“İqtisadiyyatımız yalnız xammal və resurslar ixrac edən ölkələr sırasında qalmamalıdır” 

 

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev: “Azərbaycan üçün “Tənzimlənən, sosial-bazar iqtisadiyyatı modeli” məqbuldur”

 

Ölkə başçısının fərmanı ilə “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası təsdiq edilib. Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. Bildirilir ki, 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaq. Bu baxımdan konsepsiyada ölkə iqtisadiyyatının gücləndirilməsi və bu sahədə həlli vacib bir sıra məsələlər öz əksini tapıb. Müsahibimiz AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyevdir:

- Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və qəbul edilən “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının siyasi, iqtisadi və sosial əhəmiyyəti ölkəmizin yalnız müasir dövrünə ünvanlanmamış, eyni zamanda yaxın onillikdə Azərbaycan dövlətinin, xalqının inkişafında əsaslı müsbət dəyişikliklərin əldə olunmasına yönəlib. Bu konsepsiyanın hazırlanması ilə bağlı ölkə başçısının sərəncamı həqiqətən də Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına çıxarmaq iqtidarını özündə ifadə edən tarixi bir sənəddir. “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının hazırlanması barədə” Prezident İ.Əliyevin sərəncamının əhəmiyyətini qeyd edərkən akademik Ramiz Mehdiyev bildirib ki, bu sənəd ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Bu konsepsiyanın ölkənin sosial-iqtisadi inkişafı üçün önəmini nəzərə alaraq AMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının nəzəri-metodoloji əsasları adlı kitab nəşr edilib. Kitabda konsepsiyanın məzmun elementləri, o cümlədən hazırlanma və tətbiqi istiqamətləri, mərhələliyi, ölkənin sosial-iqtisadi inkişaf modelinin təkmilləşdirilməsinin əsasları, iqtisadi inkişaf modelinin məzmun çalarları, dayanıqlılığının təmin edilməsi problemləri ümumiləşdirilmiş nəzəri səpkidə metodoloji cəhətdən işlənib. Konkret təklif və tövsiyələr irəli sürülüb. Bir sözlə, konsepsiyanın nəzəri-metodoloji əsasları hazırlanıb.

- Konsepsiyanın tətbiq istiqamətləri ilə bağlı nə deyərdiniz?

- Azərbaycan artıq sürətlə inkişaf edən ölkələr sırasına aid edilməkdədir. Bu baxımdan konsepsiyanın tətbiq istiqamətlərinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı yalnız xammal və resurslar ixrac edən ölkələr sırasında qalmamalı, o, eyni zamanda bilik və yüksək texnologiyalara əsaslanan iqtisadiyyata malik olan bir dövlətə çevrilməlidir. Müvafiq dövr ərzində iqtisadiyyatın bütün sahələrində kütləvi şəkildə yeni innovasiya yönümlü müəssisələrin, subyektlərin yaradılması, onların səmərəli fəaliyyət mexanizminin əsaslarının yaradılması bu baxımdan xüsusi zərurətdən irəli gəlir. Azərbaycanın innovasiya yönümlü sosial-iqtisadi inkişaf meyli bir sıra kəmiyyət və keyfiyyət xüsusiyyətləri ilə müşahidə olunacaq. Belə ki, ilkin olaraq milli iqtisadiyyatın ənənəvi sahələrinin modernləşməsi, 2020-ci ildə həmin sahələrdə məhsul istehsalının həcminin artmasına, ÜDM-in yüksəlməsinə təsir edəcək. İkincisi, innovasiya tədbirlərinin genişlənməsi və tətbiqi iqtisadiyyatda əmək məhsuldarlığının artımına, istehsal olunan məhsulların, göstərilən xidmətlərin rəqabət qabiliyyətinin güclənməsinə təkan verəcək. Nəhayət, yeni iqtisadi sistemin formalaşması daha çox bilik iqtisadiyyatına və yüksək texnologiyaya əsaslanacaq ki, bu da ölkənin beynəlxalq bazarlardakı mövqeyini möhkəmlədəcək. Bilik iqtisadiyyatı və yüksək texnologiyalar isə elm, təhsil, səhiyyə, İKT və infrastruktur sahələrinin fəaliyyətində ciddi irəliləyişlərin əldə olunmasını təmin edəcək. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bugünkü vəziyyəti artıq keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Bütün bunlar göstərir ki, artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Məhz bu amil konsepsiyanın həyata keçmə imkanlarını daha da reallaşdırır.

-Konsepsiyada ölkənin sosial-iqtisadi inkişaf modelinin təkmilləşdirilməsinin əsasları öz əksini tapıb. Bununla bağlı sizin fikirlərinizi bilmək istərdik...

- Azərbaycanda sosial-iqtisadi inkişafın ahəngdar və səmərəli tərəqqisi üçün müntəzəm surətdə kompleks tədbirlər sistemi işlənib hazırlanır və onlar müvəffəqiyyətlə həyata keçirilir. Konsepsiyanın hazırlanması ölkənin nəzəri və praktik əsaslar üzərində perspektiv istiqamətlərinin müəyyənləşməsinə yönəlib. Bu inkişafın təmin olunmasında müəyyən ediləcək strateji istiqamətlər, həyata keçiriləcək tədbirlər içərisində ən mühüm addım Azərbaycanın milli iqtisadi inkişaf modelinin təkmil əsaslar üzərində qurulmasıdır. Dünya iqtisadiyyatı inkişaf etdikcə və qloballaşma prosesi ilə çulğalaşdıqca vaxtaşırı olaraq bu və ya digər problemi qabartmış olur. Belə problemlərdən biri milli iqtisadi inkişaf modelidir. Konsepsiyaya uyğun olaraq yaradılacaq milli iqtisadi inkişaf modeli iqtisadi həyatın sosial proseslərlə çulğalaşması məntiqinin təkcə bir istiqamətini yox, həm də bütövlüyünü ifadə edən bir modeldir. Bu baxımdan onun tətbiq olunması və araşdırılması çoxtərəfli istiqamətlərdə özünü büruzə vermiş olur. Milli iqtisadi inkişaf modeli strateji baxımdan işlənmiş olsa da, taktiki baxımdan dünyada gedən qloballaşma prosesi ilə bağlı daim təkmilləşdirilməli və inkişaf etdirilməlidir. Bu model ölkə iqtisadiyyatının bütövlüyü baxımından işlənilməli və nəticə etibarilə ölkəmizin güclü inkişafı yolunda aydınlaşdırıcı, istiqamətverici bir təkan mənbəyinin əsası olmalıdır. Müvafiq modelin müstəsna əhəmiyyəti və mühüm prinsiplərindən biri ölkənin əhali qruplarının maddi rifah halının durmadan yaxşılaşdırılmasında ifadə olunmalıdır. Ölkəmizin iqtisadi inkişaf modeli çox çalarlıdır və ciddi elmi axtarışlar nəticəsində daha da zənginləşməlidir. İnkişaf etmiş ölkələrin iqtisadi inkişaf modellərinin öyrənilməsi, bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycanın iqtisadi yüksəlişində onlardan bəhrələnmək çox mühüm əhəmiyyətə malikdir. Hazırda yüksək inkişaf yoluna qədəm qoymuş və artıq öz inkişaf modelləri ilə məşhur olan ölkələrin də bazar iqtisadiyyatına keçdikləri yol keşməkeşli və mürəkkəb olub. Buna görə də iqtisadi inkişaf modelimizi qurarkən, ilk növbədə, bizim üçün spesifik hal olan bu işə hazırlıq səviyyəmizi müəyyənləşdirməliyik. Şübhəsiz ki, iqtisadi inkişaf öz müxtəlifliyi ilə fərqlənməkdədir. Bu fərqlilik içərisində Azərbaycan üçün hansının önəmli olması məsələsi hazırlanacaq inkişaf konsepsiyasının icrası baxımından müasir dövrün ən vacib məsələlərindəndir. Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələri həmçinin müxtəlif xarici ölkələrin ölkəmizə məqsədli münasibətləri respublikanın iqtisadi inkişaf modelində nəzərə alınmalıdır. Bütün bu araşdırmalara əsasən, belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan üçün “Tənzimlənən, sosial-bazar iqtisadiyyatı modeli” məqbul sayılmalı və ona söykənməklə konsepsiyada öz əksini tapan sosial-iqtisadi inkişafın dayanıqlı və stabil inkişafı təmin edilməlidir. Fikrimizcə, bu, Azərbaycan xalqının mənafelərinə tam uyğun gələn bir model ola bilər.

- Burada öz əksini tapan təkmilləşmiş iqtisadi inkişaf modelinin dayanıqlılığının təmin edilməsi üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?

- Müstəqil ölkə kimi Azərbaycanın iqtisadi inkişaf strategiyasında milli maraqların təmin edilməsi şübhəsizidr. Əsas milli maraq kimi dayanıqlı inkişafın təmin edilməsi, rəqabətliliyin yüksəlməsi, iqtisadi potensialın səmərəli istifadə edilməsi və onların əsasında əhalinin həyat səviyyəsinin keyfiyyətcə artırılması bu əsasda insan kapitalının fəallaşdırılması nəzərdə tutulmalıdır. Müstəqil milli iqtisadiyyatın münasibətlərinin inkişafı sistemli və nisbətən planlı xarakter daşımalıdır. Belə ki, iqtisadi artım, makroproporsiyaların tarazlaşdırılması, əhalinin həyat səviyyəsinin yaxşılaşması qlobal mühitdə bir-biri ilə əlaqədar olan və sosial-iqtisadi inkişafı xarakterizə edən məsələdir. Müasir şəraitdə Azərbaycan iqtisadiyyatının artımının dayanıqlı makroproporsiyalarının tarazlaşdırılması, həmçinin səmərəliliyin yüksəlişindən, istehsalın və istehlakın stimullaşdırılmasından asılıdır. Belə bir şəraitdə iqtisadi artımın dayanıqlılığı respublikanın müasir və perspektiv inkişaf məsələlərini həll etmək üçün xüsusi əhəmiyyət kəsb edir. İqtisadi sistemin bütün iştirakçılarının fəaliyyəti iqtisadi müstəqilliyin, iqtisadi təhlükəsizliyin təmin edilməsinə yönəldilməlidir. Buna görə də artıq Azərbaycan hökuməti ölkənin sosial-iqtisadi inkişafına xidmət edən çoxsaylı, məqsədli proqramlar hazırlayıb həyata keçirib və keçirməkdədir. Beləliklə, konsepsiyanın məqsədyönlü həyata keçirilməsi və bu əsnada səmərəli iqtisadi inkişafın sistemli modelinin yaradılması üçün real həyatda bir sıra tövsiyələri yerinə yetirmək zəruridir. Bunlar dinamik iqtisadi artım üçün şəraitin yaradılması, azad rəqabət mühitinin formalaşmasına dəstəyin artırılması, investisiya qoyuluşlarının həvəsləndirilməsi üçün institutların inkişafı və bu məqsədlə maliyyə vasitələrinin cəlbediciliyinin artırılması, sənaye sahələrində fəaliyyət göstərən və yeni yaradılan müəssisələrin işinin müasir tələblərə uyğun qurulması üçün onlara zəruri köməkliyin göstərilməsidir.

 

 

Nigar ABDULLAYEVA

 

Palitra.-2013.-5 fevral.-S.10.