Notlarda yaşayan ömür
Gülcahan
Əzizova: “Mən özümü xoşbəxt sayıram ki,
dahi
Üzeyir Hacıbəylinin tələbəsi
olan Ağabacı Rzayevanın tələbəsi
olmuşam”
Bu gün
ictimai-siyasi xadim, bəstəkar,
Əməkdar incəsənət xadimi
Ağabacı Rzayevanın anım günüdür.
Neçə-neçə sevilən romansların, musiqi kompozisiyalarının müəllifi olmuş Ağabacı xanım musiqi
dünyamızın banisi dahi
Üzeyir Hacıbəylinin incəsənətimizə
bəxş etdiyi töhfələrdən
biridir. Şərqin ilk
qadın bəstəkarı olan A. Rzayeva Üzeyir bəyin ona qarşı olan güvənini
doğrultdu. Üzeyir
bəy inanırdı ki, A. Rzayeva gələcəkdə Azərbaycan incəsənətində
böyük yüksəlişlər yaradacaq... Ağabacı xanım da məhz belə etdi.
Müəlliminin ona qarşı olan düşüncələrini doğrultdu. Düzdür,
bu gün artıq 38 ildir ki, görkəmli bəstəkarımız
Azərbaycan musiqi dünyasında yoxdur. Lakin onun
bizə və gələcək nəsillərə yadigar qoyduğu əsərləri
xalqımızın yaddaşından heç
zaman silinməyəcək. Müsahibimiz
Azərbaycan Televiziyası və Radiosu “Bənövşə”
uşaq xorunun sabiq solisti, Binəqədi
rayonu 177 nömrəli körpələr evi-uşaq bağçasının sabiq tərbiyəçisi və uşaq mahnılarının
ifaçısı, vaxtilə Ağabacı Rzayevanın tələbəsi
olmuş Gülcahan Əzizovadır.
- Gülcahan xanım, Ağabacı Rzayeva ilə ünsiyyətiniz xatirələrinizdə
necə iz buraxıb?
-
Yadımdadır, 9-cu sinifdə oxuyurdum.
Bacılarım Maya və Cəmilə ilə
“Bənövşə” uşaq xorunda ifa edirdik.
Bizi verilişlərə tez-tez
dəvət edirdilər. İfa etdiyimiz mahnılar Səid Rüstəmovun və
Hökumə Nəcəfovanın idi.
Repertuarımızda mahnılar az idi. Bizi royalda
çox vaxt “Dan ulduzu” instrumental
ansamblının rəhbəri Gülarə Əliyeva
müşayiət edirdi. Bir
gün konsertdən sonra
Gülarə Əliyeva mənə dedi: “Gülcahan, nə vaxta kimi eyni mahnıları televiziyada oxuyacaqsınız? Mən bəstəkar
Ağabacı Rzayevanın telefonunu sənə
verim, onunla zəngləş,
tanış ol. Yeni
yazdığı mahnıları sizə öyrətsin. Gəlin
birlikdə həmin mahnıları məşq edək və televiziyada ifa edin”. İki gündən sonra mən Ağabacı müəlliməyə
zəng edib, onunla
görüşmək istədiyimi bildirdim.
Ağabacı xanım telefonda
ünvanı mənə verdi. Mən
bacım Cəmilə ilə onlara getdim və biz
tanış olduq. Ağabacı xanım
mahnılarından ikisini-“Qaranquş”
və “Qırmızı şar”
mahnılarını bizə öyrətdi. Sonra
o, divar rəfindən
özünün uşaq
mahnılarından ibarət kitabçasını
çıxarıb bizə hədiyyə etdi.
O vaxtdan, yəni 1968-ci il
martın 31-dən Ağabacı müəllimə ilə tez-tez görüşürdük.
Onun yeni
yazdığı mahnıları öyrənərək,
Gülarə Əliyeva ilə birlikdə məşq edib televiziyada oxuyurduq.
-
Ağabacı Rzayevanın elə mahnıları varmı ki, məhz sizin ifanız üçün yazılıb?
- Bəli.
Ağabacı xanımın bir neçə
mahnısının ilk
ifaçısı mən olmuşam. “Dəniz”,
“Doğma məktəb”, “Əziz müəllimlər”,
“Moskva”, “Moskvaya salam”, “Bahar nəğməsi”,
“Mən kiməm”, “Bahar oğlu”
və “Laylay” mahnıları mənim ifamda lentə yazdırılıb, radionun musiqi fondunda saxlanılır. Hər dəfə bu mahnılar radioda səslənəndə
öz müəlliməmi böyük
məhəbbətlə yad edirəm. O, həmişə
mənim ali təhsil və ən çox musiqi təhsili
almağımı arzulayırdı. “Səndən
yaxşı müğənni olar. Bu il sənədlərini
Asəf Zeynallı adına musiqi texnikumuna ver”-deyə mənə məsləhət
verərdi. Amma bəzi səbəblərə
görə mən sənədlərimi Bakı Məktəbəqədər
Pedaqoji Texnikumuna verdim.
-
Ağabacı xanımın sizin həyatınızda
nə kimi rolu olub?
-
1970-ci ilin martında AzSSR
Maarif Nazirliyi (indiki Təhsil Nazirliyi) Ümumittifaq “Melodiya” qrammofon valları firmasına sifariş
verərək, orta ümumtəhsil məktəblərinin
I-VI sinifləri və məktəbəqədər tərbiyə
müəssisələri üçün
uşaq mahnılarını vala yazdırmışdı. Mən də
Ağabacı xanımın
məsləhəti ilə on iki mahnını qrammofon
valına yazdırmışam. “Bənövşə”
(Ş. Axundova), “Xoruz”,
“Maşınımı sürürəm” (O. Zülfüqarov), “Böyük
Oktyabr” (A. Babayev), “May” (H. Nəcəfova), “Pambığım”,
“Gözəl Bahar” (T. Quliyev) və b. 1973-cü ildə texnikumu
bitirib, Binəqədi rayonu
177 nömrəli uşaq
bağçasında tərbiyəçi işləməyə
başladım. Vaxtilə oxuduğum
mahnıları uşaqlara öyrədirdim.
- Bu gün incəsənət
sahəsində A. Rzayevanın sənətini dəyərləndirmək
və yada salmaq üçün hansı təşəbbüslər
göstərilir?
-
2012-ci il dekabrın 10-da ELS müstəqil
araşdırmalar mərkəzinin rəhbəri İradə
Yaqubovanın təşəbbüsü ilə Rəşid Behbudov adına Mahnı Teatrında
Ağabacı Rzayevanın anadan
olmasının 100 illiyinə həsr edilmiş
yubiley gecəsi keçirildi. Mən də həmin
yubileyə dəvət olunmuşdum.
Dekabrın 11-də isə Səadət xanım Təhmiraz
qızının Azərbaycan radiosunda hazırladığı
“Musiqi dünyası” verilişində
Ağabacı Rzayeva ilə bağlı
xatirələrimi danışdım. Verilişdə radionun qızıl fondunda
saxlanılan Ağabacı Rzayevanın mənimlə olan söhbəti və ifa
etdiyim uşaq
mahnıları səsləndi. Ağabacı Rzayevanın qohumu Rəna xanım mənə dedi ki, siz
Ağabacı Rzayevanın yeganə tələbəsisiniz ki, onunla olan
söhbətiniz televiziya və radionun qızıl fondunda
saxlanılır. Mən özümü
xoşbəxt sayıram ki, dahi Üzeyir Hacıbəylinin
tələbəsi olan Ağabacı
Rzayevanın tələbəsi olmuşam.
Onların musiqi dəryasından bir damla içmişəm.
Onun mahnılarını dönə-dönə
radio və televiziyada ifa etmişəm. Bu, mənim
üçün böyük
fəxrdir.
Bir də onu
açıqlamaq istəyirəm ki, Azərbaycan
Televiziyasının sifarişi ilə “Notlarda yaşayan ömür” adlı bədii-sənədli film hazırlanır. Filmin
ssenari müəllifi Elnurə Hüseynova, rejissoru isə
Elnurə Kazımovadır. Film
Ağabacı Rzayevanın yazdığı mahnılar əsasında
çəkilir. Filmdə Ağabacı xanımın
uşaqlığı və ömrünün
sonuna qədər olan
hadisələr əks olunur. Filmdə
Ağabacı Rzayevanın romansları, variasiyaları, pyesləri,
həmçinin müğənnilər və uşaqlar
üçün yazdığı
mahnılar öz əksini tapacaq.
Bir çox tanınmış müğənnilərin-Bülbülün,
Həqiqət Rzayevanın, Fatma Mehrəliyevanın,
Töhfə Əliyevanın, Sona
Aslanovanın, Rəşid Behbudovun,
Tükəzban İsmayılovanın, Şövkət Ələkbərovanın,
Zeynəb Xanlarovanın, Mahrux
Muradovanın, Elmira Rəhimovanın, Məmmədbağır
Bağırzadənin və başqa
müğənnilərin ifasında mahnılar səslənəcək.
-Gülcahan xanım, Ağabacı Rzayeva ilə son görüşünüzü
xatırlayırsınızmı?
- Bəli.
İndiki kimi
yadımdadır. 1975-ci il iyunun
27-də mən Şuşaya gedəcəkdim.
Getməmişdən əvvəl Ağabacı müəllimənin
evinə getdim. Onunla
vidalaşdıqdan sonra Ağabacı
müəllimə qovluğun içindən
nə isə çıxarıb mənə verdi
və dedi: “Al, Gülcahan! Bunu sənin üçün jurnal və
qəzetlərdən kəsib saxlamışam. Bu
da məndən sənə yadigar qalsın”. Bu, sevimli müğənnimiz Zeynəb
Xanlarovanın şəkilləri və onun
haqqında dərc olunan məqalələr
idi. Müəlliməm bilirdi
ki, ən çox sevdiyim, pərəstiş etdiyim,
vurğunu olduğum
müğənni Zeynəb Xanlarovadır. Onun
haqqında dərc olunan yazı və
şəkilləri mənim üçün
saxlayar, onlara gedəndə
mənə verərdi. Mən şəkilləri alıb, bir də sağollaşdım. Ertəsi gün xalamla Şuşaya yola düşdüm. Müəlliməmin vəfatını
1975-ci il iyunun 5-də
Şuşada eşitdim.
Parkda xalam və pianoçu Vaqif Mustafazadənin
anası Zivər xanımla əyləşib söhbət edirdik. Birdən Zivər xanım səhər radioda Ağabacı Rzayevanın vəfatını
eşitdiyini dedi. Mən
inana bilmirdim. Çünki 9 gün əvvəl
onunla vidalaşanda çox sağlam və gümrah görünürdü.
Evə qayıdandan sonra müəlliməmgilə
getdim. Qapını bacısı Ruqiyyə
xanım açdı. Qəmli gözləri ilə mənə
baxıb salamlaşdı. Bir-birimizə baxıb
ağladıq. Mən ağlasam da, müəlliməmin vəfatına inana bilmirdim. Elə bilirdim ki, Ağabacı
müəllimə o biri
otaqdan gəlib, piano
arxasına keçəcək və mənimlə yeni yazdığı mahnıları məşq
edəcək...
Həm
incəsənət xadimi, həm də ictimai xadim kimi
şərəfli ömür yaşayan A. Rzayeva
xalqımızın yaddaşında heç
zaman silinməyəcək. Allah rəhmət etsin!
Ağabacı
İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda musiqiyə dərin
hörmət bəslənilən ziyalı ailəsində anadan olub. Atası
İsmayıl ixtisasca iqtisadçı olsa da, muğamların
sirlərinə yiyələnmiş, onları tarda
çalmağı öz atası məşhur
tarzən Mirzə Fərəcdən öyrənmişdi.
Ağabacı babasının vəfatından sonra
əvvəlcə Pedaqoji Texnikumu
bitirib, bir neçə
il Saray, Kürdəxanı
və Maştağa kəndlərində
müəllimlik edir. Lakin
o, uşaqlıqdan sevdiyi
musiqidən heç cür
ayrıla bilmirdi. Yaxşı səsi olan qızları başına
yığıb xor yaradır, özü də onları tarda
müşayiət edirdi. Maştağada
yerli radio
qovşağı yaradılarkən gənc müəllimənin
təşəbbüsü və yaxından iştirakı ilə
xəbərlər arasında musiqi
nömrələri də verilərdi. Onu da qeyd etmək
lazımdır ki, A. Rzayeva
musiqi-maarifçilik işini
ömrünün sonuna
kimi davam etdirmişdi. 1934-cü ildə əvvəlcə
konservatoriyanın nəzdində xalq musiqisi şöbəsi təşkil olunarkən
Üzeyir bəy Ağabacı ilə
bacısı Ruqiyyəni öz yanına
çağırtdırıb deyir: “Qoçaq qızlarsınız, heç kəs öz
qızını tar çalmağa
qoymur, özümüzünkülər gəlsə,
başqaları da baxıb həvəsə
düşərlər”.
Ağabacı
xanım not çalğısı üzrə
ali təhsilli tarzən və bəstəkar
Səid Rüstəmovdan, muğam üzrə
Mirzə Mənsur Mənsurovdan dərs alır. Azərbaycan
Dövlət Konservatoriyasında Üzeyir
Hacıbəyovun kompozisiya sinfində təhsil
alıb, onun ən sevimli
tələbələrindən biri olub. Musiqi-nəzəri fənlərdən isə
ona Ü.Hacıbəyli Ə.Bədəlbəyli
və C.Hacıyev dərs deyirlər. Bir il sonra o,
Üzeyir Hacıbəylinin
yaratdığı ilk notlu
xalq çalğı alətləri
orkestrinə qəbul olunur, 1938-ci ildə
isə Moskvada keçirilən Azərbaycan
incəsənəti dekadasında iştirak
edir. O, həm Azərbaycanda, həm də
bütün Şərqdə peşəkar
musiqi təhsili almış ilk qadın-bəstəkardır. Onun ardınca digər istedadlı xanımlar-Ədilə
Hüseynzadə, Hökumə Nəcəfova, Şəfiqə
Axundova da bəstəkarlıq
sahəsinə gəlirlər.
Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər
marşı" olub. Mahnı və romans A.Rzayeva
yaradıcılığının aparıcı sahəsinə
çevrilir. İlk
qadın bəstəkarımız klassik və
müasir şairlərimizin,
aşıqların və digər xalqlara
məxsus şeir ustalarının
yaradıcılığına müraciət edib.
Bunlar arasında Nizami,
Nəsimi, Füzuli, M.Ş.Vazeh,
M.Ə.Sabir, Aşıq Hüseyn, Qaracaoğlan, Əşrəfoğlu, N.Rəfibəyli,
İ.Səfərli, Ş.Qurbanov, M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz, T.Mütəllimov və
başqalarının şeirləri onun bəstəkar
qəlbini ilhamlandırmışdı. Bundan
başqa, bəzən Ağabacı Rzayeva özü də
şairliyə meyil etmiş,
bəzi mahnıları öz sözlərinə
bəstələyib-“Durna qatarlı qızlar”.
A.Rzayeva başqa
həmkarlarından fərqli olaraq, Üzeyir Hacıbəylinin ölümünün
ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə “Sənin
xatirən” adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli
yaradıcılıq işi ilə anaraq, ona qarşı bəslədiyi
səmimi hisslərini ifadə edir.
Böyük Vətən müharibəsi
illərində sənətkarın rübabı
susmamış, xalqımızın qəhrəmanlıq
şücaətini və vətənpərvərlik hisslərini
tərənnüm edib. "Vətən",
"Partizan oğlu",
"Qəhrəman ananın qəhrəman oğlu",
"Sevgilim əsgər gedir",
"Gözləyəcəyəm, sevgilim"
kimi əsərləri doğma
Vətənə dərin məhəbbət hisləri
aşılayıb. Bəstəkarın qəhrəman
neftçilərimizin əmək şücaətini tərənnüm
edən "Neftçi Qurban",
ata-anaların gözlərini sevincdən yaşardan
"Evimizə gəlin gəlir", "Oxuma
gözəl", "Çoban Qara", balaca
qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan
"Kukla", "Qaranquş",
"Ağ göyərçinim",
"Sabahın ustaları", "Balaca kapitan", "Qərənfiləm mən"
və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutur.
İlk dəfə Moskvada
oxunan “Kukla”
mahnısı ona xalqın rəğbətini
qazandırıb. Ağabacı Rzayeva bir çox
mahnı və romansların, həmçinin İ.Quliyevlə
birgə “Höcət eləmə” (1965) musiqili
komediyasının, “Ögey ana” dramının, Xalq
çalğı alətləri orkestri, simli kvartet üçün
pyeslərin, simfonik əsərlərin, Nəsiminin
sözlərinə 7 romansın və s. əsərlərin
müəllifidir. İfa
olunmamış əsərləri İncəsənət
Arxivində saxlanılır.
A.Rzayevanın
könül təranələrini ifa etmiş müğənniləri
sadalamaqla bitməz-Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov, F.Mehraliyeva,
M.Salmanov, T.Əliyeva, T.İsmayılova, L.İmanov və b. O, geniş kütlələrə ünvanlanan bir sıra əsərlərini
xor üçün bəstələmişdi.
"Çiçəklənən yurdum",
"Azərbaycan", "Bəxtiyar ellər", "Dilbərim".
Azərbaycan caz-muğam sənətinin
əsasını qoymuş unudulmaz pianoçu Vaqif Mustafazadə də zaman-zaman
bəstəkarın mahnılarına müraciət etmiş, məsələn, "Ey pəri" və "Evimizə gəlin gəlir"
kimi məşhur mahnılarına bənzərsiz
möhür vurub.
A.Rzayeva öz
yaradıcılığının janr diapazonunu genişləndirməyə də can atıb. Bu mənada onun musiqili
səhnə əsərlərini-"Günəş eşqi", "Höcət eləmə",
variasiyalarını, iki sonatasını, qaboy, tar və kamança alətləri üçün
yazdığı pyesləri, xalq
çalğı alətləri üçün
“Şənlik” süitasını da qeyd etmək olar. Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet
alətinin salınması da
Ağabacı Rzayevanın adı ilə bağlıdır.
Ağabacı
Rzayeva respublikanın ictimai
həyatında da fəal iştirak
edib. O, bir neçə
çağırışla Azərbaycan SSR Ali
Sovetinin deputatı olub,
2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf Nişanı” ordeni və müxtəlif medallarla
təltif olunub. 1960-cı ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilib.
Ağabacı Rzayeva iyulun
5-i 1975-ci ildə 63 yaşında Bakıda vəfat edib. Bəstəkar 2-ci Fəxri xiyabanda torpağa
tapşırılıb.
Xəyalə
GÜNƏŞ
Palitra.-
2013.- 5 iyul.- S.13.