar. Tofiq Ağababayev o dövrün milli ruhlu sənətkarları olan M.Mircavadov, Ə.Rzaquliyev, T.Nərimanbəyovun davamçısı kimi göstərmək olar. Onun əsərlərində rənglərin ahəngliyi öz əksini verir. İşlədiyi bir çox əsərləri tarixi mövzuya yönəldib.

Tofiq Ağababayev portret janrında da öz dəst-xətti ilə seçilir. Onun üç variantda işlədiyi Məhəmməd Füzulinin portretinə baxarkən dahi şairimiz gözümüzün önündə canlanır. Yaxud qüdrətli şəxsiyyət, böyük sərkərdə Şah İsmayıl Xətainin portretində hökmdarın Vətənə, millətinə sevgisini göstərməmək mümkün deyil. Əsər konkret tarixi şəxsiyyətin təsvirindən çox, Azərbaycan dövlətinin varlığını, tarixini duymaq nöqtəsi kimi təsvir olunub. Rəssam tarixi sənədlilik, inandırıcılıq yolunu əsas tutub. Şah İsmayılın portreti hazırda Üfutsi qalereyasında bir küncü möhürlü sənəd kimi götürülüb saxlanılır. Əsəri inandırıcılıq prizmasından qavrayan tamaşaçıda gözəl duyğular yaradır. Bu isə rəssamın nəzərdə tutduğu təsvir faktoru kimi qiymətləndirilməlidir. Əsər Qarabağ mövzusuna tutarlı sənət nümunəsidir.

Tofiq Ağababayevin dahi ustadımız Füzuliyə olan sevgisi hər şeyin fövqündə duran müqəddəs bir ucalıq, paklıq, həyat, məhəbbət rəmzidir. Ömrünün sonunadək sənətini yol yoldaşı sayır. Tofiq Ağababayev Füzuli yaradıcılığını sonu olmayan mövzu hesab edir. Rəssamın fikrincə, bu mövzu sənətkarların həmişə diqqət mərkəzində olacaq, hərə onu öz daxilində gördüyü kimi görəcək və sonda bu çatışmazlığı dərk edəcək. Bundan başqa, portret janrı əsərlərindən “Şeyx Şamil”, akademik Z.Bünyadov, İzzət Orucovadramaturq İlyas Əfəndiyevin portretlərini göstərmək olar.

Tofiq Ağababayevin natürmort janrına da münasibəti müxtəlif olub. Onun bu janrda işlədiyi güllərlə bağlı natürmortlarına nəzər salsaq, görərik ki, burada duyğuları canlandıran bu zərif varlıqlar sanki təbiətdən ayrılmayıblar. Onlar o qədər təbii görünürlər ki, tamaşaçıya çox vaxt elə gəlir, güllər sanki təbiətin qoynundadırlar. Rəssam adi insanın görə bilmədiyi gözəllikləri çox incəliklə tamaşaçıya çatdırmağa çalışır.

Son illər Tofiq Ağababayev əsasən rəngkarlıqla çox ciddi məşğuldur. Rəssamın rəngkarlıq işləri rəng cəhətdən çox millidir. Əsərlərində rənglərin tamamlanmasına, plastika, kompozisiya cəhətdən üstün olmasına çalışır. Belə əsərlərdən “Ümid rəngləri”, “Sözsüz”, “Yaz mahnısı”, “Şərq motivi” , “Yaz nəfəsi” adlarını çəkmək olar. Tofiq Ağababayevin əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ muzeyində, London, Kanadabir çox başqa muzeylərdə, şəxsi qalereyalarda saxlanılır.

Dəfələrlə Bakıda, Moskvada fərdi sərgiləri keçirilən Tofiq Ağababayev həm də gözəl pedaqoqdur. Dərs dediyi tələbələrinə ilk növbədə sənəti sevməyi, sənətə bağlı olmağı, sənətlə yaşamağı tövsiyə edir. Tofiq Ağababayevin sənəti ilə şəxsiyyəti həmahənglik təşkil edərək daim yaradıcılıq axtarışındadır. Onun yaradıcılığında əsrarəngiz əsərlərin yaranmasına inanırıq. Çünki rəssam daim tamaşaçısını heyrətləndirməyə meyillidir. Hazırda Tofiq Ağababayev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Rəsm kafedrasında professor vəzifəsində çalışır. Rəssam yaxın zamanlarda növbəti möhtəşəm sərgisinin açılışı üçün yeni-yeni əsərlərin yaranması ilə məşğuldur. Tofiq Ağababayevə yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Vəfa Orucova

Sənətşünas

Palitra.-2013.-17 avqust.-S.15.