“ABŞ-ın müxtəlif universitetlərində azərbaycanlıların onlarla tələbə təşkilatı mövcuddur

Yusif Babanlı: “Son zamanlar Amerikada oxuyan tələbələrimiz daha fəal və daha mütəşəkkil şəkildə diaspor quruculuğu ilə məşğul olurlar”

Müsahibimiz, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi və baş katibi Yusif Babanlı orta məktəbin axırıncı sinfini ABŞ-ın Azadlığa Dəstək Aktı çərçivəsində maliyyələşdirilən FLEX (Future Leaders Exchange) proqramı ilə bitirib. Vətənə döndükdən sonra, Bakıda Qərb Universitetinə qəbul olub və Amerika Elmləri (Amerikanistika) üzrə bakalavr dərəcəsini alıb. Daha sonra, ABŞ-da siyasi elmlər üzrə ikinci bakalavr dərəcəsini alıb. 2005-ci ildə maliyyə üzrə magistr dərəcəsinə nail olub. Hal-hazırda Hyuston şəhərində yaşayır, şirkətdə menecer vəzifəsində çalışır. Deyir ki, Amerikaya 1995-ci ildə ayaq basandan diaspor fəaliyyəti ilə məşğuldur. İlk vaxtlar qanunvericilərə və mediaya öz adından Qarabağ münaqişəsi haqqında məktub yazmaqla məhdudlaşıb. Amerikada yaşadığı müddətdə, bu fəaliyyəti davam etdirib və artıq 2006-cı ildən diaspor fəaliyyəti daha mütəşəkkil formaya düşüb.

- USAN soydaşlarımızı bir şəbəkədə birləşdirmək baxımdan öz missiyasını necə həyata keçirir?

- USAN Amerika qitəsində birinci təşkilatdır ki, bütün Amerika üzrə Azərbaycan məəli icma nümayəndələrini və seçicilərini səfərbər edib, onlarla qanunvericilər və media arasında bir bağlantı yaradıb. Əsas missiyamız, Azərbaycan amerikalılarının ABŞ-ın siyasi və sosial-siyasi həyatında daha fəal iştirak etməsini, Amerika seçkilərində daha aktiv yer tutmalarını təmin etmək, Amerika qanunvericiliyi ilə sıx təmas yaratmaq, Amerika media aləmində Azərbaycanı soydaşlarımız vasitəsilə tanıtmaqdır. Hər bir azərbaycanlı öz-özlüyündə səfirdir və təbii şəkildə öz ölkəsini müsbət formada tanıtmaq istəyir. Biz, sadəcə bu prosesi onlar üçün asanlaşdırıb, onların güclərini səfərbər edib, şəbəkələşdirib, birgə məqsədə çatmağını təmin edirik. İndiyə kimi USAN-ın üzvləri tərəfindən 200 mindən artıq məktub göndərilib, Massaçussets, Texas, Maine ştatlarının parlamentlərindən bir neçə qətnamə əldə edilib, bunların içərisinə Xocalı soyqırımının tanınması, 20 Yanvar şəhidlərinin yad edilməsi, azərbaycanlıların Amerikada etnik azlıq kimi tanınması (rəsmi siyahıyaalınma işlərində və azərbaycanlıların etnik qrup kimi fəaliyyəti mühüm rol oynayan faktorlardan biridir) da daxildir. Bundan əlavə, Nevada, New Mexico və New Jersey ştatlarının qubernatorlarından Xocalı və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü dəfələrlə bəyannamə şəklində əldə edilib və s. Bu sənədlər qanun olmasa da, mənbə olaraq müsbət xarakter daşıyır, çünki Amerika ictimaiyyəti bu hadisələrdən və müsibətlərdən xəbərdar olur və erməni lobbisinin dezinformasiyasını neytrallaşdırır. Azərbaycan bayramlarını, xüsusilə də Respublika Günü, Dövlət Müstəqilliyi Günü və Novruz kimi bayramları Amerika ictimaiyyətində tanıtmaq da bu missiyanın bir hissəsidir.

Yuxarıda göstərilənlərin hamısı informasiya mübadiləsinin böyük hissəsidir. Azərbaycanın Ermənistan tərəfindən pislənməsi və xüsusilə də, Qarabağ münaqişəsi çərçivəsində yalan və böhtanların cavabsız qalmasının nəticəsidir ki, erməni lobbisi Azərbaycan Respublikasına qarşı 1980-ci illərin axırı, 1990-cı illərin əvvələrində bir neçə qeyri-konstruktiv qətnamələr və qanunlar qəbul etdirmişdir. Məsələn, 907-ci maddə bu cür adələtsiz qanunların siyahısındadır.

- Azərbaycan həqiqətlərinin yayılması istiqamətində hansı işlər görürsünüz?

- Ölkədə, Amerika və Avropa qitəsində mövcud olan bir sıra Azərbaycan, türk və başqa etnik təşkilatlarla sıx əlaqədə fəaliyyət göstəririk. Biz, Zəngilan rayonunun Ermənistan tərəfindən işğalı barədə məlumat verilməsi üzrə illik kampaniyaya başlamışıq. Bu kampaniya çərçivəsində Azərbaycan diasporunun üzvləri qanunvericilərə, ABŞ hökumətindəki rəsmi şəxslərə, habelə bütün Amerika üzrə kütləvi informasiya vasitələrinə məktublar göndərirlər. Bu kampaniyalarından başqa, ABŞ qanunvericiləri ilə təmas qururuq, bu əlaqələri inkişaf etdiririk, media vasitələrində məqalələr çap etdiririk, müxtəlif ali təhsil müəssisələrində Azərbaycanın tarixi, mədəniyyəti, geostrateji vacibliyi haqqında təqdimatlar, forumlar, konfranslar keçiririk. USAN artıq Vaşinqton, Çikaqo, Hyustonda bu cür böyük konfranlar keçirib. ABŞ-Azərbaycan münasibətlərinin 20-ci ildönümünə həsr olunmuş iri miqyaslı konfransın təşkilində iştirak etmişik.

Bundan əlavə, öncə qeyd etdiyim kimi, Amerikada yaşayan hər bir soydaşımız səfir missiyasını daşıyır. Hər hansı bir icma üzvünə, tələbəyə, qonağa tariximiz, mədəniyyətimiz haqqında materiallar və dəstək lazım olanda, biz bunu təmin etməyə çalışırıq. Məsələn, Vaşinqtonda, adi şəhərdaxili futbol yarışmalarında, bizTuran” adlı komandamıza maliyyə dəstəyi veririk.

- Azərbaycanlı gənclər diaspor sahəsində fəaldırlarmı?

- Bəli, son zamanlar Amerikada oxuyan tələbələrimiz daha fəal və daha mütəşəkkil şəkildə diaspor quruculuğu ilə məşğul olurlar. Bu onu göstərir ki, xaricdə oxuyan tələbələrimizin böyük əksəriyyəti vətənlərinə biganə yanaşmırlar və əllərinə şans düşdükcə, öz milli borclarını yerinə yetirirlər. Məsələn, George Mason Universitetində Amerika Azərbaycan Gəncləri təşkilatı, Hyuston Universitetində Azərbaycan Tələbələri Assosiasiyası fəaliyyət göstərir. Təbii ki, bunlar hamısı deyil və müxtəlif universitetlərdə azərbaycanlıların onlarla tələbə təşkilatları mövcuddur.

- Azərbaycan-ABŞ münasibətlərinin inkişafında diasporumuzun nə kimi rolu var?

- Azərbaycan-ABŞ münasibətlərinin inkişafında diasporumuzun birbaşa böyük rolu var. Yuxarıda sadaladığım fəaliyyət növlərində Azərbaycan icmasının iştirakı Azərbaycana aid müsbət qanunların qəbul edilməsində çox mühümdür. Bizim məktub kampaniyalarının nəticəsində, Amerika kütləvi informasiya vasitələrində yüzə yaxın məqalələr çıxıb. Bu cür fəaliyyət Azərbaycan haqqında doğru informasiyanın yayılmasında və dolayısı ilə Amerika ictimaiyyətində müsbət rəyin formalaşmasında böyük rol oynayır.

Bizim məqsədimiz Amerikada yaşayan soydaşlarımızın tək Azərbaycana qulluq etməsi deyil. Əksinə, biz istəyirik ki, Amerikada yaşayan azərbaycanlılar birinci növbədə ABŞ-ın yaxşı və uğurlu vətəndaşları olsun və bu ölkənin vətəndaşları kimi ABŞ-ın iqtisadiyyatında, sosial durumunda öz bəhrələrini versinlər. Bununla əlaqədar, biz həmçinin Azərbaycana aid olmayan, amma birbaşa Amerikada yaşayan soydaşlarımızın yaşayış tərzinə təsir göstərəcək potensial qanunvericiliyə rəy bildirən məktub kampaniyaları da keçiririk. Ancaq və ancaq yaşadıqları ölkənin xeyirli və düşərli vətəndaşı olandan sonra, bu ölkənin ayrılmaz hissəsi kimi ABŞ-Azərbaycan münasibətləri quruculuğunda fəal rol oynamaq olar.

- Ümumiyyətlə, Obama administrasiyası tərəfindən azəri diasporuna münasibət hansı formadadır?

- Obama administrasiyasının Azərbaycan icmasına münasibəti müsbətdir. Bildiyiniz kimi, prezident Obama senator olarkən Azərbaycana səfər etmişdi və Azərbaycanla birbaşa tanışdır. 2008-ci ilin seçkisi zamanı Azərbaycan diasporunun iri miqyasda fəallaşmasına məhəl qoymamaq olmazdı. Prezident seçkilərindən sonra da, Azərbaycan diaspor təşkilatları tərəfindən Obama administrasiyasına müxtəlif mövzularda dəfələrlə müraciət olunub- qondarma Dağlıq Qarabağ rejiminə maddi vəsait verilməsinə qarşı çıxışlarımızdan Azərbaycana ABŞ səfiri təyin olunmasına qədər. İnanırıq ki, bundan sonra hər bir prezident administrasiyası Azərbaycan icmasının fəallığının artmasını duyacaq və bu proseslərə düzgün əhəmiyyət verəcək.

Təbii ki, Amerika siyasi sistemində çox vaxt nöqsanlar olur və ortaq məxrəc tapılmır. Məhz buna görə, Azərbaycan diaspor üzvləri qanunvericilərlə təmas qurmaq üçün səylərini əsirgəməməlidir. Bu, siyasi reallıqdır.

- Azərbaycan diasporunun ABŞ-ın ictimai-siyasi mərkəzlərinə təsir imkanları hansı səviyyədədir?

- Bu sahədə, hələəyyən addımlar atılmalıdır. Hazırda təsir imkanları ancaq müxtəlif kampaniyalar vasitəsilə, səs çoxluğu vasitəsi ilə atılan addımlarla məhdudlaşır. Təbii ki, Amerika azərbaycanlılarının bu qurumlarda, müxtəlif beyin mərkəzlərində, fondlarda, beynəlxalq təşkilatlarda yer tutması və təsir göstərməsi çox vacibdir.

Fuad Hüseynzadə

Palitra.-2013.-19 dekabr.-S.7.