Sona Vəliyeva: “Məmməd Araz əbədiyaşar şairdir

“Kaspi” qəzeti və Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və məqalələrin yer aldığı 600 səhifəlik “Haqqın var yaşamağa” adlı kitabın təqdimat mərasimi keçirildi.

Tədbirdə çıxış edən “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli bildirdi ki, qəzet silsilə xarakter daşıyan müsabiqələr elan edib. Onun sözlərinə görə, şair Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqəyə yazıların qəbulu 2013-cü ilin aprelindən sentyabr ayına kimi davam edib: “Müsabiqəyə təqdim olunan məqalələrdə şairin ədəbi irsi təhlil olunmaqla yanaşı, publisistik fikirlər də yer alıb. Şair barədə bir sıra arxiv materialları və xatirələr də kitaba daxil edilib. Müsabiqəyə 80 yazı təqdim olunsa da, bunlarda 60-ı müsabiqəyə daxil edilib. Kitabda əsərləri dərc olunmuş təxminən hər iki nəfərdən birinə mükafat təqdim olunacaq. Ümumilikdə müsabiqənin fondu 10 min manat təşkil edir”.

Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirdi ki, müsabiqəyə təqdim olunun bütün yazılara münsiflər heyəti tərəfindən diqqətlə yanaşılıb və təhlil edilib. O, Məmməd Arazı əbədiyaşar şair kimi qiymətləndirdi: “Məmməd Araz İlahidən ona verilən xüsusi missiyasını yerinə yetirərək, bir millətin xüsusi məfkurəsini yaratdı. O, azərbaycançılıq məfkurəsini yaradan şairdir və azərbaycançılıq onun poeziyasının əsas qayəsi olub. Məmməd Arazın şeirləri hələ onun sağlığında folklorlaşmışdı ki, bu da onun dilindən gələn böyüklüyü göstərirdi. Mən inanıram ki, min illər keçsə də, Məmməd Araz poeziyası yaşayacaq və yeni nəsil bu poeziyadan bəhrələnəcək”. S.Vəliyeva onu da bildirdi ki, ən böyük şairlərin yaradıcılığının təhlili və tədqiqi illər keçdikcədağa uzaqdan baxıb böyüklüyünü dərk etmək” fikri ilə qoşalaşır: “Günlər ayları, aylar illəri bizdən uzaqlaşdırdıqca M.Araz poeziyasının məna yükü, məfkurə dərinliyi daha da aydın görünür. Sağlığında da, dünyasını dəyişdikdən sonra da hər sözündə, kəlməsində Azərbaycan əzəmətdə görünən neçə şairimizi saya bilərik? Elə onlardan biri və birincisi kimi göz önündə yenə də misraları sərhəd qayalıqları kimi sıralanan M.Araz dayanır. “Kaspi” qəzeti vəKaspi” Təhsil Mərkəzinin elan etdiyi “M. Araz müsabiqəsi” nə təqdim olunan yazıların bir-birindən təsirli ifadələrindən həyəcanlanmamaq mümkün deyil. Tanınmış və ya ilk dəfə imzasını tanıdığım şəxslərin yazılarını diqqətlə və heyranlıqla oxudum. İndiyəcən şairin yaradıcığına müxtəlif aspektlərdən yanaşılaraq deyilməmiş, yazılmamış orijinal fikirlər toplusu M.Araz poeziyasının dərya kimi dərinliyini və tükənməzliyini sübut etdi”.

Millət vəkili, yazıçı Aqil Abbas Məmməd Arazı “millət atası” kimi xarakterizə edib: “Çünki o, övladlarına verdiyi dəyərlərdən min dəfə artıq bu xalqa, millətə dəyərlər bəedib. Bu millətin varlığı Məmməd Araz kimi dahilərin yaşamasından asılıdır”.

Sonda isə müsabiqənin qalibləri mükafatlandırılıb. Birinci yerə yazıçı-publisist Akif Əli layiq görüldü.

Nigar Abdullayeva

Palitra.-2013.-14 dekabr.-s.4.