“Texnoparklar elmin inkişafı və kadr hazırlığı üçün poliqon rolunu oynaya bilər”

 

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev:

“İlin sonuna yaxın İKT üzrə yazılmış ən yaxşı məqalələrə görə müxtəlif nominasiyalarda birdəfəlik mükafat verilməsini nəzərdə tutmuşuq”

Elmin inkişafı respublikanın tərəqqisində mühüm rol oynayır. Ölkə başçısı da bildirib ki, elmin inkişafı ümumi inkişaf templəri ilə uzlaşmalı, elm, təhsil, iqtisadiyyat birliyi yaradılmalı, bunun üçün prioritetlər düzgün seçilməli və onun üzərində işlər aparılmalıdır: “Bizim üçün elmin inkişafı ilə bağlı əsas məsələ prioritetlərin düzgün seçilməsidir. Bütün dövrlərdə alimlərimiz Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafına dəyərli töhfələrini veriblər. İndiki şəraitdə, müstəqilliyimizin inkişafı və möhkəmlənməsi şəraitində, elmi potensialın güclənməsinə böyük ehtiyac var”. Bu gün ölkədə elmin inkişafı istiqamətində öz töhfəsini verən qurumlardan biri Prezident yanında Elmin İnkişafı Fondudur.

Müsahibimiz Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevdir:

-“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkənin digər sahələrində olduğu kimi elmin inkişafı, elmi potensialın gücləndirilməsi üzrə də bir sıra mühüm vəzifələr müəyyənləşdirilib. Bu istiqamətdə fond hansı öhdəlikləri öz üzərinə götürüb?

- “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda ölkənin inkişafının tərkib hissəsi olan elmin inkişafına da xüsusi diqqət ayrılıb. Burada qısa, lakin dolğun şəkildə elmin inkişafı, elmi potensialın, innovasiya potensialının gücləndirilməsi, İKT sahəsində əhəmiyyətli addımların atılması nəzərdə tutulur. Artıq bu sahə üzrə Elmin İnkişafı Fondu ənənəvi qrant layihələrini dəstəkləməklə yanaşı, eyni zamanda müəyyən tədbirlər də həyata keçirir. Bu tədbirlərdən biri kimi bu yaxınlarda fond tərəfindən Bakıda keçirilmiş Beynəlxalq seminar-treninqi qeyd etmək olar. Bu tədbir Ukraynanın Milli Texniki Universiteti - “Kiyev Politexnik İnstitutu” ilə birgə təşkil olundu. Tədbir zamanı əməkdaşlıq haqqında bu iki qurum arasında memorandum da imzalandı. Bu beynalxalq seminar-treninqdə məhz elmi nəticələrin kommersiyalaşdırılması və texnologiyaların transferi məsələləri üzrə həm seminar, həm də treninq keçirildi. Bu tədbirdə ölkənin elmə aidiyyəti olan yüksək səviyyəli alim və mütəxəssisləri iştirak etdi, sertifikatlar aldı. Bu tədbirlər zamanı gələcəkdə hansı addımların atılacağını, özümüz üçün fəaliyyət planını müəyyənləşdirdik. Hesab edirik ki, bu praktika gələcəkdə davam etdirilməlidir və bunun coğrafiyası böyüməlidir. Bu treninqlər Avropa səviyyəsində sertifikatı olan mütəxəssislər tərəfindən aparılır və gələcəkdə daimi əsaslarla keçirilərsə, onları akademiya müəssisələri üçün ayrı, ali təhsil müəssisələri üçün ayrı keçirə bilərik. Nazirliklərin tərkibində olan elmi-tədqiqat müəssisələri və yaxud QHT-lər üçün də onları təşkil edə bilərik. Bunların hamısı ölkədə elmin inkişafına nail olmaq, konsepsiyanın qarşımıza qoyduğu vəzifələri effektiv şəkildə yerinə yetirmək məqsədi güdür və bunun isə yolu müasir texnologiyalardan, innovasiyalardan, müvafiq treninqlərdən, əlaqələr qurulmasından, təcrübə mübadiləsindən keçər. Bu artıq fondun konsepsiya çərçivəsində həm vəzifə, həm də öhdəlikləridir.

- Fondun bugünkü fəaliyyətində prioritet istiqamətlər barədə nə deyərdiniz?

- Bizim bugünkü prioritet istiqamətlərimiz elmin inkişafına ən müxtəlif yollarla dəstək və təkan verilməsini əhatə edən elmi prioritetlərə uyğun layihələr və tədbirlərdir. Bunlar həm fondun qrant müsabiqələri vasitəsilə, həm fondun özünün, həm də digər təşkilatlarla birgə keçirdiyi müxtəlif tədbirlər yolu ilə reallaşdırılır; bu sahədə fond beynəlxalq əməkdaşlığa üstünlük verir. Hər müsabiqə üçün prioritet elmi istiqamətlər müəyyənləşdirilir. Bu istiqamət üzrə daxil olan layihələrə ilk növbədə üstünlük verilir. Bunların sırasında nanotexnologiyalar, yeni materiallar, alternativ və bərpaolunan enerji, ekologiya, təhlükəsizlik, ərzaq təhlükəsizliyi məsələləri, fundamental elmlərin fundamental problemləri, İKT, azərbaycanşünaslıq kimi istiqamətləri qeyd etmək olar. Digər prioritet istiqamət beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qrant müsabiqələrinin formatının zənginləşdirilməsidir. Məsələn, əvvəllər bir növ - klassik tipli - müsabiqə elan olunurdusa, artıq həm klassik, həm pilot layihələr üzrə keçirilir, “Şuşa” qrant müsabiqəsi, Mobillik qrantı müsabiqəsi təsis olunub. Şuşa qrantı bütövlükdə Qarabağla bağlı tədqiqatları dəstəkləyir və beynəlxalq xarakterlidir. II Şuşa qrantı bu il YUNESKO üzrə Azərbaycan Milli Komissiyası ilə birgə elan edilib. Biz II Şuşa müsabiqəsinə daha rəngarəng və çox sayda layihələr daxil olmasını gözləyirik.

- 2013-cü ildə Azərbaycanda “İKT ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının icrasında Elmin İnkişafı Fondunun da iştirakı nəzərdə tutulub. Bu istiqamətdə fəaliyyətinizi necə qurursunuz?

- Bu il İKT sahəsində RİTN ilə birgə qrant müsabiqəsi təşkil edəcəyik. Bu həm də “İKT ili” ilə bağlı Dövlət Proqramında da nəzərdə tutulub. Biz bu sahədə pilot qrant layihələri verməyi nəzərdə tutmuşuq. Həm də İKT sahəsində informasiya cəmiyyəti, kibertəhlükəsizlik, İKT və sosial həyat kimi ən maraqlı məsələlər üzrə müxtəlif layihələrin dəstəklənməsini nəzərdə tuturuq. Əgər alınarsa, ilin sonuna yaxın İKT üzrə yazılmış ən yaxşı məqalələrə görə müxtəlif nominasiyalarda birdəfəlik mükafat verilməsini də nəzərdə tutmuşuq.

-Ölkədə yaradılacaq texnoparkların həm də gənclər üçün elmi baza rolunu oynayacağı bildirilir. Sizcə, texnoparklar gənclərin elmi potensialının genişlənməsi üçün hansı inkanlar yarada bilər?

-Texnoparkların yaradılması müasirliklə ayaqlaşmaqdır. Bunu birmənalı olaraq dəstəkləyirik. Hesab edirik ki, bu texnoparklar məhz kadr hazırlığı və innovativ ideyaların reallaşdırılması üçün çox güclü bir baza, poliqon rolunu oynaya bilər. Hazırda texnoparklarda sürətlə formalaşma prosesi gedir. Yəqin ki, yaxın illər ərzində həmin texnoparklar məhz elm üçün bir bazaya, sınaq meydanına, elmin iqtisadiyyata olan körpüsünə çevriləcək. Bu məsələdə ən müxtəlif qurumların birgə fəaliyyət göstərməsi və əlaqəli şəkildə çalışması məqsədəuyğundur. Yeni texnoparkların və digər yeni qurumların yaradılması ölkədə elmin inkişafına, elmi-tədqiqatların yeni vüsət almasına, kadr məsələsinin həllinə, Azərbaycanın elm sahəsində də imicinin yüksəlməsinə gətirib çıxaracaq. Çünki artıq Azərbaycan özü üçün böyük bir imic qazanıb, ölkə həm siyasət, həm iqtisadiyyat, həm beynəlxalq forumların keçirilməsi, həm idman, həm mədəniyyət sahəsində öz sözünü deyir. Hamımızın ümdə vəzifəsi olmalıdır ki, Azərbaycan nüfuzlu elmi nəticə və ixtiraların sahibi kimi, texnologiyaların tətbiqi sahəsində də öz sözünü deyə bilsin.

- Bəzən belə bir fikir səslənir ki, gənclərin elmə, xüsusilə də texniki sahələrə maragı azalıb. Siz bu fikirlə razılaşırsınızmı?

- Müəyyən dövrdə, həqiqətən də, gənclərin elmə olan marağı ola bilsin ki, başqa istiqamətə yönəlmişdi. Son vaxtlar hiss edirik ki, çox potensiallı bir gənclər nəsli yetişməkdədir. Onlar artıq yeni bir mühitdə formalaşırlar. Gələcək məhz onların çiyinləri üstündə qurulacaq. Burada say məsələsi bəlkə də nisbidir, amma keyfiyyət baxımından bu nəslə çox böyük ümidlər var. Bizim gənclər getdikcə daha da püxtələşirlər və daha da təşkilatlanırlar. Bu gün onların qarşısında görün nə qədər imkanlar açılıb? Əvvəlki illərlə müqayisə etsək, görərik ki, indi gənclərin qarşısında nə qədər imkanlar var. Öz potensialını reallaşdırmaq, savad və bilik almaq, ixtisas və təcrübə artırmaq, xaricdə təhsil almaq, nüfuzlu təşkilatlarda çalışmaq, püxtələşmək, eləcə də ölkənin daxilində işləyərək püxtələşmək üçün bütün şərait yaradılıb. Yalnız bu şəraitdən səmərəli şəkildə istifadə etmək lazımdır. Mən ümid edirəm ki, bizim gənclər bunu bacaracaqlar və gələcəyin uğurlarının müəllifləri məhz bu gənclər olacaqlar. Ona görə də onlar elə fəaliyyət göstərməlidirlər ki, gələcək problemsiz olsun, ölkə dayanıqlı inkişaf etsin. Bu yolda gənclərə uğurlar arzu edirəm. Təbii ki, bir fond kimi biz daim dəstək göstərəcəyik.

Araşdırmalar göstərir ki, texniki və dəqiq elmlər sahələrinə də gənclərin axını güclənib. Sadəcə axın yox, ixtisaslı, ümidverici, potensiallı gənclər axını güclənib. Bu cür axın “kütləvi axın”dan daha yaxşıdır. Bu, o demək deyil ki, bütün gənclər dəqiq elmlər sahəsinə getməlidir. Bu da səhv və köhnə fikirlərdir. Artıq bu axın bütün istiqamətlərdə tarazlaşıb. Bu günlərdə “Azərkosmos”un rəhbəri ilə görüşdə milli kadrların orada hazırlanması, müasir yanaşmaların tətbiq olunması ilə bağlı fikir mübadiləsi apardıq və bir alim kimi bu qurumun uğurlarına çox sevindim. Bu cür yanaşmalar keyfiyyətli kadrların hazırlanması deməkdir.

- Gənc alimlərin sosial problemlərinin həlli istiqamətində fond hansı tədbirlər həyata keçirir?

- Əslində Elmin İnkişafı Fondu sosial problemlərin həlli ilə bilavasitə məşğul deyil. Amma fondun qrant layihələri vasitəsilə biz həmin sosial problemlərin həllinə qismən də olsa, kömək etməyə çalışırıq. Məsələn, fundamental-tətbiqi xarakterli qrant layihələri çərçivəsində stimullaşdırıcı əməkhaqqı verilməsini bir daha qeyd etmək istərdim. Əksər hallarda verilən stimullaşdırıcı əməkhaqqı onların əsas əməkhaqları səviyyəsində, hətta onlardan da yüksək olur. Bu kömək alimlərin vaxtını daha çox elmi tədqiqatlara sərf etməsinə imkan verir. Alimlərin xarici və yerli ezamiyyətlərə göndərilməsi, İKT ilə təmin olunması və stimullaşdırıcı əməkhaqqı onların bir sıra problemlərinin həllinə müəyyən qədər kömək edir. Amma mənzil məsələsi, təbii ki, bilavasitə fondun vəzifəsi deyil. Mən bildiyimə görə, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun bu sahədə çox maraqlı təşəbbüsləri var. Bu məsələlər mütləq və tez bir zamanda reallaşacaq. Gənclər daim dövlətin diqqət mərkəzində olub və olacaq. Bütün təşkilatların da məqsədi gəncliyin probleminin həllinə kömək etməkdir. Çünki gələcəyin məsuliyyəti, bir daha qeyd edim ki, məhz gənclərin üzərindədir. Biz gəncliyə vaxtında kömək etməsək, gələcəkdə həmin gözlədiyimiz effektləri, töhfələri görə bilmərik.

 

Nigar Abdullayeva

 

Palitra.-2013.-13 iyun.-S.6.