Müstəqil dövlətimizin yeni qanunu 

 

“Mədəniyyət hər bir xalqı dünyada daha da çox tanıdan, onu təbliğ edən vasitələrdən biridir. Biz isə xoşbəxtik ki, xalqımızın belə zəngin mədəniyyəti, musiqisi, incəsənəti var və bunlar həm xalqımızın özünə mənəvi qida verir, həm də onu dünya xalqları içərisində fərqləndirir, tanıdır, başını ucaldır”.

 

(Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev)

 

Hər bir ölkənin tarixi, gücü, qüdrəti və gələcəyi ən çox onun mədəni irsi ilə müəyyən olunur. Hər bir insan əvvəlki nəsillərin mədəni dəyərlərini öyrənərək və onların topladıqları təcrübədən istifadə edərək öz mədəniyyətini inkişaf etdirir. Azərbaycan özündə Şərq və Qərb mədəni irsini birləşdirən, qədim tarixə və mədəni köklərə malik bir dövlətdir. Bu gün bizim əsas vəzifəmiz ulu əcdadlarımızdan bizə miras qalan zəngin irsimizi inkişaf etdirməkdən, qorumaqdan və onu gələcək nəsillərə çatdırmaqdan ibarətdir.

Azərbaycanda mədəniyyət sahəsinə diqqət və qayğı ümummilli lider Heydər Əliyevin fəaliyyətində mühüm yer tutub. Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyəti özünün intibah dövrünü yaşamağa başladı və bu gün Heydər Əliyev yolu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şərəf və ləyaqətlə davam etdirilir.

Fərəhli haldır ki, cənab İlham Əliyev ölkəmizdə milli-mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması işinə xüsusi önəm verir. Çalışılır ki, respublikanın artan iqtisadi potensialı əsasında mədəniyyət sahəsində mühüm işlər aparılsın.

İlham Əliyevin bir müdrik kəlamı var: “Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olub. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz, tarixi keçmişimiz-biz bu sahələrə böyük diqqət göstərməliyik”.

Mədəniyyət və incəsənət sahələrində ən parlaq addımlarımızdan biri Milli Məclisdə 2012-ci il 21 dekabr tarixində qəbul olunan və Prezident İlham Əliyev tərəfindən fevralın 15-də imzalanan “Mədəniyyət haqqında” qanun olub.

Azərbaycan mədəniyyətinin gələcək inkişafı üçün bu qanunun qəbulu böyük əhəmiyyət kəsb edir. Mədəniyyətlə bağlı bütün terminlərin dəqiq təyini “Mədəniyyət haqqında qanunun” yeni variantında öz əksini tapıb. Azərbaycan mədəniyyətinin bütün dünyada təbliği, gənclərin vətənpərvər ruhda tərbiyə olunması, ölkənin mədəni irsinin qorunub saxlanması məsələlərinə böyük diqqət yetirilir. Yüksək səviyyədə hazırlanmış qanun ölkəmizin qanunvericilik aktına lazımi əlavələrin edilməsində əsas götürülə bilər.

Gələcəkdə muzey işinin inkişafı üçün “Mədəniyyət haqqında” qanunun qəbulu böyük əhəmiyyət kəsb edir. Burada milli dəyərlərin qorunması, onların ölkədən çıxarılması və xaricdə nümayişi, suvenir məhsullarının istehsal qaydası təyin olunub. Bütün bunlar ölkəmizdə müasir dünya standartlarına cavab verən muzeylərin yaradılması, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi zamanı itirilmiş mədəni dəyərlərimizin geri qaytarılmasına təkan verir.

Azərbaycan İstiqlal Muzeyi fəaliyyətinin əsas meyarı kimi ulu öndərimiz Heydər Əliyevin azərbaycançılıq, vətənpərvərlik və Vətənə məhəbbət ideyalarının hər tərəfli təbliğini rəhbər tutub. Muzeyin əməkdaşları Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xalqımızın və ölkəmizin istiqlalı uğrunda apardığı dünyamiqyaslı siyasətin dönməz ardıcıllarıdır və daim bu yolda öz qüvvə və əməklərini əsirgəməyəcək.

 

Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə ŞƏMSİ

 

 

Palitra.-2013.-26 fevral.-S.13.